Məhkəmə qərarları › İş №2(3-7)-1213/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-1213/2026

26.08.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-1213/2026 26.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının Iddiaçı X2 cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: müddət ötürülüb, şikayət geri qaytarılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay Ismayıl qızı və X1 ibarət tərkibdə, Müəyyən etdi: Iddiaçı X2 cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh Tovuz rayonu Əlimərdanlı kəndində yerləşən reyestr nömrəsi ************- ***** nömrəli, qeydiyyat tarixi ##.##.2021-ci il olan xüsusi mülkiyyətində olan evindən çıxarılmasına və qanunsuz müdaxiləsinə son qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Iş üzrə zərurət yarandığından X2 adına fərdi yaşayış evinin olub-olmaması barədə Azərbaycan Rerspublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin ** saylı Tovuz Ərazi Idarəsinə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq bildirilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestrində olan arxiv məlumatlarına əsasən X2 adına fərdi yaşayış evinin qeydiyyata alınmasına dair ** saylı Tovuz Ərazi Idarəsində məlumat aşkar edilməmişdir. Lakin, məhkəmə iclasında tərəflər X2 adına fərdi yaşayış evinin olduğuna dair Çıxarış təqdim etmişlər. Nəticədə, Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərardadına əsasən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin ** saylı Tovuz Ərazi Idarəsi 1000 manat məbləğində cərimə olunmuşdur. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin ** saylı Tovuz Ərazi Idarəsi tərəfindən məhkəməyə ərizə təqdim edilərək, həmin cərimənin silinməsi xahiş edilmişdir. Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə ərizə qismən təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərardadına əsasən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin ** saylı Tovuz Ərazi Idarəsi barəsində tətbiq edilmiş 1000 manat məbləğində cərimənin miqdarının azaldılaraq, 500 manat müəyyən edilməsi qərara alınmışdır. Bundan sonra Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin ** saylı Tovuz Ərazi Idarəsi tərəfindən şikayət verilmiş, Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli və ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadlarının ləğv edilərək, cərimənin tətbiq edilməsi tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Tovuz Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə şikayət geri qaytarılmışdır. Həmin qərardaddan narazı qalan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin ** saylı Tovuz Ərazi Idarəsinin nümayəndəsi şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq işə yazılı icraat qaydasında baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayətlər üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Ona görə də, Məhkəmə kollegiyası hazırkı işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, iş materiallarını araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli və Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materiallarından görünür ki, məhkəmənin ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qərardadından verilmiş şikayət ##.##.2026-cı il tarixdə məhkəməyə daxil olmuşdur. Lakin, həmin qərardad elektron imza edilməklə ##.##.2026-cı il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinə məxsus şəxsi kabinetə yerləşdirilmişdir. Göründüyü kimi şikayət qanunla nəzərdə tutulmuş prosessual müddət ötürülməklə verilmişdir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Göründüyü kimi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən şikayət qanunla nəzərdə tutulmuş prosessual müddət ötürülməklə verilsə də, müddətin bərpasına dair vəsatət verilməmişdir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən şikayət təmin edilməməli, iş üzrə Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının MPM-in 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyətinə malikdir. Eyni zamanda Azərbaycan Respublikasının MPM-in 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 133, 263, 264, 267, 398 və 402-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Şikayət təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar