Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(3-6)-955/2026 06.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, İddiaçı cavabdeh “X4” MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsinin əsasının dəyişirilməsi barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(001)-6953/2025 nömrəli qərardadından iddiaçının şikayətinə yazılı icraat qaydasında baxaraq, aşağldakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat 1.İddia ərizəsində tələb olunub ki, iddiaçının əmək kitabçasında əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi barədə qeyd ləğv edilsin, əmək kitabçasında əmək müqaviləsinə işçinin təşəbbüsü ilə xitam verilməsi barədə qeyd yazılsın, əmək müqaviləsinə xitam verilərkən ödənilməmiş əmək haqqı, kompensasiya və məzuniyyət haqqı ödənilsin. 2.İddia ərizəsi icraata qəbul edilib. 3.Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə qərara alınıb ki, iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad onunla əsaslandırılıb ki, mediasiya arayışına görə mediasiya prosesi iddiaçı ilə fiziki şəxs X2 arasında həyata keçirilib, iddia isə başqa şəxsə - “X4” MMC-yə qarşı qaldırılıb. Qərardadda hüquqi əsas kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.13-cü maddəsinin göstərişinə istinad olunub. Həmin maddəyə görə, “Mediasiya haqqında” Qanunun 21.9-cu maddəsində göstərilən hallarda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin hal isə ondan ibarətdir ki, “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış məhkəməyə müraciətə əlavə edilmədikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır. 4.Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin və işə mahiyyəti üzrə baxılsın. Birinci instansiya məhkəməsi şikayəti təmin etməyib və onu baxılması üçün işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərib. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 5.İddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak üçün mediasiya təşkilatına müraciət edib və “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışı iddia ərizəsinə əlavə edib. Həmin arayışdan görünür ki, mediasiya prosesinin əks tərəfi fiziki şəxs X2 olub. Lakin iddia ərizəsində cavabdeh kimi “X4” MMC göstərilib, MMC-nin adı yazıldıqdan sonra iddia ərizəsinin giriş hissəsində X1 da adı yazılıb. 6.İddiaçı şikayətində qeyd edib ki, məhkəmə cavabdehin əsl cavabdehlə əvəz edilməsi imkanından istifadə etməyib. Əgər məhkəmə hesab edibsə ki, cavabdeh düzgün müəyyən edilməyib, belə halda MPM-in 54-cü maddəsinə əsasən, iddiaçının razılığı ilə cavabdehin əsl cavabdehlə əvəz edilməsi məsələsini həll etməli idi. 7.Əmək kitabçasından görünür ki, iddiaçının mübahisələndirdiyi qeyd əmək kitabçasına “X4” MMC tərəfindən deyil, fiziki şəxs X2 tərəfindən yazılıb. Belə ki, əmək kitabçasındakı qeydlərə əsasən iddiaçı xx.xx.2024-cü il tarixli 04K nömrəli əmrlə lombardda əməliyyatçı mühasib vəzifəsinə qəbul edilib, xx.xx.2025-ci il tarixli 26K nömrəli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən həmin vəzifədən azad edilib. Hər iki qeyd fiziki şəxs X2 (VÖEN **********) tərəfindən yazılıb. Dövlət Vergi Xidmətinin internet portalındakı vergi uçotuna alınmış vergi ödəyicliləri barədə məlumatdan görünür ki, həmin şəxs vergi ödəyicisi kimi qeydə alınıb. 8.Birinci instansiya məhkəməsi iddia ərizəsini baxılmamış saxlamazdan əvvəl cavabdehin əsl cavabdehlə əvəz edilməsi məsələsini iddiaçı ilə müzakirə etməli idi. Belə ki, MPM-in 54.1-ci maddəsindən görünür ki, iddia iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə cavabdehi əsl cavabdehlə əvəz edə bilər. Məhkəmənin cavabdehin əsl cavabdehlə əvəz edilməsi məsələsini iddiaçı ilə müzakirə etmək vəzifəsi MPM-in 14.1-ci maddəsindən irəli gəlir. Həmin maddədə qeyd olunub: “Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir”. Lakin birinci instansiya məhkəməsi həmin məsələni iddiaçı ilə müzakirə etmədən iddia ərizəsini baxılmamış saxlayıb. Odur ki, qərardad ləğv edilməli və iş birinci instansiya məhkəməsinə göndərilməlidir. 9.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin olunsun. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(001)-6953/2025 nömrəli qərardadı ləğv edilsin və iş həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-6)-955/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-955/2026
06.03.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver