Məhkəmə qərarları › İş №2(3-7)-101/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-101/2026

04.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(3-7)-101/2026 04.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X3 (sədrlik edən məruzəçi), X4 və Mehtiyev Fİkrət Ədilşah oğlundan ibarət tərkibdə, Naftalan Şəhər Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(5-147)-2/2026 nömrəli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə Naftalan Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.1977-ci il tarixdə Naftalan şəhərində anadan olmuş X2 xx.xx.2025-ci il tarixdə Rusiya Federasiyası Donetsk Xalq Respublikası Dobropolskiy rayonu, Koptevo yaşayış məntəqəsində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.2025-ci il tarixdə Donetsk Xalq Respublikası Dobropolskiy rayonu, Koptevo yaşayış məntəqəsində həqiqi hərbi xidmət vəzifəsini icra edərkən vəfat etmişdir. X2 ölümü haqqında Rusiya Federasiyası Müdafiə Nazirliyi Federal dövlət idarəsinin 2 №-li filialın “111 Baş dövlət məhkəmə - tibbi və kriminalistik ekspertiza mərkəzinin” 29 oktyabr 2025-ci il tarixli, Seriya 60, № ********* Ölüm haqqında tibbi Şəhadətnamə verilmişdir. Həmin tibbi şəhadətnamə Azərbaycan Respublikası tərəfindən tanınmamış, Rusiya Federasiyasının Donetsk Xalq Respublikasına aid olduğuna görə onun ölümünün qeydə alınması üçün həmin sənədə istinad edilməsi mümkün olmamışdır. Maraqlı şəxs tərəfindən X1 ölüm faktının təsdiq edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur Naftalan Şəhər Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(5-147)-2/2026 nömrəli qərardadı ilə (hakim Ayaz Səlimov) Ərizəçi Maraqlı şəxsnə qarşı ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan Ərizəçi nümayəndəsi şikayət verərək, Naftalan Şəhər Məhkəməsinin xx.xx.2026 -cı il tarixli, 2(5-147)-2/2026 saylı qərardadının ləğv edilməsi və iş üzrə Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair xüsusi icraat qaydasında vermiş olduğu ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ərizəni icraata qəbul etməmə haqqında qərardad qanunsuz və əsassızdır. Buna görə də həmin qərardad ləğv edilməli və ölüm faktının müəyyən edilməsinə dair xüsusi icraat qaydasında verilmiş ərizə icraata qəbul edilməlidir. Belə ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktı ümumiyyətlə müvafiq icra hakimiyyəti orqanlarında qeydə alınmadıqda, qeydə alınmasından imtina edildikdə maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edir və AR MPM-nin 307.2.8-ci maddəsində nəzərdə tutulmuş qaydada həll olunur. Ölmüş şəxs barədə ölüm haqqında tibbi şəhadətnamə Azərbaycan Respublikası tərəfindən tanınmamış RusiyaFederasiyasının Donetsk Xalq Respublikasına aid olduğuna, ölümün qeydə alınması üçün həmin sənədə istinad edilməsini qeyri - mümkün hesab etdiyinə görə və akt qeydi barədə məlumat olmadığı üçün Maraqlı şəxs xx.xx.2025-ci il tarixli məktubla ərizəçiyə məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. Ərizəçi xüsusi icraat qaydasında AR MPM-nin 149, 150, 305, 306, 307-311 və 307.2.8-ci maddəsinin tələblərinə uyğun olaraq “Ölüm faktının müəyyən edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmə isə ərizəçinin ərizəsinin icraata qəbul edilməsindən imtina etmişdir. Ərizəçi xüsusi icraat qaydasında məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə isə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina etmişdir. Bu halda məhkəmə AR Ailə Məcəlləsinin 158.2-ci, 159.2-ci və 195-ci maddəsinin və AR NK-nin xx.xx.2003-cü il tarixli, 145 №-li Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” nın 1.4-cü, 8.1 və 8.5-ci bəndlərinin tələbləri üzrə ərizəçinin hüquqlarını pozmuşdur. Eyni zamanda da hakim göstərilən normaların tələblərinə əməl etməyərək onları pozmuşdur. Hakim hazırkı iş üzrə AR MPM-nin 305 - 310-cu maddələrini düzgün şərh və tətbiq etməmiş, onları pozmuşdur. Ölüm faktının müəyyən edilməsi hüquqi əhəmiyyəti olan fakt olmaqla, hüquq haqqında mübahisə olmayan sadə yolla məhkəmə qaydasında xüsusi icraat qaydasında baxılan işlərə aiddir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli Qərarının: 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının 4. 5. 6.

7. müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə baxır. 308. hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir 310.1. ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. AR MPM-nin 2.1, 4.1-ci maddələri müəyyən edilməsini biri birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur; 9-cu bəndinə əsasən MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003 - ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir; Göründüyü kimi Maraqlı şəxs ərizə ilə birlikdə təqdim edilmiş ölüm haqqında tibbi şəhadətnamə Azərbaycan Respublikası tərəfindən tanınmamış, Rusiya Federasiyasının Donetsk Xalq Respublikasına aid olduğuna görə şəxsin ölümünün qeydə alınması üçün həmin sənədə istinad edilməsini qəbul etməmişdir. Bu halda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. 9.4-cü bəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsindəölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qanunverici hüquq tətbiqedici orqanlar üçün müəyyən olunması çətinlik yaradan mübahisəsiz faktların daha sadə yolla məhkəmə qaydasında təsbit olunmasına şərait yaratmaqla həm maraqlı şəxslərin, həm də dövlət orqanlarının işini asanlaşdırsa da, məhkəmədə isə bunu həyata keçirmək mümkün deyildir. Naftalan Şəhər Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(5-147)-2/2026 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Naftalan Şəhər Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(5-147)-2/2026 nömrəli qərardadı ləğv edilməli, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş Naftalan Şəhər Məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ərizəçinin tələbi mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməli, ərizəçiyə inzibati orqana qarşı müvafiq inzibati məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüququnun olması izah edilməlidir. Birinci instanisya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» 10 aprel 2015-ci il tarixli 4 saylı qərarında da məhkəmələrin nəzərinə çatdırılmışdır ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə “MPM”) 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə “İPM”) 2-ci maddəsi, habelə həmin Məcəllənin XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırki iddia tələbinin mahiyyətindən isə görünür ki, ərizəçi xx.xx.1977-ci il tarixdə Naftalan şəhərində anadan olmuş X2 xx.xx.2025-ci il tarixdə Rusiya Federasiyası Donetsk Xalq Respublikası Dobropolskiy rayonu, Koptevo yaşayış məntəqəsində ölməsi faktının müəyyən edilməsini xahiş etmiş, səbəb kimi isə Rusiya Federasiyası Müdafiə Nazirliyi Federal dövlət idarəsinin 2 №-li filialın “111 Baş dövlət məhkəmə - tibbi və kriminalistik ekspertiza mərkəzinin” 29 oktyabr 2025-ci il tarixli, Seriya 60, № ********* Ölüm haqqında tibbi Şəhadətnaməsinin Maraqlı şəxs tərəfindən qəbul edilməməsi olmuşdur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 10 aprel 2015-ci il tarixli qərarının 9.1-ci bəndində qeyd edilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə, habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması, yaxud vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Birinci instansiya məhkəməsi isə “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 10 aprel 2015-ci il tarixli qərarının 9.1-ci bəndinə istinad edərək ərizəni icraata qəbul etməkdən imtina etmişdir. Halbuki hazırki iş üzrə ərizəçinin tələbi Maraqlı şəxs 19 dekabr 2025-ci il tarixli məktubu əsasında ölümün qeydə alınmasından imtina etməsini mübahisələndirməmiş, qardaşı X2 xx.xx.2025-ci il tarixdə Rusiya Federasiyası Donetsk Xalq Respublikası Dobropolskiy rayonu, Koptevo yaşayış məntəqəsində vəfat etməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi ilkin mərhələdə hazırkı işin inzibati məhkəmə icraatı qaydasında baxılmalı olması barədə gəldiyi qənaətlə razılaşsa da, hesab edir ki, birinci instansiya məhkəməsi həmin qənaətə gələrkən Donetsk Xalq Respublikasının beynəlxalq hüququnun subyekti kimi tanınmamasını və həmin qurum tərəfindən qəbul edilmiş qərarların və sənədlərin Azərbaycan Respublikasında tanınmamasını və bununla da, vətəndaşın inzibati icraaat qaydasında müraciət etməsinin müsbət həllini tapmayacağının əvvəlcədən məlum olmasını nəzərə almamışdır. Əks yanaşma nəticəsi olmayan əlavə məhkəmə aradırmalarına səbəb olar və məhkəməyə müraciət hüququnu, məhkəmələrə əlçatanlığı məhdudlaşdırmış olardı. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Naftalan Şəhər Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(5-147)-2/2026 nömrəli qərardadı ləğv edilməli və ərizənin mümkünlük məsələsinə baxılması üçün iş Naftalan Şəhər Məhkəməsinə göndərilməlidir. Lakin bununla belə məhkəmə kollegiyası qeyd edir ki, yenidən ərizənin icraata qəbul edilməsi məsələsi müzakirə edilərkən X2 xx.xx.2025-ci il tarixdə Rusiya Federasiyası Donetsk Xalq Respublikası Dobropolskiy rayonu, Koptevo yaşayış məntəqəsində ölməsi faktının müəyyən edilməsinin ərizəçiyə nə üçün lazım olması, X2 Azərbaycan Respublikasının vətəndaşı olub-olmaması, onun Azərbaycan Respublikasında daimi yaşayış yerinin və ya əmlakının olub-olması kimi məsələlər araşdırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0.2-ci maddəsinə əsasən, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 4.1, 398.0.2 və 402-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ:

Naftalan Şəhər Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(5-147)-2/2026 nömrəli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Naftalan Şəhər Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(5-147)-2/2026 nömrəli qərardadı ləğv edilsin. İddia ərizəsinin icraata qəbul qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş Naftalan Şəhər Məhkəməsinə göndərilsin. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar