Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-9/2026 17.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi “hüquqi əhəmiyyəti olan sənədin ərizəçiyə məxsus olması faktın müəyyən edilməsi tələbi barədə” ərizəsinə dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 dekabr 2025-ci il tarixli qətnamədən iş üzrə maraqlı şəxsin - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialının verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, apellyatorun nümayəndəsi X8 və Ərizəçi iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) ərizə haqqında məlumat
1. Ərizə ilə Rayon Məhkəməsinə müraciət etmiş ərizəçi, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Lerik Rayon Dövlət Arxivi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 3-48-32/2-33/2025 nömrəli arxiv arayışının (hüquqmüəyyənedici sənədin) ona, yəni (nikaha qədər soyadı Nəzərova olmuş) Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1958-ci ildə Lerik rayon Şingədulan kəndində anadan olmuş ərizəçinin hazırda “Əmək kitabçası” olmasa da, ona yaşa görə pensiya təyin olunmuş, lakin pensiya sosial müavinət kimi 220 manat hesablanmışdır. Əslində isə o, 1974-1988-ci illər ərzində Lerik rayonunda Jdanov adına sovxozda fəhlə işləmişdir. Amma bunu təsdiq edə biləcək “Əmək kitabçası” yoxdur. Bu səbəbdən əmək pensiyasısının təyin olunması üçün o, Dövlət Sosial Müdafiə Fonduna müraciət etmiş, lakin müsbət nəticə əldə edə bilməmişdir. Çünki Milli Arxiv İdarəsinin Lerik Rayon Dövlət Arxivi tərəfindən ərizəçiyə verilmiş xx.xx.2025-ci il tarixli 3- 48-32/2-33/2025 nömrəli arxiv arayışında yazılmışdır ki, ərizəçinin 1974–1988-ci illərdə Lerik rayonda Jdanov adına sovxozda işləməsi təsdiq olunur, lakin arxiv sənədində ərizəçinin soyadı Mirzəyevə kimi göstərilmişdir. DSMF-nın Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialının ərizəçiyə verdiyi xx.xx.2025-ci il tarixli, 3-17-1/2-x65671/2025 nömrəli cavab məktubunda qeyd etmişdir ki, ərizəçinin müraciətində qeyd edilən məsələnin araşdırılması ilə əlaqədar Lerik Rayon Dövlət Arxivinə sorğu göndərmiş və sorğuya verilmiş məlumatlar əsasən müəyyən etmişdir ki, 1974-1988-ci illərdə Lerik rayonun Jdanov adına sovxozunda işlədiyi dövrdə ərizəçinin soyadı Mirzəyeva yazılmışdır. Ərizəçi bildirir ki, o, həmin sovxozda işlədiyi dövrdə onun soyadı səhvən Mirzəyeva kimi yazılmasının səbəbi yağınkı ona görə baş vermişdir ki, onun babasının adı Mirzə olmuşdur. Lerik Rayon İcra Hakimiyyəti başçısının Şingədulan ərazi nümayəndəliyi tərəfindən ərizəçiyə verilmiş xx.xx.2025-ci il tarixli, 5-65-36/2-63/2025 saylı arayışda da, qeyd edilmişdir ki, Milli Arxiv İdarəsinin Lerik Rayon Dövlət Arxivi tərəfindən ərizəçiyə verilmiş xx.xx.2025-ci il tarixli, 3-48-32/2-33/2025 nömrəli arxiv arayışı ərizəçiyə məxsusdur, çünki Mirzayeva-Nəzərova-Ərizəçi eyni bir şəxsdir. Bundan sonra ərizəçinin bir daha etdiyi müraciətə DSMF-nın Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialı xx.xx.2025-ci il tarixli 3-17-1/2-x-130384/2025 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, ərizəçi, onun soyadının Mirzəyevadan Nəzərovaya dəyişməsi barədə məhkəmə qətnaməsini və ya Ədliyyə Nazirliyinin Vətəndaşlıq X3 şöbəsindən (VVAQ) müvafiq sənədini DOST mərkəzlərinə təqdim etməklə təkrar müraciət əsasında yaşa görə pensiya hüququna yenidən baxıla biləcəyi bildirilmişdir. Odur ki, ərizəçi, göstərilənlərin nəzərə alınmasını Milli Arxiv İdarəsinin Lerik Rayon Dövlət Arxivi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 3-48-32/2-33/2025 nömrəli arxiv arayışının ona məxsus olması faktının müəyyən edilməsini xahiş edir. b) iş üzrə maraqlı şəxsin ərizəyə etirazı barədə məlumat
3. Maraqlı şəxsin – Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu yazılı etirazla Rayon Məhkəməsinə müraciət edərək, etirazda göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın – yəni şəxsin sənəddə gösterilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən senəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyenedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi – şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi – həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü – məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəvvənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Qanunvericiliyin tələblərinə müvafiq olaraq ərizəçi müvafiq təşkilata arayışdakı səhvlərin aradan qaldırılması ilə bağlı müraciət etməli, yalnız həmin təşkilat tərəfindən səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edildikdən, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirildikdən sonra hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxıla bilər. Hazırki işdə hüquqmüəyyənedici sənəddə olan uyğunsuzluğun aradan qaldırılmasına dair müraciət və hər hansı imtina və ya həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması barədə cavab mövcud deyildir. Ərizəçi lazımi sübutları məhkəməyə təqdim etməmişdir. İş materialları ilə müəyyən edilir ki, ərizəçinin hüquqi marağı ona iş stajını təsdiqlədərək yaşa görə əmək pensiyası təyin edilməsi olsa da iddiaçının ümumi stajı qanunvericiliklə tələb olunan 25 il tamamlanmadığından hüquqi nəticə yaratmayacaqdır. Ərizəçi tərəfindən tələbin əsaslı olmasını təsdiq edən tutarlı və mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Ərizədə göstərilən tələb qeyd olunan qanunvericiliyin tələblərinə uyğun olmadığından təmin olunmamalıdır. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə ərizənin təmin edilməsini, yuxarıda qeyd edilən arxiv arayışının (hüquqmüəyyənedici sənədin) ərizəçiyə məxsus olması faktının müəyyən edilməsini qət etmişdir.
5. Rayon Məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə şahid kimi dindirilmiş X6 və X7 ərizəçi ilə birlikdə Lerik rayonun Jdanov adına kolxoz-sovxozda işlədiklərini, həmin vaxt ərizənin sovxozda üzüm bağında fəhlə vəzifəsində işlədiyini məhkəmə iclasında təsdiq etmişlər. Bununla da, müəyyən edilir ki, ərizə əsaslıdır. d) apellyasiya şikayəti barədə məlumat
6. İş üzrə maraqlı şəxs olan DSMF həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ərizənin təmin edilməməsini xahiş etmişdir.
7. Əsasları DSMF tərəfindən Rayon Məhkəməsinə verilmiş “ərizəyə qarşı etirazın” əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Rayon Məhkəməsi həmçinin nəzərə almamışdır ki, onun tərəfindən şahid qismində dindirilmiş şahidlər ərizəçinin onlarla birlikdə həmin sovxozda işləməsini təsdiq etsələr də, bu hal xx.xx.2025-ci il tarixli arxiv arayışının ərizəçiyə aid olmasını təsdiq etmir. e) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı və izahatları barədə məlumat
8. DSMF-nın nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.
9. Ərizəçi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
10. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilərək, ərizəçinin verdiyi “hüquqi əhəmiyyəti olan sənədin ərizəçiyə məxsus olması faktın müəyyən edilməsi tələbi barədə” ərizəsi təmin edilməməlidir.
11. Belə ki, həmin ərizədə ərizəçinin göstərdiyi və hazırkı qətnamənin 2-ci bəndində qeyd edilən sənədlər, o cümlədən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Lerik Rayon Dövlət Arxivi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 3-48-32/2-33/2025 nömrəli arxiv arayışı (iş v. 41) iş materiallarında var. Buna görə də, Məhkəmə həmin sənədlərin bir daha təsvirini lüzum görmür.
12. Həmin sənədlərə və iş üzrə tərəflərin məhkəmələrə verdikləri (yazılı və şifahi) məlumatlardan müəyyən edilir ki, xx.xx.1958-ci ildə Lerik rayon Şingədulan kəndində anadan olmuş ərizəçinin hazırda soyadı Xosrova olsa da, nikaha qədər soyadı Nəzərova olmuşdur. İddiaçının “Əmək kitabçası” yoxdur. Buna görə də, ona, əmək stajına görə deyil, yaşa görə pensiya təyin olunmuşdur. Təyin edilmiş pensiya sosial müavinət kimi 220 manat məbləğindədir.
13. İddiaçı bildirir ki, o, 1974-1988-ci illər ərzində Lerik rayonunda Jdanov adına sovxozda fəhlə işləmişdir. Amma bunu təsdiq edə biləcək “Əmək kitabçası” olmadığından ona staja görə pensiya təyin edilməmişdir. Bu halı aradan qaldırmaq məqsədi ilə o, Milli Arxiv İdarəsinin Lerik Rayon Dövlət Arxivinə müraciət edərək, Jdanov adına sovxozda fəhlə işləməsi faktını təsdiq edə biləcək arxiv sənədinin ona verilməsini xahiş etmiş, onun müraciətinə əsasən ona xx.xx.2025-ci il tarixli, 3-48-32/2-33/2025 nömrəli arxiv arayışı verilsə də, arxivdə olan sənədlərə əsasən arayışda qeyd edilmişdir ki, həmin dövrdə həmin sovxozda Nənəş Əyyub qızı adlı şəxs işləmiş, lakin həmin şəxsin soyadı Mirzəyeva olmuşdur. O, həmin sənədi DSMF-ya təqdim etsə də, DSMF, arayışda qeyd edilən şəxsin soyadının Mirzəyeva kimi göstəriləməsinə əsaslanaraq onun müraciətini təmin etməmişdir (bu hal DSMF tərəfindən etiraf edilir). Buna görə də, o, həmin arxiv sənədinin ona məxsus olması ilə əlaqədar hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
14. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə görə, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (maddə 307.1.). Məhkəmə bir neçə (307.2-ci maddədə konkret göstərilib) faktların, o cümlədən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır (maddə 307.2.5.).
15. “Hüquqi əhəmiyyəti olan faktlarının müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın – yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyenedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi – şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi – həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü – məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyüənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir (bənd 6.).
16. Göstərilənlərə əsasən müəyyən edilir ki, ərizəçi hazırkı mülki işin başlanmasına əsas olmuş ərizə ilə məhkəməyə müraciət etməkdə və Rayon Məhkəməsi həmin ərizəni icraata götürüb baxmaqda haqlı olmuşlar.
17. Məhkəmə bildirir ki, bu kimi ərizənin məhkəmə tərəfindən icraata qəbul edilməsi və ona baxılması ərizənin bir mənalı olaraq təmin edilməsi üçün əsas deyil. Ərizənin təmin edilməsinin üçün ərizəçi ərizə ilə irəli sürdüyü tələbin əsaslı olmasını təsdiq edə biləcək və tələbinə aid sübutları məhkəməyə təqdim etməlidir ki, məhkəmə onlara hüquqi qiymət verib, tələbin əsaslı və ya əsassız olması barədə nəticəyə gələ bilsin. Çünki MPM-in 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
18. Bununla bağlı olaraq qeyd edilməlidir ki, MPM-in tələblərinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (maddə 76.1.). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2.).
19. İş materiallarından görünür ki, işə baxmış Rayon Məhkəməsi ərizənin əsaslı olub-olmamasını müəyyən etmək üçün ərizəçinin şahid qismin təqdim etdiyi X6 və X5 ərizədə göstərilən məsələ ilə bağlı dindirmişdir.
20. Həmin şahidlər Rayon Məhkəməsinə verdikləri ifadələrdə göstərmişlər ki, ərizədə qeyd edilən müddətdə onlar da Lerik rayonunda Jdanov adına sovxozda işləmişlər. Ərizəçi də onlarla bilikdə həmin sovxozda fəhlə işləmişdir.
21. Rayon Məhkəməsi bu kimi şahid ifadələrini etibarlı sübut kimi qiymətləndirərək, ərizənin əsaslı olması nəticəsinə gəlmiş və ərizəni təmin etmişdir.
22. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi X2 və X4 şahid qismində verdikləri ifadəli etibarlı sübut kimi qiymətləndirməkdə haqlı olmamışdır. Belə ki, həmin şahidlərin özlərinin ərizədə qeyd sovxozda və ərizədə qeyd edilən müddətdə işləməsini təsdiq edən etibarlı sübutlar – “Əmək kitabçaları” yoxdur. Onların adına həmin arxiv tərəfindən verilmiş arxiv arayışları var ki, Məhkəmə həmin arayışların etibarlı sübut kimi qəbul edilməsini qeyri-mümkün hesab edir. g) apellyasiya baxışının nəticəsi
23. Odur ki şərh olunanları, MPM-in 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və ərizənin rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.
24. Beləliklə yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İş üzrə maraqlı şəxs olan Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 dekabr 2025-ci il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Ərizəçi “hüquqi əhəmiyyəti olan sənədin ərizəçiyə məxsus olması faktın müəyyən edilməsi tələbi barədə” ərizəsi təmin edilməsin. Ərizəçi hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilərlər. İş üzrə maraqlı şəxs hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.