Məhkəmə qərarları › İş №2(3-6)-834/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-834/2026

13.04.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-834/2026 13.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: mənzilə olan istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılma Hakimlər X6 (sədrlik edən və məruzəçi), X4 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X1, İddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil1, Cavabdeh Cavabdeh, onun nümayəndəsi və vəkili vəkil2 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “mənzilə olan istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra iddiaçı) ilə İsmayılova Tofiqə İdris qızı arasında ##.##.2004cü il tarixdə nikah bağlanmışdır. ünvan 2 ünvanında yerləşən **B saylı evin, *** saylı mənzili (Yeni qaydalarla: AZ1016, Bakı şəhəri, Xətai rayonu, Əliağa Şıxlinski küçəsi, giriş 665, M10, m6) İsmayılova Tofiqə İdris qızının mülkiyyətində olmuşdur. İsmayılova Tofiqə İdris qızının oğlu, Qasımov İsmayıl Elman oğlu ilə Cavabdeh (bundan sonra cavabdeh) arasında ##.##.2021-ci il tarixə nikah bağlanmış və bundan sonra onlar İsmayılova Tofiqə İdris qızının mülkiyyətində olan mənzildə yaşamağa başlamışlar. İsmayılova Tofiqə İdris qızının ölümündən sonra ondan miras qalmış bu mənzili vərəsəlik qaydasında iddiaçı qəbul etmiş və sonuncunun mənzil üzərində mülkiyyət hüququ ##.##.2025-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qasımov İsmayıl Elman oğlu ilə cavabdehin birgə nikahdan uşaqları olmamış, nikahları Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə pozulmuşdur. Cavabdeh bu mənzildə qeydiyyatdadır və hazırda da orada yaşayır.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia və iddia tələbinin dəyişdirilməsi barədə ərizələrlə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh onun mülkiyyətində olan ünvan 1, ev 59B, *** saylı mənzildən istifadə hüququna xitam verilməsini və onun həmin mənzildən çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən **B saylı evin, *** saylı mənzili onun xüsusi mülkiyyətindədir. Əvvəllər rəsmi nikahda olduğu İsmayılova Tofiqə İdris qızının birinci nikahından olan oğlu Qasımov İsmayıl Elman oğlu ##.##.2021-ci il tarixdə cavabdeh Cavabdeh ilə nikaha daxil olmuş və bundan sonra onun ögey övladı olan İsmayıl Qasımovun arvadı olduğu nəzərə alınaraq cavabdehə həmin mənzilə qeydiyyata düşməsinə və yaşamasına icazə verilmişdir. Ailə münasibətlərinin pozulması səbəbindən İsmayıl Qasımov nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi ilə onların arasında bağlanmış nikah pozulmuşdur. Cavabdeh onun ailə üzvü deyil, onun hazırda həmin mənzildə yaşaması mülkiyyət hüququnu məhdudlaşdırır.

4. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək, bildirmişdir ki, iddiaçının oğlu Qasımov İsmayıl Elman oğlu ilə ##.##.2021-ci il tarixdə nikah bağlanmış və həmin mənzilə köçərək onunla birgə yaşamağa başlamışdır. Qasımov İsmayıl Elman oğlu iddiaçının ögey oğludur. Lakin bir müddət birgə yaşadıqdan sonra aralarında narazılıqlar yaranmağa başlamış və iddiaçının ogey oğluna görə (səbəbkar İ.Qasımov olmuşdur) aralarında bağlanmış nikah məhkəmə qaydasında pozulmuşdur. Nikahın pozulmasının səbəbkarı iddiaçının ögey oğlu Qasımov İsmayıl Elman oğludur. İddiaçı ilk öncə onun mənzildən çıxarılması ilə bağlı qeydiyyatının ləğv edilməsi üçün Bakı şəhəri Xətai rayon Polis idarəsinə müraciət etmiş, lakin şöbə hər hansı əsasın olmaması səbəbi ilə bundan imtina etmişdir. Bundan sonra iddiaçı bu məsələ ilə bağlı Bakı İnzibati Məhkəməsində iddia qaldırmış, o, da üçüncü şəxs kimi prosesə cəlb olunmuşdur. Lakin nəticədə iddiaçı iddiasını geri götürmüşdür. İddiaçı onun həmin mənzildə deyil, atasına məxsus mənzildə yaşadığını qeyd edir. Halbuki, verilmiş sorğuya cavab olaraq həmin mənzilin yerləşdiyi binanın komendantının verdiyi məlumata əsasən o, həmin mənzildə yaşayır. Onun həmin mənzildə yaşamasının təsdiqi üçün binanın girişində olan kameralar vasitəsi ilə də müəyyənləşdirmək olar. Sadəcə olaraq keçmiş əri, yəni iddiaçının ögey oğlu ona bir sıra problemlər yaşatmağa başlamış, ayrı-ayrı vaxtlarda həmin mənzilin işığını, qazını və suyunu kəsərək bu yolla onu mənzildən çıxarmağa çalışmışdır. Bununla bağlı Daxili İşlər Nazirliyin “102 xidməti”nə zəng edərək, məlumat vermiş, nəticədə Bakı şəhəri Xətai rayon Polis şöbəsində araşdırma aparılaraq, iddiaçının izahatı alınmışdır. Mənzilin kommunal xərcləri onun tərəfindən ödənilmişdir. Nikaha daxil olduqdan sonra həmin mənzilə köçmüş və orada yaşayır. Buna görə iddiaçının Mənzil Məcəlləsinin 30.1-30.2 maddələrinə istinad etməsi işin mahiyyətini dəyişə bilməz. Belə ki, işə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ##.##.2016-cı il tarixli qərarına uyğun baxılmalı, hüquqi nəticə verilməklə onun mənzildən istifadə hüququ tanınmalı və təmin edilməlidir. Onun yaşamağa digər mənzili, evi və torpaq sahəsi yoxdur. Valideynlərinin yaşadığı ev darısqal olduğundan orada yaşaya bilmir. Sadalanan əsaslara və motivlərə uyğun olaraq iddia rədd edilməli və onun mənzildən istifadə hüququ tanınmalıdır.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh ünvan 2, ev 59B, *** saylı (Yeni qaydalarla: AZ1016, Bakı şəhəri, Xətai rayonu, Əliağa Şıxlinski küçəsi, giriş 665, M10, m6) mənzildən çıxarılması, bu qətnamənın cavabdeh Cavabdeh ünvan 2, ev 59B, *** saylı (Yeni qaydalarla: AZ1016, Bakı şəhəri, Xətai rayonu, Əliağa Şıxlinski küçəsi, giriş 665, M10, m6) mənzildən qeydiyyatdan çıxarılması üçün əsas olması, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim X3).

6. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, ünvan 2, ev 59B, *** saylı mənzil (Yeni qaydalarla: AZ1016, Bakı şəhəri, Xətai rayonu, Əliağa Şıxlinski küçəsi, giriş 665, M10, m6) İddiaçı adına dövlət reyestrində ##.##.2025-ci il tarixdə qeydiyyata alınmışdır. Cavabdeh iddiaçının keçmiş gəlinidir. Belə ki, Cavabdeh ilə iddiaçının ögey oğlu ##.##.2021-ci il tarixdə rəsmi nikaha girmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. İddiaçı və Cavabdeh arasında heç bir notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və bununla da Cavabdeh qeyd edilən evdən istifadə hüququ yaranmadığından, cavabdeh iddiaçıya münasibətdə ailə üzvü olmadığından, cavabdehin mənzildən istifadə hüququnun itirilməsi barədə iddia tələbi də məhkəmə tərəfindən təmin edilə bilməz. Hazırki qətnamə qanuni qüvvəyə mindikdən sonra cavabdehin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Məhkəmənin qeyd etdiyi bu qayda müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və müvafiq dövlət orqanına izah edilməsidir. Məhkəmə iddia tələbini cavabdehin mənzildən çıxarılması hissəsində əsaslı hesab etmiş və belə qənaətə gəlmişdir ki, cavabdeh mənzildən çıxarılmalıdır.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsi, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci, 157.2ci, 228.1-ci, 228.2-ci, 228.5-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci 14.2-ci, 77.1-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 2-ci, 5ci, 9-cu maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ##.##.2013-cü il tarixli qərarına və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Birinci instansiya məhkəməsi mühakimənin çəkişmə bərabərliyini təmin etmədən, onun qeydlərini nəzərə almadan işə baxıb qanunsuzluq etmişdir. Bütün tələblərini kobud şəkildə pozmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. İddiaçı İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək göstərmişdir ki, cavabdehin apellyasiya şikayəti hüquqi baxımdan yanlışdır, çünki o, mülkiyyətçi ilə əri arasındakı münasibətləri eyniləşdirərək özünü əsassız şəkildə mülkiyyətçinin “keçmiş ailə üzvü” kimi təqdim etməyə çalışır. Halbuki, iş materialları ilə mübahisəsiz müəyyən olunur ki, cavabdeh birbaşa onunla ailə münasibətində olmamış, yalnız onun ögey oğlunun arvadı olmuşdur. Bu isə mülkiyyətçi ilə cavabdeh arasında Mülki Məcəllənin 228.5-ci maddəsinin tətbiqini şərtləndirən ailə-hüquq münasibətinin mövcud olmadığını göstərir. Belə olan halda, cavabdehin “keçmiş ailə üzvü” statusuna istinadı hüquqi əsasdan məhrumdur. Cavabdeh Mülki Məcəllənin 255.8-ci maddəsinə istinad etməklə guya onun mənzil üzərində şəxsi servitut hüququ əldə etdiyini iddia edir. Lakin şəxsi servitutun yaranması üçün mülkiyyətçinin iradəsi, hüquqi əsas və müvafiq hüquqi forma tələb olunur. Hazırkı işdə isə cavabdehin mənzildə yaşaması yalnız ailə münasibətlərinə görə verilmiş adi icazə xarakteri daşımışdır və bu icazə heç vaxt müstəqil əşya hüququna çevrilməmişdir. Bundan əlavə, servitut hüququ ilə ailə üzvlərinin istifadə hüququ mahiyyət etibarilə fərqli hüquqi institutlardır və onların eyniləşdirilməsi hüquqi baxımdan yanlışdır. Bu səbəbdən cavabdehin bu istiqamətdə arqumentləri qəbul edilə bilməz. Cavabdeh Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinə istinad etsə də, həmin mövqelərin tətbiq dairəsini təhrif etmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” ##.##.2013-cü il tarixli qərarında açıq şəkildə göstərilmişdir ki, yaşayış sahəsindən istifadə hüququ ilə bağlı münasibətlərin hüquqi qiymətləndirilməsi onların yaranma vaxtından asılı olaraq aparılmalıdır. Belə ki, ##.##.2009-cu il tarixədək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin müddəaları, həmin tarixdən sonra yaranmış münasibətlərə isə Mənzil Məcəlləsinin müvafiq normaları tətbiq edilməlidir. Hazırkı işdə isə cavabdeh özü də etiraf edir ki, mübahisəli mənzilə ##.##.2021-ci il tarixdə qeydə alınmış nikahdan sonra köçmüşdür. Bu isə mübahisəli hüquq münasibətinin tam şəkildə ##.##.2009-cu ildən sonra yarandığını göstərir. Belə olan halda, cavabdehin Mülki Məcəllənin 228.5-ci maddəsinə və həmin maddə ilə bağlı formalaşmış hüquqi mövqelərə istinad etməsi hüquqi baxımdan yolverilməzdir və predmetə uyğun deyildir. Bu mübahisəyə yalnız Mənzil Məcəlləsinin 30cu maddəsinin müddəaları tətbiq edilə bilər ki, həmin norma da cavabdehin mövqeyini deyil, əksinə, onun mövqeyini təsdiq edir. Cavabdehin mövqeyinin əsas zəifliyi ondan ibarətdir ki, o, mövcud olmayan bir hüququ müdafiə etməyə çalışır. Hüquqi baxımdan istifadə hüququnun yaranması üçün konkret əsaslar tələb olunur. Hazırkı işdə isə cavabdeh nə mülkiyyətçinin ailə üzvü olmuş, nə də onunla bu hüququ yaradan hər hansı müqavilə bağlamışdır. Bu səbəbdən onun mənzil üzərində hər hansı istifadə hüququnun yaranmasından söhbət gedə bilməz. Mövcud olmayan hüququn isə nə saxlanılması, nə də ona kompensasiya ödənilməsi məsələsi müzakirə oluna bilər. Cavabdeh mənzildə faktiki yaşamasını əsas gətirərək hüquq əldə etdiyini iddia edir. Lakin hüquqi baxımdan faktiki yaşama ilə hüquqi istifadə hüququ eyni anlayışlar deyildir. Faktiki istifadə yalnız mülkiyyətçinin iradəsi ilə mümkün olan bir haldır və bu hal müstəqil hüquq yaratmır. Əks halda hər hansı şəxs sadəcə faktiki yaşama ilə başqasının əmlakı üzərində hüquq əldə etmiş olardı ki, bu da hüquq sisteminin əsas prinsiplərinə ziddir. Cavabdeh yaşayış sahəsinə ehtiyacının olduğunu və başqa yaşayış yerinin olmadığını iddia edir. Lakin bu hal yalnız o zaman hüquqi əhəmiyyət kəsb edə bilər ki, şəxs əvvəlcədən qanuni istifadə hüququna malik olsun. Hazırki işdə isə belə hüquq mövcud deyil. Bu səbəbdən “ehtiyac” arqumenti hüquq yaradan əsas kimi çıxış edə bilməz və mülkiyyət hüququnu məhdudlaşdıra bilməz. Cavabdeh kompensasiya ödənilməli olduğunu iddia edir. Halbuki, kompensasiya yalnız mövcud istifadə hüququnun xitamı hallarında tətbiq edilir. Hazırki işdə isə belə bir hüquq ümumiyyətlə yaranmamışdır. Buna görə də, kompensasiya məsələsinin müzakirəsi hüquqi baxımdan yersizdir. Cavabdeh mövcud olmayan bir hüququ əvvəlcə mövcud kimi təqdim edir, daha sonra isə həmin hüququn müdafiəsini tələb edir ki, bu yanaşma hüquqi baxımdan qəbul edilməzdir. Cavabdehin məhkəmənin işin hallarını tam araşdırmaması barədə iddiası iş materialları ilə təkzib olunur. Birinci instansiya məhkəməsi bütün sübutları araşdırmış, tərəflərin izahatlarını dinləmiş və hərtərəfli hüquqi qiymət vermişdir. Cavabdeh isə hansı konkret halın araşdırılmadığını göstərmir. Bu isə onun iddiasının formal xarakter daşıdığını göstərir. Cavabdehin çəkişmə prinsipinin pozulması ilə bağlı iddiası da əsassızdır. İş materiallarından görünür ki, ona öz mövqeyini təqdim etmək üçün tam imkan yaradılmışdır. Məhkəmənin onun mövqeyi ilə razılaşmaması isə prosessual pozuntu hesab edilə bilməz. Cavabdehin istifadə hüququnun tanınması tələbi qanunvericilikdə nəzərdə tutulmayan yeni bir hüququn yaradılması demək olardı. Məhkəmə isə yalnız mövcud hüquqları tanıya və müdafiə edə bilər, mövcud olmayan hüquqları yarada bilməz. Bu səbəbdən həmin tələb hüquqi baxımdan qəbul edilməzdir. Cavabdehin sosial vəziyyəti və digər yaşayış yerinin olmaması ilə bağlı arqumentləri mübahisənin hüquqi predmetinə aid deyildir. Sosial ehtiyaclar mülkiyyətçinin hesabına deyil, dövlətin sosial müdafiə mexanizmləri vasitəsilə həll edilməlidir. Beləliklə, cavabdehin apellyasiya şikayəti bütövlükdə hüquqi əsasdan məhrum olmaqla, yalnız faktların təhrifinə və tətbiqi mümkün olmayan hüquq normalarına istinadlara əsaslanır. Cavabdeh mübahisəli mənzil üzərində heç bir hüquqi statusa malik olmadığı halda, faktiki yaşama və sosial vəziyyət kimi halları hüquq yaradan əsas kimi təqdim etməyə çalışır. Halbuki, mübahisəli mənzil onun xüsusi mülkiyyətidir və cavabdehin bu mənzilə dair hər hansı hüququ mövcud deyil. Birinci instansiya məhkəməsi işin bütün hallarını düzgün qiymətləndirərək qanuni və əsaslı nəticəyə gəlmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

c) Proses iştirakçılarının izahatı

11. Məhkəmə iclasında cavabdeh Cavabdeh, habelə onun nümayəndəsi və vəkili vəkil2 ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək, şikayətin və iddia ərizəsinə etirazın məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdirlər.

12. Məhkəmə iclasında iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin, habelə apellyasiya şikayətinə etirazın məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, mübahisəli mənzil daha əvvəl iddiaçının mərhum arvadı İsmayılova Tofiqə İdris qızının mülkiyyətində olmuş və onun ölümündən sonra miras əmlak kimi iddiaçının mülkiyyətinə keçmişdir. Göstərilənlərin nəzərə alınmasını və şikayətin təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir.

14. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər; 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

16. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Yaşayış binasının tərkib hissəsindən digər şəxslərin istifadə hüququna xitam verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə uyğun olaraq həll edilməlidir.

17. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ####### 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il #######ın #-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

18. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

20. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

21. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunması xahiş olunduğundan və iddia istifadə hüququna xitam verilməsi hissəsində təmin edilməsə də, cavabdeh belə bir hüququnun yaranması mövqeyindən çıxış edərək, apellyasiya şikayəti üzrə bu halı da mübahisələndirdiyindən, habelə həmin hissə təmin edilən hissə ilə hüquqi baxımından bağlı olduğundan qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb hеsаb еdir ki, birinci instansiya məhkəməsi öz mövqeyində haqlı olmuşdur. Bu baxımdan apellyasiya şikayətinin təmin edilməsinə və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməklə iddianın rədd edilməsinə hər hansı əsas yoxdur.

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən ilk növbədə qeyd edir ki, iddiaçı cavabdehin əri olmuş Qasımov İsmayıl Elman oğlunun atalığıdır (anası İsmayılova Tofiqə İdris qızının əri olmuşdur). Cavabdehlə Qasımov İsmayıl Elman oğlu arasında nikah ##.##.2021-ci il tarixdə bağlanmış və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə pozulmuşdur. Cavabdeh nikaha daxil olduqdan sonra həmin vaxt əri Qasımov İsmayıl Elman oğlunun anası İsmayılova Tofiqə İdris qızının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən **B saylı evin, *** saylı mənzilinə (Yeni qaydalarla: AZ1016, Bakı şəhəri, Xətai rayonu, Əliağa Şıxlinski küçəsi, giriş 665, M10, m6) köçmüş və bügünədək orada yaşayır. İsmayılova Tofiqə İdris qızının ölümündən sonra ondan miras qalmış bu mənzili vərəsəlik qaydasında iddiaçı qəbul etmiş və sonuncunun mənzil üzərində mülkiyyət hüququ ##.##.2025-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

24. İddiaçı hazırda cavabdehin onun iradəsinə zidd olaraq mülkiyyətində olan mənzildə yaşadığını və bununla da onun mülkiyyət hüququnu pozduğunu iddia edərək, onun mənzilə olan istifadə hüququna xitam verilməsini və mənzildən çıxarılmasını tələb etmişdir. Birinci instansiya məhkəməsi cavabdehin bu mənzilə münasibətdə istifadə hüququnun yaranmaması əsası ilə iddianı həmin hissədə təmin etməmiş və bu əsasla cavabdehi mənzildən çıxarmışdır. Cavabdeh iddianı qəbul etmir, iddiaçının ögey oğlu ilə nikaha daxil olduqdan sonra həmin vaxt mənzilə onun mülkiyyətçisi olan İsmayılova Tofiqə İdris qızının razılığı ilə köçdüyünü və pasport qeydiyyatına alındığını, hazırda da həmin ünvanda yaşadığını, mənzildən istifadə hüququnun yarandığını, başqa yaşayış yerinin olmadığını, onun istifadə hüququna yalnız kompensasiya müqabilində xitam verilməli olduğunu bildirir və iddianın rədd edilməsini xahiş edir.

25. Göründüyü kimi, iddia tələbi şərti olaraq 2 hissədə ibarətdir: 1) cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi; 2) cavabdehin həmin mənzildən çıxarılması.

26. Məhkəmə kollegiyası mübahisənin mahiyyətini nəzərə alıb, cavabdehin mənzildən çıxarılması tələbinə hüquqi qiymət verməzdən əvvəl, ilk növbədə ümumiyyətlə cavabdehin mübahisəli yaşayış sahəsinə münasibətdə istifadə hüququnun yaranıbyaranmaması (mövcud olub-olmaması) məsələsinin araşdırılmasını zəruri hesab edir və bu tələbə münasibətdə qeyd edir ki, iddiaçının mülkiyyətində olan mənzil üzərində mülkiyyət hüququ 2025-ci ildə yaranmış, cavabdeh isə iddiaçının ögey oğlu ilə 2021-ci ildə nikaha daxil olmuşdur, həmin vaxt mənzil iddiaçının arvadı, cavabdehin isə qayınanası olmuş Tofiqə İsmayılovanın mülkiyyətində olmuşdur. Bu səbəbdən mübahisəyə hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir.

27. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 228-ci, Mənzil Məcəlləsinin 30-cu maddələrində və bu maddələrdən irəli gələn bəzi məsələlər üzrə Konstitusiya Məhkəməsinin aidiyyəti, o cümlədən yuxarıda göstərilən ##.##.2014-cü il tarixli Qərarında verilən şərhlərdə hüquqi nəticə etibarı ilə istifadə hüququnun yaranmasına, xitamına və bu hüquqdan irəli gələn digər məsələlərə "ailə üzvləri", “digər ailə üzvləri”, “digər qohumlar” və “digər şəxslər” prizmasından yanaşılır. Mənzil Məcəlləsinin 30.1-ci maddəsində şəxsin mülkiyyətçinin “ailə üzvü” hesab edilməsi üçün onun mülkiyyətçinin əri (arvadı), uşaqları və ya valideynləri olması və onunla birlikdə yaşaması tələb olunur. Həmin maddənin 2-ci cümləsində təsbit edilmiş “digər qohumlar” ifadəsi isə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Həmin Fəsildə isə ailənin başqa üzvlərinin, yəni qardaş və bacıların yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacılarını, baba və nənənin nəvələrini, nəvələrin baba və nənəni, yetirmələrin öz faktik tərbiyəçilərini, ögey oğul və qızların ögey ata və ananı saxlamaqla bağlı öhdəlikərinin əsasları müəyyən edilir.

28. Bununla belə, hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına və Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə cavabdeh nə əvvəlki mülkiyyətçinin (qaynanasının) gəlini olaraq, nə də ki, hazırda mülkiyyətçi olan iddiaçının ögey oğlunun arvadı olaraq “ailə üzvü” və “digər qohumu” hesab edilən şəxslərin dairəsinə daxil deyil.

29. Mülki Məcəllənin 228-ci maddəsində isə "ailə üzvləri" məfhumu ilə yanaşı istifadə hüququnun əldə edilməsi baxımından eyniləşdirilmiş "digər şəxslər" və “digər ailə üzvləri” məfhumları da təsbit edilmiş və bu kateqoriyaya aid şəxslər Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddəsinin tələblərinə əsasən bir mənalı olaraq yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, onların həmin hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın və ya belə şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilmiş olsun.

30. Cavabdeh iddiaçının ailə üzvü, habelə "digər qohumu" məfhumuna uyğun gələn şəxs olmadığından Mülki Məcəllənin 228-ci maddəsinin tələblərinə uyğun olaraq "digər şəxslər" (və ya digər ailə üzvləri) kateqoriyasına aid edilməli və bu səbəbdən onun həmin mənzildən istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunurdu.

31. Lakin cavabdehin həmin mənzilə dair istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, habelə bu hüququn əmələ gəlməsi, həyata keçirilməsi şərtlərinin müəyyənləşdirilməsinə dair nə əvvəlki, nə də ki, hazırki mülkiyyətçi ilə cavabdeh arasında notarial qaydada təsdiq olunmuş yazılı razılaşmanın olması müəyyən edilməmişdir.

32. Bu səbəbdən 5 ildən artıq müddətdir yaşamasına baxmayaraq, cavabdehin mübahisəli mənzildən ümumiyyətlə istifadə hüququ yaranmamışdır. Cavabdeh həmin mənzilə köçürülərkən onun mülkiyyətçisinin oğlunun arvadı olması, habelə pasport qeydiyyatına alınması da bu hüquqi vəziyyəti dəyişmiş olmur.

33. Cavabdehin mübahisəli mənzilə qeydiyyata alınması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin tələbləri baxımından onun vətəndaş hüquqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratsa da, bunun nəticəsində yaranmış həmin hüquqlar Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərdən biri olan istifadə hüququnu təşkil etmir və onun qeydiyyata alınması həmin mənzildən istifadə hüququnun yaranması kimi qiymətləndirilə bilməz.

34. Bununla belə, hüquqi nəticə etibarı ilə cavabdeh hər hansı hüquqi əsas olmadan, o cümlədən iddiaçının iradəsinə zidd olaraq mübahisəli əmlakda yaşayır. Bu da öz növbəsində iddiaçıya mülkiyyət hüququ ilə ona məxsus olan bu əmlaka istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu məhdudlaşdırmaqla, pozur. Bu səbəbdən iddiaçının həmin əmlaka olan hüquqlarının qorunması və bərpa edilməsi, o cümlədən cavabdehin onun hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehin həmin əmlakdan qanunsuz sahibliyinə və istifadəsinə son qoyulmalı və cavabdeh iddiaçının mülkiyyətində olan mənzildən çıxarılmalıdır. Birinci instansiya məhkəməsi də bu qənaətə gələrkən öz mövqeyində haqlı olmuşdur.

35. Beləliklə, məhkəmə kollegiyası yuxarıda sərgilədiyi hüquqi mövqeyin yekunu olaraq hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi cavabdeh Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar