Məhkəmə qərarları › İş №2(3-7)-175/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-175/2026

07.04.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-175/2026 07.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasınun hakimləri-X1 (sədrlik edən məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Ibrahimli Güləsər Rəhim qızının katibliyi, Iddiaçı İddiaçı, onun nümayəndəsi, vəkil Vəkil və cavabdeh Azərbaycan Dövlət Su X14 X4 Xidməti Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Dövlət Su X14 X4 Xidməti Cavabdeh qarşı işə bərpa və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Daşkəsən Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Dövlət Su X14 X4 Xidməti Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın surətindən görünür ki, İddiaçı üçüncü dərəcəli əllilik təyin edilmişdir.

2. ## ###### 2003-cü il tarixli ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı ## ####### 2024-cü il tarixli **/k nömrəli əmrlə X5 Sistemlərinin Istismar Idarəsinin nasos stansiyasının istismarı sahəsinə nasos qurğularının maşinisti peşəsinə 3 ay müddətinə təyin edilmişdir.

3. Azərbaycan Dövlət Su X14 X4 Xidməti Cavabdeh ## ####### 2024-cü il tarixli əmrin surətindən görünür ki, İddiaçı ## ####### 2024-cü ildən X4 Xidməti Publik hüquqi şəxsin strukturuna uyğun olaraq X5 Sistemlərinin Istismar Idarəsinin nasos stansiyalarının istismari sahəsinə nasos qurğularının maşinisti peşəsinə 3 ay müddətinə təyin olunmuşdur.

3. Azərbaycan Dövlət Su X14 X4 Xidməti Cavabdeh ## ###### 2025-ci il tarixli *** saylı xəbərdarlıq verilməsi haqqında əmrinin surətindən görünür ki, Cavabdeh baş mühəndisi X2 ##.##.2025-ci il tarixli məlumatına əsasən ##.##.2025-ci ildə həmin idarənin mühəndisi və Suların Istifadəsinə və X9 XIdmətinin ** saylı X6 Bölməsinin əməkdaşı ilə birlikdə qrafikə uyğun əraziyə baxış keçirərkən idarənin nasos stansiyalarının nasos qurğularının maşinisti İddiaçı iş zamanı xidməti ərazidə olmadığı aşkarlanmış və ona Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü bəndinə əsasən xəbərdarlıq verilmişdir.

4. Azərbaycan Dövlət Su X14 X4 Xidməti Cavabdeh ## ###### 2025-ci il tarixli *** saylı intizam tənbehinin tətbiq olunması haqqında əmrinin surətindən görünür ki, İddiaçı özünə şifahi və yazılı xəbərdarlı edilməsinə baxmayaraq, yenidən nizam intizam qaydalarını ciddi şəkildə pozmuş, idarə rəisini təhqir etmiş, şərəf ləyaqətini alçaltmış və işin ümumi işin gedişinə əngəl törətmişdir. Buna görə də, ona Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən töhmət verilmişdir.

5. Azərbaycan Dövlət Su X14 X4 Xidməti Cavabdeh ## ###### 2025-ci il tarixli * nömrəli məktubundan görünür ki, İddiaçı ## ###### 2025-ci il tarixdə saat 10:00-da keçiriləcək X12 Istismarı Idarəsinin ilk Həmkarlar Ittifaqının iclasına dəvət olumuşdur.

6. Cavabdeh ilk Həmkarlar Ittifaqı Komitəsinin * saylı protokolu ilə ##.##.2025-ci il tarixdə 12 nəfərin iştirakı ilə iclas keçirilmiş və İddiaçı törətdiyi əməllər kobud əmək intizamı pozuntusu hesab edildiyindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi məqsədə müvafiq hesab edilmişdir. Protokolu sədr B.Ə.Xudaquliyev və katib T.Nmirzəzadə imzlamışdır.

7. Cavabdeh ## ###### 2025-ci il tarixli ***/k nömrəli əmrinin surətindən görünür ki, İddiaçı X5 Sistemlərinin Istismar Idarəsinin nasos qurğularının maşinisti ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Əmrin verilmə əsası kimi Həmkarlar təşkilatının * saylı protokolu göstərilmişdir.

8. Təşəkkürnamədən görünür ki, Cavabdeh tərəfindən Nasos qurğularının maşinisti İddiaçı ## ##### 2025-ci il tarixdə vəzifə səlahiyyətlərini layiqincə yerinə yetirdiyinə görə təltif edilmişdir.

