Məhkəmə qərarları › İş №2(3-6)-766/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-766/2026

17.04.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-766/2026 17.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı “mənzil verilməsi və mənəvi zərərin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Mübahisə Abşeron rayonu, Xırdalan şəhəri, Z.Tağıyev (M.Hüseynzadə) küçəsi, ev № * ünvanında tikilmiş 14 mərtəbəli yaşayış binasının 1-ci blokunun 4-cü mərtəbəsində yerləşən, 1 otaqdan ibarət olan ** №-li mənzillə bağlıdır (bundan sonra – mənzil). 2.İddiaçı İddiaçı mənzilə dair iki müqavilə bağlayıb. 3.Birinci müqavilə ##.##.2009-cu il tarixdə iddiaçı İddiaçı ilə başqa hüquqi şəxsin - “xxxx” MMC-nin arasında bağlanıb. Müqaviləyə görə, həmin MMC mənzili iddiaçıya verməyi öhdəsinə götürür, mənzilin 1 kv.metrinin qiyməti 200 manat, ümümu dəyəri 10.000 manat təşkil edir, iddiaçı həmin məbləği MMC-yə ödəməlidir. Bu müqavilədə mənzilin sahəsi 50 kv.m göstərilib. 4.İkinci müqavilə birinci müqavilədən 4 il sonra - ##.##.2014-cü il tarixdə iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh MMC-nin arasında bağlanıb. Müqaviləyə görə, cavabdeh mənzili iddiaçıya verməyi öhdəsinə götürür, mənzilin 1 kv.metrinin qiyməti 420 manat, ümümu dəyəri 21.840 manat təşkil edir, iddiaçı həmin məbləği cavabdehə ödəməlidir. Müqavilədə mənzilin sahəsi 52 kv.m göstərilib. 5.“xxxx” MMC mənzilə dair başqa şəxslə - Arif Əsədovla da müqavilə bağlayıb. Arif Əsədovun iddiası əsasında Abşeron Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə qət olunub ki, İddiaçı mənzildən çıxarılsın və mənzil boşaldılaraq Arif Əsədova təhvil verilsin. Həmin qətnamə Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2022-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə dəyişdirilmədən saxlanılıb. Sonuncu qətnamə isə Ali Məhkəmənin ##.##.2023-cü il tarixli *(***)-****/**** nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılıb. 6.Birinci müqaviləni “xxxx” MMC-nin adından Qasım Məmmədov bağlayıb. Həmin şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2015-ci il tarixli *(***)-**/**** nömrəli hökmü ilə Cinayət Məcəlləsinin 178.3.2., 213.2.2 və 308.2-ci maddələri ilə təqsirli bilinərək məhkum olunub. İddiaçı İddiaçı cinayət işi üzrə zərər çəkmiş şəxslərdən biri olub. Həmin hökmlə zərərin əvəzi kimi 7.800 manat pulun Qasım Məmmədovdan iddiaçı İddiaçı xeyrinə tutulması hökm edilib. Birinci instansiya məhkəməsində icraat 7.İddia ərizəsi ##.##.2025-ci il tarixdə verilib. İddia ərizəsində tələb olunub ki, iddiaçı cavabdehin vəsaiti hesabına köhnə mənzilin ölçülərinə uyğun yeni mənzillə təmin olunsun və ya həmin ölçüdə olan mənzilin bazar dəyəri iddiaçıya ödənilsin. 8.Sonradan iddiaçı iddianı dəyişərək tələb edib ki, cavabdehin üzərinə iddiaçını 1 otaqlı 52 kv.m ölçüdə başqa mənzillə təmin etmək öhdəliyi qoyulsun və mənəvi zərərin əvəzi kimi 8.000 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun. 9.Tələb onunla əsaslandırılıb ki, məhkəmə hökmündə göstərilən məbləğ iddiaçıya qaytarılmayıb, əksinə, “xxxx” MMC-nin yerinə yaradılmış Cavabdeh MMC ilə iddiaçının arasında ##.##.2014-cü il tarixli yeni müqavilə bağlanıb və iddiaçı tərəfindən həmin MMC-yə 15.000 manat pul ödənilib. Yeni müqavilənin bağlanmasına əsas əvvəlki müqavilə olub, əvvəlki müqavilənin şərtləri dəyişdirilməyib, yalnız həmin günə olan bazar qiyməti dəyişdirilib. 10.Səbail Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsində icraat 11.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. 12.Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. 13.Cavabdeh Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 14.Müqavilənin predmeti olan mənzil fərdi-müəyyən əşyadır, yəni yerləşdiyi mərtəbə, sahəsi və nömrəsi bəlli olan konkret mənzildir. Mənzil iddiaçıya təhvil verilib, lakin sonradan məhkəmə qətnaməsi əsasında iddiaçıdan alınaraq başqa şəxsə - Arif Əsədova təhvil verilib. Odur ki, müqavilə öhdəliyinin icrası mümkün deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinə görə, bu hüquq (yəni fərdi-müəyyən əşyanın verilməsini tələb etmək hüququ) əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. 15.İddiaçı başqa mənzilin ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmək hüququna malik deyil, çünki belə öhdəliyin müqavilə əsası və ya qanuni əsası yoxdur. İddiaçı ödədiyi pulun geri qaytarılmasını, habelə müqavilənin icra edilməməsi nəticəsinə vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Belə ki, Mülki Məcəllənin 452.2-ci maddəsinə görə, kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 16.Hazırki iddia ərizəsində mənəvi zərərin ödənilməsi tələb olunsa da, bu tələb mənzil verilməsi barədə tələbə əlavə tələb kimi irəli sürülüb. Mənzil verilməsi mümkün olmadığına görə, əlavə tələbin də təmin edilməsi mümkün deyil. İddiaçı müqavilənin icra edilməməsi nəticəsində vurulmuş zərərin ödənilməsini tələb edərkən mənəvi zərərin də ödənilməsini tələb edə bilər. Mənəvi zərərin məbləği maddi zərərin məbləğindən asılıdır, odur ki, mənəvi zərərin məbləğinin müəyyən edilməsi üçün əvvəlcə maddi zərərin məbləği müəyyən olunmalıdır. 17.Beləliklə, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. 18.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Səbail Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar