Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-844/2026 03.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Cəfərov İlham Məmməd oğlu (sədrlik edən və məruzəçi), Rüstəmli Məhəmməd Əli oğlu və Qasımov Fərrux Hüseynağa oğlundan ibarət tərkibdə, Əliyev Ülfət Vilayət oğlunun katibliyi, İddiaçı Teymurlu Arif Əzizoviçin nümayəndəsi və vəkili Qasımov Fərid Fərzalı oğlu, Cavabdehlər Məlikova Esmira Əzizulla qızı, Teymur-Zadə Tural Xanməmməd oğlu və Teymur-Zadə Fərqanə Xanməmməd qızı, Cavabdehlər Teymur-Zadə Tural Xanməmməd oğlu və Teymur-Zadə Fərqanə Xanməmməd qızının nümayəndəsi və vəkili Ağayev Fuad Arif oğlunun iştirakları ilə, İddiaçı Teymurlu Arif Əzizoviçin cavabdehlər Məlikova Esmira Əzizulla qızına, Teymur- Zadə Tural Xanməmməd oğluna və Teymur-Zadə Fərqanə Xanməmməd qızına qarşı “əmlakın bölünməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 3571/2025 saylı, 21 avqust 2025-ci il tarixli qətnaməsindən cavabdehlər Teymur-Zadə Tural Xanməmməd oğlu və Teymur-Zadə Fərqanə Xanməmməd qızının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:
1. İş materiallarında Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Çingizxan Kərimov küçəsi, ev 8, mənzil 101 xüsusi mülkiyyət hüququ əsasında 1/3 hissədə Məlikova Esmira Əzizulla qızına, 1/3 hissədə Teymurzadə Arif Əzizulla oğluna, 1/6 hissədə isə Teymur-Zadə Tural Xanməmməd oğluna və 1/6 hissədə Teymur-Zadə Fərqanə Xanməmməd qızına məxsusdur.
2. Adın dəyişdirilməsi haqqında şəhadətnamədən görünür ki, Teymurzadə Arif Əzizulla oğlu adını Teımurlı Arıf Əzizoviçə dəyişdirmişdir.
3. “Əmlak Ekspet Mərkəzi” MMC-nin ƏEM/İ 10-272/25 saylı, 05.06.2025-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Çingizxan Kərimov küçəsi, ev 8, 101 saylı mənzilin bazar dəyəri 150000 manat təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Arif Teymurlunun cavabdehlər Məlikova Esmira Əzizulla qızına, Teymur-Zadə Tural Xanməmməd oğluna və Teymur-Zadə Fərqanə Xanməmməd qızına qarşı iddia ərizəsi ilə müraciət edərək, ümumi paylı mülkiyyətdə olan Bakı şəhəri, Xətai rayonu, Çingizxan Kərimov küçəsi, ev 8, mənzil 101 ünvanında yerləşən mənzilin bölünməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi belə əsaslandırılmışdır ki, Teymurzadə Arif Əzizulla oğlunun ümumi paylı mülkiyyətində Bakı şəhəri, Xətai rayonu, Çingizxan Kərimov küçəsi ev 8, mənzil 101 ünvanlı mənzil vardır. Qeyd edilən mənzilin digər ümumi paylı mülkiyyətçiləri 1/3 hissədə bacısı Məlikova Esmira Əzizulla qızı, 1/6 hissədə mərhum bacısı Teymur-Zadə Zenfira Əzizulla qızının övladları Teymur-Zadə Tural Xanməmməd oğlu və 1/6 hissədə Teymur-Zadə Fərqanə Xanməmməd qızıdır. Hazırda qeyd edilən ümumi paylı mülkiyyətin bölünməsi, bölünməsi mümkün olmadıqda isə satışa çıxarılaraq ona düşən payın ödənilməsini istəyir, lakin ümumi paylı mülkiyyətin mülkiyyətçilərindən Məlikova Esmira Əzizulla qızı onunla razılaşmasına baxmayaraq, digər mülkiyyətçilər Teymur-Zadə Tural Xanməmməd oğlu və Teymur-Zadə Fərqanə Xanməmməd qızı ümumiyyətlə ümumi paylı mülkiyyətin nə satılmasına, nə bölünməsinə, nə də mənə və bacıma düşən payların pulunun ödənilməsinə razılıq vermirlər. Bu səbəbdən ümumi paylı mülkiyyətin bölünməsi barədə iddia qaldırmaq məcburiyyətindədir.
6. Birinci instansiya məhkəməsinin 2(011)-3571/2025 saylı, 17 aprel 2025-ci il qərardadı ilə məhkəmə qiymətləndirmə ekspertizası təyin olunmuş və iş üzrə icraat dayandırılmışdır.
7. 23.06.2025-ci il tarixdə “Əmlak Ekspet Mərkəzi” MMC-dən ƏEM/İ 10-272/25 saylı, 05.06.2025-ci il tarixli rəyi məhkəməyə daxil olmuşdur.
8. Birinci instansiya məhkəməsinin 2(011)-3571/2025 saylı, 30 aprel 2025-ci il qərardadı ilə iş üzrə icraat təzələnmişdir.
9. Birinci instansiya məhkəməsinin 21 avqust 2025-ci il tarixli qətnaməsi ilə (hakim Leyla Şövkətli-Mənsimli, iş 2(011)-3571/2025) iddia qismən təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, Çingizxan Kərimov küçəsi, 8 saylı evin, 101 saylı mənzilinin açıq hərracda satılması, Bakı şəhəri, Xətai rayonu, Çingizxan Kərimov küçəsi, 8 saylı evin, 101 saylı mənzilinin ilkin satış qiymətinin 150000 manat müəyyən edilməsi, mənzilin satışından əldə olunan pul vəsaitinin paylara mütənasib olaraq 1/3 hissəsinin Arif Teymurluya, 1/3 hissəsinin Məlikova Esmira Əzizulla qızına, 1/6 hissəsinin Teymur-Zadə Tural Xanməmməd oğluna, 1/6 hissəsi Teymurzadə Fərqanə Xanməmməd qızına ödənilməsi, dövlət rüsumunun əvəzi olaraq 33,3 manatın Məlikova Esmira Əzizulla qızından, 33,3 manatın Teymur-Zadə Tural Xanməmməd oğlundan, 33,3 manatın Teymur-Zadə Fərqanə Xanməmməd qızından tutularaq iddiaçı Arif Teymurluya ödənilməsi və 116,6 manatın Məlikova Esmira Əzizulla qızından, 116,6 manatın Teymur-Zadə Tural Xanməmməd oğlundan, 116,6 manatın Teymur-Zadə Fərqanə Xanməmməd qızından eksperiza xərcinin tutularaq “Əmlak Ekspert Mərkəzi” MMC-yə ödənilməsi qət edilmişdir. 10.Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iş üzrə toplanmış sübutlarla müəyyən edilmişdir ki, ümumi sahəsi 66 kv.metr olan 3 otaqlı mənzilin dörd paylı mülkiyyətçi arasında yaşayış təyinatı saxlanılmaqla naturada bölünməsi mümkün deyildir və bu hal mənzilin sahəsi və otaq sayına görə əlavə ekspertiza keçirilməsini zəruri etmir. Eyni zamanda, məhkəmə tərəfindən təyin edilmiş ekspertiza rəyinə əsasən mübahisəli mənzilin bazar dəyəri 150000 manat müəyyən olunmuşdur. İddiaçı öz payına uyğun kompensasiyanın ödənilməsi yolu ilə payının ayrılmasına razılıq versə də, digər paylı mülkiyyətçilər kompensasiya ödənilməsinə razılıq verməmişlər. Bu səbəbdən, məhkəmə hesab etmişdir ki, mənzilin naturada bölünməsi mümkün olmadığından və tərəflər arasında ümumi paylı mülkiyyətin bölünməsi, o cümlədən kompensasiya ödənilməsi barədə razılıq əldə edilmədiyindən, mübahisəli əmlak açıq hərracda satılmalı, ilkin satış qiyməti ekspert rəyinə uyğun olaraq 150000 manat müəyyən edilməli və satışdan əldə edilən vəsait tərəflərin paylarına uyğun olaraq bölüşdürülməlidir.
b) Apellyasiya instansiya məhkəməsində şikayətə dair icraat
11. Cavabdehlər Teymur-Zadə Tural Xanməmməd oğlu və Teymur-Zadə Fərqanə Xanməmməd qızı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdirlər. 12.Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5772/2025 nömrəli, 13 oktyabr 2025-ci il tarixli qərardadı ilə cavabdehlər Teymur-Zadə Tural Xanməmməd oğlu və Teymur- Zadə Fərqanə Xanməmməd qızının apellyasiya qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayətinin sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərliməsi qərara alınmışdır. (hakimlər İlham Cəfərov (sədrlik edən və məruzəçi), Günay Axundova, Fərrux Qasımov) 13.Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, apellyasiya şikayəti üçün dövlət rüsumu Teymur-Zadə Tural Xanməmməd oğlu tərəfindən ödənilsə də, şikayət onun tərəfindən imzalanmamışdır. Bununla da cavabdehlər tərəfindən MPM-in 361.3 və 363.1.1-ci maddələrinin tələblərinə əməl edilməmişdir.
14. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 361.1.1, 361.3, 366.2-c maddələri ilə əsaslandırmışdır.
c) Kassasiya məhkəməsində şikayətə dair icraat:
15.Cavabdehlər (vəkil Ağayev Fuad Arif oğlu) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi, işi mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Ali Məhkəmənin 2(102)-3559/2025 nömrəli, 25.11.2025-ci il tarixli qərardadı ilə cavabdehlər Teymur-Zadə Tural Xanməmməd oğlu, Teymur-Zadə Fərqanə Xanməmməd qızının kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5772/2025 nömrəli 13.10.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. 17.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3571/2025 saylı, 15.01.2026-cı il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3571/2025 saylı 21.08.2025-ci il tarixli qətnaməsindən cavabdehlər Teymur-Zadə Fərqanə Xanməmməd qızı və Teymur-zadə Tural Xanməmməd oğlu tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır.
d) Birinci istansiya məhkəməsində şikayətə dair icraat: 18.Cavabdehlər Teymur-Zadə Fərqanə Xanməmməd qızı və Teymur-zadə Tural Xanməmməd oğlu 15.01.2026-cı il tarixdə birinci istansiya məhkəməsinə ərizə təqdim edərək qətnamədən apellyasiya şikayəti vermiş, eyni zamanda ərizə verərək, apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdirlər.
19. Birinci istansiya məhkəməsinin 27.01.2026-cı il tarixli, 2(011)-3571/2025 saylı qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3571/2025 saylı 21.08.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair cavabdehlər Teymur-Zadə Fərqanə Xanməmməd qızı, Teymur-zadə Tural Xanməmməd oğlu tərəfindən verilmiş ərizə təmin edilmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3571/2025 saylı 21.08.2025-ci il tarixli qətnaməsindən cavabdehlər Teymur-Zadə Fərqanə Xanməmməd qızı və Teymur-zadə Tural Xanməmməd oğlu tərəfindən verilmiş apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri 20.Cavabdehlər Teymur-Zadə Tural Xanməmməd oğlu və Teymur-Zadə Fərqanə Xanməmməd qızı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdirlər.
21. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə ümumi paylı mülkiyyətin bölünməsi qaydalarını düzgün tətbiq etməyib. Əmlakın naturada bölünməsi imkanı müvafiq ekspertiza təyin etmədən rədd edilib. Məhkəmənin mənzilin bölünməsinin qeyri-mümkün olması barədə gəldiyi nəticə subyektiv mülahizədir. Satış yalnız son çarə kimi tətbiq edilməli olduğu halda məhkəmə alternativ imkanları tam araşdırmadan birbaşa satış qərarı verib. Halbuki qərar mənzildən istifadə də mühüm mənafeyi olan iki yetim gəncin mənzil hüquqlarının əlindən alınması hesabına başa gələ bilər. Mübahisəli mənzil vərəsəlik əmlakıdır və ərizəçilərin yeganə yaşayış yeridir. Vərəsəlik işlərində məhkəmələr ailə üzvlərinin mənafeyini qorumalı satışa yalnız alternativ olmadıqda yol verilir. Məhkəmə iş üzrə sübutların qiymətləndirməsi qaydasını pozmuşdur. Əmlakın qiymətləndirilməsi haqqında ekspert rəyi şikayətçilərə vaxtında təqdim edilməmiş, onların etiraz etmək və təkrar ekspertiza keçirilməsini tələb etmək hüququ məhdudlaşdırılmışdır. Bununla çəkişmə prinsipi pozulmuşdur. Məhkəmə Mülki Məcəllənin 220, 1230 və 1250-ci maddələrinin, habelə Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsini və prosessual hüquq normalarını pozub və düzgün tətbiq etməyib. İş üzrə müəyyən edilmiş əhəmiyyətli olan hallar sübut edilməyib, qətnamədə göstərilən bəzi nəticələr işin hallarına uyğun gəlmir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir. 24.Cavabdeh Məlikova Esmira Əzizulla qızı iddianı qəbul edərək əmlakdan ona düşən payın ödənilməsini xahiş etmişdir.
25. Digər cavabdehlər və onların nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. 26.İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün saydı.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
31. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
32. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
33. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.
34. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
35. Maddə 221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.
36. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
37. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.
38. Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir.
39. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
40. Maddə 224.1. Paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər.
Apellyasiya baxışının hədləri
41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
42. Hazırkı işdə iddia tələbi təmin olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə cavabdehlər Teymur-Zadə Tural Xanməmməd oğlu və Teymur-Zadə Fərqanə Xanməmməd qızı tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
44. İddiaçı Arif Teymurlu cavabdehlər Məlikova Esmira Əzizulla qızına, Teymur-Zadə Tural Xanməmməd oğluna və Teymur-Zadə Fərqanə Xanməmməd qızına qarşı iddia ərizəsi ilə müraciət edərək, ümumi paylı mülkiyyətdə olan Bakı şəhəri, Xətai rayonu, Çingizxan Kərimov küçəsi, ev 8, mənzil 101 ünvanında yerləşən mənzilin bölünməsi tələbinə dair iddia qaldırmışdır.
45. Birinci istansiya məhkəməsində iş üzrə toplanmış sübutlarla müəyyən edilmişdir ki, ümumi sahəsi 66 kv.metr olan 3 otaqlı mənzilin dörd paylı mülkiyyətçi arasında yaşayış təyinatı saxlanılmaqla naturada bölünməsi mümkün deyildir və bu hal mənzilin sahəsi və otaq sayına görə əlavə ekspertiza keçirilməsini zəruri etmir. Eyni zamanda, məhkəmə tərəfindən təyin edilmiş ekspertiza rəyinə əsasən mübahisəli mənzilin bazar dəyəri 150000 manat müəyyən olunmuşdur. İddiaçı öz payına uyğun kompensasiyanın ödənilməsi yolu ilə payının ayrılmasına razılıq versə də, digər paylı mülkiyyətçilər kompensasiya ödənilməsinə razılıq verməmişlər. Bu səbəbdən, məhkəmə hesab etmişdir ki, mənzilin naturada bölünməsi mümkün olmadığından və tərəflər arasında ümumi paylı mülkiyyətin bölünməsi, o cümlədən kompensasiya ödənilməsi barədə razılıq əldə edilmədiyindən, mübahisəli əmlak açıq hərracda satılmalı, ilkin satış qiyməti ekspert rəyinə uyğun olaraq 150000 manat müəyyən edilməli və satışdan əldə edilən vəsait tərəflərin paylarına uyğun olaraq bölüşdürülməlidir.
46. Qətnamədən narazı qalan cavabdehlər Teymur-Zadə Tural Xanməmməd oğlu və Teymur-Zadə Fərqanə Xanməmməd qızı apellyasiya şikayəti verərərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdirlər.
47. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi ümumi paylı mülkiyyətin bölünməsi qaydalarını düzgün tətbiq etməmiş, əmlakın naturada bölünməsi imkanını ekspertiza təyin etmədən əsassız olaraq istisna etmiş, habelə mənzilin açıq hərracda satılması barədə nəticəyə gəlməklə alternativ imkanları araşdırmamışdır. Bundan əlavə, şikayətçilər bildirmişlər ki, mübahisəli mənzil onların yeganə yaşayış yeri olmaqla vərəsəlik əmlakıdır və satış qərarı onların mənzil hüquqlarına xələl gətirir, həmçinin ekspert rəyinin vaxtında təqdim edilməməsi səbəbindən onların etiraz və əlavə ekspertiza tələb etmək hüquqları pozulmuşdur.
48. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətinin bu dəlilləri əsassızdır və iş materialları ilə təkzib olunur.
49. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213-cü maddəsinə əsasən, ümumi paylı mülkiyyətdə olan əmlakın bölünməsi mümkün olmadıqda və ya naturada bölünmə əmlakın təyinatına xələl gətirdikdə, həmin əmlakın satılması və əldə edilən vəsaitin paylara uyğun bölüşdürülməsi mümkündür.
50. İş üzrə müəyyən edilmişdir ki, ümumi sahəsi 66 kv.metr olan 3 otaqlı mənzilin dörd paylı mülkiyyətçi arasında yaşayış təyinatı saxlanılmaqla naturada bölünməsi obyektiv olaraq mümkün deyildir. Mənzilin sahəsi və otaq sayı nəzərə alınmaqla bu halın müəyyən edilməsi üçün əlavə ekspertiza təyin edilməməsi birinci instansiya məhkəməsinin prosessual səlahiyyətləri çərçivəsində olmuşdur və bu, qanunvericiliyin tələblərinə zidd deyildir.
51. Eyni zamanda, Mülki Məcəllənin 215-ci maddəsinə uyğun olaraq, ümumi paylı mülkiyyətin iştirakçıları arasında razılıq olmadıqda mübahisə məhkəmə qaydasında həll edilir. İş materiallarından görünür ki, iddiaçı kompensasiya ödənilməsi yolu ilə payının ayrılmasına razılıq versə də, digər paylı mülkiyyətçilər (Teymur-Zadə Tural Xanməmməd oğluna və Teymur- Zadə Fərqanə Xanməmməd qızı) buna razı olmamışlar. Bu halda məhkəmənin əmlakın açıq hərracda satılması barədə nəticəyə gəlməsi qanunvericiliyin qeyd edilən tələblərinə uyğundur.
52. Cavabdeh apellyasiya şikayətində ekspert rəyinin vaxtında təqdim edilmədiyini və bununla da prosessual pozuntuya yol verildiyini qeyd etmişdir. İş materiallarından müəyyən olunur ki, 01.07.2025-ci il tarixli reyestrlə təzələmə barədə qərardad cavabdehlərə göndərilmiş, 07.07.2025-ci il tarixdə həmin sənədlərin onlar tərəfindən alındığını təsdiq edən xəbərnamə mövcuddur. Bundan sonra, 15.07.2025-ci il tarixli məhkəmə iclasında cavabdehlər iştirak etmiş və həmin iclas zamanı ekspert rəyi ilə bağlı öz mövqelərini bildirmək, etiraz vermək və ya əlavə ekspertiza keçirilməsini tələb etmək imkanına malik olmuşlar. İş üzrə yekun qətnamə isə yalnız 21.08.2025-ci il tarixdə qəbul edilmişdir.
53. Belə olan halda, şikayətçilərin ekspert rəyinin vaxtında təqdim edilməməsi və bununla bağlı hüquqlarının məhdudlaşdırılması barədə dəlilləri əsassızdır və iş materialları ilə təkzib olunur. Məhkəmə kollegiyası hesab edir ki, tərəflərin çəkişmə və bərabərlik hüquqları Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14 və 77-ci maddələrinin tələblərinə uyğun şəkildə təmin edilmişdir.
54. Apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci, 1230 və 1250-ci maddələrinin, habelə Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin pozulması barədə irəli sürülmüş dəlilləri yoxlayaraq hesab edir ki, həmin arqumentlər də əsassızdır və iş materialları ilə təsdiq olunmur.
55. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsi ümumi mülkiyyətin həyata keçirilməsi və onun iştirakçılarının hüquqlarının qorunması ilə bağlı ümumi prinsipləri müəyyən edir. Lakin həmin norma mübahisəli əmlakın naturada bölünməsinin hər bir halda mümkün olmasını nəzərdə tutmur. Əksinə, Məcəllənin 213-cü maddəsi ilə sistemli şəkildə tətbiq edildikdə aydın olur ki, naturada bölünmə mümkün olmadıqda və ya əmlakın təyinatına zərər vurduqda, digər hüquqi mexanizmlər, o cümlədən əmlakın satılması yolu ilə bölünmə tətbiq oluna bilər. Bu baxımdan, birinci instansiya məhkəməsinin gəldiyi nəticə göstərilən normaların tələblərinə uyğundur.
56. Apellyasiya şikayətində istinad edilən Mülki Məcəllənin 1230 və 1250-ci maddələrinə münasibətdə məhkəmə qeyd edir ki, həmin normalar vərəsəlik hüququ münasibətlərini, o cümlədən mirasın qəbul edilməsi və bölüşdürülməsi qaydalarını tənzimləyir. İş materiallarından görünür ki, mübahisəli mənzil artıq tərəflərin ümumi paylı mülkiyyətinə keçmiş və mübahisə məhz ümumi paylı mülkiyyətin bölünməsi ilə bağlıdır. Bu səbəbdən, qeyd edilən maddələrin tətbiqi bu iş üzrə mübahisənin predmeti ilə birbaşa əlaqəli deyildir və birinci instansiya məhkəməsi tərəfindən onların tətbiq edilməməsi hüquq pozuntusu kimi qiymətləndirilə bilməz.
57. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır və bu hüquq qanunla qorunur. Lakin həmin maddə mülkiyyət hüququnun mütləq və məhdudiyyətsiz xarakter daşımasını nəzərdə tutmur. Əksinə, mülkiyyət hüququnun həyata keçirilməsi digər şəxslərin hüquq və mənafeləri ilə uzlaşdırılmalıdır. Ümumi paylı mülkiyyət münasibətlərində hər bir mülkiyyətçinin hüquqları digər mülkiyyətçilərin hüquqları ilə məhdudlaşır və bu münasibətlər qanunvericiliklə müəyyən edilmiş qaydada tənzimlənir.
58. Hazırkı iş üzrə məhkəmə tərəfindən qəbul edilmiş qərar mülkiyyət hüququnun mahiyyətini aradan qaldırmır, əksinə, həmin hüququn həyata keçirilməsinin qanunvericiliklə nəzərdə tutulmuş formasını – əmlakın satılması və əldə edilən vəsaitin paylara uyğun bölüşdürülməsi mexanizmini tətbiq edir. Bu isə Konstitusiyanın 29-cu maddəsinin tələblərinə zidd deyil, əksinə həmin normanın təminat xarakterinə uyğundur.
59. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətçilərin göstərilən maddi hüquq normalarının pozulması ilə bağlı dəlilləri hüquqi əsasdan məhrum olmaqla formal xarakter daşıyır, iş üzrə müəyyən edilmiş hallarla uzlaşmır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas yaratmır.
60. Həmçinin, Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutları daxili inamına əsasən qiymətləndirir və birinci instansiya məhkəməsi tərəfindən sübutlara verilmiş hüquqi qiymət əsaslı olmuşdur.
61. Apellyasiya instansiyası məhkəməsinin iclası zamanı mübahisəli əmlakın realizə üsulu ilə bağlı məsələ yenidən araşdırılmış, bu məqsədlə tərəflərin mövqeləri dinlənilmişdir. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, qapalı hərracın keçirilməsi imkanları müzakirə olunsa da, tərəflər bu məsələdə qarşılıqlı razılığa gəlməmişlər. Bu səbəbdən, birinci instansiya məhkəməsinin mübahisəli əmlakın açıq hərrac vasitəsilə satılması barədə gəldiyi nəticə qanuni və əsaslı hesab edilərək dəyişdirilmədən saxlanılmışdır.
62. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə qətnaməsi ilə əmlakın açıq hərrac yolu ilə realizə olunmasının müəyyən edilməsi tərəflərin sonradan qarşılıqlı razılıq əsasında qapalı hərracın keçirilməsi barədə razılığa gəlmək hüququnu məhdudlaşdırmır.
63. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üçün əhəmiyyətli olan hallar tam və hərtərəfli araşdırılmış, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yaratmır.
64. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3571/2025 saylı, 21 avqust 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.