Məhkəmə qərarları › İş №2(3-7)-1222/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-1222/2026

07.09.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-1222/2026 07.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI . Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadından cavabdeh İsgəndərova Səma Alim qızı tərəfindən verilmiş şikayətə dair iş üzrə Açar sözlər: qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsi Hakimlər Məmmədov Tural Nurulla oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi ilə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadından cavabdeh İsgəndərova Səma Alim qızı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında baxaraq ,qərardad qəbul etdi. İşin halları

1. İddiaçı İsmayılov Seymur Əli oğlu cavabdehlər İsgəndərov Xəqani İsfəndiyar oğluna və İsgəndərova Səma Alim qızına qarşı iddia ərizəsiylə məhkəməyə müraciət edərək, cavabdehlərin onun mülkiyyətində olan Gəncə şəhəri, Turgenev küçəsi, ev 21 Yeni qaydalarla: AZ 20006, Gəncə şəhəri, İvan Turgenev küçəsi, giriş 11 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması və onlara məxsus əşyalarının evdən boşaldılaraq həmin evin onun sahibliyinə və istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tаrixli *(***)-****/**** nömrəli qətnaməsi ilə (iddiaçı İsmayılov Seymur Əli oğlunun iddiası təmin edilmiş, cavabdehlər İsgəndərov Xəqani İsfəndiyar oğlu və İsgəndərova Səma Alim qızı iddiaçı İsmayılov Seymur Əli oğluna məxsus Gəncə şəhəri, Turgenev küçəsi, ev 21 Yeni qaydalarla: AZ 20006, Gəncə şəhəri, İvan Turgenev küçəsi, giriş 11 ünvanında yerləşən fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılmaları və həmin evin boşaldılaraq iddiaçı İsmayılov Seymur Əli oğluna təhvil verilməsi qət edilmişdir.

3. Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh İsgəndərov Xəqani İsfəndiyar oğlu tərəfindən apellyasiya şikayəti verilmiş, apellyasiya şikayəti baxılması üçün mülki iş ilə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir.

4. Gəncə Apellyasiya Məhkəməsinin 2(3-7)-94/2026 ##.##.2026-cı il qərardadı ilə Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli qərardadı ləğv edilmiş və Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(125)-5297/2025 s qətnaməsindən cavabdeh İsgəndərova Səma Alim qızı tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Gəncə Apellyasiya Məhkəməsinin icraatında olan *(*-*)-**/**** nömrəli mülki iş apellyasiya baxışından çıxarılmış və Gəncə Şəhər Məhkəməsinə geri qaytarılmışdır.

5. Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il qərardadı ilə Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh İsgəndərova Səma Alim qızı tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır.

Birinci instansiya məhkəməsində icraat

6. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi cavabdeh İsgəndərova Səma Alim qızının elektron kabinetinə ##.##.2025-ci il tarixdə yerləşdirilmişdir. ərizəçinin nümayəndəsi şikayəti ##.##.2026-cı il tarixdə - yəni şikayət üçün nəzərdə tutulmuş müddətdən 25 gün keçdikdən sonra vermiş və buraxılmış müddətin üzürlü hesab edilməsi barədə məhkəməyə ərizə verməmişdir. İddiaçı tərəfindən apellyasiya şikayəti vermək üçün nəzərdə tutulan müddət buraxılmışdır.

7. Cavabdeh İsgəndərova Səma Alim qızının Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadından şikayətlə məhkəməyə müraciət edərək qərardadın ləğv edilməsini, mülki işin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

8. Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il qərardadı ilə ilə, şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Qərardaddan şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Qərardaddan şikayətinin dəlilləri

9. Сavabdeh şikayətini onunla əsaslandırmışdır ki, Gəncə Şəhər Məhkəməsinin *(***)- ****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı ilə Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh İsgəndərova Səma Alim qızı tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Məhkəmə öz qərardadında Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi cavabdeh İsgəndərova Səma Alim qızının elektron kabinetinə ##.##.2025-ci il tarixdə yerləşdirildiyini, mübahisələndirilən ərizəçinin nümayəndəsi şikayəti ##.##.2026-cı il tarixdə, yəni şikayət üçün nəzərdə tutulmuş müddətdən 25 gün keçdikdən sonra vermiş və buraxılmış müddətin üzrlü hesab edilməsi barədə məhkəməyə ərizə vermədiyini qeyd etmişdir. Belə ki, qərardadı qanunsuz və əsassız olduğundan ləğv edilməli və apellyasiya şikayəti baxılması üçün iş materialları ilə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməlidir. Hazırkı mülki iş üzrə qəbul edilmiş qətnamə şəxsən təqdim edilmədiyi üçün qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin başlanğıcı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Həmin Məcəllənin 134.1.5-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8- ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri «Poçt haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə qətnamənin elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə məhkəmə sənədinin S.S Süleymanova çatdırılmış olduğu qənaətinə gəlməklə prosessual hüquq normasının tətbiqində yanlışlığa yol vermiş və bununla da prosessual hüquq normasının göstərişlərini pozmaqla qərardad qəbul etmişdir.

Qərardaddan şikayətə qarşı etirazın dəlilləri

10. Qərardaddan şikayətə qarşı etiraz daxil olmamışdır.

Apellyasiya baxışının hədləri

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərinə aid edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

13.M a d d ə 7 2 . Vətəndaşların vəzifələrinin əsası

İ. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. II. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. III. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

14. Maddə 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır.

15. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.

16. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir

17. Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.

18. Maddə 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.

19. Maddə 129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.

20. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

21. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddət keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onu vermiş şəxsə qaytarılır.

22. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

23. Maddə 134.1.5. Məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir.

24. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

25. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

26. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

“C.İsmayılzadənin şikayətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2007-ci il tarixli Qərarı

27. “Qanunverici MPM-də qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını (MPM-nin 357-401, 402-421-ci maddələri) müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur.”

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Qərardad və şikayətin dəlillərini araşdıran məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır.

29. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsinin cavabdeh tərəfindən şikayət verilən ##.##.2025-i il tarixli qətnaməsi cavabdehin ##.##.2025-ci il tarixində “Elektron məhkəmə” sistemində yaradılmış elektron kabinetində yerləşdirilməklə, elektron qaydada çatdırılmışdır. Cavabdehin həmin qətnamədən ##.##.2026-cı il tarixində verdiyi apellyasiya şikayəti Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə ona geri qaytarılmışdır.

30. Göründüyü kimi, cavabdeh tərəfindən Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tаrixli *(***)-****/**** nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verilməklə müddəti ötürmüşdür.

31. Şikayətin düzgün həlli üçün qanunvericiliyin apellyasiya şikayəti vermə müddəti, bu müddətin başlanması və sair kimi hüquqi əhəmiyyət kəsb edən prosessual hüquq normaları təhlil olunmalıdır. Qeyd olunmalıdır ki, qətnamədən şikayət onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə verilə bilər.

32. Müddətlərin hesablanması qaydalarını müəyyən edən Azərbaycan Respublikası MPMnin 128.3-cü maddəsinə görə illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.

33. Kollegiya qeyd edir ki, hazırkı üş üzrə cavabdeh tərəfindən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.

34. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır.

35. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyətinə malikdir.

36. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə əsasən, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.

37. Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar