Məhkəmə qərarları › İş №2(3-6)-954/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-954/2026

15.04.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-954/2026 15.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı iş üzrə (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi, əmək müqaviləsi olmadan işə cəlb edilmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Xəlilov Tural Xəlil oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. ##.##.2024-cü il tarixdə tərtib edilmiş ambulator kitabçanın çıxarışından müəyyən olunur ki, İddiaçı kəskin polimorf psixoloji pozuntudan əziyyət çəkir.

2. “xxxx” MMC-nin ##.##.2024-cü il tarixli arayışına əsasən İddiaçı ##.##.2024 tarixindən ##.##.2024 tarixinədək psixiatrik klinikada 20 gün müddətində müalicə alıb. Bunun üçün 2.000 manat məbləğində ödəniş edilmişdir.

3. Azərbaycan Respublikasının Baş Prokurorluğunun İddiaçı ünvanlanmış ##.##.2025-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, ##.##.2023-cü il tarixdən ##.##.2024cü il tarixədək "xxxx" MMC-nin reanimasiya və cərrahiyə şöbəsində müxtəlif işlərin yerinə yetirilməsinə cəlb olunmusunuz. Hüquqi şəxs "xxxx” MMC və vəzifəli şəxs MMC-nin rəhbəri Əliyev İbrəhim Nadim oğlunun əməllərində Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddənin tərkib əlamətləri olduğundan ##.##.2024-cü il tarixdə barələrində inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmişdir. Əliyev İbrəhim Nadim oğlu barəsində ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarla 3.000 manat, "xxxx" MMC barəsində ##.##.2025-ci il tarixli qərarla 20.000 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 9-cu maddəsinin "q" bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq hüququ vardır.

4. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə “xxxx” MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

5. “xxxx” MMC-nin klinikada işləyən kiçik tibb işçilərinin əmək haqqı arayışına əsasən, kiçik tibb bacısının 2023-cü il üçün aylıq maaşı 345 manat təşkil edir.

6. Elektron məhkəmə informasiya sistemindən çıxarılmış məlumatdan görünür ki, İddiaçı ##.##.2024-cü il tarixində ölkə hüdudlarından kənara çıxmış və ##.##.2024-cü il tarixində geri qayıtmışdır.

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx" MMCdən 9 ay müddətinə hər ay 500 manat olmaqla ümumilikdə 4.500 manat əmək haqqı kimi ödənilməmiş məbləğin, maddi və mənəvi ziyan olaraq müalicə xərcləri olan 10.000 manat məbləğində pulun və 134 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsinə dair ərizə ilə müraciət edərək cavabdeh "xxxx" MMC-dən onunla əmək müqaviləsi bağlamadan işləməsi və nəticədə əmək haqqı ödənilmədiyinə görə əmək haqqı kimi 3.166 manat, cavabdehin təqsiri üzündən səhhətinin pozulması ilə əlaqədar çəkmiş olduğu xərc olaraq 2.000 manat və cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş mənəvi ziyan olan 9.000 manat olmaqla cəmi 14.116 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ##.##.2023-cü il tarixdən- ##.##.2024-cü il tarixinədək cavabdeh "xxxx” MMC-nin reanimasiya və cərrahiyə şöbəsində, müxtəlif işlərin yerinə yetirilməsinə əmək müqaviləsi olmadan və heç bir əmək haqqı ödənilmədən cəlb edilmişdir. Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən onunla müqavilə bağlanılacağını və hər ay rəsmi olaraq 500 manat məbləğində əmək haqqı alacağına dair məlumat verilmişdir. O, 9 ay müddətində hər gün işə səhər iş saatında, vaxtı-vaxtında gələrək iş saatının sonunda işdən çıxmışdır. Cavabdeh MMC və onun rəhbəri Əliyev İbrəhim Nadim oğlunun əməllərində Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsinin tərkibi əlamətləri olduğundan ##.##.2024-cü il tarixdə inzibati xəta hqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmişdir. Əliyev İbrəhim Nadim oğlu barəsində ##.##.2025ci il tarixli inzibati tənbeh vermə haqqında qərarla 3.000 manat, cavabdeh “xxxx” MMC barəsində ##.##.2025-ci il tarixli qərarla 20.000 min manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir.

10. Cavabdehin nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, klinikanın Ləman adlı işçisi olmamışdır, iddiaçı yalnız rəhbərlikdən edilmiş xahiş əsasında təcrübəçi kimi qəbul edilmiş, daha sonra mütəmadi gəlmədiyi və özünün həm psixoloji, həm də təhsilsiz olması səbəbindən təcrübə keçə bilməmişdir. Belə ki, iddiaçı özü qan görəndə halı pisləşdiyi üçün hər hansı bir tibbi xidmət işçisi olmayıb. Yalnız bir–iki ay həftədə bir neçə gün təcrübəçi kimi gəlib. Hətta klinikanın təşkil etdiyi tədbirlərdə, şənliklərdə onun işçi kimi kollektivlə hər hansı şəkli belə olmamışdır. İddiaçının bir neçə dəfə ölkə xaricində olması elə onun iddia tələbində qeyd edildiyi kimi daimi olaraq bir neçə ay işdə olmamasını sübut edir. Həmçinin, klinika barəsində olan qərarda iddiaçının bir neçə ay işlədilməsi səbəbi ilə cərimə edilməmişdir, həmin qərarda neçə ay işləməsi göstərilməmişdir. İddiaçının həmin işə baxılan zaman verdiyi izahatı ilə hazırki tələbdə qeyd edilən müddətlər fərqlidir. Həmin maddənin tərkibi hətta bir gün işçi müqaviləsiz işlədikdə belə yaranır. Bu sübut kimi qəbul edilə bilməz. İddiaçının özünün psixoloji xəstəliyinin olmasının hazırki hadisə ilə hər hansı bir əlaqəsi yoxdur. Özünün tibbi ali təhsili olmadığını, nəticədə işçi kimi işə qəbul edilməyəcəyini əvvəldən bilirdi. Bundan başqa, hər ay üçün 500 manat tələb edilməsi düzgün deyil. Belə ki, klinikada kiçik tibb işçilərinin aylıq əmək haqqı ştat vahidinə görə 2024-cü il üçün 345 manat təşkil edir. İddiaçıya heç kim hər ay 500 manat ödəniləcəyini söz verməmişdir.

11. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim E.F.Vəliyeva) iddia qismən təmin edilmiş, cavabdeh “xxxx” MMCdən 1.725 manat pul, 2.000 manat müalicə xərci və 57 manat dövlət rüsumu olmaqla, ümumilikdə 3.782 manat pulun tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia tələbində 6 ay işlədiyi hər ay üçün 500 manat ödənilməsini tələb etməsinə baxmayaraq cavabdehin barəsində aparılmış inzibati xəta ilə bağlı icraat zamanı ifadəsi alınmış İddiaçı ##.##.2023-cü il tarixində ##.##.2023-cü il tarixədək işlədiyini bildirmiş, məhkəmə iclasında qeyd edilən klinikada 6 ay davamlı işləməsi ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa, kiçik tibb bacısı kimi işlədiyini qəbul etdiyindən və cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş qeyd edilən işçilərlə bağlı aylıq vahid ştat cədvəlinə əsasən gəlirləri 345 manat olması nəzərə alınmaqla həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Bundan başqa məhkəmə cavabdehin iddiaçının klinikada yalnız təcrübə keçməsi fikri ilə razılaşmayaraq bir daha diqqətə çatdırır ki, qeyd edilən hallara artıq klinika barəsində qəbul edilmiş inzibati xəta haqqında məhkəmə qərarlarında qiymət verilmiş, həmin hal öz təsdiqini tapmamışdır.

13. İddiaçının digər tələbi çəkməli olduğu xərc olaraq 2.000 manat və mənəvi ziyan olaraq 9.000 manat tələblə bağlı isə məhkəmə qeyd etmişdir ki, məhkəməyə təqdim edilmiş arayış və epikriz nəticəsində iddiaçının baş vermiş hadisələrdən sonra dərin sarsıntı keçirməklə psixoloji müalicə alması və nəticədə 2.000 manat xərc çəkməsi öz təsdiqini tapır. Hazırda iddiaçının qeyd etdiyi hallar mənəvi ziyan tələbi ilə əhatə edilir.

14. Məhkəmə iddiaçının mənəvi ziyan tələbi ilə bağlı qeyd etmişdir ki, İnsan hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında çəkilmiş maddi ziyana kompensasiya ödənilməsinin ərizəçinin təqdim etdiyi sübutlar və pozuntu ilə ziyan arasında səbəbli əlaqə əsasında müəyyən etsə də, mənəvi ziyana görə kompensasiya ödənilməsinin ərizəçi tərəfindən bunun sübut edilməsi ilə deyil, onun pozuntu nəticəsində müəyyən sarsıntılara, əzaba və məyusluğa məruz qalması ilə əlaqələndirmişdir. Məhkəmə qeyd etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinin VI hissəsinə, Əmək Məcəlləsinin 12, 83.2, 172.1, 172.4, 172.5, 173, 178-ci maddələrinə, Mülki Məcəlləsinin 21.1, 21.2, 459.1-ci maddələrinə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2002-ci il tarixli qərarına, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun * №-li ## ###### 2008-ci il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 119.1, 217.4-cü maddələrinə, Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1 və 9.1.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

16. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunmayan hissəsində ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş guya 2024-cü il üçün kiçik tibb işçilərinin aylıq əmək haqqı 345 manat olması barədə arayış həqiqətə uyğun deyildir. Apellyasiya şikayətinə əlavə edilmiş dövlət sektorunda və özəl sektorda çalışan kiçik tibb işçilərinin 2024-cü il üçün ən aşağı əmək haqqı barədə rəsmi məlumatdan da görünür ki, özəl sektorda çalışan kiçik tibb işçilərinin başlanğıc üçün ən aşağı əmək haqqı 400-600 manat arasında olmuşdur. Buradan da görünür ki, cavabdeh tərəfindən verilmiş həmin arayış həqiqətə uyğun deyildir və hesablanacaq əmək haqqının aşağı olması məqsədilə verilmişdir. Göstərilənlərdən başqa, onun cavabdehin qanunsuz hərəkətləri nəticəsində psixi və mənəvi iztirablar keçirdiyi, uzun müddət müalicə aldığı yalnız müalicə ilə əlaqədar 2.000 manat xərc çəkdiyi sübut olunsa da, şikayət olunan qətnamədə ona mənəvi ziyana görə hər hansı bir məbləğin ödənilməsi qeyd olunmamışdır. Halbuki, məkəməyə təqdim etdiyi sənədlərdən də görünür ki, o əvvəllər heç bir psixi xəstəlik keçirməmiş və belə xəstəliklə müraciət etməmişdir. Bu da onu sübut edir ki, o, cavabdeh tərəfindən uzun müddət işlədilərək əmək haqqı ödənilməməsi səbəbindən ağır psixi sarsıntı keçirərək müalicə almış və həmin xəstəliyin təsiri nəticəsində indiyə qədər heç bir işdə işləyə bilmir. Əgər iddiaçı xəstəliyi keçirməsə idi, indiyə qədər ən aşağı maaşlı işdə işləyərək əmək haqqı kimi ən azı 8.000 manat gəlir əldə edə bilərdi. İş materiallarından da görünür ki, cavabdeh qanunsuz hərəkətləri ilə onu ən azı minimum əmək haqqı kimi də həmin məbləğdə gəlir əldə etməkdən də məhrum etmişdir. Ona görə də məhkəmənin qətnaməsinin ona mənəvi ziyana görə hər hansı bir məbləğ ödənilməməsi hissi ilə qəti şəkildə razı deyil. Onun cavabdehin qanunsuz hərəkətləri nəticəsində psixoloji xəstəliyə tutularq müalicə aldığı və müalicəyə də kifayət qədər xərc çəkdiyi işə əlavə olunmuş sənədlərlə təsdiq olunduğu halda, məhkəmə iddianı qismən-yalnız əmək haqqı və səhhətiylə əlaqədar çəkdiyi xərc hissəsində təmin edərək çəkdiyi mənəvi ziyanla bağlı cavabdehdən heç bir məbləğ tutmamaqla maddi hüquq normasının tələblərini pozmuşdur. Şikayətinə əlavə etdiyi reseptdən də görünür ki, hal-hazırda da onun həmin xəstəlikdən müalicəsi davam edir, müalicəyə əlavə xərclər çəkməkdə də davam edir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 35.VI hissə. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.

22. Azərbayan Respublikasının Əmək Məcəlləsi: Maddə 4-1. Əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Maddə 7.2-3. Aşağıdakı hallarda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir: 2-3.4. tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda; Maddə 172.4. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Maddə 191.1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.

23. Azərbayan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

24. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2002-ci il tarixli Qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

25. “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ** №-li ##.##.2025-ci il tarixli Qərarı: Bənd 3.2.1. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək, tətil etmək, istirahət, sosial təminat almaq hüquqları vardır. Heç kəs zorla işlədilə, əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Bənd 3.2.2. Konstitusiyanın istinad edilən normalarından göründüyü kimi, əmək hüquqları şəxsin əmək münasibətlərinə daxil olduqdan sonra yaranan hüquqları ilə yanaşı, bu münasibətlərə daxil olanadək, habelə xitam verildikdən sonra mövcud olan hüquqlarını da əhatə edir. Bu baxımdan sözügedən hüquqlara hüquqazidd müdaxilə faktının mövcudluğu yoxlanılarkən, işin hallarından asılı olaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və (və ya) ümumi əsaslara uyğun qiymətləndirilmə aparılmalıdır. Bənd 3.2.3. Əmək münasibətləri prosesində mənəvi zərərin vurulmasına əsas olan halların dairəsinə Əmək Məcəlləsində birbaşa göstərilən hallarla yanaşı, bu münasibətlərin subyektlərinin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələnən digər hallar da aiddir. Bənd 3.2.8. Mənəvi ziyanın vurulduğunu iddia edən işçi həmin ziyana görə tələb etdiyi mənəvi təzminatın məbləğini ərizəsində göstərməlidir. Mənəvi təzminatın məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktiki hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Hazırkı işdə iddia qismən təmin olunduğundan, apellyasiya şikayətinə əsasən qətnamə iddiaçı tərəfindən iddianın təmin olunmayan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslığı yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mənəvi zərərin ödənilməsi ilə bağlı iddianın təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi həmin hissədə qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərin əvəzi olaraq 1.000 manat məbləğində vəsait tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

30. İşdən müəyyən edilir ki, iddiaçı cavabdeh MMC-də əmək müqaviləsi bağlanmadan və əmək haqqı ödənilmədən müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bunun nəticəsində "xxxx” MMC və onun rəhbərinin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1ci maddəsinin tələblərinə əsasən inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir.

31. Məhkəmə kollegiyası əmək haqqı tələbi bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən bu tələbə düzgün hüquqi qiymət verilmişdir.

32. Belə ki, işdə olan Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ***/**** nömrəli qərarı ilə müəyyən edilir ki, iddiaçı Azərbaycan Respublikasının Baş prokurorluğuna ünvanladığı məktubda ##.##.2023-cü il tarixindən ##.##.2024-cü il tarixinədək işlədiyini göstərmişdir.

33. Bundan başqa, iddiaçı bildirmişdir ki, o, hər gün işə saat 10:00-da gəlmiş, 17:00da getmişdir. Həmçinin nəzərə alınmalıdır ki, işçi həmin dövrdə 1 həftə işdə olmamış, ölkə hüdudlarını tərk etmişdir.

34. İddiaçı tərəflər arasında əmək haqqı məbləğinin 500 manat məbləğində razılaşdırıldığı barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, apellyasiya şikayətinə əlavə edilmiş sənəd isə rəsmi sənəd olmamaqla süni intellekt tərəfindən hazırlanmış cavabdır.

35. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tam iş günü (8 saat) işləmədiyinə görə həmin vaxt minimum əmək haqqı məbləği - 345 manat nəzərə alınmaqla iddiaçıya əmək haqqı ödənilməsi barədə birinci intansiya məhkəməsinin mövqeyi düzgün olmuşdur.

36. Kollegiya mənəvi zərərin ödənilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, iddiaçının cavabdeh tərəfindən uzun müddət əmək müqaviləsi bağlanılmadan və əmək haqqı ödənilmədən işə cəlb edilməsi inzibati xəta haqqında icraat çərçivəsində təsdiq olunmuşdur. İş üzrə təqdim olunmuş tibbi sənədlərə əsasən, cavabdehin qanunsuz hərəkətlərindən qısa müddət sonra iddiaçının psixoloji sarsıntı keçirdiyi və müalicə aldığı müəyyən olunur.

37. Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən öz müalicəsi üçün çəkdiyi 2.000 manat məbləğində xərc mənəvi zərərin kompensasiyası kimi nəzərə alına bilməz.

38. Hazırkı işdə iddiaçının uzun müddət əmək haqqı almadan işlədilməsi, hüquqlarının pozulması, nəticədə psixoloji sarsıntı keçirməsi və müalicəyə ehtiyac duyması onun mənəvi zərərə məruz qaldığını göstərir.

39. Kollegiya işin hallarını, pozuntunun ağırlıq dərəcəsini nəzərə alaraq hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin olunmalı və ağlabatan məbləğ olaraq cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 1.000 manat məbləğində pul tutulmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402.1, 405 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi mənəvi zərər tələbi ilə bağlı iddianın təmin edilməyən hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilsin. Cavabdeh “xxxx” MMC-dən mənəvi zərərə görə 1.000 manat vəsait tutularaq iddiaçı İddiaçı ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində iddiaçı tərəfindən Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər: Məhəmməd Rüstəmli Rəşid Səmədov Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar