Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-879/2026 15.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № *(3-6)-879/2026 (Açar sözlər: mənzildən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə, cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə ## ##### 2026cı il tarixində Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh və digər ailə üzvlərinin Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən və Müdafiə Nazirliyinin mənzil fonduna aid olan xidməti yaşayış sahəsindən məcburi çıxarılması üçün iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxanası # ###### 1989-cu il tarixli *** nömrəli dövlət aktından da göründüyü kimi “xüsusi təyinatlı yaşayış sahəsi” olmaqla Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mənzil fonduna aiddir. Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin rəisi Ceyhun Cəfərovun ##.##.2020-ci il tarixli **** saylı məktubu əsasında vətəndaş Cavabdeh ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxanasının *** nömrəli otağa müvəqqəti yerləşdirilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyindən Müdafiə Nazirliyinə daxil daxil olan ##.##.2025-ci il tarixli, ****/** №-li rəyindən görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin və “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun “Bina və qurğuların yükdaşıyan inşaat konstruksiyalarının müayinəsi” qaydalarına əsaslanan sözügedən rəyində Müdafiə Nazirliyinin balansında olan Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxana binasında hal-hazırda insanların yaşaması (olması) üçün təhlükənin mövcud olması barədə nəticəyə gəlməklə, tikinti konstruksiyalarının yükgötürmə qabiliyyətinin və istismar göstəricilərinin zəifləməsi səbəbindən, bina texniki cəhətdən yolverilməz kimi qiymətləndirilmiş, binada təhlükəsizliyin təmin olunması üçün müvafiq layihə əsasında bərpa və gücləndirmə işlərinin aparılmasının zəruri olduğu bildirilmişdir. Müdafiə Nazirliyinin Əsaslı Tikinti İdarəsi tərəfindən cavabdeh Cavabdeh müxtəlif tarixlərdə xəbərdarlıq məktubu ünvanlanaraq Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxana binasında olan *** nömrəli xidməti otağı Müdafiə Nazirliyinin mənzil fonduna təhvil verməsinin zərurəti bildirilmiş, lakin edilmiş xəbərdarlıqlara baxmayaraq sözügedən xidməti yaşayış sahəsini hazırkı tarixədək təhvil verməkdən imtina etmişdir. Cavabdeh Cavabdeh həmin yataqxanada olan yaşayış sahəsində müqavilə əsasında yox, Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin rəisi Ceyhun Cəfərovun ##.##.2020-ci il tarixli **** saylı məktubu əsasında yerləşdirilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə verilmiş ##.##.2025-ci il tarixli */*-****/** saylı sorğuya cavab olaraq ##.##.2025-ci il tarixli *-**-*-**/*-****/**** saylı məktubla daxil olmuş siyahıda vətəndaş Cavabdeh adına Masallı rayonu, Çaxırli kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ ilə 0,08 ha həyətyanı torpaq sahəsi və 0,88 ha və 0,31 ha kənd təsərüfatı təyinatlı torpaq sahələrinin olması müəyyən edilmişdir. Yuxarıda göstərilənlər nəzərə alınaraq, onun həmin yaşayış sahəsini boşaltması və aidiyyəti üzrə təhvil verməsinə dair qətnamə qəbul edilməldir.
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Aydan Oruclu) iddianın təmin edilməsi, cavabdeh Cavabdeh və ailə üzvlərinin Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən, İddiaçı mənzil fonduna daxil olan “Turan” hərbi yataqxanasından çıxarıılması qət edilmişdir.
4. Məhkəmə gəldiyi nəticəni Mənzil Məcəlləsinin 92, 98.1, 98.2, 99.1, 99.2, 101.1, 101.2, 102.1, 102.2, 102.3, 103.3-cü maddəsinə, Mülki-Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 119.1ci maddələrinə və Azərbaycan Respublikası Silahlı Qüvvələrində xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında” Əsasnamənin 1.1, 1.8, 1.13, 5.2, 5.7, 5.8, 5.9, 5.10, 5.11-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
5. Qətnamədən cavabdeh Cavabdeh apelyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Apellyasiya şikayətində göstərilmişdir ki, cavabdeh Cavabdeh uzun müddətdir İddiaçı sistemində * nömrəli Mənzil-İstismar sahəsində dalandar vəzifəsində əmək fəaliyyəti göstərir. Onun yerinə yetirdiyi iş funksiyası yaşayış sahələrinin, kazarma-mənzil fondunun və kommunal qurğuların istismarı ilə bilavasitə bağlı olduğundan, iş yerinin xüsusiyyətinə görə iş yerinə yaxın ərazidə yaşaması obyektiv zərurət təşkil etmişdir. İş materiallarından da görünür ki, cavabdehlə kirayə müqaviləsi bağlanmamış, yaşayış sahəsinin verilməsi mənzil komissiyasının qərarı ilə rəsmiləşdirilməmişdir. Lakin bu hal cavabdehin iradəsindən, davranışından və ya hüquqa zidd hərəkətindən irəli gəlməmiş, tamamilə Müdafiə Nazirliyinin mənzil-istismar orqanlarının daxili prosedur və təşkilati fəaliyyətinin nəticəsi olmuşdur. Yəni, dövlət orqanının özünün normativ qaydalara əməl etməməsi cavabdehin hüquqi vəziyyətinin əleyhinə yozula bilməz. Bu hal eyni zamanda onu göstərir ki, cavabdeh faktiki olaraq xidməti yaşayış sahəsinə yerləşdirilmiş şəxsdir və onun həmin sahədə yaşaması əmək münasibətləri ilə birbaşa bağlı olmuşdur. Mənzil Məcəlləsinin 103.3-cü maddəsinə görə xidməti yaşayış sahəsinin kirayə münasibətləri əmək münasibətlərinin davam etdiyi müddəti əhatə edir. Cavabdeh isə hazırda da həmin sistemdə işləməyə davam edir. Cavabdeh və ailə üzvlərinin başqa yaşayış sahəsi yoxdur və onlar faktiki olaraq mübahisəli otaqda yaşayırlar. Bu hal məhkəmə tərəfindən mübahisələndirilməmişdir. Mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən – cavabdehin əmək münasibətləri ilə əlaqədar yerləşdirilməsi, dövlət orqanının qərarı ilə formalaşmış hüquqi vəziyyət, uzunmüddətli faktiki yaşayış, alternativ yaşayış sahəsinin olmaması və torpaq sahəsinin yaşayış üçün yararsız olması kimi hallar birinci instansiya məhkəməsi tərəfindən tam, obyektiv və hərtərəfli araşdırılmamışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
8. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, həmin ərazidə onun kimi məskunlaşan hamı öz mənzillərindən çıxdığı halda o da çıxmağa razıdır.
9. Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
10. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
11. Maddə 29, IV hissə. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikası Mənzil Məcəlləsi
12. Maddə 5.1. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır.
13. Maddə 5.3. Bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz.
14. Maddə 92. Xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquqmühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir.
15. Maddə 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir.
16. Maddə 98.2. Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir.
17. Maddə 99.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir.
18. Maddə 99.2. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır.
19. Maddə 101.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə həmin yaşayış sahəsinin məhv olması ilə əlaqədar və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar olduqda xitam verilir.
20. Maddə 101.2. Xidməti yaşayış sahəsinə və ya yataqxanada yaşayış sahəsinə mülkiyyət hüququnun başqasına keçməsi, habelə həmin yaşayış sahəsinin digər dövlət (bələdiyyə) orqanının təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə verilməsi həmin yaşayış sahəsinin kirayə müqaviləsinin xitamına səbəb olur. Bu müddəa yaşayış sahəsinin yeni mülkiyyətçisinin və ya təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə yaşayış sahəsi verilmiş dövlət (bələdiyyə) orqanının həmin xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi ilə əmək müqaviləsinin tərəfi olduğu hallara şamil edilmir.
21. Maddə 102.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır.
22. Maddə 102.2. Sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin kirayəçisi və ya sosial kirayə müqavilələri əsasında yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri, yaxud yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış aşağıdakı şəxslər xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz: 102.2.1. hərbi xidmət vəzifələrinin və ya xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş) və ya itkin düşmüş hərbi qulluqçuların, müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin, əməkdaşlarının ailə üzvləri; 102.2.2. yaşa görə pensiyaçılar; 102.2.3. xidməti yaşayış sahəsi və ya yataqxanada yaşayış sahəsi verilmiş ölmüş işçinin ailə üzvləri; 102.2.4. işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş, peşə xəstəliyinə tutulma nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi zamanı yaralanmış, kontuziya nəticəsində və ya hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar xəstəlik nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş hərbi qulluqçular;
23. Maddə 102.3. Bu Məcəllənin 102.2-ci maddəsində göstərilən vətəndaşlara müvafiq yaşayış məntəqəsinin hüdudları daxilində və ya onların yazılı razılığına əsasən digər yaşayış məntəqəsində yerləşən yaşayış sahələri verilir.
24. Maddə 103.3. Xidməti yaşayış sahəsinin kirayə müqaviləsi bu Məcəllənin 92-ci maddəsində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Həmin əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
31. İddia tələbinin “digər ailə üzvlərinin Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən və Müdafiə Nazirliyinin mənzil fonduna aid olan xidməti yaşayış sahəsindən məcburi çıxarılması” hissəsinə, Bakı Apellyasiya Məhkəməsinin *(*-*)- ***/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə münasibət bildirilmiş, iddia tələbi müvafiq hissədə baxılmamış saxlanılaraq, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi aidiyyatı hissədə ləğv edilmişdir. Odur ki, hazırda apellyasiya baxışının predmetini birinci instansiya məhkəməsinin qətnaməsinin qalan hissədə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi (baxılan hissədə) dəyişdirilmədən saxlanılmalıdır.
33. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxanası # ###### 1989- cu il tarixli *** nömrəli dövlət aktından da göründüyü kimi “xüsusi təyinatlı yaşayış sahəsi” olmaqla Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mənzil fonduna aiddir. Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin rəisi Ceyhun Cəfərovun ##.##.2020-ci il tarixli, **** nömrəli məktubu əsasında Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxana binasında boş otaqların birinə (*** nömrəli yaşayış sahəsinə) müvəqqəti yerləşdirilmişdir. Hazırda iddiaçı İddiaçı cavabdeh Cavabdeh sözügedən yataqxanaya qanuni əsaslar olmadan yerləşdirilməsinə, həmçinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəyinə əsasən yataqxanada bərpa və gücləndirmə işlərinin aparılması zərurətinə əsaslanaraq cavabdehin Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən və Müdafiə Nazirliyinin mənzil fonduna aid olan xidməti yaşayış sahəsindən məcburi çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir.
34. Kollegiya qeyd edir ki, işin faktiki hallarından da göründüyü kimi, daha öncə iddiaçı tərəfindən Nazirliyin balansında olan əmlakın digər şəxslərin, daha dəqiq desək, hazırki iş üzrə cavabdeh Cavabdeh müvəqqəti mülkiyyətinə verilməsinə dair real iradə ifadəsi olduğundan (İstismara dair məktub) cavabdehin əvvəldən orada məskunlaşması qanunsuz sahiblikdən irəli gəlməmişdir.
35. Lakin qeyd olunmalıdır ki, hazırda Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxanası daimi istismar üçün yararsız vəziyyətdədir. Belə ki, “AZƏRİNŞAATLAYİHƏ” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun Müdafiə Nazirliyinin balansında olan Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxana binasının texniki vəziyyəti haqqında ##.##.2025-ci il tarixli rəyinə əsasən binada təhlükəsizliyin təmin olunması üçün müvafiq layihə əsasında bərpa və gücləndirmə işləri aparılmalıdır.
36. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28.1-ci maddəsinə əsasən, mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır.
37. Hazırki iş üzrə müəyyən edilmiş hallardan biri də, “AZƏRİNŞAATLAYİHƏ” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun Müdafiə Nazirliyinin balansında olan Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 182 ünvanında yerləşən “Turan” hərbi yataqxana binasının texniki vəziyyəti haqqında ##.##.2025-ci il tarixli rəyinə əsasən binada təhlükəsizliyin təmin olunması üçün müvafiq layihə əsasında bərpa və gücləndirmə işləri aparılmalı olmasıdır.
38. Bu da özlüyündə mülkiyyətçinin hüquqlarını realizə forması olub, cavabdehin hüquqlarına müdaxilə məqsədi daşımır. Mülkiyyət hüququna müdaxiləyə haqq qazandırmaq üçün həmin müdaxilənin qanuni məqsəd daşıdığının bəyan edilməsi kifayət deyildir. Məsələn, «Sporronq və Lonnrot İsveçə qarşı» məhkəmə işində Məhkəmə müdaxiləyə haqq qazandırılmasının aşağıdakı mühüm prinsipini ifadə etmişdir - «… Məhkəmə müəyyən etməlidir ki, cəmiyyətin maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilibmi… Bu cür tarazlığa riayət edilməsi bütövlükdə Konvensiyaya xas olan cəhətdir və * saylı Protokolun 1-ci maddəsinin quruluşunda da öz əksini tapıb»
39. Lakin nəzərə alınmalıdır ki, hər bir halda tərəflər arasında mövcud münasibətlər müvəqqəti istifadə hüquqlarının həyata keçirilməsinə yönəldilmişdir ki, mülkiyyət hüququna müdaxilə əsasının mövcud olub-olmamasından asılı olmayaraq, hüququn konkret təyinatının cavabdehə məlum olması işin mübahisəsiz halını təşkil edir.
40. Belə ki, cavabdehin “etimad hüququnun qorunması” prinsipinə istinad etdiyi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin ##.##.2020-ci il tarixli, **** nömrəli məktubuna əsasən Bakı Qarnizonu Mənzil-İstismar hissəsi tərəfindən daxil olmuş ##.##.2020-ci il tarixli, **** nömrəli məktuba əsasən * nömrəli Mənzil-İstismar sahəsinin dalandarı Cavabdeh “Turan” hərbi yataqxanasında boş otaqların birinə müvəqqəti yerləşdirilməsi qərara alınmışdır.
41. Bu baxımdan iddiaçının hazırkı tələblə müraciət etməsi üçün bütün zəruri əsaslar mövcud olmuş və birinci instansiya məhkəməsi öz qənaətində haqlı olmuşdur.
42. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.
43. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
44. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
45. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
46. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev