Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-893/2026 14.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh ASC-yə qarşı iş üzrə Açar sözlər: əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi Hakimlər X7 (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X2, İddiaçı İddiaçı nümayəndəsi və vəkili X6, vəkili Vəkil, Cavabdeh Cavabdeh ASC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh ASC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra iddiaçı) ##.##.2012-ci il tarixdə Cavabdeh ASC-nin (bundan sonra cavabdeh) müştəri xidmətləri departamentinin kassasının kassiri vəzifəsinə işə qəbul edilmiş, sonradan baş kassir vəzifəsinə keçirilmişdir. İddiaçı öz xidməti vəzifələrini yerinə yetirərkən 2025-ci ilin iyun-iyul ayları ərzində apardığı valyuta mübadiləsi əməliyyatlarının nəticəsində ayrı-ayrı vətəndaşlardan əldə edilən pul vəsaitlərini, habelə bu əməliyyatların fərqindən yaranan məbləğləri tam şəkildə kassaya mədaxil etməmiş, həmin vəsaitlər onun tərəfindən mənimsənilmişdir. Bu hərəkətlər kamera görüntülərində əks olunmuşdur. İddiaçı özü də ##.##.2025-ci il və ##.##.2025-ci il tarixli izahatlarında vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, 02-04 iyun və ## #### 2025-ci il tarixlərdə aparılan əməliyyatlar zamanı, habelə həftədə ən azı 2 dəfə 5-7 manat pul vəsaitini mənimsədiyini, ümumiyyətlə 2022-2025-ci illər arasında 941 əməliyyatdan bankın 4.541,74 manat gəlirinin şəxsi məqsədlər üçün istifadə etdiyini etiraf etmiş və həmin zərər məbləğini ##.##.2025-ci il tarixə qədər geri ödənilməsi barədə vəd vermişdir. “xxxx" ASC-nin Nərimanov filialının kassasında Daxili Nəzarət strukturu tərəfindən aşkar edilmiş faktların araşdırılma nəticələrinə dair rəyə əsasən öz izahatında əməkdaş İddiaçı kassada valyuta mübadilə əməliyyatlarının aparılması zamanı müxtəlif vaxtlarda əməliyyatların sistemə vaxtlı-vaxtında daxil edilmədiyi və nəticədə Bank vəsaitinin mənimsənildiyini etiraf etmişdir. Daxili Nəzarətin araşdırılmasına əsasən qeyd edilən neqativ hallar üzrə bəzi kamera görüntüləri mövcuddur. ##.##.2025-ci il və ##.##.2025-ci il tarixli mədaxil qəbzlərinə əsasən iddiaçı “xxxx" ASC-nin hesabına ümumilikdə 4.541,74 manat (1.800 və 2.741,74) məbləğində pul ödəmişdir. Cavabdeh ASC-nin ##.##.2025-ci il tarixli, ***- K nömrəli əmri ilə Cavabdeh ASC ilə iddiaçı arasında bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) bəndinə əsasən ##.##.2025-cü il tarixdən xitam verilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı İddiaçı cavabdeh Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh ASC-nin ***-K saylı, ##.##.2025ci il tarixli əmrinin ləğv edilərək, onun işə bərpa olunması, işə bərpa olunanadək əmək haqqının cavabdehdən alınaraq ona ödənilməsi, dövlət rüsumunun cavabdehə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini işin yuxarıda göstərilən faktiki hallarına uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, işlədiyi dövrdə heç vaxt əmək intizamını pozmamışdır. Cavabdehin ***-K saylı, ##.##.2025-ci il tarixli əmrilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən guya “əmək funksiyalarını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə, yaxud həmin məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud surətdə pozduğuna görə onunla bağlanan əmək müqaviləsinə xitam verilib. Müraciət etsə də, həmin əmr ona verilməmişdir. Əmrdə nə yazıldığından məlumatı yoxdur. Yalnız əmək kitabçasında yazılanlar barədə məlumatlıdır. Onunla son haqq-hesab ##.##.2025ci il tarixdə edilib və həmin vaxt da əmək kitabçası ona verilmişdir. O, əmək funksiyalarını, əmək müqaviləsi üzrə öhdəliklərini vaxtında və dəqiq yerinə yetirmişdir. Əmək vəzifələrini kobud surətdə pozmamış, təqsirli hərəkətləri ilə iddiaçıya heç bir maddi ziyan vurmamışdır. Cavabdeh onu xəzinədə 105.000 manat çatışmazlıq olması və buna görə barəsində prokurorluğa məlumat verilməsi ilə qorxudaraq, təzyiq altında 4.571,74 manat pulunu almışdır. Halbuki, xəzinədə heç bir çatışmazlıq olmamış və o, cavabdehə bir manat belə maddi ziyan vurmamışdır. Bu səbəbdən, onun mübahisələndirdiyi əmək müqaviləsinə xitam verilməsi barədə əmr əsassızdır və ləğv edilməlidir.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim X1)
5. Məhkəmə iddiaya hüquqi qiymət verərkən, qeyd etmişdir ki, ##.##.2025-ci il tarixli, ***-K nömrəli əmrə əsasən işçi İddiaçı əmək müqaviləsinə işəgötürən Cavabdeh ASC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Baş vermiş həmin intizam pozuntusu ilə əlaqədar işçi İddiaçı işəgötürən Cavabdeh ASC-yə ünvanladığı izahatlarına əsasən o, 2022-2025-ci illər ərzində 941 əməliyyat üzrə 4.541,74 manat bankın gəlirini şəxsi məqsədləri üçün istifadə etdiyini etiraf etmişdir. İddiaçı tərəfindən ciddi intizam pozuntusuna yol verilmiş, işəgötürənin qanuni mənafelərinə xələl gəlmişdir. İddiaçı məhkəmə iclaslarında hakimin suallarına cavab olaraq işəgötürənə ünvanlanmış həmin izahatların şəxsən özü tərəfindən yazıldığını bildirmiş, izahatda qeyd edilən xüsusatların baş verdiyini təsdiq etmişdir. Lakin iddiaçı bildirmişdir ki, uzun illər işləməsinə baxmayaraq heç vaxt intizam məsuliyyətinə cəlb edilməməsi nəzərə alınmaqla həmin pozuntulara görə işəgötürən tərəfindən ona xəbərdarlıq, töhmət, şiddətli töhmət və ya digər daha yüngül intizam tənbehi verilə bilərdi, lakin, işəgötürən ən ağır intizam tənbehini tətbiq etməklə iddiaçının əmək müqaviləsinə xitam vermişdir. Həmin arqumentə münasibətdə məhkəmə qeyd etmişdir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi imperativ qayda təşkil etmir və dispozitiv olaraq işəgötürənə əmək müqaviləsinə xitam verilməsinə alternativ imkan verir. Lakin əmək qanunvericiliyində müəyyən edilmiş hallar, müqavilə azadlığı prinsipi, işəgötürənin bank kimi ictimai reputasiyası və digər diqqətə layiq hallar nəzərə alınmaqla işəgötürənin mülki hüquq münasibətlərinin subyekti kimi qanuna əsasən müvafiq intizam tənbehini tətbiq etmək hüququndan istifadə etməklə işçinin intizam məsuliyyətinə cəlb edilməsi, müqavilə münasibətlərinə xitam vermək hüququ vardır. Məhz, hazırki iş üzrə işəgötürən bu hüququndan istifadə etmişdir. Həmin hüquqdan istifadə edilib-edilməməsinə dair işəgötürənin qanuni əsaslarla mülahizə sərbəstliyi vardır. Hazırki mübahisə üzrə işəgötürənin öz diskresion səlahiyyətlərindən istifadə etməsi qanunla müəyyən edilmiş qaydada həyata keçirilmişdir. İddiaçı tərəfindən törədilmiş intizam xətaları mahiyyəti üzrə işəgötürənin həm maliyyə maraqlarına, həm də ictimai reputasiyasına xələl gətirmişdir. İddiaçı tərəfindən əmək müqaviləsində müəyyən edilmiş öhdəliklər kobud şəkildə pozulmuşdur. Nəticə etibarilə, mübahisənin qanuni əsası qismində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi və 72-ci maddəsinin “c” və “e” bəndilərinin dispozitiv şərtləri ilə iddia tələbinin hüquqi və faktiki xüsusatları eynilik təşkil edir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci, 72-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
8. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, o, işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına şərait yaradılması, cavabdehə maddi zərər vurub-vurmamağının, xəzinədə 105.000 manat çatışmazlığın olub-olmamasının və həmin çatışmazlığın nədən yaranmasının dəqiqləşdirilməsi üçün məhkəmə mühasibatlıq ekspertizası keçirilməsini və ekspert qarşısına “xxxx" ASC-də “Sahil” Filialının xəzinəsində 2025-ci il üçün çatışmazlıq varmı və həmin çatışmazlığın məbləği neçə manat təşkil edir” sualının qoyulmasını xahiş etmiş, lakin məhkəmə işin tam, hərtərəfli və obyektiv araşdırılmasına şərait yaratmayaraq vəsatətini təmin etməmiş və qətnamədə yalnız cavabdehin ondan təzyiq və şantaj yolu ilə aldığı izahata istinad edərək iddianı rədd edib. Məhkəmə cavabdehin hüquqlarının müdafiəçisi kimi onun mövqeyindən çıxış etmişdir. Qətnamədə yazılanlar həqiqəti əks etdirmir, o, cavabdehin bir manat da olsun pulunu mənimsəməmiş, bankda ondan izahat isə təzyiq və şantaj yolu ilə alınmışdır. Bu barədə iddia ərizəsində, izahatında və məhkəməyə verdiyi vəsatətində bildirmişdir. Məhkəmə isə işin tam, obyektiv və hərtərəfli tədqiqinə şərait yaratmayıb, ekspert rəyi almadan hesab edib ki, guya o, cavabdehin əmlakını mənimsəməklə əmək funksiyalarını pozmuşdur. Cavabdehin ***-K saylı, ##.##.2025-ci il tarixli əmri və həmin əmrin verilməsinə əsas olmuş sənədlər iş materiallarına əlavə olunmamış, elektron məhkəmə sisteminə əlavə edilməmişdir. Cavabdeh onu guya xəzinədə 105.000 manat çatışmazlıq olması və buna görə barəsində prokurorluğa məlumat veriləcəyi ilə qorxudaraq təzyiq altında 4.541,74 manat pulunu alıb. Halbuki, xəzinədə heç bir çatışmazlıq olmayıb və o, cavabdehə bir manat belə maddi ziyan vurmamışdır. Cavabdeh iddia ərizəsi verərək ondan şantaj yolu ilə alınmış 4.541,74 manat pulun da geri alınması barədə tələb irəli sürsə də, məhkəmə həmin iddianı icraata qəbul etməyib. O da iddia müddətinin keçməməsi üçün məcbur olub tək işə bərpa barədə iddia qaldırmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək, qeyd etmişdir ki, apellyasiya şikayəti əsassızdır və təmin edilməməlidir. İddiaçı müxtəlif vaxtlarda kassa əməliyyatlarının icrası zamanı pozuntulara yol vermiş, Banka məxsus vəsaitləri şəxsi məqsədlər üçün mənimsəmiş və ödənişlər etmişdir. Qeyd olunan faktlar iddiaçının yazılı izahatlarında da özü tərəfindən təsdiq edilmişdir. İddiaçı ##.##.2025-ci il tarixli izahatında 2022- 2025-ci illər aralığında Banka çatmalı olan 4.541,74 manat məbləği mənimsədiyini etiraf etmiş və sözügedən məbləği (Banka vurulan zərəri) ##.##.2025-ci il tarixə qədər geri ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Məlum olduğu kimi, işçi ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə ləğv edilməsinin iki əsası nəzərdə tutulmuşdur: 1. əmək funksiyasının və ya əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi; 2. Məcəllənin 72-ci maddəsində sadalanan əmək vəzifələrinin kobud şəkildə pozulması. İddiaçı qeyd edilən əməlləri ilə əmək müqaviləsi və vəzifə təlimatında göstərilən öhdəlikləri yerinə yetirməmiş, habelə onlara (işəgötürənə) maddi ziyan vurmuşdur. Göstərilənlərin nəzərə alınması və qətnamənin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasında iddiaçı İddiaçı nümayəndəsi və vəkili X6 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin və iddianın məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
11. Məhkəmə iclasında iddiaçı İddiaçı vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin və iddianın məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
12. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh ASC-nin nümayəndəsi X4 apellyasiya şikayətini qəbul etməyərək, təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, mübahisənin barışıqla yekunlaşması mümkün deyil. İddiaçıya güzəşt edilməsi bankın nüfuzuna xələl gətirə bilər.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 10-cu maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrinə aid edilmişdir; 70-ci maddəsinin "ç" bəndinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər; 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinə xitam verilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun; 71-ci maddəsinin 3-ci hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinə xitam verilməsinin zəruriliyini əsaslandırmalıdır; 72-ci maddəsinin “c” bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir; 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir; 186-cı maddəsinin 2-ci bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək; 187-ci maddənin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir; 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
16. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
17. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və iddianın tam və ya qismən təmin edilməsinə hər hansı əsas yoxdur.
19. Məhkəmə kollegiyası bu sahəni tənzimləyən qanunvericiliyin yuxarıda göstərilən və digər müddəalarına istinadən ilk növbədə qeyd edir ki, əmək hüququnun mühüm təminatlarından biri işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsaslarının məhdud siyahısının qanunvericiliklə müəyyən edilməsidir. Eyni zamanda, qanunvericilik qanuni əsaslar olmadan işçilərlə əmək müqaviləsini ləğv etməyi qadağan edir. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları isə Əmək Məcəlləsinin 70-ci maddəsində təsbit edilmişdir. Həmin maddədə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin altı əsası nəzərdə tutulmuşdur. Bu əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyinin əsaslandırılması isə xüsusi şərt olaraq qeyd edilmişdir. Başqa sözlə, işəgötürən bu barədə əmrdə işçinin təqsirli davranışının nədə ifadə olunmasını (nədən ibarət olmasını) habelə əmək funksiyasına daxil olan hansı işin (öhdəliklərin, xidmətin) yerinə yetirilmədiyini mütləq şəkildə göstərməli və bu lazımi sənədlərlə təsdiq olunmalıdır.
20. Məcəllənin məhz 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsaslarla əmək müqaviləsinin ləğv edilməsinin mümkünlüyü (qanunauyğunluğu), həmçinin konkret şərtlərin (1. işçi öz əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla yerinə yetirməməlidir. 2. İşçinin bu hərəkətləri nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmalıdır. 3. İşçinin bu hərəkətləri nəticəsində mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir.) mövcudluğundan asılı edilmişdir. Belə ki, bu şərtlərin mövcud olmaması bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsini birmənalı şəkildə istisna edir.
21. Əmək vəzifələrinin kobud pozulması isə o hallarla bağlıdır ki, işçinin dürüstlük qaydasına uyğun gəlməyən davranışı nəticəsində əmək münasibətlərini davam etdirmək işəgötürən üçün mümkünsüz hala gəlir. Başqa sözlə, əmək münasibətlərində mövcudluğu zəruri olan etimad tamamilə sarsılır və aradan qalxır. Ona görə də, əmək müqaviləsinin işəgötürən tərəfindən dərhal ləğv edilməsi üçün əsas yaranır. Əmək müqaviləsinin ləğvinin ayrı və müstəqil əsası olan bu hallar isə ayrıca olaraq Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanmışdır.
22. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında ##.##.2012-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən iddiaçı həmin tarixdən cavabdeh müəssisədə müştəri xidmətləri departamentinin kassasının kassiri vəzifəsinə işə qəbul edilmiş, sonradan baş kassir vəzifəsinə keçirilmişdir. ##.##.2025-ci il tarixli, ***-K nömrəli əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” – “işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” bəndinə əsasən həmin tarixdə xitam verilmişdir.
23. Hazırda iddiaçı işlədiyi dövrdə heç vaxt əmək intizamını pozmadığını, əmək müqaviləsi üzrə öhdəliklərini vaxtında və dəqiq yerinə yetirdiyini, cavabdehə maddi ziyanın vurulmasına səbəb olan hər hansı hərəkətə yol vermədiyini, onun təqsiri üzündən xəzinədə hər hansı çatışmazlığın yaranmadığını, cavabdeh onu xəzinədə 105.000 manat çatışmazlıq olması və buna görə barəsində prokurorluğa məlumat verilməsi ilə qorxudaraq, təzyiq və şantaj yolu ilə ondan qeyd edilən məzmunda izahat və nəticədə 4.571,74 manat pul aldığını, halbuki, cavabdehə hər hansı məbləğdə maddi zərər vurmadığını bildirərək, əsassız və qanunsuz olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edildiyini iddia edir və bu barədə əmrin ləğv edilməsini, işə bərpa olunmasını, məcburi işburaxma müddəti üçün əmək haqqının tutulmasını tələb edir.
24. Cavabdeh iddianı qəbul etmir, iddiaçının müxtəlif vaxtlarda kassa əməliyyatlarının icrası zamanı pozuntulara yol verdiyini, Banka məxsus vəsaitləri mənimsəyərək, şəxsi məqsədlər üçün ödənişlər etdiyini, qeyd olunan faktların iddiaçının özü tərəfindən yazılı izahatlarda təsdiq etdiyini, o cümlədən 2022-2025-ci illər aralığında Banka çatmalı olan 4.541,74 manat məbləğində pulu mənimsədiyini etiraf etdiyini və bu məbləği (Banka vurulan zərəri) üzərinə götürdüyü öhdəliyə uyğun olaraq könüllü olaraq ödədiyini bildirir və apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir.
25. Bununla belə, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi onun tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması zamanı əldə edilmiş pul vəsaitlərinin tam şəkildə kassaya mədaxil edilməyərək, mənimsənilməsi və şəxsi ehtiyaclar üçün istifadə edilməsi ilə bağlı olmuşdur. Bu hallar cavabdeh tərəfindən kamera görüntüləri vasitəsi ilə müəyyən edilmiş, aparılmış araşdırma nəticəsində öz təsdiqini tapmış və məsələ ilə bağlı iddiaçın verdiyi izahatlarlarda etiraf edilmişdir.
26. Həmin əmrdə cavabdeh (işəgötürən) tərəfindən əmək müqaviləsinin bu əsasla ləğv edilməsinin zəruriliyi əsaslandırılmasa da, bu hal mövcud vəziyyətdə həmin əmrin qanunsuz hesab edilməsi və ləğv olunması üçün əsas ola bilməz. Belə ki, qeyd edilən intizam tənbehi ağırlıq dərəcəsi və öz hüquqi nəticələrinə görə digər tənbeh növlərindən fərqlənir. Bu növün tətbiq edilməsi zəruriliyinin əsaslandırılması da məhz bununla bağlı olmaqla işəgötürən tərəfindən sui-istifadə hallarına yol verməsinin (işçini xaric etmək üçün qərəzli mövqedən çıxış etməsinin) qarşısının alınması, işçiyə təqsirli hesab edilən davranış (hərəkət və hərəkətsizliyinin) barədə tam məlumat almasına imkanın yaradılması (müxtəlif məqsədlər, o cümlədən düzgünlüyünə qiymət verməsi, mahiyyətinə uyğun mübahisələndirməsi, müdafiəsini qurması və sair üçün) və bununla da mübahisəli hüquqi vəziyyətə dair müəyyənliyin təmin olunmasıdır. İddiaçı tərəfindən mübahisələndirilən əmrin məzmununda iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edildiyi qeyd edilmiş və bunun səbəbləri müfəssəl olaraq göstərilməsə də, əmrin verilməsinə əsas kimi Daxili audit strukturunun rəyi, Daxili Nəzarət və Komplayens strukturunun rəyi və iddiaçının izahatı göstərilmişdir. Başqa sözlə, bu sənədlər əmrin məzmununu tamamlamağa xidmət edən, əmrin əlavəsinə çevrilən məlumat mənbələridir. Rəydə məhz valyuta mübadiləsinin aparılması zamanı iddiaçı tərəfindən pul vəsaitlərinin mənimsənilməsi hallarına yol verildiyinin kamera görüntüləri və iddiaçının etirafı ilə təsdiq edildiyi göstərilmişdir. İzahatında da iddiaçı həmin hallara yol verdiyini etiraf etmişdir. Cavabdeh iddiaya və apellyasiya şikayətinə qarşı etirazlarında da eyni mövqedən çıxış edərək, iddiaçı tərəfindən məhz göstərilən hərəkətlərə yol verdiyini vurğulamışdır. İddiaçı özü də məhz cavabdeh tərəfindən göstərilən hərəkətlərə yol vermədiyini iddia edir. Bununla belə, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin məhz Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsinin zəruriliyi əmrin qəbul edilməsinə əsas olmuş sənədlərlə (iş materiallarında olan sübutlarla), həmçinin, cavabdehin eyni məzmunlu mövqeyi ilə təsdiq edilir.
27. Məhkəmə kollegiyası iddiaçı tərəfindən yazılan izahatla bağlı qeyd edir ki, həmin izahatın şəxsən iddiaçı tərəfindən yazıldığı işin mübahisəsiz halıdır. İddiaçı hazırda təzyiq və şantaj yolu ilə ondan qeyd edilən məzmunda izahatın alındığını bildirsə də, bu halı sübuta yetirə bilmir. Əksinə, iddiaçı ##.##.2025-ci il tarixdə yazdığı izahatında pul vəsaitinin mənimsənilməsi ilə nəticələnən valyuta mübadiləsi əməliyyatların tarixini və saatını, mübadilə edilən və mənimsənilən pul vəsaitlərinin məbləğlərini dəqiq göstərir, həmçinin, həftədə ən azı 2 dəfə, 5- 7 manat məbləğində pul mənimsədiyini etiraf edir. Eyni zamanda, bu izahatda iddiaçı kamera görüntüləri ilə tanış edildiyini və təqdim edilən əməliyyatlarda nöqsanları etiraf etdiyini göstərmiş, izahatın sonunda da ##.##.2025-ci il tarixdə 16:48 – 16:51 arası 20 manat aşağı atıb necə götürdüyünün də ona göstərildiyini qeyd etmişdir. ##.##.2025-ci il tarixdə yazdığı izahatında isə ümumilikdə 4.541,74 manat məbləğində pul vəsaitini mənimsədiyini, tutduğu əməldən peşman olduğunu bildirmiş və ##.##.2025-ci il tarixədək ödəniləcəyi barədə vəd vermişdir. Göstərilənlər həmin izahatların iddiaçı tərəfindən hədə-qorxu və təsir altında deyil, kamera görüntüləri ilə sübuta yetirilməsi (mənimsəmə hallarının əks etdirildiyi kamera görüntülərinin məhz iddiaçının özünə də göstərilməklə) nəticəsində yazıldığını təsdiq edir.
28. Nəzərə alınmalıdır ki, işə birinci instansiya məhkəməsində baxılan zaman ##.##.2025ci il tarixdə keçirilən məhkəmə iclasında (məhkəmə kollegiyası tərəfindən prosesdən kənar vaxt videogörüntülərə baxış keçirilərkən müəyyən edilmişdir) iştirak edən iddiaçı başqa şəxslərin, tanışlarının vəsiqəsi ilə əməliyyatlar apardığını, daxili qaydalara əsasən başqa şəxsin vəsiqəsi ilə əməliyyatın aparılmasının yol verilmədiyini, lakin həmin şəxsləri yaxından tanıması səbəbindən əməliyyatları icra etdiyini, bu şəkildə 3-10 əməliyyat apardığını, həftədə 3-5 manat, ay ərzində isə 30-50 manat kommunal ödənişlər etdiyini söyləmişdir. Bununla belə, iddiaçı tərəfindən izahatda yazılanlarla məhkəmə iclasında söylənilənlər biri-birinə zidd olsa da, hər iki halda valyuta əməliyyatlarının aparılması zamanı pulun mənimsənildiyi öz təsdiqini tapır. Sadəcə olaraq iddiaçı bunun nəticəsi olaraq cavabdeh tərəfindən hesablanmış zərər məbləği ilə razılaşmır.
29. İddiaçının istinad etdiyi 105.000 manat məbləğində çatışmazlığın olmasını təsdiq edən hər hansı sənəd isə ümumiyyətlə mövcud deyil. Digər tərəfdən iddiaçı bu sahə üzrə 13 ildən artıq iş təcrübəsinə malikdir, 105.000 manat məbləğində çatışmazlığın (əgər belə çatışmazlıq həqiqətdə olubsa) məhz onun təqsirli hərəkətləri nəticəsində yaranmasının sübuta yetirilməli olmasını bilir və belə bir pozuntuya yol verməməsindən əmindir. Qeyd edilənlər iddiaçının həmin məbləğlə bağlı məsuliyyətin onun üzərinə qoyulmasından çəkinərək, yəni hədə-qorxu altında həmin izahatları yazması barədə dəlillərinin əsassız olduğunu təsdiq edir.
30. Məhkəmə kollegiyası o halı da vurğulayır ki, izahatda göstərilən və etiraf edilən 4.571,74 manat məbləğində pul vəsaiti 1.800 manat olmaqla ##.##.2015-ci il tarixdə və 2.741,74 manat olmaqla ##.##.2025-ci il tarixdə iddiaçı tərəfindən tam şəkildə ödənilmişdir. İzahatın 16 iyul, ödənişin isə 15 avqust tarixdə həyata keçirilməsi bütün bu prosesin 1 aya yaxın müddət ərzində davam etməsini təsdiq edir. Başqa sözlə, cavabdeh tərəfindən hədə-qorxu halları barədə aidiyyəti üzrə məlumat verməsi, ödənişin onun tərəfindən ödənilməli olmamasını izah etməsi, ümumiyyətlə bu məsələ ilə bağlı aidiyyəti adımlar atması üçün kifayət qədər vaxtı olmuşdur.
31. Bununla belə, iddiaçının bir sıra hallarda valyuta mübadiləsi əməliyyatlarını icra edən zaman əldə edilən pul vəsaitlərini cəmiyyətin kassasına mədaxil etməyərək, şəxsi ehtiyacları üçün istifadə etməsi və bununla da həmin vəsaitləri mənimsəməsi öz təsdiqini tapır. Bu hərəkətlərə yol verməklə iddiaçı birmənalı şəkildə əmək müqaviləsi üzrə öhdəliklərini, o cümlədən vəzifə təlimatında nəzərdə tutulmuş əmək funksiyalarını pozmuş, ona verilmiş səlahiyyətlərdən sui-istifadə edərək, cəmiyyətə maddi ziyan vurmuşdur. Bu da öz növbəsində onunla bağlanmış əmək müqaviləsinə həmin məcəllənin 70 “ç” maddəsi ilə xitam verilməsi üçün əsas yaradır. Qeyd edilənlər öz növbəsində əmrin qanuni olduğunu və əmək məcəlləsinin tələblərinə riayət edilməklə qəbul edildiyini təsdiq edir.
32. Mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi ilə bağlı məhkəmə kollegiyasının gördüyü tədbirlər də bir nəticə verməmişdir. Belə ki, cavabdeh iddiaçı ilə barışıq əldə edilməsinin mümkün olmadığını qətiyyətlə bildirmişdir. Bu da bir daha iddiaçının dürüstlük qaydasına uyğun gəlməyən belə davranışı nəticəsində əmək münasibətlərini davam etdirməyin cavabdeh üçün artıq mümkünsüz hala gəldiyini, əmək münasibətlərində mövcudluğu zəruri olan etimadın tamamilə aradan qalxdığını təsdiq edir.
33. Məhkəmə kollegiyası “işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələblərinin “əmrin ləğv edilməsi” tələbinə münasibətdə törəmə tələb olduğunu, onların təmin edilib-edilməməsinin bilavasitə “əmrin ləğv edilməsi” tələbinin təmin edilibedilməməsindən asılı olduğunu və “əmrin ləğv edilməsi” tələbinin də əsassız hesab edildiyini nəzərə alıb, belə qənaətə gəlir ki, iddia həmin törəmə tələblərə aid hissədə də əsassızdır və bu səbəbdən rədd edilməlidir.
34. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb, hesab edir ki, iddiaçının apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi iddiaçı İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.