Məhkəmə qərarları › İş №2(3-6)-992/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-992/2026

13.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-992/2026 13.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı X2 cavabdeh Cavabdeh MTK-ya qarşı mülki iş (Açar sözlər: «sahə fərqinə görə vurulmuş maddi ziyanın ödənilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov Ikram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə Ilahə Novruz qızının katibliyi, Iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı X2 və cavabdeh Cavabdeh MTK tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Işin halları:

1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ** saylı evin ** saylı yaşayış sahəsindən ibarət 4 otaqlı ** saylı mənzil xüsusi mülkiyyət kimi ##.##.2004-cü il tarixdə X2 adına qeydiyyatdan keçmişdir.

2. Bakı şəhəri Nəsimi rayon Icra Hakimiyyəti Başçısının *** saylı, ##.##.2017-ci il tarixli sərəncamına əsasən Nəsimi rayon ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə sözügedən binanın sökülərək yerində çoxmərtəbəli yaşayış binasının tikilməsi üçün onun yerləşdiyi torpaq sahəsi 49 il müddətinə Cavabdeh MMC-yə icarəyə verilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** saylı, ##.##.2021-ci il tarixli qətnaməsinə əsasən cavabdehlər X2 və qeyrilərinin apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2019-cu il tarixli qətnaməsi “Azadlıq prospekti 80 ünvanında tikilən yeni yaşayış binasında cavabdehlərə təmin ediləcək yaşayış mənzillərinin sahələri ilə bağlı” hissədə dəyişdirilmiş, .... X2 ona məxsus mənzilin əvəzində Azadlıq prospekti 80 ünvanında tikiləcək yaşayış binasının 2-ci giriş, 3-cü mərtəbəsində sahəsi 191,8 kv.metr olan 4 otaqlı, ** nömrəli mənzilin təhvil verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** saylı, ##.##.2021-ci il tarixli qətnaməsi ##.##.2021-ci il tarixdə qanuni qüvvəsini almış, ##.##.2021-ci il tarixdə icra vərəqəsi verilmişdir.

5. “xxxx” MMC-nin UNI/Y **-***/** nömrəli, ##.##.2025-ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Vaqif prospekti ilə Azadlıq prospektinin kəsişməsində Cavabdeh MTK tərəfindən tikilmiş çoxmərtəbəli yaşayış binasının II bloku, 3-cü mərtəbəsində yerləşən X2 məxsus 4 otaqlı mənzilin faktiki ümumi sahəsi 169,61 kv.m. təşkil edir.

6. Bakı şəhəri Nəsimi rayon Icra şöbəsinin ##.##.2025-ci il tarixli aktında Bakı şəhəri, Azadlıq prospekti 80 ünvanında tikiləcək yeni yaşayış binasının 2-ci giriş, 3-cü mərtəbəsində sahəsi 191,8 kv.metr olan 4 otaqlı, ** nömrəli mənzilinin təhvil verilməsi göstərilib. Həmçinin aktda təhvil verilən mənzilin sahəsi 191,8 kv.m. deyil, 169,61 kv.metr qeyd edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

7. Iddiaçı X2 cavabdeh Cavabdeh MTK-ya qarşı pul tələbinə dair iddia ərizəsi, iddia tələbinin həcminin artırılması barədə məhkəməyə müraciət edərək Cavabdeh Mənzil-Tikinti Kooperativindən 93280(doxsan üç min iki yüz səksən)manatın və dövlət rüsumu üçün ödənilmiş 369,84 manatın alınaraq X2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.

8. Iddiada göstərilir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** saylı, ##.##.2021-ci il tarixli qətnaməsinə əsasən cavabdehlər X2 və qeyrilərinin apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2019-cu il tarixli qətnaməsi “Azadlıq prospekti 80 ünvanında tikilən yeni yaşayış binasında cavabdehlərə təmin ediləcək yaşayış mənzillərinin sahələri ilə bağlı” hissədə dəyişdirilmiş, X2 ona məxsus mənzilin əvəzində Azadlıq prospekti 80 ünvanında tikiləcək yaşayış binasının 2-ci giriş, 3-cü mərtəbəsində sahəsi 191,8 kv.metr olan 4 otaqlı, ** nömrəli mənzilin təhvil veriləcəyi müəyyən edilmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** saylı, ##.##.2021-ci il tarixli qətnaməsi ##.##.2021-ci il tarixdə qanuni qüvvəsini almış, ##.##.2021-ci il tarixdə icra vərəqəsi verilmişdir. Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin ##.##.2025-ci il tarixli aktında Bakı şəhəri, Azadlıq prospekti 80 ünvanında tikiləcək yeni yaşayış binasının 2-ci giriş, 3-cü mərtəbəsində sahəsi 191,8 kv.metr olan 4 otaqlı, ** nömrəli mənzilinin təhvil verilməsi göstərilib. Lakin aktda da qeyd edilmişdir ki, təhvil verilən mənzilin sahəsi 191,8 kv.m. deyil, 169,61 kv.metrdir. Bu fakt “xxxx” MMC-nin tərtib etdiyi ##.##.2025-ci il tarixli mütəxəssis rəyi ilə də təsdiq edilir. Həmin rəyə əsasən müəyyən edilir ki, Bakı şəhəri, Vaqif prospekti ilə Azadlıq prospektinin kəsişməsində Cavabdeh MTK tərəfindən tikilmiş çoxmərtəbəli yaşayış binasının II bloku, 3-cü mərtəbəsində yerləşən X2 məxsus 4 otaqlı mənzilin faktiki ümumi sahəsi 169,61 kv.metr təşkil edir. Bununla bağlı təhvil-təslim aktında da qeydlər verilmişdir. Göründüyü kimi iddiaçıya təhvil verilməli olan mənzil 22,19 kv.metr az olmaqla təhvil verilib. Icra işi üzrə icraat prosesində iddiaçı tərəfindən mövcud mübahisənin hökmən icra olunması və sahəsi 191,8 kv.m olan mənzilin təhvil verilməsi tələbi ilə dəfələrlə cavabdeh tərəfə müraciət edilməsinə baxmayaraq, icra məmurı tərəfindən bildirilib ki, Cavabdeh MTK-nın istifadəsində sahəsi 191,8 kv.m olan azad mənzil qalmamışdır və bu səbəbdən iddiaçıya qətnamədə qeyd olunan sahəyə uyğun mənzil təhvil verilə bilməz. Qeyd olunan hüquqa zidd əməllərlə bağlı hüquq-mühafizə orqanlarına və aidiyyəti üzrə təşkilatlara müraciətlər də edilmişdir. Iddia ərizəsinə əlavə edilmiş ##.##.2025-ci il tarixli Bakı şəhəri Nəsimi rayon Icra Şöbəsinin aktının məzmunundan görünür ki, Bakı şəhəri, Azadlıq prospekti 80 ünvanında tikiləcək yaşayış binasının 2-ci giriş, 3-cü mərtəbəsində sahəsi 191,8 kv.metr olan 4 otaqlı, ** nömrəli mənzilin təhvil verilməsi göstərilir, lakin həmin mənzil təhvil alınanda sahəsinin 169,61 kv.m. olduğu müəyyən edilir. Iddia ərizəsinə əlavə etdiyi “xxxx” MMCnin UNI/Y **-***/** nömrəli, ##.##.2025-ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyinin məzmunundan görünür ki, Bakı şəhəri, Vaqif prospekti ilə Azadlıq prospektinin kəsişməsində Cavabdeh MTK tərəfindən tikilmiş çoxmərtəbəli yaşayış binasının II bloku, 3-cü mərtəbəsində yerləşən X2 məxsus 4 otaqlı mənzilin faktiki ümumi sahəsi 169,61 kv.m. təşkil edir. Qeyd edilənlərə əsasən mübahisəli mənzilin ümumi sahəsi bayır və ara divarlarının, balkonun məhəccərlərinin və mətbəxin içərisindən keçən havaçəkmə şaxtasının yerləşdiyi sahələr nəzərə alınmadan hesablanmalı, sanitar qovşağı, mətbəx, dəhliz, balkon üçün isə 0,3 azaltma əmsalı tətbiq edilməklə hesablanmalıdır. Yəni, balkon sahəsi y x 0,3=0,3y metr kimi hesablanmalı və digər sahələr üçün azaltma əmsalı tətbiq edilməlidir. Göründüyü kimi iddiaçıya təhvil verilməli olan mənzilin sahəsi 191,8 kv.metr olmalı olduğu halda, faktiki təhvil verilən mənzilin sahəsi 169,61 kv.metrdir. Mənzilin sahəsi 22,19 kv.m. azdır. Beləliklə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin məhkəmə qətnaməsi ilə üzərinə qoyulan öhdəliyi yerinə yetirməyib, uzun müddət mənzilin təhvil verilməsini gecikdirib, mənzili təhvil verərəkən belə sahəsinin az olduğu müəyyən edilib.

9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilərək cavabdeh Cavabdeh MTK-dan 77200 (yetmiş yeddi min iki yüz) manat tutularaq iddiaçı X2 ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olan 343 (üç yüz qırx üç) manatın 306 (üç yüz altı) manat hissəsi cavabdeh Cavabdeh MTK-dan tutularaq iddiaçı X2 ödənilməsi, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat cavabdeh Cavabdeh MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN 1401555071, m/h AZ41NABZ01360100000000003944, SFIFTBIK CTREAAZ22, MEM VÖEN 1700326621, AZ34CTRE00000000000002088501 hesabına köçürülməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** saylı, ##.##.2021-ci il tarixli icra sənədinə əsasən X2 ona məxsus mənzilin əvəzində ona Azadlıq prospekti 80 ünvanında tikiləcək yaşayış binasının 2-ci giriş, 3-cü mərtəbəsində sahəsi 191,8 kv.metr olan 4 otaqlı, ** nömrəli mənzil Cavabdeh Mənzil- Tikinti Kooperativi tərəfindən təhvil verilməlidir. Iddiaçı hesab edir ki, təhvil verilmiş mənzilin faktiki ölçüsü 191,8 kv.metr deyil, 168,48 kv.m olduğu müəyyən edilmişdir. Hal-hazırda iddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativindən 93280 manat (doxsan üç min iki yüz səksən) məbləğində pulun və dövlət rüsumu üçün ödənilmiş 369,84 manat məbləğində pulun alınaraq ona ödənilməsini tələb edir, cavabdeh isə iddia tələbinə etiraz edir. Məhkəmə tərəfindən Bakı şəhəri, Azadlıq prospekti ünvanında inşa edilmiş ** saylı evin ** saylı mənzilin faktiki ümumi sahəsinin müəyyən edilməsi xüsusi bilik tələb edildiyinə görə, iş üzrə tikinti-texniki ekspertizası təyin etmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin **/**** saylı, ##.##.2025-ci il tarixli ekspert rəyinə əsasən 1-ci sual üzrə: rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59- cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-na əsasən, Bakı şəhəri, Azadlıq prospekti ünvanında inşa edilmiş ** saylı evin ** saylı mənzilin ümumi sahəsinin 168,48 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Azadlıq prospekti ünvanında inşa edilmiş ** saylı evin ** saylı mənzilin faktiki ümumi sahəsinin, müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan 172,5 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. 2-ci sual üzrə: ünvan 1 ünvanında yerləşən ** saylı mənzilin faktiki içdən içə (daxili arakəsmələr, yəni tikinti altı sahələr nəzərə alınmaqla) ümumi sahəsinin 179,66 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. ünvan 1 ünvanında yerləşən ** saylı mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsinin 191,8 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. 3-cü və 4-cü suallar üzrə: Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2021-ci il tarixli qətnaməsi ilə təhvil verilməsi nəzərdə tutulan (mənzilin tam sahəsi 191,80 kv.m.) sahə ilə mənzilin faktiki mövcud sahəsi (172,5 kv.m.) arasında 19,3 kv.m. (191,8-172,5) fərq olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında votsap platforması vasitəsilə ekspert qismində dindirilmiş X1 izahatında bildirdi ki, ekspert rəyində ünvan texniki səhv - iddiaçının əvvəlki mənzili üzrə ünvanı göstərilmişdir. Bakı şəhəri, Azadlıq prospekti 80 ünvanında tikiləcək yeni yaşayış binasının 2-ci giriş, 3-cü mərtəbəsində sahəsi 191,8 kv.metr olan 4 otaqlı, ** nömrəli mənzilinə tərəfindən baxış keçirilmişdir. Əmsal tətbiq olunmaqla 168.48, əmsal tətbiq olunmadıqda 172.5 kv.metr sahə müəyyən edilmişdir. Mənzil içdən-içə ölçülür və bunlara azaltma əmsalları tətbiq olunur. Bayır və ara divarlarının alt hissəsi nəzərə alınmamışdır. 179.66 kv.metr mənzilin çöl divarlarına düşən hissə nəzərə alınmamış, yalnız daxili ara kəsmələrin alt hissəsinə düşən hissə nəzərə alınmış, əmsal tətbiq olunmamışdır. 191.8 kv.metr çöldən-çölə hesablanır. Çöl divarın qalınlığı 40 kv.metrdir. Cavabdehin qeyd etdiyi məsələ ilə bağlı qeyd edir ki, cavabdeh MTK tərəfindən nümunə gətirilən mənzilə tərəfindən baxış keçirilərək ölçü işləri aparılmamışdır. Fərqlərin müəyyən edilməsi mümkün haldır. Daşınmaz əmlakın nümayəndələri tərəfindən əsasən layihə sənədindəki ölçülərə baxılaraq da rəy verilmiş ola bilər. Hamid Efendiyevin mənzilində tərəfindən tam ölçü işləri aparılmışdır. Rəyində göstərdikərini müdafiə edir. Həmçinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ##.##.2025-ci il tarixli № CC/***/**-**** nömrəli hesabatından müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən ** saylı mənzilin 1 kv.m. dəyəri qiymətləndirmə tarixinə 4000 manat təşkil edir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- ***/**** saylı, ##.##.2021-ci il tarixli icra sənədinə əsasən cavabdeh tərəfindən iddiaçıya təhvil verilməli olan mənzilin sahəsinin 191,8 kv.metr olmadığı müəyyən edilmişdir. Belə ki, ekspert tərəfindən məhkəmənin sualına cavab olaraq Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2021-ci il tarixli qətnaməsi ilə təhvil verilməsi nəzərdə tutulan (mənzilin tam sahəsi 191,80 kv.m.) sahə ilə mənzilin faktiki mövcud sahəsi (172,5 kv.m.) arasında 19,3 kv.m. (191,8-172,5) fərq olduğu müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən icra sənədi tam icra edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2021-ci il tarixli qətnaməsi ilə təhvil verilməsi nəzərdə tutulan (mənzilin tam sahəsi 191,80 kv.m.) sahə ilə mənzilin faktiki mövcud sahəsi (172,5 kv.m.) arasında 19,3 kv.m. (191,8-172,5) fərqin olması və eyni zamanda iddiaçıya mənzilin təhvil verildiyi tarixə təmirli mənzilin hər kvadrat metri üzrə satış qiymətinin 4000 manat təşkil etməsi barədə rəyi nəzərə alınmaqla cavabdeh tərəfindən iddiaçıya 77200 (yetmiş yeddi min iki yüz) (19,3x4000) maddi ziyan dəyməsi müəyyən edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya dəymiş zərərin əvəzi - 77200 (yetmiş yeddi min iki yüz) (19,3x4000) manat ödənilməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) apellyasiya şikayətlərinin dəlilləri

11. Iddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən (iddia tələbinin təmin edilməyən hissəsində) ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edərək mövqeyini belə əsaslandırmışdır ki, iddiaçıya təhvil verilməli olan mənzilin sahəsi 191,8 kv.metr olmalı olduğu halda, faktiki təhvil verilən mənzilin sahəsi 168,48 kv.metrdir. Mənzilin sahəsi 23,32 kv.m. azdır. "Koroğlu Residence" yaşayış kompleksində (iddiaçıya təhvil verilən mənzilin yerləşdiyi bina) mənzilin 1 kv.metrinin qiyməti 4000 (dörd min) manatdır. Buna görə də, cavabdehdən iddiaçının xeyrinə mənzilin sahəsində yaranan fərqə görə 93280 (doxsan üç min iki yüz səksən) manat pul tutulmalıdır. Aşağıdakı halları qəbul edir, çünki bunlar birinci instansiya qətnaməsində və ekspert, qiymətləndirmə sənədlərində müəyyən edilmiş və mübahisənin predmeti üçün əsas faktlardır: Icra sənədinə görə iddiaçıya təhvil verilməsi nəzərdə tutulan mənzilin “tam sahəsi” 191,8 kv.m kimi göstərilmişdir. Mənzilin sahəsi 191,8 kv.m olmalı idi. Iş üzrə ekspert rəyində mənzilin sahəsi ilə bağlı bir neçə ölçü/hüquqi-hesablama variantı göstərilmişdir; o cümlədən “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na istinadla ümumi sahə - 168,48 kv.m, -azaltma əmsalları tətbiq olunmadan və divaraltı nəzərə alınmadan faktiki ümumi sahə – 172,5 kv.m, -və digər göstəricilər. Birinci instansiya məhkəməsi faktiki mövcud sahə kimi 172,5 kv.m göstəricisini əsas götürərək sahə fərqini 19,3 kv.m (191,8 – 172,5) müəyyən etmişdir. Birinci instansiya məhkəməsi 1 kv.m üzrə bazar qiymətini 4000 manat qəbul etmiş və bu əsasla maddi ziyanı 77.200 manat (19,3 × 4000) hesablayaraq iddianı qismən təmin etmişdir. Təmirli mənzilin 1 kv.metrinin 4000 manat olması hissəsi ilə razıdır. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi, lakin onun qəbul etmədiyi (mübahisələndirdiyi) faktiki hallar: Aşağıdakı halları qəbul etmir, çünki mübahisənin predmeti üçün həlledici olan “faktiki sahə”nin seçimi səhv baza ilə götürülmüş və nəticədə zərər düzgün hesablanmamışdır: Birinci instansiya məhkəməsi sahə fərqinin hesablanmasında “faktiki mövcud sahə” kimi 172,5 kv.m göstəricisini əsas götürmüşdür. Lakin iş materiallarında ekspert rəyinin əsaslandırılmış hissəsində, normativ hesablanma qaydalarına istinadla mənzilin ümumi sahəsinin 168,48 kv.m olduğu ayrıca müəyyən edilmişdir. Onun mövqeyinə görə, mübahisənin predmetinə uyğun “faktiki sahə” kimi məhz 168,48 kv.m qəbul edilməli, sahə fərqi və zərər bu baza ilə hesablanmalıdır (191,8 – 168,48). Məhkəmə 1 kv.m qiymətini 4000 manat qəbul etdiyi halda, sahə fərqini 19,3 kv.m kimi götürdüyünə görə yekun məbləği 77.200 manat müəyyən etmişdir. Hesab edir ki, zərər fərqli sahə bazası (168,48 kv.m) əsasında hesablanmalı olduğundan məbləğ də dəyişməlidir. Aşağıdakı faktiki məqamlar mübahisənin düzgün həlli üçün həlledicidir, lakin qətnamədən görünən hissədə aydın və əsaslandırılmış şəkildə araşdırılmayıb, izah edilməyib: Hansı sahə göstəricisinin mübahisənin predmeti üçün “faktiki sahə” kimi hüquqi cəhətdən əsas götürülməli olması məsələsi: ekspert rəyində 168,48 və 172,5 kimi fərqli göstəricilər var. Lakin məhkəmə niyə 168,48 deyil, məhz 172,5 göstəricisini baza seçdiyini faktiki-hesabi metod baxımından əsaslandırmayıb (seçimin səbəbi və predmetlə əlaqəsi izah olunmayıb). Ekspert rəyində “ümumi sahə”nin normativ qaydalarla 168,48 kv.m müəyyən edildiyi göstərildiyi halda bu göstəricinin zərərin hesablanmasına birbaşa təsiri (sahə fərqinin böyüməsi və zərərin artması) məhkəmə tərəfindən ayrıca faktiki qiymətləndirmə predmetinə çevrilməyib. Həmçinin ekspert məhkəmə baxışı zamanı dinlənilmiş və ona rəy ilə bağlı suallar verilmiş, cavabında bildirmişdir ki, normativ qaydalarla mənzilin sahəsi 168,48 kv.m-dir. Hətta bildirmişdir ki, gələcəkdə daşınmaz əmlak dövlət reyestrində qeydiyyatda alınanda da iddiaçıya mənzilin 168,48 kv.metr ilə sahəsinin nəticələnməsi barədə çıxarış veriləndə bu hesablamalarla ölçü aparılır. Cavabdeh tərəf ekspert rəyinin ziddiyyətli olması və digər sənədlərlə uyğun gəlməməsi barədə etirazlar verdiyini bildirir. Məhkəmə isə öz qətnaməsində ekspert rəyinə “razılaşdığını” qeyd edir. Lakin ziddiyyətin mahiyyətini (168,48/172,5 fərqinin predmet üzrə hansı nəticə doğurduğunu) faktiki əsaslandırma ilə aradan qaldırmır. Zərər vurulmuş şəxsə vurulmuş real zərər və əldən çıxmış fayda tam həcmdə ödənilməlidir. Birinci instansiya məhkəməsi iddiaçının real zərərini tam həcmdə müəyyən etməmişdir. Icra sənədinə əsasən təhvil verilməli sahə 191,8 kv.m olduğu halda, ekspert rəyinin normativ hesablamaya əsaslanan hissəsində faktiki ümumi sahə 168,48 kv.m müəyyən edilmişdir. Buna baxmayaraq, məhkəmə zərəri 172,5 kv.m baza ilə hesablamış və sahə fərqini 19,3 kv.m kimi qəbul etmişdir. Nəticədə iddiaçının real zərəri (191,8 – 168,48 = 23,32 kv.m) tam həcmdə müəyyən edilməmiş və zərər azaldılmış məbləğdə hesablanmışdır. Bu isə MM-nin 21-ci maddəsində nəzərdə tutulmuş zərərin tam ödənilməsi prinsipinin pozulmasıdır. Məhkəmə qətnaməsi ilə cavabdehin üzərinə konkret sahədə (191,8 kv.m) mənzil təhvil vermək öhdəliyi qoyulmuşdur. Faktiki təhvil verilən mənzil həmin sahəyə uyğun deyildir. Bu halda öhdəlik lazımi qaydada icra olunmamışdır. Məhkəmə isə öhdəliyin tam və düzgün icra edilməməsi nəticəsində yaranmış fərqi düzgün hüquqi qiymətləndirməmiş, sahə fərqini tam həcmdə nəzərə almamışdır. Beləliklə, öhdəliyin lazımi qaydada icra edilməməsi faktı tam hüquqi nəticə doğurmamışdır ki, bu da MM-nin 439.1-ci maddəsinin düzgün tətbiq edilməməsidir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsi Yaşayış binalarında mənzillərin ümumi sahəsinin hesablanma qaydaları müəyyən edilir; ümumi sahə divaraltı sahələr nəzərə alınmadan hesablanır. Ekspert rəyində normativ qaydalara əsasən mənzilin ümumi sahəsi 168,48 kv.m kimi müəyyən edilmişdir. Məhkəmə isə normativ hesablanmaya əsaslanan göstəricini deyil, azaltma əmsalları tətbiq olunmadan hesablanmış 172,5 kv.m göstəricisini əsas götürmüşdür. Bu isə Şəhərsalmavə Tikinti Məcəlləsinin 59-cu maddəsinin tətbiq mexanizminin düzgün qiymətləndirilməməsi deməkdir, çünki mübahisə “ümumi sahə” üzrədir və normativ anlayış əsas götürülməli idi.

12. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edərək mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh tərəfindən mənzil faktiki olaraq təhvil verilmiş, yəni öhdəlik icra edilmişdir. Bu halda, zərər hesablanması üçün hüquqi əsas mövcud olmamışdır. Cavabdeh tərəfindən ekspert rəyinin ziddiyyətli olması, dövlət çıxarışları ilə uyğun gəlməməsi barədə etirazlar təqdim edilsə də, məhkəmə həmin etirazlara hüquqi qiymət verməmişdir.

Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları.

13. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddiaçının apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın tam təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi.

14. Işə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh Cavabdeh MTK-nın nümayəndəsi məhkəmə iclasında iştirak etmədi və səbəbi barədə məhkəməyə məlumat vermədi. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 425.1 və 425.2. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 4431. və 443.2. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zrərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə 762.1.Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Maddə 764.1. Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. Maddə 764.2. Sifarişçi podratçıdan qüsurun aradan qaldırılması üçün zəruri xərclər hesabına avans tələb edə bilər. Maddə 765. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur; Maddə 766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. Maddə 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər.

16. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi:

Maddə 59.1. Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Maddə 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

18. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər qətnamənin ləğv edilməsi, iddianın tam təmin edilməsi və ya təmin edilməməsi üçün əsas ola bilməz.

19. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## ####### 2020-ci il tarixli **/**** nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

21. Apellyasiya şikayətlərinin nəticə hissəsindən, eləcə də, şikayətlərin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün şikayətlərin obyektini qətnamənin bir hissəsi, yəni iddiaçının apellyasiya şikayətində iddianın təmin edilməyən hissəsi, cavabdehin apellyasiya şikayətində isə iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətlərin predmeti də qətnamənin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

22. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayətləri üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

23. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə düzgün olmuşdur.

24. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. Ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia təmin edilən hissədə haqlı sayılır.

25. Əlbəttə, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

26. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

27. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli, ətraflı və qərəzsiz olaraq araşdırma aparılmasına şərait yaradılımış və təqdim edilmiş sübutlar araşdırılmaqla düzgün nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə tərəfindən iddianın mahiyyətinə uyğun aparılmış hüquqi dəyərləndirmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla dəqiq olmuş və hansısa maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya şikayətlərinin dəlilləri təsdiq olunmadığından, üstəlik qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən qətnamə tərəflərin mübahisələndirdikləri hissədə ləğv edilə bilməz. Buna baxmayaraq, şikayətlərin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi dəyərləndirmə aparılmasında əlavə bir fayda vardır.

28. Tərəflər arasında hazırki mübahisənin yaranmasının səbəbi öhdəliklərin cavabdeh tərəfindən qüsurla yerinə yetirməsi ilə əlaqədar olmuşdur. Belə ki, cavbdeh Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** saylı, ##.##.2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçıya ona məxsus mənzilin əvəzində, yeni yaşayış binasında sahəsi 191,8 kv.metr olan mənzilin təhvil verilməsini öhdəsinə götürüb. Iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirdiyini, mənzil inşa edənin isə öhdəliyini qüsurla icra etdiyini, buna baxmayaraq nə bu qüsuru aradan qaldırdığını, nə də onun aradan qaldırılması üçün aldığı muzdun qüsur həcmində hissəsini ona qaytarmadığını, bundan yayınmağa çalışdığı üçün də hazırki iddianı irəli sürdüyünü qeyd edir.

29. Məhkəmə tərkibi iddiaçının apellyasiya şikayətinin iddianın təmin edilməyən hissəsi üzrə dəlillərini əsaslı hesab etmir. Çünki iddia təmin edilməyən hissədə əsassız olmaqla yanaşı, mövcud məhkəmə təcrübəsinə də zidd hesab edilir. Ona görə də məhkəmə bu hissədə əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət görmür. Belə ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci və 59.3-cü maddəsinə və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının "04" dekabr 2012-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş "Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları"nın 3.2-ci bəndindəki normaların tələbləri də iddiaçının şikayətinin əsaslı olduğunu təsdiq etmir. Bu cür nəticə Ali Məhkəmənin icraatında olmuş mübahisələr üzrə də mövcud məhkəmə praktikasına uyğun sayılır.

30. Başqa sözlə, birinci instansiya məhkəməsi sahə fərqinin hesablanmasında “faktiki mövcud sahə” kimi 172,5 kv.m göstəricisini əsas götürməkdə haqlı olub. Belə ki, ekspert rəyində normativ qaydalara əsasən mənzilin ümumi sahəsi 168,48 kv.m kimi müəyyən edilsə də məhkəmənin normativ hesablanmaya əsaslanan göstəricini deyil, azaltma əmsalları tətbiq olunmadan hesablanmış 172,5 kv.m göstəricisini əsas götürməsi Ali Məhkəmənin formalaşdırdığı məhkəmə təcrübəsinə uyğun hesab edilir. Ona görə də bu hal Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin tətbiqi mexanizminin düzgün qiymətləndirilməməsi sayıla bilməz. Yəni, mübahisə “ümumi sahə” üzrə olsa bu cür hallarda ölçmə azalma əmsalları tətbiq olunmadan hesablanır.

31. Cavabdehin apellyasiya şikayətinin dəlilləri də təsdiq olunmadığından mübahisələndirdiyi hissədə qətnamənin ləğv edilməsi üçün əsas sayıla bilməzdi. Belə ki, cavabdeh tərəfindən mənzilin faktiki olaraq təhvil verilməsi, öhdəliyinin lazımınca icra edilməsi demək deyil. Çünki öhdəliyin kəmiyyət baxımından qüsurla icra edilməsi mötəbər sübutlarla təsdiq olunur. Əksinə bu hal da, zərər hesablanması üçün hüquqi əsas yaradır. Ekspert rəyinin ziddiyyətli olması, dövlət çıxarışları ilə uyğun gəlməməsi barədə dəlillər də formal istifadə olunan mülahizə sayılır.

32. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, iddiaçı və cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın qismən təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda müqavilədən və məhkəmə qərarından irəli gələn öhdəliklər və hüquqdan pis niyyətlə sui-istifadə etmə institutlarının yaranmasına da zərurət və əsas olmazdı.

33. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayətləri təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Apellyasiya şikayətləri təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar