Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-910/2026 28.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi Cəfərli Pəri Ilham qızının katibliyi, Iddiaçı iddiaçı2 və onun nümayəndəsi (vəkili) vəkil1 iştirakı ilə, Iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdehlər cavabdeh6 və digərlərinə qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən cavabdeh cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdehlər cavabdeh6 və digərlərinə qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, iddiaçıların mülkiyyətlərində olan Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, “Q” Y/S, ev 5, ** saylı mənzili qanunsuz zəbt edərək həmin mənzildə məskunlaşan cavabdehlər cavabdeh8 Kamran qızının, cavabdeh9, cavabdeh12, cavabdeh7, cavabdeh6, cavabdeh14, cavabdeh5, cavabdeh8, cavabdeh11, cavabdeh13, cavabdeh4, cavabdeh1, cavabdeh2, cavabdeh3 və onların həmin mənzildə yaşayan digər ailə üzvlərinin mənzildən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddia tələbini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, “Q” Y/S, ev 5, mənzil ** saylı ev iddiaçıların hər birinin 1/2 hissədə paylı mülkyyətindədir. Həmin əmlak ataları Şahin Şahmuradovdan miras qalmışdır. Belə ki, 1993- 1994-cü illərdə həmin əmlak atasının adına olan zaman cavabdehlər və onların digər ailə üzvləri məcburi köçkün olaraq evin qapısını sındırıb qanunsuz olaraq evə daxil olmuşlar və həmin vaxtdan bugünə kimi onları evdən çıxara bilməmişlər. Hal-hazırda iddiaçılar kirayə evdə yaşayırlar, maddi vəziyyətləri çox çətindir. Artıq maddi vəziyyətləri pis olduğu üçün kirayə qaldıqları evin ödənişlərini də edə bilmirlər. Cavabdehlərə dəfələrlə evdən çıxmaları barədə xəbərdarlıqlar edilsə də onlar çıxmaq istəmirlər. Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi sorğularına cavabnda bildirmişdir ki, həmin məcburi köçkünlərə ayrı yerdə müvəqqəti yaşayış üçün ev verilmiş, lakin həmin evə yaxın qohumlarını yerləşdirmişlər. Hal-hazırda cavabdehlərin məcburi köçkün düşdükləri Laçın rayonu işğaldan azad olunmuşdur və bütün məcburi köçkünlərə həmin rayonda dövlət tərəfindən evlər tikilərək verilir. Lakin cavabdehlər dəfələrlə onlara bildirirlər ki, onlara ev verilsə də, iddiaçıların evindən çıxmayacaqlar. Iddiaçılar artıq 30 ildir kirayədə yaşayırlar. Cavabdehlər isə onların mülkiyyətindən qanusuz istifadə edirlər. Göründüyü kimi, cavabdeh olan məcburi köçkünlər onların mənzil hüququnu pozur, bu səbəbdən də onlar iddiaçıların mənzilindən çıxarılmalıdırlar. Yuxarıda qeyd edilənlərə əsasən cavabdehlər və onların digər ailə üzvləri iddiaçıların mülkiyyətində olan mənzildən çıxarılmalıdırlar. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə (hakim Firuzə Mirzəyeva) iddia təmin olunaraq, iddiaçılar iddiaçı1 və iddiaçı2 mülkiyyətlərində olan Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, “Q” Y/S, ev 5, ** saylı mənzili qanunsuz zəbt edərək həmin mənzildə məskunlaşan cavabdehlər cavabdeh8 Kamran qızının, cavabdeh9, cavabdeh12, cavabdeh7, cavabdeh6, cavabdeh14, cavabdeh5, cavabdeh8, cavabdeh11, cavabdeh13, cavabdeh4, cavabdeh1, cavabdeh2, cavabdeh3 və onların həmin mənzildə yaşayan digər ailə üzvləri iddiaçıların mülkiyyətində olan mənzildən çıxarılması qət edilmişdir. Qeyd edilən qətnamədən yalnız cavabdeh cavabdeh6 apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı Suraxanı Rayon Icra hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi prosesə cəlb olunmuşdur. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini – birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, işin obyektiv araşdırılmaması, cavabdehlərin mübahisəli mənzildə məskunlaşmasından sonra iddiaçıların atasının adına müvafiq orderin verilməsi, həmin order əsasında şəhadətnamənin alınması və daşınmaz əmlakın reyestrində qeydiyyatın aparılması, lakin orderin əldə olunma qaydasının araşdırılmaması, cavabdehlərin mənzilə özbaşına daxil olmamaları, qeyd olunan halların nəzərə alınmaması və s. kimi əsaslandırılmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Tərəflərin izahatlari, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçı iddiaçı2 və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətin etiraz edərək, iddia ərizəsində göstərilənərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq qeyd etmişdirlər ki, mübahisəli ünvanda yerləşən 5 otaqdan ibarət olan mənzil iddiaçılara onların atasından vərəsəlik qaydasında keçmiş, cavabdehlər isə hələ 90-cı illərin əvvələri mənzilə qanunsuz daxil olmuş, hazırda da orda yaşayırlar. Iddiaçılar bacı-qardaşdı, iddiaçının səhhəti yaxşı deyil, hazırda qalmağa başqa mənzilləri yoxdur, kirayədə qalırlar. Əksinə cavabdehlərin maddi vəziyyəti yaxşı olmaqla, mülkiyyətlərində əmlakları var, biznes fəaliyyəti ilə məşğuldurlar. Bundan başqa, cavabdehlər tərəfindən mənzilə davir atalarının adına verilmiş order inzibati qaydada mübahisələndirilmiş, lakin Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə iddiaçı cavabdeh6 cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsinin * saylı Bakı Ərazi Idarəsinə qarşı “orderin və çıxarışların ləğv edilməsi” tələbinə dair iddiası subyektiv hüququnun olmaması əsası ilə mümkün sayılmamışdır. Cavabdeh tərəf mənzildən çıxmamaq üçün mübahisəni formal və süni yolla uzadırlar. Qeyd olunanlara əsasən, şikayətin təmin olunmaması xahiş olunmuşdur. Işə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia təmin olunmuş, cavabdehlərdən yalnız cavabdeh6 qətnaməni mübahisələndirmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası işə cavabdehin cavabdeh6 apellyasiya şikayəti həddində (həmin şəxsə münasidətdə) birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanmalıdır. Ilkin olaraq qeyd edilməlidir ki, mübahisə predmeti olan mənzilin (Bakı şəhəri, Suraxanı rayonu, Q yaşayış sahəsi, ev 5, mənzil 13) iddiaçıların bərabər paylarda (1/2) iddiaçıların mülkiyyətində olması, cavabdeh tərəfin isə Laçın rayonundan məcburi köçkün kimi (qeydiyyat - Laçın şəhəri, Nizami küçəsi, ev 90) 90-cı illərin əvvəllərindən orada məskunlaşması işin mübahisə olunmayan allarıdır. Bununla yanaşı işdə olan Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "xxxx" publik hüquqi şəxsinin ##.##.2024-cü il tarixli məktubundan və Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, mövcud arxiv materiallarına əsasən Bakı şəhəri, Suraxanı rayonu, "Q" yaşayış sahəsi 5 Ünvanında yerləşən ** nömrəli mənzil üzərində ##.##.1997-ci il tarixdə X7 mülkiyyət hüququ qeydiyyata alınmışdır. Sonradan ##.##.2022-ci il tarixli, 2v-*** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ##.##.2023-cü il tarixində sözügedən mənzilin 1/2 hissəsi iddiaçı1 və 1/2 hissəsi isə ##.##.2022-ci il tarixli, 2v-*** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ##.##.2023-cü il tarixində X6 adına qeydiyyata alınmışdır. Işdə olan Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin **-*/** saylı ##.##.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanında faktiki olaraq Laçın rayonundan olan məcburi köçkün X4 ailə üzvləri ilə (ad və soyadları məktubda qeyd olunmuşdur) birlikdə məskunlaşmışdır. Işdə olan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tərəfindən verilmiş ##.##.2024-cü il tarixli **** saylı arayışdan görünür ki, Laçın rayonundan məcburi köçkün cavabdeh7 aşağıdakı ailə tərkibi ilə birlikdə ünvan 1 ünvanda 1992-ci ildən məskunlaşmışlar və məcburi köçkün kimi müvəqqəti qeydiyyatdadırlar: cavabdeh6, cavabdeh14, cavabdeh5, cavabdeh8, X1, X2, X3. Işdə olan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tərəfindən ünvanlanmış ##.##.2024-cü il tarixli cavab məktubundan görünür ki, 44 günlük Vətən müharibəsində qazanılmış qələbə nəticəsində ölkədə məcburi köçkünlərlə iş sahəsində yeni bir mərhələ başlamışdır. Işğaldan azad olunmuş ərazilərin bərpası, eləcə də orada yaşayış üçün təhlükəsizlik şəraitinin yaradılması, infrastrukturun və daimi yaşayış yerlərinin inşa etməklə məcburi köçkün ailələrinin mərhələli şəkildə daimi əsaslarla yeni yaşayış sahələri ilə təmin edilərək, yaşadıqları mənzilləri və ictimai binaları tərk edərək həmin ərazilərə köçürülməsi nəzərdə tutulmuşdur. Odur ki, bölgələrdə, Bakı şəhəri və ətraf rayonlarda məcburi köçkünlər üçün mənzil tikintisi dayandırılmışdır. Hal-hazırda Komitə tərəfindən işğaldan azad edilmiş ərazilərə köçürüləcək məcburi köçkün ailələrinin siyahıları üzrə müvafiq işlər aparılmaqdadır və həmin siyahılar üzrə onların adları ailə üzvləri ilə birgə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının işğaldan azad edilmiş bütün ərazilərdə, eləcə də erməni təcavüzü və işğalı nəticəsində zərər dəymiş Laçın şəhərinin yenidən bərpası ilə bağlı işlər aparılır, bu istiqamətdə artıq bir çox işlər görülüb və görülməkdədir. Böyük Qayıdışla bağlı Laçın rayonunun şəhər və kəndlərindən olan məcburi köçkün ailələrinin özlərinə məxsus evlər dövlət tərəfindən bərpa olunaraq mərhələli şəkildə öz doğma yurdlarına köçürülməsi həyata keçirilir. Odur ki, mərhələli şəkildə onların da məcburi köçkün ailəsi olaraq köçürülməyi həyata keçiriləcək və mənzil boşaldılaraq mülkiyətçinin özünə geri təhvil verilməsi üçün əvvəlcədən aidiyyəti üzrə (şəxslərə) xəbərdarlıq olunacaq. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli ünvanda yerləşən mənzil iddiaçıların xüsusi mülkiyyətindədir. Cavabdehlər isə məcburi köçkündür və həmin mənzildə məskunlaşmışlar. Hazırkı mübahisə ilə bağlı Avropa Məhkəməsinin qərarlarına, qanunvericliyin tələblərinə, eləcə də formalaşmış məhkəmə təcrübəsinə əsasən iddiaçıların üstün mülkiyyət hüququ qorunmaqla cavabdehlər mübahisəli mənzildən çıxarılmalıdır. Məhkəmə kollegiyası işin faktiki halları, toplanmış sübutları nəzərə alaraq yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni zamanda aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Kostitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən (bundan sonra, MM) mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. MM-nin 140-cı maddəsinin tələbinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-nin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. MM-nin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. MM-nin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. MM-nin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” ## ### 1999-cu il tarixli Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Qanunvericliyin qeyd olunan normalarından göründüyü kimi, şəxsin mülkiyyət hüququ hüquq və insan haqlarının əsasını təşkil edən fundamental hüquqdur. Xüsusi mülkiyyət hüququ və onun toxunulmazlığı Azərbaycan Respublikasının Konstitusiyası ilə tanınır və qorunur. Bununla belə, bu hüquq mütləq xarakter daşımır və yalnız qanunla nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Digər hallarda isə, mülkiyyətçinin razılığı olmadan bu hüququn məhdudlaşdırlması, ona hər hansı müdaxilənin olunması mülkiyyət hüququnun pozulması hesab olunur. Hazırki vəziyyətdə isə mübahisəli mənzilin iddiaçıların xüsusi mülkiyyətində olması və cavabdehin həmin mənzildə hər hansı mülkiyyət, istifadə və ya yaşayış hüququnu təsdiq edən qanuni hüquqi əsaslarının mövcud olmaması şəraitində, uzun müddət ərzində həmin mənzildə yaşaması özlüyündə ona mülkiyyətçi qarşısında üstün hüquq yaratmır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi və Mülki Məcəllənin mülkiyyət hüququnun müdafiəsinə dair müddəaları mülkiyyətçiyə öz əmlakına sahiblik, istifadə və sərəncam vermək hüququ ilə yanaşı, əmlakın qanunsuz sahibliyindən geri tələb olunması səlahiyyətini də təmin edir. Kollegiya nəzərə alır ki, cavabdeh məcburi köçkün statusuna malik olsa da, bu hal özlüyündə ona başqa şəxsin xüsusi mülkiyyətində olan yaşayış sahəsi üzərində müstəqil əşya hüququ vermir. Iş materiallarında cavabdehin mənzildən istifadəsinin müqaviləyə, qanuna və ya digər hüquqi əsasa söykəndiyini təsdiq edən sübutlar mövcud deyildir. Buna görə məhkəmə cavabdehin sahibliyini hüquqi əsası olmayan sahibliyə aid edir. Mülkiyyət hüququnun müdafiəsinə dair mülki qanunvericiliyin qeyd edilən tələblərinə əsasən mülkiyyətçi öz əmlakını qanunsuz sahiblikdən geri tələb etmək hüququna malikdir. Vindikasiya iddiasının təmin edilməsi üçün tələb olunan üç hal – iddiaçının mülkiyyətçi olması, əmlakın cavabdehin faktiki sahibliyində olması və həmin sahibliyin hüquqi əsasının mövcud olmaması – iş üzrə müəyyən edilmişdir. Buna görə məhkəmə hesab edir ki, iddia əsaslıdır. Həmçinin, cavabdehin məcburi köçkün olması özü-özlüyündə iddiaçı tərəfin hüquqlarının məhdudlaşdırılması üçün qanuni əsas deyildir. Çünki, cavabdehin məcburi köçkün statusu onun xüsusi mülkiyyətdə olan mənzildən qeyri-müəyyən müddət ərzində istifadə etmək hüququ yaratmadığından, həmin hal iddianın rədd edilməsinə əsas vermir. Bundan başqa, birinci instansiya məhkəməsi tərəfindən də qeyd olunduğu kimi məcburi köçkünlər və mənzil mülkiyyətçiləri arasında olan bu tipli mübahisələr üzrə Avropa Məhkəməsinin konkret məhkəmə təcrübəsi və həmin təcrübə əsasında formalaşmış hüquqi mövqe mövcuddur. Belə ki, Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimova Azərbaycana qarşı” işi üzrə ##.##.2007-ci il tarixli, “Cəfərov Azərbaycana qarşı” işi üzrə ##.##.2010-cu il tarixli, “Gülməmmədova Azərbaycana qarşı” işi üzrə ##.##.2010-cu il tarixli və digər buna bənzər işlər üzrə qərarlarında formalaşdırılmış hüquqi mövqe ondan ibarətdir ki, mənzil mülkiyyətçisinin razılığı olmadan məcburi köçkünlərin ona məxsus mənzildə yaşamağa davam etməsi, mənzil mülkiyyətçisinin “Insan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının * saylı Protokolunun 1-ci maddəsi ilə tanınan və qorunan mülkiyyət hüququnun pozulması deməkdir. Həmin qərarlarda məcburi köçkünlük amili ilə bağlı Azərbaycan Respublikasının daxili qanunvericiliyinə istinad edilərək (hansı ki, hazırkı qətnamənin də tətbiq edilən hüquq hissəsində istinad olunmuşdur) qeyd edilir ki, məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu, digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Bundan başqa işdən görünür ki, cavabdeh6 cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsinin * saylı Bakı Ərazi Idarəsinə qarşı “orderin və çıxarışların ləğv edilməsi” tələbinə dair iddia ilə Bakı Inzibati Məhkəməsinə müraciət etmiş, lakin həmin məhkəmənin *-*(***)-*****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə mümkün sayılmamış, əsas kimi iddiaçının müvafiq subyektiv hüquqa malik olmaması, mənzil üzərində hər hansı əmlak və əşya hüquqlarının olmaması və s. göstərilmişdir (sorğuya cavab olaraq, Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli məktubu ilə sözügedən qərardadın qüvvəyə minməsi qeyd edilmişdir). Beləliklə, müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçıların xüsusi mülkiyyətində olan mübahisəli ünvanda yerləşən daşınmaz əmlak dair mülkiyyət hüquqlarına qəsd olunmuş, hazırda da həmin hərəkətlər davam etməkdədir. Halbuki, mülkiyyətin müdafiəsi konstitusion prinsipdir (Konstitusiyanın 13-cü mad.) «Insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının * saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Mançini Italiyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. «Marks Belçikaya qarşı» işdə Insan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. Göründüyü kimi mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir, həm də, qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə maraqlarına uyğun hərəkət etmək sahiyyətidir. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «Qavazov Bolqarıstana qarşı» iş üzrə ## #### 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. «Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Məhkəmə kollegiyası göstərilənləri, həmçinin apellyasiya şikayətinin dəlillərinin əsassız olmasını nəzərə alaraq, hesab edir ki, şikayət təmin olunmamalı, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDI: Iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdehlər cavabdeh6 və digərlərinə qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən cavabdeh cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(3-6)-910/2026
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-910/2026
28.04.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver