Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(3-6)-815/2026 03.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2(5-103)-28/2026 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2(5-103)- 28/2026 saylı ilə qərardadı ilə (hakim Səlimə Miriyeva) ərizənin qəbulundan imtina edilmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv olunmasını, ərizənin icraata qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2(5-103)- 28/2026 saylı ilə şikayət təmin olunmamış, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət – qərardadın əsassız olması, prosessual hüquq normalarının pozulması, yanlış hüquq normalarına istinad edilməsi, ərizənin icraata qəbul edilməli olması, qərardadın vahid məhkəmə təcrübəsinə zidd olması, ərizənin icraata götürülüb araşdrıma aparılması əvəzinə əsassız olaraq qaytarılması və s. kimi əsaslandırılmışdır. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Məhkəmə kollegiyası, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, ərizə icraata qəbul məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşdən görünür ki, iddiaçı cavabdehə qarşı yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi isə iddia ərizəsinin qəbulundan imtina edərkən mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbinin yönəldiyi şəxsin, yəni cavabdehin iddiaçının ailə üzvü, habelə iddiaçıdan (mülkiyyətçidən) özünün saxlanılmasını tələb etmək hüququ yoxdur, hazırda iddiaçı cavabdehin onun mənzilindən istifadə hüququna xitam verilməsini xahiş edərək, onun mənzildən qeydiyyatdan çıxarılmasına nail olmaq istəyir. Bu səbəbdən, ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və ərizəyə əlavə olunmuş bütün sənədlər ərizə ilə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə qeyd olunan nəticəyə gələrkən qərarını Mənzil Məcəlləsinin 30.1-ci və digər normativ hüquqi aktlara istinad etməklə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır, eyni zamanda aşağıdakıları qeyd edir. İlkin olaraq qeyd olunmalıdır ki, MPM-in 152.1-ci maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda ...... geri qaytarır. Prosessual qanunvericliyin qeyd olunan tələblərindən göründüyü kimi, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün qanunvericliklə müəyyən olunmuş ilkin prosessual şərtlərə - onun yazılı verilməsi, imzalanması, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, tərəflərin eynişləşdirməyə imkan verən məlumatlar, onların əlaqə vasitələri, yaşayış (qeydiyyat) ünvanları, dövlət rüsumunun ödənilməməsi, ərazi aidiyyat qaydalarının pozulması və s. göstərilməlidir. Göründüyü kimi, qeyd olunan tələblər prosessual normaların tələblərinə əməl olunmaması əsası ilə ərizənin qaytarılmasıdır ki, bu zaman məhkəmə ərizəyə mahiyyəti üzrə baxmadan – ondakı çatışmazlıqların aradan qaldırılması üçün geri qaytarılır. Bu halda, ərizəsinin qaytarılması işin mahiyyəti üzrə həll olunması deyil, sadəcə prosedur qaydalarının pozulması deməkdir. Ərizəsi qaytarılmış tərəf isə, məhkəmə qərarında göstərilən nöqsanları aradan qaldırdıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər. Eyni zamanda, iddianın qaytarılması əsaslarından biri də iddianın yolverilməzliyi əsaslarından biri kimi MPM-in 153-cü maddəsində öz əksini tapmışdır. Belə ki, MPM-in 153.2.1-ci maddəsinə əsasən hakim ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. MPM-in 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. MPM-in 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Göründüyü kimi, iddianın yolverilməzliyi əsasları üzrə iddia ərizəsi geri qaytarıla bilər. Həmin əsaslardan biri də, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmamasıdır. Ərizəyə məhkəmə qaydasında baxılmalı olmaması, tələbin ümumiyyətlə hüquqi xarakter daşımaması və ya məhkəmənin səlahiyyətinə aid olmaması, ikinci halda isə, tələbə məhkəmə qaydasında baxılmalı olsa da, ona mülki məhkəmə qaydasında deyil, məsələnin digər ixtisaslaşmış məhkəmə (inzibati) icraatının predmeti olması başa düşülür. Qeyd olunan halda isə, MPM-in 152-ci maddəsində nəzərədə tutulan qaytarma halından fərqli olaraq, şəxs yenidən həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmaq imkanı olmur. Məhkəmə isə bu nəticəyə gəlmək üçün, tələbin mahiyyəti üzrə qərar qəbul etmədən, ilkin prosessual şərtlər daxilində araşdırma aparmaqla bu nəticəyə gəlməlidir. MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. MPM-in 151.3-cü maddəsinə əsasən məhkəmə iddia ərizəsini (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılan iddia ərizələri istisna olmaqla), daxil olmasından 5 gün müddətində qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Göründüyü kimi təsadüfü deyildir ki, prosessual qanunvericlik ərizə məhkəməyə daxil olduqdan sonra onun qaytarılması və ya qəbul etməkdən imtina edilməsi üçün qısaldılmış müddət – 5 gün müəyyən etmişdir. Hazırkı halda isə, məhkəmə ərizənin icraata qəbul edilməsi üçün lazım olan ilkin prosessual mümkünlük şərtlərinə əməl etmədən, qərardadında maddi hüquqi əsaslandırma aparmaqla tələbə demək olar ki, mahiyyəti üzrə qiymət vermişdir (cavabdehin istifadə hüququnun olub-olmaması və s. istiqamətdə). Halbuki, məhkəmə tələbə mahiyyəti üzrə qiymət vermək üçün ilkin olaraq onu icraata qəbul etməli, hazırlıq mərhələsini tamamlamalı, şifahi məhkəmə baxışında çəkişmə prinsipinə riayət etməklə toplanmış sübutları qiymətləndirərək yekun nəticəyə gəlməlidir. İddia ərizəsinin icraata qəbul mərəhələsində mübahisəyə maddi hüquq normalarının tətbiqi ilə mahiyyəti üzrə qiymət verilməsi prosessual qanunvericiliyin tələbləri ilə uzlaşmamaqla, yolverilməzdir. Bu səbəbdən də qərardad qanuni və əsaslı sayıla bilməz. Beləliklə, qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, işə prosessual normaların tələblərinin pozulması ilə baxıldığından və həmin pozuntular düzgün olmayan qərardadın çıxarılması ilə nəticələndiyindən, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, ərizənin mümkünlüyü (icraata qəbul) məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Həmçinin qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi ərizənin mümkünlüyü məsələsinə buna müvafiq zərurət yarandığı təqdirdə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxa bilər. Belə ki, MPM-in 151.2-ci maddəsinə əsasən, zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2(5-103)-28/2026 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət qismən təmin olunsun. İş üzrə üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e- 2(5-103)-28/2026 saylı qərardadı ləğv edilsin və iş iddia ərizəsinin mümkünlüyü (icraata qəbul) məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya qaydasında şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-6)-815/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-815/2026
03.03.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver