Məhkəmə qərarları › İş №2(3-6)-841/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-841/2026

07.04.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-841/2026 07.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “xüsusi təyinatlı yaşayış sahəsindən məcburi çıxarma tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli qətnamədən cavabdeh Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, iddiaçı İddiaçı nümayəndəsi X1 və apellyatorun özünün iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia haqqında məlumat

1. İddiaçı Nazirliyin buna səlahiyyəti çatan nümayəndəsi Nazirliyin adından cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Nazirliyin balansında olan (Nazirliyinin mənzil fonduna aid olan) və Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 182 ünvanında yerləşən “Turan” hərbi yataqxanasından cavabdehin məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Nazirliyinin Mənzil-İstismar İdarəsinin rəisi Fikrət Mirzəyevin ##.##.2020-ci il tarixli **** saylı məktubu əsasında həmin hərbi yataqxananın *** nömrəli otağı müvəqqəti yaşamaq üçün cavabdehə verilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinin və “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutu tərəfindən aparılmış yoxlama zamanı müəyyən edilmişdir ki, “Turan” hərbi yataqxanası insanların orada yaşaması üçün təhlükəlidir, bina qəzalı vəziyyətdədir. Bununla bağlı olaraq Fövqəladə Hallar Nazirliyi tərəfindən iddiaçıya – Müdafiə Nazirliyinə məlumat verilmiş və İnstitutun ##.##.2025-ci il tarixli, ****/** №-li rəyi təqdim edilmişdir. Bundan sonra Müdafiə Nazirliyi həmin yataqxananın boşaldılması və orada yaşayan şəxslərin binadan çıxarılması proseduruna başlamış, yataqxanadan yaşayan şəxslərə müvafiq müraciətlər olunaraq binanın boşaldılması tələb olunmuşdur. Cavabdeh bu tələblərə məhəl qoymamış, yataqxanadan çıxmaqdan imtina etmişdir. Buna görə də, Müdafiə Nazirliyi hesab edir ki, cavabdeh həmin yataqxanadan çıxarılmalıdır. Bundan başqa nəzərə alınmalıdır ki, cavabdehin həmin yataqxanada yaşamasının hüquqi əsası yoxdur. Belə ki, cavabdeh həmin yataqxanada Müdafiə Nazirliyinin buna səlahiyyəti olan müvafiq vəzifəli şəxsin qərarı (əmri) əsasında Müdafiə Nazirliyinin müvafiq səlahiyyətli qurumu ilə cavabdeh arasında bağlanmış “Xidməti kirayə müqaviləsi” əsasında deyil, Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin rəisi Fikrət Mirzəyevin ##.##.2020-ci il tarixli, **** saylı məktubu əsasında yerləşdirilmişdir ki, həmin məktubun hər hansı hüquqi qüvvəsi yoxdur. Odur ki, cavabdeh, bu səbəbdən də, yataqxanadan çıxarılmalıdır. b) cavabdehin iddiaya dair münasibəti haqqında məlumat

3. Məhkəmə iclasında iştirak etmiş cavabdeh, Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, o, onunla iddiaçı Nazirlik arasında yaranmış mülki mübahisəsinin həllini məhkəmənin mülahizəsinə buraxır. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

4. Mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.

5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarına görə, xüsusi təyinatlı yaşayış sahələri kirayə müqavilələri əsasında verilməlidir. Həmçinin, kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. İş materiallarından isə cavabdehin bu sahəyə yalnız Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin **** nömrəli, ##.##.2020-ci il tarixli məktubu əsasında müvəqqəti yerləşdirildiyi görünür. Kirayə müqaviləsi və ya xüsusi təyinatlı yaşayış sahəsinin verilməsi haqqında qərar iş materiallarında mövcud deyil və bunun əksi cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Bundan başqa, Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinin ##.##.2025-ci il tarixli məktubu ilə də təsdiqlənir ki, 72 mənzil, o cümlədən cavabdehin məskunlaşdığı mənzil də, Mənzil Məcəlləsinin 98-ci maddəsi və müvafiq Əsasnamənin tələbləri kobud şəkildə pozularaq, kirayə müqaviləsi bağlanmadan, əsassız olaraq məktublarla müvəqqəti istifadəyə verilmişdir. Bundan əlavə müəyyən edilmişdir ki, cavabdeh hazırda işləyən mülki şəxsdir və o, xidmət yeri üzrə xüsusi təyinatlı yaşayış sahəsində deyil, digər hərbi hissə üzrə yaşayış sahəsində yaşayır. Eyni zamanda FHN strukturu olan “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun ##.##.2025-ci il tarixli rəyindən görünür ki, həmin hərbi yataqxana binası insanların yaşaması üçün təhlükəlidir, bina qəzalı vəziyyətdədir. Göstərilənlərə əsasən iddia əsaslı hesab edilməlidir. d) apellyasiya şikayəti haqqında məlumat

6. İş üzrə cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh həmin yataqxanaya özbaşına girməyib, otağı zəbt etməyib. İddia ərizəsinə cavabdehin orada yaşamasının qanuni əsasının olmaması qeyd edilsə də, nəzərə alınmalıdır ki, o, 2014-cü ildən etibarən Müdafiə Nazirliyinin mülki işçisidir və hazırda Bakı Qarnizonunun Mənzil İstismar Hissəsinin Maliyyə bölmə müdirinin müavini - mühasib vəzifəsində işləyir. Cavabdehin həmin yataqxanada qanuni əsasla, yəni iddia ərizəsində qeyd edilən - Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin **** nömrəli, ##.##.2020-ci il tarixli məktubu əsasında yaşayır. Belə ki, cavabdeh, 2020-ci ilin fevral ayında qarnizon rəisinə mənzillə təmin edilmə barədə ərizə vermiş, Mənzil İstismar idarəsinin hüquqşünası Elşad Əmirov onun mübahisəli mənzilə pasport qeydiyyatına alınacağına söz vermiş və cavabdehdən 7.000 manat pul istəmişdir. Hal-hazırda cavabdehin şikayəti əsasında Elşad Əmirovun barəsində hərbi prokurorluq tərəfindən istintaq aparılır. Cavabdeh 2020-ci ildən həmin yataqxanada yaşayır və yaşadığı otağın təmirinə 12.000 manat məbləğində pul vəsait xərcləmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, cavabdeh həmin yataqxanada yaşadığı dövrdə yataqxananın komendantına hər ay kirayə haqqı ödəmişdir. Bunu təsdiq edən “ödəniş qəbzləri” var. Belə olan halda, Mənzil Məcəlləsinin 98-ci maddəsinə əsasən kirayə müqaviləsi cavabdehlə faktiki olaraq bağlanmış hesab edilməli idi. Lakin işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamışdır. Bundan başqa Rayon Məhkəməsi nəzərə almamışdır ki, iddiaçı tərəf cavabdehə heç bir kompensasiya təklifi etmədən və ya cavabdehi başqa yaşayış sahəsi ilə təmin etmədən cavabdehə qarşı bu kimi iddia ilə məhkəməyə müraciət etmişdir. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin verdikləri izahatlar haqqında məlumat

8. Apellyator – iş üzrə cavabdeh apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.

9. İddiaçı Nazirliyin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsinin əsaslarına uyğun izahat verdi. O əlavə olaraq bildirdi ki, cavabdehin həmin yataqxanaya köçüb yaşamasına əsas olmuş ##.##.2020-ci il tarixli, **** saylı məktubu vermiş Nazirliyinin Mənzil-İstismar İdarəsinin rəisi Fikrət Mirzəyevin və başqalarının bu kimi hərəkətləri ilə əlaqədar cinayət işi başlanmış və hazırda istintaq davam edir. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

10. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

11. Belə ki, iddia ərizəsində qeyd edilən “Turan” hərbi yataqxanasının iddiaçı Müdafiə Nazirliyinin balansında olması, Nazirliyinin mənzil fonduna aid olması, cavabdehin həmin yataqxanada Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin rəisinin **** nömrəli, ##.##.2020-ci il tarixli məktubu əsasında yaşaması, bununla bağlı Müdafiə Nazirliyinin buna səlahiyyəti olan müvafiq vəzifəli şəxsin qərarı (əmri) əsasında Müdafiə Nazirliyinin müvafiq səlahiyyətli qurumu ilə cavabdeh arasında “Xidməti kirayə müqaviləsinin” bağlanmaması, yataqxana binasının qəzalı və insanların orada yaşaması üçün təhlükəli vəziyyətdə olması, bununla bağlı olaraq FHN-nin qurumu olan “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutu tərəfindən ##.##.2025-ci il tarixli, ****/** №-li rəyin verilməsi, cavabdehin 2014-cü ildən etibarən Müdafiə Nazirliyinin mülki işçisi olması işin mübahisəsiz hallarını təşkil edir.

12. İşin mübahisəli halları isə, cavabdehin həmin yataqxanada yaşamasının hüquqi əsasının olub-olmamasından ibarətdir.

13. İşin bu halını nəzərə alan Məhkəmə bildirir ki, “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirinin * saylı, ##.##.2014-cü il tarixli qərarının 1.8-ci maddəsinə görə, əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan, habelə kazarma-mənzil fondunun və kommunal qurğuların istismarı və onlara xidmət göstərilməsi sahəsində çalışan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mülki işçilərinə xüsusi təyinatlı yaşayış sahəsi verilə bilər (maddə 1.8.).

14. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə görə, ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir (maddə 98.1.). Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir (maddə 98.2.). Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir (maddə 99.1.). Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır (maddə 99.2.).

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur (maddə 152.1.). Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər (maddə 152.5.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.).

16. Göründüyü kimi, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mülki işçilərinə xüsusi təyinatlı yaşayış sahəsi verilə bilər. Bununla bağlı xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisinin adından çıxış edən səlahiyyətli dövlət orqanı tərəfindən müvafiq qərar verilməli və həmin qərara əsasən xeyrinə qərar verilmiş işçi ilə səlahiyyətli dövlət orqanı arasında “Kirayə müqaviləsi” bağlanmalıdır. Lakin yuxarıda artıq qeyd edildiyi kimi, iddiaçı Nazirlik tərəfindən bu kimi qərar verilməmiş, qərar da verilmədiyindən cavabdeh ilə “Kirayə müqaviləsi” bağlanmamışdır.

17. Cavabdehin qeyd etdiyi dəlillər (yataqxanaya köçmək üçün Bakı Qarnizonu Mənzil-İstismar hissəsi tərəfindən ##.##.2020-ci il tarixli məktubun verilməsi, cavabdeh tərəfindən Mənzil İstismar İdarəsinin hüquqşünasına müəyyən məbləğdə pul verilməsi, yaşadığı otağın cavabdeh tərəfindən öz vəsaiti hesabına təmir edilməsi və sair) isə bu kimi hüquqi əsasları, o cümlədən Mənzil Məcəlləsinin 98-ci maddəsində nəzərdə tutulmuş hüquqi əsasları yaratmır.

18. Göstərilənlərə əsasən müəyyən edilir ki, cavabdehin həmin hərbi yataqxanada yaşamasının hüquqi əsası yoxdur. İddia əsaslıdır. Cavabdehin dəlilləri formal mülahizə xarakteri daşıyır və iddianın rədd edilməsi üçün əsaslı deyil

19. Bundan başqa Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən yataqxana binası qəzalı vəziyyətdədir və insanların orada yaşaması üçün təhlükəlidir.

20. Bu hal da, nəzərə alındıqda müəyyən edilir ki, cavabdeh həmin yataqxanadan çıxarılmalıdır.

21. Cavabdehin hərbi yataqxanada yaşaması ilə bağlı iddiaçı ilə cavabdeh arasında razılaşma olmamış, “Kirayə müqaviləsi” bağlanmamışdır.

22. Bunu nəzərə alan Məhkəmə bildirir ki, cavabdeh iddiaçının razılığı olmadan yataqxanada yaşadığından cavabdehin yataqxanadan çıxarılmasını tələb edən iddiaçı, bunun əvəzində cavabdehə kompensasiya (pul və ya başqa yaşayış sahəsi verməklə) təklif etməməkdə haqlıdır. Çünki, yuxarıda qeyd edilən maddi hüquq normalarında bu kimi qayda nəzərdə tutulmamışdır.

23. Bu baxımdan müəyyən edilir ki, iddiaçı tərəfindən ona müvafiq kompensasiyanın ödənilməsi ilə bağlı cavabdehin dəlili əsassızdır. g) apelyasiyanın nəticəsi

24. Göstərilənlərə əsasən apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddianı təmin etməklə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla yanaşı formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur

25. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

26. Buna görə də, Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün cavabdehin ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir.

27. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Cavabdeh Cavabdeh hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İddiaçı İddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar