Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-98/2026 11.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Birliyinə qarşı “işə bərpa, məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi, əmək kitabçasında əmrin dəyişdirilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: işə bərpa) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Səmimə Elşad qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)- 3926/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları, iş üzrə məhkəmə icraatı:
1. İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Birliyinə qarşı işə bərpa, məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi, əmək kitabçasında əmrin dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin işdən çıxarılma haqqında əmrinin ləğvi edilməsi, 3-cü dərəcəli bağban işinə bərpa olunması və məcburi buraxılmış iş vaxtına görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, o, cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Birliyinin Yasamal-1 yaşayış sahəsinə 2-ci dərəcəli bağ fəhləsi kimi xx.xx.2018-ci il tarixdən işə qəbul edilmişdir. xx.xx.2020-ci il tarixdə cavabdeh birliyin 12 nömrəli yaşıllıq sahəsində 3-cü dərəcəli bağ fəhləsi hesab edilmişdir. 2022-ci ildə onunla digər iş yoldaşı Sevda Bədəlova adlı şəxs Nazirlər Kabinetinə texniki vəzifəyə keçirilmə haqqında müraciət etmiş, bu müraciətdən hiddətlənən cavabdeh birliyin rəisi Həsrət Əmrahov məktub yazanlardan Sevda Bədəlovaya hədə gələrək Nazirlər Kabinetinə ərizə yazmağını bildirmişdir. Bundan sonra, o da sədrin təkidi ilə işini itirməmək üçün yazdığı ərizə üzrə yalandan ifadə vermişdir. Cavabdeh birliyin keçmiş sahə rəisi Natiq Abbasov, kadrlar rəisi Nümayəndə2 və hüquqşünası Nümayəndə1 onun haqqında akt tərtib edərək işdən çıxarılmasına nail olmuşlar. Birliyin rəisi işdən çıxarıldıqdan sonra yeni təyin olunmuş rəis Mirdamət Seyidova işə bərpa edilməyi haqqında müraciət etsə də, köməklik göstərilməmişdir. Şahid Ruzi adlı şəxs, Sərdar Mustafayev, Sevda Bədəlovanın həyat yoldaşı Famil Bədəlov da xəbərdardır ki, onun heç bir təqsiri olmamışdır.
Birinci instansiya məhkəməsində icraat:
3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)- 3926/2025 nömrəli qətnaməsilə (hakim R.Quliyev) İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Birliyinə qarşı işə bərpa, məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi, əmək kitabçasında əmrin dəyişdirilməsi tələbinə dair iddiasının təmin olunmaması qət edilmişdir.
4. Məhkəmə qətnamədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı əmrin qəbul edildiyi xx.xx.2022-ci il tarixdən hüquqlarının pozulmasından məlumatlı olmuş, məhkəməyə isə 3 il sonra, 2025-ci ildə yəni, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsi ilə nəzərdə tutulmuş fərdi əmək mübahisəsinin həll üçün 1 təqvim ayı, 296-cı maddəsinin 4-cü hissəsində təsbit olunmuş pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün 1 illik iddia müddətini ötürməklə müraciət etmişdir. Bu səbəbdən cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Birliyinin nümayəndəsi Nümayəndə1 etirazı əsaslı və qanunidir və İddiaçı iddiası təmin olunmamalıdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) Apellyasiya şikayətinin dəlilləri:
5. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində sözügedən faktlar barədə ətraflı araşdırma aparılmamış, hadisələrin şahidi olan insanlar məhkəməyə şahid qismində cəlb olunmamış və nəticədə iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
8. İddiaçı məhkəmə kollegiyasının iclasında izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
9. Cavabdehin nümayəndəsi Nümayəndə2 isə öz izahatında apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq normaları:
10. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
11. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
12. Həmin Məcəllənin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.
13. Azərbaycan Respublikası Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
Apellyasiya baxışının hədləri:
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
15. Hazırkı işdə iddia təmin edilmədiyindən və qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
16. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
17. İş materiallarında olan əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Birliyinin Yasamal-1 yaşayış sahəsinə 2-ci dərəcəli bağ fəhləsi kimi işə qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (işçinin öz təşəbbüsü ilə) əsasən əmək müqaviləsinə xitam verilmişdir.
18. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, hər iki tərəf mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir.
19. İş materiallarında olan İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, başqa işə keçməyi ilə əlaqədar xx.xx.2022-ci il tarixdən Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Birliyinin baş direktoru Həsrət Əmrahovdan işdən azad olunmasını xahiş etmişdir.
20. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Birliyinin 99 saylı, xx.xx.2022-ci il tarixli əmrindən görünür ki, İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (işçinin öz təşəbbüsü ilə) əsasən xitam verilməsi əmr edilmişdir.
21. İş materiallarında olan cavabdehin nümayəndəsinin birinci instansiya məhkəməsinə ünvanladığı etiraz ərizəsindən görünür ki, hazırki iş üzrə qanunla müəyyən edilmiş iddia müddəti keçdiyindən iddianın rədd edilməsini xahiş etmişdir.
22. Beləliklə, iş materialları ilə müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2018-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Birliyinin Yasamal-1 yaşayış sahəsinə 2-ci dərəcəli bağ fəhləsi kimi işə qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə isə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Hazırda İddiaçı məhkəmədən işə bərpa, məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsini və əmək kitabçasında əmrin dəyişdirilməsini xahiş edir.
23. Məhkəmə kollegiyası iş materillarını nəzərdən keçirərək hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə iddia müddətini tətbiq edərək iddia tələbini təmin etməməkdə haqlı olmuşdur.
24. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
25. Həmçinin, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Göründüyü kimi, əmək qanunvericiliyi əmək hüquqlarının müdafiəsi üçün müddətlər müəyyən etmişdir və həmin müddətlər ərzində də səlahiyyətli şəxslər öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilərlər. Bu müddət, yəni iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur.
26. Beləliklə, İddiaçı əmrin qəbul edildiyi xx.xx.2022-ci il tarixdən hüquqlarının pozulmasından məlumatlı olduğundan, məhkəməyə isə 3 il sonra 2025-ci il tarixdə, yəni Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsi ilə nəzərdə tutulmuş fərdi əmək mübahisəsinin həll üçün 1 təqvim ayı, 296-cı maddəsinin 4-cü hissəsində təsbit olunmuş pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün 1 illik iddia müddətini ötürməklə müraciət etdiyindən və cavabdeh tərəf iddia müddətinin tətbiq edilməsi ilə bağlı məhkəməyə müraciət etdiyindən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin iddia müddətinin keçməsi səbəbilə təmin olunmaması barədə düzgün nəticəyə gəlmişdir. Belə olan halda, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
27. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)- 3926/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Xumar Mərdanova Vahid Sadıqov