Məhkəmə qərarları › İş №2(3-6)-857/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-857/2026

14.04.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-857/2026 14.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı X7 cavabdeh Cavabdeh Şirməmməd qızına qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSI (Açar sözlər: “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi”) Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi, Iddiaçı X7, Cavabdeh Cavabdeh Şirməmməd qızının, onun nümayəndəsi və vəkili Vəkil Malik oğlunun iştirakları ilə, MÜƏYYƏN ETDI: Işin faktiki halları:

1. Iddiaçı X7 cavabdeh Cavabdeh Şirməmməd qızına qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh Şirməmməd qızının Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Imanov küçəsi, ev 32 A ünvanında yerləşən ** saylı mənzilə istifadə hüququnun olmamasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim Imanov küçəsi, ev 32 “A” ünvanda yerləşən 18 № li mənzil iddiaçının ƏMDX yanında DƏDRX-nın ##.##.2025-ci il tarixli 1125038101 Qeydiyyat nömrəli çıxarışı ilə xüsusi mülkiyyətindədir. Lakin, ##.##.1977-ci il təvəllüdlü Cavabdeh Şirməmməd qızı ünvan 7 ünvanında pasport qeydiyyatında olduğundan iddiaçının həmin əmlaka dair sərəncam verməsi və sahiblik hüquqlarını həyata keçirilməsinə maneə törədir. Belə ki, cavabdeh ünvan 7 ünvanında yaşamır və həmin ünvanda ona aid heç bir daşınar əmlak yoxdur, kommunal xərcləri ödəmir, onun həmin ünvanda qeydiyyatda qalması formal xarakter daşıyır. Onun qeyd olunan ünvanda yaşamamasını, ona aid heç bir daşınar əmlakın olmaması faktını qonşular da təsdiq edirlər. Şəxsin yaşayış sahəsinə istifadə hüququnun olub-olmaması hər nə qədər hüquq sahəsinin predmeti kimi mülki icraat qaydasında aydınlaşdırılmalı olan məsələ kimi görünsə də, qanunvericilikdə nəzərdə tutulmuş şərtlər daxilində publik hüquq münasibətləri çərçivəsində iddia tələbinə dair işə baxılan zaman şəxsin yaşayış sahəsinə istifadə hüququnun olub-olmadığının müəyyən edilməsini istisna etmir.

3. Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi (hakim Zaur Tağıyev) ilə iddia təmin edilmiş, cavabdeh Cavabdeh Şirməmməd qızının ünvan 6 ünvanında yerləşən ** saylı mənzilə istifadə hüququnun olmamasının müəyyən edilməsi qət edilmişdir.

4. Cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

5. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini bildirmiş, həmçinin qeyd etmişdir ki, hazırki iş üzrə iddiaçı onun kimi mübahisə predmeti olan evdə gəlin olub. Həmin mənzil qaynatası X6 Hərbi Zavoddan verilib və sonradan özəlləşdirilib. Qaynatasının vəfatından sonra mənzil qaynanası X4 adına keçib və ##.##.2025-ci ildə hansısa yolla iddiaçının adına keçirilib. Rayon məhkəməsi qətnamə çıxararkən Əzizbəyov Rayon Məhkəməsinin *-***/**** saylı, ##.##.2004-cü il tarixli qətnaməsi ilə onun mübahisələndirilən mənzilə istifadə hüququnun tanınmasını və mənzilə köçürülməsini nəzərə almamışdır. Həmin qətnamə icra olunub və onun əşyaları həmin mənzilin iki otağında yerləşdirilib. Belə bir vəziyyətdə rayon məhkəməsinin onun həmin mənzilə istifadə hüququnun olmaması barədə qətnamə çıxarması maddi və prosesual hüquq normalarına ziddir. Qeyd edilənlərə əsasən qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

6. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və bildirdi ki, 2004-cü il tarixli qətnamə ilə mübahisələndirilən mənzilə köçürülmüş və 2023-cü ilə qədər orada yaşamışdır. 2005-ci ildə birinci nikahı pozulmuş, 2009-cu ildə isə ikinci dəfə nikaha daxil olmuşdur. Ikinci nikahdan əri 2019-cu ildə vəfat etmişdir. Ikinci nikahdan olan əri Abşeron rayonu, Xırdalan şəhərində yaşayırdı, həmin nikah dövründə o, hər iki ünvanda yaşamışdır. Onun əşyaları hələ də mübahisələndirilən mənzildədir. Hətta onda həmin mənzilin 2005-ci ilə aid kommunal xərclərinin ödənilməsini təsdiq edən qəbzlər var (həmin sənədləri məhkəməyə təqdim edir). Lakin 2008-2009-cu illərdə həmin ödənişləri telefon vasitəsi ilə elektron qaydada ödəyib. Halhazırda Keşlədə, Qafqaz küçəsi, 30/2 QPD ünvanında xalası ilə birgə yaşayır. Atası evində qalırdı, atası vəfat etdikdən sonra xalası ilə birgə qalır.

7. Əvvəlki məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verdi və təmin edilməsini xahiş etdi, bildirdi ki, cavabdehin həmin mənzildə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi ilə bağlı 2004-cü il tarixli qanuni qüvvəyə minmiş qətnamə var, həmin qətnamə icra olunmuş və cavabdehin əşyaları mənzilin iki otağına yerləşdirilmişdir. Rayon məhkəməsi qərar çıxaran zaman bu mühüm halı nəzərə almamışdır.

8. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi və əlavə etdi ki, cavabdeh onun keçmiş qaynı arvadıdır. Cavabdeh 1998-ci ildə həmin evə gəlin gəlmişdir, üç ildən sonra isə özü könüllü olaraq atası evinə getmiş və həmin dövrdən cavabdeh həmin mənzildə yaşamamışdır. Cavabdehin həmin mənzildə heç bir əşyası yoxdur. 2004-cü il tarixli qətnamədən sonra cavabdeh, ümumiyyətlə həmin evə gəlməmiş, cavabdeh sonradan ikinci dəfə ailə qurmuş və ərinin evində yaşamış, həmin mənzili 2002-ci ildən, yəni iddiaçının əri vəfat edəndən sonra kirayə verib və həmin vaxtdan hazırkı günədək həmin mənzildə onun kirayənişinləri yaşayır.

9. Məhkəmə kollegiyasının iclasında şahid S.Abbasov bildirdi ki, 5-6 ildir iddiaçının evində ailə ilə birlikdə kirayədə qalır, aylıq 200 manat kirayə haqqı ödəyir, ondan əvvəl isə həmin evdə başqa şəxs kirayədə qalmış, o həmin kirayədə yaşayanları da tanıyır, onlar da həmin evdə təxminən 7-8 il yaşayıblar. Onlar həmin evdən çıxdıqdan sonra o, ailəsi ilə birlikdə həmin evə köçüb, o Cavabdeh tanımır, onu heç vaxt görməyib, qaldığı mənzildə onun hər hansı əşyası da yoxdur. Sübutların tədqiqi:

10. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** nömrəli çıxarışın surətindən görünür ki Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Imanov küçəsi, ev 32 A ünvanında yerləşən ** saylı mənzil X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

11. Əzizbəyov Rayon Məhkəməsinin *-***/**** saylı, ##.##.2004-cü il tarixli qətnaməsindən müəyyən olur ki, Əliyeva Vəfa Şirməmməd qızının ünvan 2 ünvanında yerləşən ** saylı mənzilə yaşayış hüququnun tanınması və onun həmin mənzilə köçürülməsi qət edilmişdir.

12. Əzizbəyov Rayon MN və MIŞ-in əməkdaşları A.A.Əlizadə, C.Ş.Bağırov, hal şahidləri Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Imanov küçəsi, ev 32 A, mənzil 15 ünvnında yaşayan X8, ünvan 4 ünvanında yaşayan X10, X5 və Əliyeva Vəfa Şirməmməd qızının iştirakları və imzası ilə təsdiq edilmiş ##.##.2004-cü il tarixli akta əsasən, Əliyeva Vəfa Şirməmməd qızı ünvan 5 ünvanına köçürüldü. Icra zamanı tərəflərdən yazılı ərizə və şikayət daxil olmadı.

13. Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan müəyyən olur ki, Cavabdeh Şirməmməd qızı ünvan 5 ünvanında qeydiyyatdadır.

14. Əzizbəyov Rayon Məhkəməsinin ##.##.2005-ci il tarixli *-***/**** nömrəli qətnaməsinə əsasən X3 ilə Cavabdeh Şirməmməd qızı arasında ##.##.1998-ci il tarixdə akt qeydləri kitabında 465 № ilə qeyd edilmiş Əzizbəyov rayon VVADQ şöbəsi tərəfindən nikah qeydiyyatının pozulması qət edilmişdir.

15. Nikahın pozulması haqqında ****** nömrəli şəhadətnamədən müəyyən olur ki, X3 ilə Cavabdeh Şirməmməd qızının nikahı ## ####### 2005-ci ildə ləğv edilmişdir.

16. ##.##.2025-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən müəyyən olur ki, ##.##.2024-cü il tarixdə vəfat etmiş X1 vərəsəsi X7 və onun adından etibarnamə ilə iştirak edən X2r və onlar mirasdan tam pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 75.99 kv.m olan 5 otaqlı mənzildən ibarətdir.

17. Həmin qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən müəyyən olur ki, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 75.99 kv.m olan 5 otaqlı mənzil ##.##.2001-ci il tarixdə Əmir Allahverdi oğluna verilmiş 30/176921 qeydəalma nömrəsi ilə **** nömrəli kitabın 176921-ci səhifəsində qeyd edilmişdir.

18. ##.##.2004-cü il tarixli mənzil üzrə şəxsi hesab vərəqəsindən müəyyən olur ki, Əliyeva Vəfa Şirməmməd qızı R,Imanov küçəsi, ev 32A, mənzil 18 ünvanında * nömrəli otağın istifadəçisidir. Mənzilin ona ayrılmış sahəsi 29,69 kv.m-dir.

19. “IQLIM” Bakı Aviasiya Istehsalat Birliyinin Mənzil-Kommunal Idarəsinin 140646 seriya nömrəli mədaxil qəbzindən müəyyən olur ki, Cavabdeh Şirməmməd qızı ##.##.2005-ci il tarixdə kommunal xidmətlərə görə mənzil haqqı ödəmişdir.

20. * saylı Xüsusi təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin ##.##.2009-cu il, ##.##.2010-cu il, ##.##.2010-cu il, ##.##.2012-ci il, ##.##.2012-ci il tarixli mənzil kommunal xidməti üçün mədaxil qəbzlərindən müəyyən olur ki, ünvan 5 ünvanında ödəyici Cəfərova Zəkiyyə olmuşdur.

21. ünvan 1 Kommunal Təsərrüfatı Departamentinin * saylı Xüsusi təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinin ##.##.2012-ci il, ##.##.2013-cü il, ##.##.2013-cü il, ##.##.2013-cü il, ##.##.2014-cü il, ##.##.2015-ci il, ##.##.2016-cı il, ##.##.2018-ci il, ##.##.2019-cu il, ##.##.2021-ci il tarixli mədaxil qəbzlərindən müəyyən olur ki, ünvan 5 ünvanında ödəyici Cəfərov Cavid olmuşdur.

22. * saylı Xüsusi təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin ##.##.2025-ci il, ##.##.2026-cı il tarixli mədaxil qəbzlərindən müəyyən olur ki, ünvan 5 ünvanında ödəyici Cəfərova Sitdiqə olmuşdur. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Konstitusiyası

23. Maddə 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

24. Maddə 29.III. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

25. Azərbaycan Respublikasinin Mülki Məcəlləsi:

26. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

27. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

28. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. ## ####### 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsi:

29. Maddə 53. Icarədarın ailə üzvlərinin hüquq və vəzifələri

30. Icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər.

31. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar.

32. Icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Icarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.

33. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.

34. Maddə 54. Icarədarın başqa vətəndaşları ailə üzvləri sifətilə yaşayış sahəsinə köçürmək hüququ

35. Icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir.

36. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir.

37. Icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

38. Maddə 60. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsinin saxlanması

39. Icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 1999-cu il tarixli Qərarı.

40. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1 hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən, altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində 6 ay və daha uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Tətbiq edilən prosessual hüquq normaları: Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsi

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

44. Maddə 217.2. Qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

45. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

46. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

47. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

48. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

49. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

50. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

51. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

52. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

53. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

54. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:

55. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;

56. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

57. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

58. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

59. Hazırkı halda, Məhkəmə kollegiyası (bundan sonra Məhkəmə) Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

60. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir.

61. Belə ki, hazırkı işin faktiki hallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ##.##.2025-ci il tarixli çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışa əsasən cavabdeh həmin ünvanda qeydiyyatdadır.

62. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili odur ki, rayon məhkəməsi qətnamə çıxararkən cavabdehin mübahisəli mənzilə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsinə dair qanuni qüvvəyə minmiş Əzizbəyov Rayon Məhkəməsinin ##.##.2004-cü il tarixli qətnaməsini nəzərə almamışdır. Apellyatorun digər dəlili isə rayon məhkəməsinin maddi hüquq normalarını işin hallarına düzgün tətbiq etməyərək yeni Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsaslanmasıdır.

63. Aparılmiş məhkəmə araşdırmaları zamanı mübahisəsiz qaydada müəyyən olmuşdur ki, tərəflər arasında mənzillə bağlı münasibətlər 1998-ci ildə yaranmışdır, beləliklə, aydın olur ki, hazırkı münasibətlərə həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir.

64. Rayon məhkəməsi maddi hüquq normalarının tətbiqində səhvə yol verərək tərəflər arasındakı münasibətin 1998-ci ildə yaranmasını nəzərə almamış, hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarını tətbiq etmiş, bununla da maddi hüquq normasının tətbiqində aşkar səhvə yol vermişdir. Bu baxımdan Məhkəmə bununla bağlı hissədə apellyatorun dəlilini əsaslı hesab edir.

65. MPM-in 385.1-ci maddəsinin tələblərinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir.

66. Məhkəmə onu da xüsusi olaraq qeyd edir ki, iddia ərizəsinə əsasən iddiaçı cavabdehin mənzilə istifadə hüququnun olmamasının müəyyən edilməsini xahiş etmişdir, lakin ərizənin mahiyyətindən, eləcə də iddiaçının izahatlarından məlum olur ki, iddiaçının hazırkı tələbində əldə etmək istədiyi son nəticə cavabdehin mənzildəki qeydiyyatının pozulması - ləğv edilməsi ilə bağlı olmuşdur. Demək ki, iddiaçı həmin nəticəni təmin edən qərar qəbul edilməsini arzu edir ki, bu da düzgün maddi hüquq normasının tətbiqi ilə bağlı olub, məhz işə baxan məhkəmənin xidməti vəzifəsinə görə həll etməli olduğu məsələdir. Bu baxımdan da Məhkəmə iddiaçının hazırkı tələbinə həmin kontekstdən yanaşaraq müvafiq qiymətləndirmə apararaq cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə istifadə hüququ əldə edib-etməməsi, əgər əldə etmişsə, həmin hüququn itirilib-itirilməməsini yoxlayacaqdır.

67. Belə ki, cavabdeh apellyasiya şikayəti və izahatında 1998-ci ildə həmin mənzilə gəlin gəldiyini və müəyyən müddət orada yaşadığını bildirir. Iddiaçı da bu faktı təsdiq etmişdir. Bundan başqa, apellyatorun şikayətinə əlavə etdiyi Əzizbəyov Rayon Məhkəməsinin *-***/**** saylı, ##.##.2004-cü il tarixli qətnaməsinin surətindən məlum olur ki, cavabdehin mübahisələndirilən mənzilə istifadə hüququ tanınmış və onun həmin mənzilə köçürülməsi qət edilmişdir.

68. Belə olan halda məlum olur ki, həmin vaxt qüvvədə olmuş Mənzil Məcəlləsinin tələblərinə əsasən cavabdeh həmin mənzilə istifadə hüququ əldə etmişdir.

69. Həmin vaxt qüvvədə olmuş MM-in 60-cı maddəsinin tələbində təsbit edilmişdir ki, mənzilə istifadə hüququ olan şəxs başqa yerə getdikdə 6 ay müddətində onun mənzildə istifadə hüququ saxlanılır, başqa sözlə desək, şəxs 6 ay mənzildə yaşamadıqda onun həmin mənzilə hüququ itirilmiş hesab edilir.

70. Iddiaçı hazırda məhz bu hala, yəni cavabdehin öz iradəsinə əsasən mənzildən köçüb getdiyinə və uzun müddət mənzildə yaşamadığına əsaslanaraq qeyd edilən tələblə məhkəməyə müraciət etmişdir.

71. Cavabdeh iddiaya etiraz edərək apellyasiya şikayətində və apellyasiya icraatı zamanı verdiyi izahatında 2023-cü ilədək həmin mənzildə yaşadığını bildirmişdir.

72. Məhkəmə cavabdehin apellyasiya şikayətinin bu dəlilini əsaslı hesab etməyərək qeyd edir ki, əvvəla cavabdeh Əzizbəyov Rayon Məhkəməsinin *-***/**** saylı, ##.##.2004-cü il tarixli qətnaməsinin rayon məhkəməsi tərəfindən nəzərə alınmadığını qeyd etsə də, mülki iş materiallarından, rayon məhkəməsinin iclas protokollarından və “AZEMIS” elektron məhkəmə sistemindən müəyyən olduğu kimi cavabdeh həmin qətnaməni rayon məhkəməsinə təqdim etməmiş, rayon məhkəməsinin iclaslardakı izahatlarda da tərəflər həmin qətnamədən bəhs etməmişdir. Cavabdeh yalnız apellyasiya şikayətinə həmin qətnaməni əlavə etmişdir. Deməli rayon məhkəməsinə həmin qətnamə məlum olmamışdır.

73. Bununla yanaşı Məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş qətnamə ilə cavabdehin mübahisələndirilən mənzildən istifadə hüququ tanınaraq, mənzilə köçürülməsi qərara alınsa da, lakin sonradan cavabdeh öz iradəsinə əsasən başqa yaşayış yerinə köçmüş, bununla da onun həmin mənzilə olan istifadə hüququ itirilmişdir. Hazırkı münasibətlərə tətbiq olunan 1982-ci il tarixli Mənzil Məcəlləsinin 60-cı maddəsinin göstərişlərinə əsasən də icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Cavabdeh həm rayon məhkəməsinin ##.##.2025-ci il tarixli hazırlıq iclasındakı (i\v səh. 25,26), ##.##.2025-ci il tarixli baxış iclasındakı (i\v səh. 33,34) və apellyasiya icraatı zamanı ##.##.2026-cı il tarixli məhkəmə kollegiyasının iclasındakı (i\v səh. 80-82) izahatlarında 1998ci ildə mübahisələndirilən evə gəlin köçdüyünü, 2001-2002-ci illərdə həmin evdən çıxdığını, ev kirayəyə verildiyinə görə orada yaşaya bilmədiyini bildirmişdir. Cavabdeh həm də apellyasiya icraatı zamanı izahatında 2004-cü ildən 2023-cü ilə qədər mübahisələndirilən mənzildə yaşadığını bildirsə də, buna dair mötəbər, əsaslı sübutlar verə bilməmişdir.

74. Bu baxımdan iddiaçının izahatları ilə cavabdehin izahatları üst-üstə düşür. Belə ki, iddiaçı da cavabdehin 1998-ci ildə həmin evə gəlin gəldiyini, cəmi 3 il o evdə yaşadığını qeyd etmiş və evi 2002-ci ildə həyat yoldaşı vəfat etdikdən sonra kirayəyə verdiyini bildirmişdir.

75. MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3-cü maddəyə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.

76. Mülki iş üzrə şahid qismində dindirilən və mübahisələndirilən evdə hazırda da kirayədə yaşayan S.Abbasov ifadəsində Cavabdeh tanımadığını, heç vaxt onu görmədiyini, yaşadığı mənzildə onun hər hansı əşyasının olmadığını, ondan qabaq da həmin mənzildə başqa bir şəxsin 7-8 il kirayə yaşadığını, həmin şəxsi tanıdığını bildirmişdir.

77. Məhkəmə qeyd edir ki, cavabdeh mübahisələndirilən evə gəlin gələrək orada yaşamış və onun həmin vaxt mənzilə istifadə hüququ yaranmışdır. Bu fakt Əzizbəyov Rayon Məhkəməsinin *-***/**** saylı, ##.##.2004-cü il tarixli qətnaməsi ilə təsdiq olunur. Həmçinin cavabdeh tərəfindən izahatlarında 2001-2002-ci illərdə evdən çıxması, həmin tarixdən sonra orada yaşamaması etiraf edilmişdir. Cavabdeh əvvəlki məhkəmə iclasında yalnız kommunal xərclərin ödənilməsinə dair bir neçə qəbzlər təqdim etsə də, həmin qəbzləri nəzərdən keçirdikdə, müəyyən olmuşdur ki, bunlardan yalnız ##.##.2005-ci il tarixli qəbzdə cavabdehin adı qeyd edilmiş, digərlərində isə başqa ödəyicilərin adları yazılmışdır. Əvvəlki məhkəmə iclasında cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil cavabdehin sonrakı illərdə də həmin evdə yaşamasına dair sübutları növbəti məhkəmə iclasında gətirəcəklərini bildirmiş, bu əsasla da məhkəmə iclası təxirə salınmışdır. Buna baxmayaraq, növbəti məhkəmə iclasında nə cavabdeh, nə də vəkil iştirak etməmiş, iştirak etməmələrinin üzrlü səbəbləri barədə də Məhkəməyə məlumat verməmişlər. Göründüyü kimi onlar məhkəmə iclasında iştirakdan yayınmışdır, eləcə də həmin sübutları elektron kabinet vasitəsilə də Məhkəməyə təqdim etməmişdir.

78. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, mülki işin araşdırılan hallarından müəyyən olduğu kimi cavabdehin 2004-cü ildə mübahisələndirilən mənzilə köçürülməsinə dair qətnamə qəbul edilsə də, həmin tarixdən sonra cavabdeh mənzildə yaşamamış, öz istəyinə uyğun olaraq mənzildən getmiş, ikinci dəfə nikaha daxil olmuş və 2017-ci ilədək ərinin yanında yaşamış, hazırda isə başqa ünvanda yaşayır. Demək ki, həmin vaxt qüvvədə olmuş MM-in tələbləri baxımından cavabdeh həmin mənzildən ilkin mərhələdə istifadə hüququ əldə etmiş, lakin sonradan onun həmin mənzilə olan hüququ itirilmişdir.

79. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin izahatında qeyd etdiyi - cavabdehin həmin mənzilə köçürülməsi barədə qətnamədən sonra onun həmin mənzilə buraxılmaması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh tərəf istinad etdikləri həmin halı MPM-in 77.1ci maddəsinin tələbinə əsasən sübut etməli olduğu halda, cavabdeh tərəf bu hala dair hər hansı sübut təqdim edə bilməmişdir. Bundan başqa, vəkil cavabdehin iradəsinə zidd olaraq mənzildən istifadə imkanlarından məhrum olduğunu bildirsə də, cavabdeh həmin qətnamənin qəbulundan keçən 20 ildən artıq müddət ərzində həmin hüquqlarının müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və ya məhkəməyə hər hansı bir müraciət etməmişdir. Demək ki, cavabdehin mənzildən iradəsinin ziddinə istifadə edə bilməməsi barədə bildirdikləri əsassızdır.

80. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir:

81. “... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.”

82. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

83. Beləliklə, Məhkəmə qeyd edir ki, rayon məhkəməsi tərəfindən iddianın mahiyyəti düzgün müəyyənləşdirilmədiyindən və maddi hüquq normalarının tətbiqində aşkar səhvə yol verildiyindən cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, rayon məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilərək, cavabdeh Cavabdeh Şirməmməd qızının ünvan 6 ünvanında yerləşən ** saylı mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir..

84. Məhkəmə onu da qeyd edir ki, rayon məhkəməsinin qətnaməsindən göründüyü kimi iddia tələbi təmin edilsə də, qətnamədə məhkəmə xərclərinin bölüşdürülməsi də müəyyənləşdirilməmişdir.

85. MPM-in 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

86. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə ## ###### 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə ## ####### 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir” Nəticə:

87. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, cavabdeh Cavabdeh Şirməmməd qızının ünvan 6 ünvanında yerləşən ** saylı mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir.

88. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

89. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

90. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu 100 (yüz) manat cavabdehdən iddiaçının xeyrinə tutulmalı, apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.

91. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDI:

Cavabdeh Cavabdeh Şirməmməd qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilsin, yeni qətnamə qəbul edilsin, iddia tələbi təmin edilsin. Cavabdeh Cavabdeh Şirməmməd qızının ünvan 6 ünvanında yerləşən ** saylı mənzilə istifadə hüququ itirilmiş hesab edilsin. Iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu 100 (yüz) manat cavabdeh Cavabdeh Şirməmməd qızından iddiaçı X7 xeyrinə tutulsun, apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar