Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-788/2026 19.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair mülki iş üzrə (açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X14 katibliyi ilə, iddiaçı İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. İddiaçı əmək kitabçasının surətindən görünür ki o, - “xxxx” QSC-nin ##.##.1997-ci il tarixli, ** saylı əmrinə əsasən “xxxx” QSC-nin X6 texniki baxış məntəqəsinə 3-cü dərəcə ilə çilingər qəbul olunmuşdur. – “xxxx” QSC-nin ##.##.1998-ci il tarixli ** saylı əmək əmrinə əsasən elektrovoz üzrə maşinist köməkçisi keçirilmişdir. – “xxxx” QSC-nin ##.##.2001-ci il tarixli *** saylı əmək əmrinə əsasən elektrovoz maşinist keçirilmişdir. – “xxxx” QSC-nin ##.##.2003-cü il tarixli *** saylı əmək əmrinə əsasən 3-cü dərəcəli elektrovoz maşinist adı verilmişdir. – “xxxx” QSC-nin ##.##.2016-cı il tarixli ***-k saylı əmək əmrinə əsasən elektrik maşinistləri sexinin kontoktor bölməsinə 3-cü dərəcə ilə çilingər keçirilmişdir. – “xxxx” QSC-nin ##.##.2016-cı il tarixli ***-k saylı əmək əmrinə əsasən 4-cü dərəcə verilmişdir. – “xxxx” QSC-nin ##.##.2016-cı il tarixli ***-k saylı əmək əmrinə əsasən 5-ci dərəcə verilmişdir. – “xxxx” QSC-nin ##.##.2017ci il tarixli ***-k saylı əmək əmrinə əsasən tormoz və pevmatik avadanlığın təmiri sexinə çilingər keçirilmişdir. – “xxxx” QSC-nin ##.##.2022-ci il tarixli ***-IR saylı əmək əmrinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən əmək müqaviləsi ləğv edilməsi əmr edilmişdir. – “xxxx” QSC-nin ##.##.2022-ci il tarixli ******* saylı əmək əmrinə əsasən “xxxx” QSC-nin infrasturuktur Departamenti Qatarların idarə edilməsi xidməti Gəncə maqistral lokomotivlərinin idarə edilməsi sahəsi lokomotivlərin idarə edilməsi bölməsi naryadçı vəzifəsinə işə qəbul olunmuşdur. – “xxxx” QSC-nin ##.##.2023-cü il tarixli **-*-**/*-**-*****/**** saylı əmək əmrinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir. – “xxxx” QSC-nin ##.##.2023-cü il tarixli **-*-*-*-*-*****/**** saylı əmək əmrinə əsasən “xxxx” QSC Yük daşımaları departamentinin lokomotivlərin istismarı xidmətinin Gəncə lokomotivlərin istismarı deposunun lokomotivlərin istismarı sahəsinə naryadçı vəzifəsinə işə qəbul edilmişdir. – “xxxx” QSC-nin ##.##.2025-ci il tarixli **-*-**/*- *****/**** saylı əmək əmrinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «c» bəndinə əsasən peşəkarlıq səviyyəsinin ixtisasının (peşəsinin) kifayət dərəcəsində olmadığına görə) əmək müqaviləsi ləğv edilmişdir.
2. İddiaçı NZ seriyalı ******* nömrəli hərbi biletinə əsasən o: - ##.##.1993-cü il tarixindən ##.##.1997-ci il tarixə kimi həqiqi hərbi xidmətdə olmuşdur. - ##.##.1994-cü ildə sol baldır və kəllənin ənsə nahiyəsindən qəlpə yarası almışdır. - ##.##.1994-cü tarixdən ##.##.1994-cü il tarixədək N saylı h/h-nin tərkibinə «Fizuli, Cəbrayıl, Murovdağ» istiqamətlərində gedən döyüş əməliyyatlarında iştirak etmişdir.
3. İddiaçı B****** saylı diplomun surətinə əsasən o, Azərbaycan Respublikası Gəncə şəhəri * nömrəli Texniki peşə məktəbində elektrovoz, teklovoz maşinisti köməkçisi üçüncü dərəcəli çilingər ixtisası üzrə peşə təhsili almışdır.
4. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının *** saylı ##.##.2015-ci il tarixli qərarının surətinə əsasən İddiaçı sol baldır və kəllənin ənsə nahiyəsindən qəlpə yarası almışdır. Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.
5. “xxxx” QSC-nin Yük Daşımaları Departamentinin ##.##.2025-ci il tarixli, **-*-**/*-*- *****/**** saylı əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il ## ### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”-nın tələblərinə uyğun olaraq Deparamentin ##.##.2024-cü il tarixli “Yük daşımaları departamentinin struktur bölmələrində və tabeliyində olan xxxxdə çalışan bəzi işçilərin attestasiyasının keçirilməsi barədə” əmrinin icrasının təmin edilməsi məqsədilə Yük daşımaları departamentinin Lokomotivlərin istismarı xidmətinin tabeliyində olan xxxxdə çalışan bəzi işçilərin bu Əmrin əlavəsində göstərilən qrafik üzrə attestasiyanın keçirilməsi əmr edilmişdir.
6. Attesasiyanın keçirilməsi barədə ##.##.2025-ci il tarixli bildirişə əsasən İddiaçı ##.##.2025-ci il tarixdə saat 11:30-da attesasiya keçirələcəyi ilə bağlı məlumat verilmişdir.
7. ##.##.2025 -ci il tarixli attesasiya vərəqəsinə əsasən İddiaçı ona verilən 13 sualdan 8nə cavab verməməklə tutduğu vəzifəyə uyğun hesab edilməmişdir.
8. “xxxx” QSC-nin ##.##.2025-ci il tarixli, **-*-**/*-**-*****/**** saylı əmrinə əsasən xxxx'’ Qapalı Səhmdar Cəmiyyətinin Yük daşımaları departamentində çalışan bəzi işçilərin tutduqları vəzifələrə uyğunluğunun müəyyən edilməsi, peşəkarlıq və işgüzarlıq səviyyələrinin yoxlanılması, potensial imkanlarının aşkara çıxarılması məqsədilə Yük daşımaları departamentinin (departament) ##.##.2025-ci il tarixli, **-*-**/*-*-*****/**** nömrəli əmri ilə Attestasiya komissiyası yaradılmış və attestasiyanın keçirilmə qrafiki təsdiq edilmişdir. Həmin qrafikə uyğun olaraq Depərtamentin Lokomotivlərin istismarı xidmətinin Gəncə lokomotivlərin istismarı deposu üzrə ##.##.2025-ci il tarixində işçilərin attestasiyası keçirilmişdir. Sözügedən attestasiya nəticələrinə görə Lokomotivlərin istismarı sahəsinin naryadçısı İddiaçı vəzifəyə (peşəyə) uyğun olmamasına dair komissiya tərəfindən həmin tarixdə qərar qəbul edilmişdir. Yuxarıda göstərilənlərə əsasən, Yük daşımaları departamentinin Lokomotivlərin istismarı xidmətinin Gəncə lokomotivlərin istismarı deposunun Lokomotivlərin istismarı sahəsinin naryadçısı İddiaçı ilə bağlanılmış əmək müqaviləsi ##.##.2025-ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir.
9. Gəncə Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadına əsasən iddiaçı İddiaçı tərəfindənn verilmiş, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməmiş, iddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və reabilitasiya Agentliyinə qarşı cavabdeh tərəfindən qəbul edilmiş əlilliyin təyin edilməsindən imtina barədə ##.##.2023-cü il tarixli qərarın ləğv edilməsi və ona əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamışdır.
10. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Hüquq Idarəsinin ##.##.2025-ci il tarixli, *-**-*/*-*****/**** saylı məktubuna əlavə edilmiş TSEK-in ##.##.2016-cı il tarixli qərarına əsaən İddiaçı diaqnozu: Başqa rubrikalarda təsnif olunmayan, bədənin bir neçə nahiyələrini əhatə edən digər travmalarda baldırın və kəllənin ənsə, sağ gicgah nahiyyəsinin km qəlpə yaralanmasından sonrakı vəziyyət. Keçirilmiş ağır kəllə beyin traırmasınm qalıq əlamətləri Sol gicgah nahiyyəsinin 0,6x0,4 sm ölçülü metalqəlpə.Serebrovaskutyar çatmamazlıq. Vegeto-damar paroksızmları ilə Servikalgiya, ənsə sinirin travmatik nevrologiyası, ağrı sindromu. Ürək çatmamazlığı, QDÇ II dərəcə. Kəllədaxili travmaların nəticələri, postravmatik ensefolopatiya II mərhələ. Kəllədaxili hipertenzirya. Ürəyin xroniki işemik xəstəliyi, ÜIX-gərginlik stenokardiyası II fs.Nevrastenrya, asteno-nevrotik sindrom. Əlilliyin müəyyən olunması meyarı: 2.2 Ikinci dərəcə əlillik => 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları va ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri Əmak zamanəti barada: Əsəb gərginliyi olmayan işlərdə işləyə bilər.
11. Dövlət Tibbi-Sosial Ekspertiza və X13-Sosial ekspert Komissiyasının ##.##.2022-ci il tarixli qərarına əsasən İddiaçı əlillin verilməsindən imtina edilmişdir. Imtina səbəbi diaqnozun əlillik əlaməti təyin etməməsi olmuşdur.
12. Dövlət Tibbi-Sosial Ekspertiza və X13-Sosial ekspert Komissiyasının ##.##.2023-cü il tarixli qərarına əsasən İddiaçı əlillin verilməsindən imtina edilmişdir. Imtina səbəbi diaqnozun öz təsdiqini tapmaması olmuşdur.
13. “xxxx” QSC-nin ##.##.2025-ci il tarixli məktubuna əsasən, ADY-nin kemiş işçisi İddiaçı ilə keçirilmiş 2025-ci il ## #### tarixli attestasiyadan əvvəlki illərdə onun attestasiyadan keçməsi barədə arxiv məlumatı və təsdiqedici sənədlər aşkar edilməmişdir.
Birinci instansiya məhkəməsində icraat
14. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” QSC Yük Daşımaları Departamenti Lokomotivlərin Istismarı Xidmətinin ##.##.2025-ci il tarixli, **-*-**/*- **-*****/**** nömrəli əmrinin ləğv edilməsi və işə bərpa edilməsi barədə qətnamə çıxarlmasını xahiş etmişdir.
15. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı 1980-1989-cu illdərdə Gəncə şəhəri Dəmiryol tam orla məktəbində 9 illik təhsil almışdır. 1989-1991-ci illər ərzində Azərbaycan Respublikası Gəncə şəhəri * nömrəli Texniki peşə məktəbində elektrovoz, teklovoz maşinisti köməkçisi üçüncü dərəcəli çilingər ixtisası üzrə peşə təhsili almışdır. ##.##.1993-cü il tarixdən ##.##.1997-ci il tarixə kimi həqiqi hərbi xidmətdə olmuşdur. N saylı hərbi hissədə döyüş tapşırığını yerinə yetirərkən ##.##.1994-cü il tarixdə mina partlaması nəticəsində yaralanmışdır. Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən ona sol baldır və kəllənin ənsə nahiyyəsinin kor qəlpə yarası diqanozu qoyulmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının ##.##.2015-ci il tarixli *** saylı qərarında “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" qeyd olunmuşdur. Ona ##.##.2015-ci il tarixdə III dərəcəli və ##.##.2016-cı il tarixdə II dərəcəli əlillik qrupu verilmişdir. Hazırda əlillik qrupu qüvvədədir. ##.##.1997-ci il tarixdən ##.##.2025-ci il tarixə kimi indiki adı ilə “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin Yük Daşımaları Departamenti Lokomotivlərin Istismarı Xidməti Gəncə Lokomotivlərin Istismarı deposunda müxtəlif peşələrdə işləmiş və sonuncu vəzifəsi naryadçı vəzifəsi olmuşdur. Işlədiyi 30 ilə yaxın müddət ərzində nümunəvi işçi olmuşdur. Verilən bütün tapşırıqları yerinə yetirmiş və barəsində heç bir cəzalandırma tədbiri tətbiq edilməyib. Onu da qeyd edir ki, 2005-2010-cu illərdə keçirilən attestasiyalarda iştirak etmişdir. Lakin, 2015 və 2020-ci illərdə keçirilən attestasiyalarda Vətənin Müdafiəsi zamanı yaralandığına və əlilliyinə görə attestasiya imtahanlarından azad edilmişdir. Ona məlum olmayan səbəblərdən Əmək Məcəlləsinin 66-cı maddəsinin tələblərinə zidd olaraq ##.##.2025-ci il tarixdə attestasiya imtahanına çağırılmış və qeyri-obyektiv keçirilən attestasiyanın nəticəsinə görə işdən azad edilmişdir. Hesab edir ki, ona yanaşma qərəzli olmuşdur. Attestasiya ilə bağlı keçirilən kursda iştirak etməmişdir. Attestasiya keçirilməmişdən əvvəl rəhbərlik tərəfindən ona bildirildi ki, "sən imtahandan azadsan, keçirilən attestasiyanın sənə heç bir adiyyatı yoxdur". Sonradan attestasiyaya cəlb olunmağı və işdən çıxarılmağı ona qarşı qeyri-qanuni və qərəzli mövqe tutulması nəticəsində olmuşdur. Hesab edir ki, işdən əsassız olaraq qeyri-qanuni çıxarılmışdır. Işə bərpa tələbi ilə əlaqədar Gəncə * saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Lakin, qarşı tərəf mediasiya iclasında iştirak etməmişdir. Bu səbəbdən də, Gəncə * saylı X9 Mediasiya Sessiyasında (IMS) iştirak edilməməsi barədə müvafiq arayış alınmışdır. Bu səbəbdən işə bərpa ilə əlaqədar məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
16. Cavabdeh "xxxx" QSC-nin etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilməsi barədə ADY-nin Yük daşımaları departamentinin ##.##.2025-ci il tarixli 13-1- 23/3-10- *****/**** nömrəli əmri tam qanuni və əsaslıdır. Belə ki, “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin Yük daşımaları departamentində çalışan bəzi işçilərin tutduqları vəzifələrə uyğunluğunun müəyyən edilməsi, peşəkarlıq və işgüzarlıq səviyyələrinin yoxlanılması, potensial imkanlarının aşkara çıxarılması məqsədilə Yük daşımaları departamentinin ##.##.2025-ci il tarixli, **-*-**/*-*-*****/**** nömrəli əmri ilə Attestasiya komissiyası yaradılmış və attestasiyanın keçirilmə qrafiki təsdiq edilmişdir. Həmin qrafikə uyğun olaraq Departamentin Lokomotivlərin istismarı xidmətinin Gəncə lokomotivlərin istismarı deposu üzrə ##.##.2025-ci il tarixində işçilərin attestasiyası keçirilmişdir. Həmin işçilər arasında iddiaçı İddiaçı da olmuşdur. Attestasiya komissiyasının üzvlərinin və iddiaçının imzaladığı ##.##.2025-ci il tarixli attestasiya vərəqəsinə əsasən iddiaçıya yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlərə uyğun olaraq 13 sual verilmiş, iddaçı isə yalnız 2 suala tam, 3 suala qismən cavab vermiş, digər 8 suala isə cavab verməmişdir. Sözügedən attestasiya nəticələrinə görə Yük daşımaları departamentinin Lokomotivlərin istismarı xidmətinin Gəncə lokomotivlərin istismarı deposunun Lokomotivlərin istismarı sahəsinin naryadçısı İddiaçı tutduğu vəzifəyə (peşəyə) uyğun olmamasına dair komissiya tərəfindən həmin tarixdə qərar qəbul edilmişdir. Bundan sonra, Yük daşımaları departamentinin Lokomotivlərin istismarı xidmətinin rəisi Afiq Nəzərovun ##.##.2025-ci il tarixli **-*-**/*-**- *****/**** nömrəli əmrinə əsasən işçinin aşağı vəzifəyə keçirilməsinin mümkünsüzlüyü, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün təlimlərə cəlb edilməsinin səmərəsizliyi nəzərə alınaraq Yük daşımaları departamentinin Lokomotivlərin istismarı xidmətinin Gəncə lokomotivlərin istismarı deposunun Lokomotivlərin istismarı sahəsinin naryadçısı İddiaçı ilə bağlanılmış əmək müqaviləsi ##.##.2025-ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. Həmçinin, bildirilir ki, “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2001-ci il tarixli ** nömrəli Qərarının 1.2-ci bəndinə əsasən attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır. Buna uyğun olaraq ##.##.2025-ci il tarixli attestasiyanın keçirilməsi barədə bildirişə əsasən iddiaçı İddiaçı ##.##.2025-ci il tarixində saat 11:30-da attestasiyanın keçirilməsi barədə məlumatlandırılmışdır. Həmçinin, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, II qrup əlildir, bu səbəbdən də Əmək Məcəlləsinin 66-cı maddəsinə uyğun olaraq o attestasiyadan keçirilməməlidir. Bununla bağlı bildirmək istəyirik ki, AR ƏƏSMN yanında Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan çıxarışa əsasən İddiaçı ##.##.2023-cü il tarixdə sonuncu müayinədən keçmiş və əvvəllər ona təyin edilmiş “diaqnoz öz təsdiqini tapmır, diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Nəticədə, iddiaçı Əmək Məcəlləsinin 66-cı maddəsinin əhatə dairəsinə düşmədiyinə görə attestasiyadan keçirilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq işçilərin attestasiyası keçirilmiş, iddiaçı attestasiyanın keçirilməsi barədə əvvəldən məlumatlı olmuş, kifayət qədər hazırlaşması üçün vaxtının olmasına baxmayaraq attestasiya zamanı öz peşəsinə uyğun verilən suallara cavab verə bilmədiyi üçün tutduğu vəzifəyə uyğun olmaması barədə komissiya tərəfindən qərar qəbul edilmiş, işəgötürən tərəfindən isə işçinin aşağı vəzifəyə keçirilməsinin mümkünsüzlüyü, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün təlimlərə cəlb edilməsinin səmərəsizliyi nəzərə alınaraq iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. Bu səbəbdən də işəgötürənin onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə xitam verməsi tam qanuni və əsaslı olmuşdur. Odur ki, məhkəmədən iddiaçı İddiaçı “xxxx” QSC-yə qarşı “işə bərpa tələbi”nin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinə əsasən iddia rədd edilmişdir.
18. Qətnamənin əsaslarına görə, İddiaçı ##.##.1994-cü ildə sol baldır və kəllənin ənsə nahiyəsindən qəlpə yarası alaraq, Azərbaycan Respublikasının müdafiəsi zamanı hərbi travma almışdır. ##.##.1994-cü tarixdən ##.##.1994-cü il tarixədək N saylı h/h-nin tərkibinə «Fizuli, Cəbrayıl, Murovdağ» istiqamətlərində gedən döyüş əməliyyatlarında iştirak etmiş və müharibə veteranı statusu almışdır. ##.##.1997-ci il tarixindən “xxxx” QSC-də işə qəbul olunmuş, ##.##.2023-cü il tarixdə “xxxx” QSC Yük daşımaları departamentinin lokomotivlərin istismarı xidmətinin Gəncə lokomotivlərin istismarı deposunun lokomotivlərin istismarı sahəsinə naryadçı vəzifəsinə işə qəbul edilmişdir. ##.##.2025-ci il tarixli əmrlə Attestasiya komissiyası yaradılmış və attestasiyanın keçirilmə qrafiki təsdiq edilmiş, keçirilən attestasiyada İddiaçı da iştirak etmiş, “xxxx” QSC-nin ##.##.2025-ci il tarixli əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. Hazırda iddiaçı sözügedən əmrin ləğv edilərək işə bərpa olunmasını xahiş edir və iddiasını uzun illər ərzində işlədiyi müddətdə nümunəvi işçi olması, müvafiq təşkilatda 2015 və 2020-ci illərdə keçirilmiş attestasiyalardan vətənin müdafiəsi zamanı xəsarət aldığına və əlilliyinə görə azad edilməsi, Əmək Məcəlləsinin 66-cı maddəsinin 1-ci bəndinə əsasən vətənin müdafiəsi zamanı xəsarət alması və əlil olmasına baxmayaraq, qanunsuz olaraq attestasiyaya cəlb olunması, attestasiyada ona qarşı qərəzli mövqe tutulması əsaslandırır. Cavabdehin nümayəndəsi isə iddiaya etiraz edərək, iddiaçı barəsində aparılmış araşdırmanın nəticəsində onun əlilliyinin olmaması təsdiq olunduğundan iddiaçının attestasiyada iştiraka cəlb edildiyini, attestasiyada iddiaçıya verilmiş on üç sualdan səkkizinə cavab verə bilmədiyini, buna görə iddiaçının tutduğu vəzifəyə uyğun olmaması ilə bağlı komissiyanın qərar qəbul etdiyini göstərərək, iddianın rədd olunmasını xahiş edir. Məhkəmə, ilk növbədə iddiaçı İddiaçı Əmək Məcəlləsinin 66-cı maddəsinin 1-ci bəndinə istinad edərək, “vətənin müdafiəsi uğrunda hərbi əməliyyatlarda xəsarət almasına və əlilliyinin müəyyən edilməsinə, buna görə attestasiyası keçirilməyən işçilər kateqoriyasına aid olmasına əsaslanıb, qanunsuz olaraq cavabdeh tərəfindən attestasiyaya cəlb edilməsi” barədə dəlilinə münasibətdə qeyd edir ki, Əmək Məcəlləsinin 66-cı maddəsinin 1-ci bəndinə əsasən vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) almış və əlilliyi müəyyən edilmiş işçilərin attestasiyası keçirilmir. Göründüyü kimi sözügedən maddədə “və ya”, “və yaxud” kimi bölüşdürmə bağlayıcılarından deyil, “və” birləşdirmə bağlayıcısından istifadə olunmuşdur ki, bu da iddiaçının həmin maddəsinin təsiri altına düşməsi üçün maddənin dispozisiyasında göstərilən hər iki tələbə cavab verməli olmasını şərtləndirir. Iddiaçı iddia ərizəsində əlillik dərəcəsinin qüvvədə olmasını bildirsə də, iş materialları ilə bu hal təkzib olunur. Belə ki, məhkəmə sorğusu əsasında əldə edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X13-Sosial ekspert Komissiyasının sonuncu - ##.##.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı, diaqnozun öz təsdiqini tapmaması əsası ilə əlillik verilməsindən imtina edilmişdir. Iddiaçı hətta müvafiq qərarı inzibati məhkəmə icraatı çərçivəsində münahisələndirmiş və iddiası mümkün sayılmamışdır. Belə olan halda məhkəmə ƏM-nin 66-cı maddəsinin 1-ci bəndinin dispozisiya şərlərinin ödənilməməsi qənətinə gəlir və iddiaçının həmin dəlilini əsassız sayır. Eyni zamadan iddiaçı məhkəmənin sualına cavab olaraq Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi şücaətlərə görə dövlət təltiflərinə və fəxri adlarına layiq görülmədiyini də bildirmişdir. Bundan başqa, iddiaçı İddiaçı iddia ərizəsində müvafiq təşkilatda çalışdığı 2015 və 2020-ci illərdə keçirilmiş attestasiyalardan vətənin müdafiəsi zamanı xəsarət aldığına və əlilliyinə görə azad edilməsini bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə cavabdeh “xxxx” QSC-nin ##.##.2025-ci il tarixli məktubunda İddiaçı ilə keçirilmiş 2025-ci il ## #### tarixli attestasiyadan əvvəlki illərdə onun attestasiyadan keçməsi barədə arxiv məlumatı və təsdiqedici sənədlərin aşkar edilmədiyi bildirilmişdir. Iş materiallarında olan sənədlər əsasında müəyyən edilmişdir ki, iddiaçı, işəgötürən tərəfindən attestasiyanın keçirilməsi vaxtı barədə qabaqcadan xəbərdar edilmişdir. Bunu iş materiallarda olan “attesasiyanın keçirilməsi barədə bildiriş” təsdiq edir. Iddiaçının imtahana hazırlaşması üçün kifayət qədər, bir aydan daha çox zamanı olmuşdur ki, bu da işçilərin attestasiyasının keçirilməsi qaydalarına tam uyğundur. ##.##.2025-ci il tarixdə keçirilən attestasiyada İddiaçı da iştirak edərək, komissiya üzvlərinin ona ünvanladığı on üç sualdan səkkizinə cavab vermədiyindən onun vəzifəyə uyğun olmamasına dair qərar qəbul edilmişdir. “Attestasiyada iddiaçıya qarşı qərəzli mövqe tutulması” barədə iddianın dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65.6-cı maddəsinə əsasən attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın tələblərinə əsasən, attestasiyanın keçirilməsi müəyyən edilmiş qaydalara uyğun şəkildə həyata keçirilməlidir. Bu qanunvericilik aktlarında attestasiyanın ədalətli və obyektiv keçirilməsi, işçilərin peşəkarlığının düzgün qiymətləndirilməsi nəzərdə tutulur. Həmçinin, attesatasiya komissiyanın işçilərə qarşı qərəzsiz yanaşması və qiymətləndirmə zamanı hər hansı mənfi mövqeyin nümayiş etdirilməməsi vurğulanır. Məhkəmə qeyd edir ki, bərabərlik prinsipi attestasiya zamanı bütün işçilərə eyni vəzifə üzrə eyni tələblər və meyarlar əsasında sualların verilməsini tələb edir. Əgər bir işçiyə digərlərindən daha çətin və ya daha çox suallar verilirsə, bu onun haqsız yerə uğursuz nəticə göstərməsinə səbəb ola bilər. Həmçinin suallar obyektiv və işçinin peşə bacarıqları ilə əlaqəli olmalı, bütün işçilər eyni tələblər və meyarlar əsasında qiymətləndirilməlidirlər. Işçilərə fərqli və qərəzli yanaşılıbsa, bu qərəzsizlik prinsipinin pozulması deməkdir. Iddiaçı ümumi şəkildə ona qarşı qərəzin olduğunu bildirsə də, həmin qərəzə əsas verə biləcək səbəblərin nədən qaynaqlandığını açıqlaya bilməmişdir. Hər bir halda iddiaçının müvafiq dəlilinin araşdırılmasından ötrü onunla eyni vəzifədə çalışan digər işçilərin müvafiq attestasiyada iştirak etməsi ilə bağlı sənədlər və videogörüntülər cavabdehdən tələb edilmiş, cavabdehin təqdim etdiyi Lokomotivlərin istismarı sahəsinin nardayçısı vəzifəsində işləyən X4 və X3 videogörüntüləri və attestasiya vərəqələri iddiaçı ilə müqayisəli şəkildə tədqiq edilmiş, iddiaçının attestasiyanın qərəzli və qeyri-obyektiv keçirilməsi barədə dəlilləri öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçının iştirakını özündə əks etdirən videogörüntülərdə onun həqiqətən də sualların əksəriyyətinə cavab verə bilmədiyi, verilən bəzi sualları natamam cavablandırdığı, attestasiyadan uğurla keçən digər yuxarıda adıçəkliən işçilərin isə suallara komissiya üzvlərini qane edən cavablar verdikləri açıq-aşkar sezilir. Beləliklə, məhkəmə attestasiya vərəqəsində iddiaçı barəsində attestasiyanın nəticələrini əks etdirən qeydlərlə attestasiyanın audio-video yazısını müqayisə edərkən müəyyən etmişdir ki, iddiaçının verilən sualları cavablandırmasının nəticələri attestasiya vərəqəsində düzgün qeyd edilmişdir. Belə ki, iddiaçının cavabladığı suallar attestasiya vərəqəsində “cavab verdi”, cavablandıra bilmədiyi suallar isə “cavab verə bilmədi”, natamam cavblandırdığı suallar isə “qismən cavab verdi” kimi qeyd edilmişdir. Göründüyü kimi, iddiaçı attestasiya zamanı ona ünvanlanmış sualların mütləq əksəriyyətinə ya cavab verə bilməmiş və ya natamam cavab vermişdir. O da qeyd olunmalıdır ki, iddiaçı attestasiyada ona verilən sualların onun vəzifəsinə və ya ixtisasına uyğun olub-olmamasını mübahisələndirməmiş, əksinə videogörüntüdə ona verilən sualların iş materiallarına əlavə edilmiş iddiaçının vəzifə təlimatında göstərilən əmək funksiyalarına uyğun olması müəyyən edilmişdir. Beləliklə, məhkəmə tərəfindən cavabdeh təşkilatda attestasiya keçirilərkən qanunvericiliyin tələblərinin, o cümlədən attestasiyanın keçirilməsi prosedurların pozulması müəyyən edilməmişdir. Həmçinin attestasiyanın nəticəsi olaraq iddiaçının barəsində mübahisələndirilən əmr qəbul olunarkən əmək qanunvericiliyin tələblərinin pozulması müəyyən olunmur.
19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 65, 66, 68, 70, 71-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2001-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”na, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
20. Iddiaçı İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
21. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçı ##.##.1993-cü il tarixindən ##.##.1997-ci il tarixinə qədər həqiqi hərbi xidmətdə olmuş, ##.##.1994-cü il tarixində mina partlaması nəticəsində ağır xəsarət almışdır. Aldığı xəsarət nətcəsində maşinist vəzifəsindən azad edilərək, səhhətinə uyğun digər vəzifəyə keçirilmişdir. Daha sonra Hərbi Həkim Komissiyası tərəfindən ona sol baldır və kəllənin ənsə nahiyyəsinin kor qəlpə yarası diaqnozu qoyulmuşdur. Göstərilən xəsarətlə əlaqədar olaraq, ##.##.2015-ci il tarixində iddiaçıya III dərəcəli, ##.##.2016-cı il tarixində isə II dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 66-cı maddəsinə əsasən vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) almış və əlilliyi müəyyən edilmiş işçilərin attestasiyası keçirilmir. Qeyd edir ki, o, ##.##.1997-ci il tarixindən ##.##.2025-ci il tarixinədək – yəni təxminən 30 il müddətində “xxxx” QSC də Yük Daşımaları Departamenti Lokomotivlərin Istismarı Xidməti Gəncə Lokomotivlərin Istismarı deposunda müxtəlif vəzifələrdə çalışmış, uzunmüddətli və qüsursuz əmək fəaliyyəti göstərmişdir. Göstərilən müddət ərzində əmək intizamını pozmamış, işəgötürən tərəfindən onun barəsində hər hansı irad irəli sürülməmişdir. Nəzərə çatdırır ki, attestasiyaya cəlb olunmazdan əvvəl rəhbərlik tərəfindən ona bildirilmişdir ki, o, attestasiyadan azaddır. Bu şəraitdə sonradan iddiaçının attestasiyaya cəlb olunmağı və həmin attestasiyanın nəticələrinə əsaslanaraq işdən azad edilməyi əmək hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Əmək Məcələsininn 67.2-ci bəndinə əsasən işəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər. Qəribə haldır ki, iddiaçının uzunmüddətli iş təcrübəsi, sağlamlıq vəziyyəti, eləcə də, attestasiyadan azad olunmağı səbəbi ilə attestasiya ilə bağlı keçirilmiş kurslarda iştirak etməməyi nəzərə alınmamışdır. Yuxarıda qeyd etdiyi xüsusatlar birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış, iş üzrə obyektiv və hərtərəfli araşdırma aparılmamış, nəticədə ədalətsiz qətnamə qəbul edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə etiraz məhkəməyə təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər (onların nümayəndələri) məhkəmə iclasına gəlmədikləri üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.
24. Iddiaçı İddiaçı iştirak etdiyi məhkəmə iclasında apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
25. Cavabdehin nümayəndəsi Nümayəndə Oktay qızı iştirak etdiyi məhkəmə iclaslarında apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.
Tətbiq edilən hüquq
26. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 2.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Maddə 2.3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Maddə 3.5. Əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Maddə 4.1. Bu Məcəllə, qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq respublikanın ərazisində yerləşən bütün xxxxdə, idarələrdə, təşkilatlarda (bundan sonra ismin müvafiq halında “xxxx”), eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərində, həmçinin onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikasının səfirliklərində, konsulluqlarında, beynəlxalq sularda Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, şelf qurğularında və digər iş yerlərində tətbiq edilir. Maddə 42.1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Maddə 42.2. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Maddə 65.1. Işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. Maddə 65.2. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər. Maddə 65.3. Işəgötürənin əmri (sərəncamı, qərarı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. Işəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. Maddə 65.4. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla, qərarla) müəyyən edilir. Maddə 65.5. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. Işçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. Maddə 65.5-1. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçi attestasiyadan keçirildikdə, idarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün müəyyən edilən müvafiq vəzifəli şəxsi və ya struktur bölməsinin nümayəndəsi attestasiya komissiyasının iclasında iştirak etməlidir. Maddə 65.6. Attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır. Maddə 65.7. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər. Maddə 66. Aşağıdakı işçilərin attestasiyası keçirilmir: vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) almış və əlilliyi müəyyən edilmiş işçilər; Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi şücaətlərə görə dövlət təltiflərinə və fəxri adlarına layiq görülmüş işçilər; bir vəzifədə (peşədə) beş ildən az müddətdə çalışan məcburi köçkün və qaçqın statusu olan işçilər; hamilə qadınlar; uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər); yaşı 18-dən az olan işçilər; bir vəzifədə (peşədə) faktik olaraq bir ildən az müddətdə çalışan işçilər; eyni vəzifədə (peşədə) azı üç dəfə attestasiya olunaraq tutduğu vəzifəyə uyğun olduğu müəyyən edilmiş işçilər; kollektiv müqavilələrdə (sazişlərdə) nəzərdə tutulan hallarda attestasiya olunmayan işçilər; Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilər; “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sertifikatlaşdırmaya cəlb edilən təhsilverənlər. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 68.2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Maddə 70. Əmək müqaviləsinə işəgötürən tərəfindən aşağıdakı əsaslarla xitam verilə bilər: c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə. Maddə 71.3. Işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinə xitam verilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 83.1. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75 ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Maddə 83.3. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2001-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”: “1.2. xxxxdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır. 2.3. Attestasiyadan keçməli işçilər üzürlü səbəbdən attestasiya komissiyasının iclasına gəlmədikdə, müvafiq sənədlər əsasında sonradan tutulmuş qrafikə uyğun attestasiyadan keçirilirlər. 2.6. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında 2 qərardan yalnız birini qəbul edir: a) tutduğu vəzifəyə uyğundur; b) tutduğu vəzifəyə uyğun deyil. 3.1. Attestasiya komissiyasının qərarı attestasiyadan keçən işçilərə komissiya iclasından sonra elan edilir. 3.6. Attestasiya ilə, o cümlədən attestasiyanın nəticələrinə görə işçinin işdən çıxarılması və ya başqa vəzifəyə (peşəyə) keçirilməsi haqqında mübahisəli məsələlər qanunvericiliyə müvafiq surətdə məhkəmələrdə baxılıb həll edilir.
28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
29. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilib, iddianın təmin olunması tələb edildiyindən məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
31. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 66-cı maddəsinin 1-ci bəndinə əsasən vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) almış və əlilliyi müəyyən edilmiş işçilərin attestasiyası keçirilmir.
32. Birinci instansiya məhkəməsi qətnaməsində haqlı olaraq vurğulamışdır ki, qeyd olunan maddənin məzmunundan göründüyü kimi sözügedən maddədə “və ya”, “və yaxud” kimi bölüşdürmə bağlayıcılarından deyil, “və” birləşdirmə bağlayıcısından istifadə olunmuşdur ki, bu da iddiaçının həmin maddəsinin təsiri altına düşməsi üçün maddənin dispozisiyasında göstərilən hər iki tərələb cavab verməli olmasını şərtləndirir. Iddiaçı iddia ərizəsində əlillik dərəcəsinin qüvvədə olmasını bildirsə də, iş materialları ilə bu hal təkzib olunur. Belə ki, məhkəmə sorğusu əsasında əldə edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X13-Sosial ekspert Komissiyasının sonuncu - ##.##.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı, diaqnozun öz təsdiqini tapmaması əsası ilə əlillik verilməsindən imtina edilmişdir. Hətta iddiaçı müvafiq qərarı inzibati məhkəmə icraatı çərçivəsində münahisələndirmiş və iddiası mümkün sayılmamışdır. Eyni zamanda, iddiaçı izahatında Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi şücaətlərə görə dövlət təltiflərinə və fəxri adlarına layiq görülmədiyini də bildirmişdir. Belə olan halda məhkəmə düzgün olaraq Əmək Məcəlləsinin 66cı maddəsinin 1-ci bəndinin dispozisiya şərlərinin ödənilməməsi qənətinə gələrək, iddiaçının həmin dəlilini əsassız saymışdır.
33. Apellyasiya şikayətinin digər dəlili olaraq İddiaçı 2015 və 2020-ci illərdə keçirilmiş attestasiyalardan vətənin müdafiəsi zamanı xəsarət aldığına və əlilliyinə görə azad edilməsini bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə, cavabdeh “xxxx” QSC-nin ##.##.2025-ci il tarixli məktubunda İddiaçı ilə keçirilmiş ## #### 2025-ci il tarixli attestasiyadan əvvəlki illərdə onun attestasiyadan keçməsi barədə arxiv məlumatı və təsdiqedici sənədlərin aşkar edilmədiyi bildirilmişdir. Iş materiallarında olan sənədlər əsasında müəyyən edilmişdir ki, iddiaçı işəgötürən tərəfindən attestasiyanın keçirilməsi vaxtı barədə qabaqcadan xəbərdar edilmişdir. Bu faktı iş materiallarda olan “attesasiyanın keçirilməsi barədə bildiriş” təsdiq edir. Iddiaçının imtahana hazırlaşması üçün kifayət qədər, bir aydan daha çox zamanı olmuşdur ki, bu da işçilərin attestasiyasının keçirilməsi qaydalarına tam uyğundur.
34. Məhkəmə kollegiyası qeyd edir ki, ümumiyyətlə, apellyasiya şikayətində hər hansı yeni bir dəlil irəli sürülməmiş, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, həmçinin qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün digər bir əsas qeyd olunmamışdır. Şikayət iddiaçının birinci instansiya məhkəməsində irəli sürdüyü dəlillərlə əsaslandırılmış, həmin dəlillər əsasında isə məhkəmə tərəfindən ətraflı araşdırma və qiymətləndirmə aparılmışdır.
35. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Buna görə də qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
36. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.