9. Daşkəsən rayon Mədəniyyət Mərkəzinin ##.##.2026-cı il tarixli xasiyyətnaməsindən görünür ki, İddiaçı ümumi rayon tədbirlərində iştirak etmiş, kollektiv arasında nəzakətli davranmış və hörmət qazanmışdır. Onun haqıqqında hər hansı şikayət daxil olmamışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

10. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Dövlət Su X14 X4 Xidməti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, onun Cavabdeh tərəfindən işdən çıxarılması haqqında verilmiş ## ###### 2025-ci il tarixli əmrin ləğv edilməsi və məcburi iş buraxma dövrü üçün əmək haqqının hesablanıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Iddia tələbi onunla əsaslandırılmışdır ki, işlədiyi müddətdə əmək intizamını pozmamışdır. Işlədiyi müddət ərzində əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarını vicdanla yerinə yetirmiş, əmək intizamına və müəssisə daxili intizam qaydalarına əməl etmişdir. Idarənin rəhbəri tərəfindən qərəzli olaraq ## ###### 2025-ci il tarixli ***/k nömrəli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. Əmri əsasız hesab edir. Belə ki, işdə olmuşdur. Onu heç kimgəlib yoxlamamışdır.Həmkarlar ittifaqının iclası 29 avqust tarixində keçrilsə də, çağırılması bağlı məktub ona 03 sentyabr tarixində verilmişdir. Odur ki, işdən çıxarılmasının hüquqi əsası olmamışdır.

12. Daşkəsən Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim Kənan Vəliyev) iddia təmin edilərək, İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh ## ###### 2025-ci il tarixli ***/k nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh nasos qurğularının maşinisti işinə bərpa olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq İddiaçı ödənilməsi qət edilmişdir.

13. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, işçi ilə əmək müqaviləsinə xitam verilmə barədə ## ###### 2025-ci il tarixli ***/k nömrəli əmrdə əmək müqaviləsinin ləğv edilməsi əsası göstərilməmişdir. Yalnız Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi qeyd olunmuşdur. Əmrin məzmununda işçinin işdən çıxarılmasının konkret əsasları qeyd olunmamışdır. Bununla da Əmək Məcəlləsinin 84-cü maddəsinin tələbləri pozulmuşdur.

14. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.1, 73.1, 70, 71.2, 84-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

15. Daşkəsən Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Dövlət Su X14 X4 Xidməti Cavabdeh apellyasiya şikayəti verərək, Daşkəsən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin qanunsuz və əsassız olduğundan ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ## ####### 2024-cü il tarixli **/k nömrəli əmrlə üç ay müddətinə X3 Sistemlərinin Istismar Idarəsinin nasos stansiyaların istismar sahəsinə nasos qurğularının maşinisti vəzifəsinə qəbul edilmişdir. Müqavilə müddətinin bitməsi ilə müqaviləyə xitam verilməmiş və bu müddət uzadılmışdır. Iddiaçı dəfələrlə kobud intizam pozuntularına yol verdiyinə görə barəsində xəbərdarlıq edilmiş və tənbeh tədbiri olaraq töhmət elan edilmişdir. Buna baxmayaraq işçi onun barəsində görülmüş tədbirlərdən nəticə çıxarmamış, işində dönüş yaratmaq və yüksək peşəkarlıq nümayiş etdirmək əvəzinə, daha da aqressiv hərəkətlər edərək idarənin daxili nizam-intizam qaydalarını yenidən kobud şəkildə pozmaqda davam etmişdir. Bundan başqa işçi işdən çıxarılarkən Həmkarlar Ittifaqı Komitəsinin rəyi də, alınmış və rəydə məhz işçinin ƏM-nin 70ci maddəsinin “ç” bəndinə uyğun olaraq işdən azad edilməsinin məqsədə müvafiq olduğu göstərilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi əsaslanıdırlmamış və işin faktiki halları ilə eynilik təşkil etməmişdir. Belə ki, iddiaçı dəfələrlə müəssisə daxili nizam intizam qaydalarını kobud şəkildə pozmaqla öz vəzifə öhdəliklərini vaxtında və lazımınca yerinə yetirməmişdir. Buna görə ## ###### 2025-ci il tarixdə İddiaçı Daşkəsən SMSII idarəsinin mühəndisi və Suların Istifadəsinə və X9 idməti ** saylı Gəncə - X10 əməkdaşı tərəfindən ##.##.2025-ci il tarixdə yoxlama aparılarkən iş yerində olmadığı aşkar olunduğuna görə ##.##.2025-ci il tarixli 216\k nömrəli əmrlə yazılı xəbərdarlıq olunmuş, birdə bu cür hallara yol verilərsə haqqında ciddi tədbirlər görüləcəyi diqqətə çatdırılmış, bu barədə akt tərtib edilmiş, işçi aktı imzalamaqdan imtina etmişdir. Bundan başqa İddiaçı işdə nizam-intizam qaydalarını pozduğuna görə yazılı izahat verməkdən imtina etmişdir. Idarənin nizam-intizam qaydalarını yenidən pozduğuna görə ## ###### 2025-ci il tarixli 217\k nömrəli əmrlə Cavabdeh nasos qurğularının maşinisti İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə uyğun olaraq töhmət verilmişdir. Birinci instansiya məhkəməsi işdə olan sənədləri (təqdim edilmiş sübutları) biri biri ilə əlaqəli şəkildə təqdiq etməmişdir. Işə əlavə edilmiş sənədlər əyani sübutdur ki, iddiaçı işdən çıxarılarkən qanunun tələbləri gözlənilmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Dövlət Su X14 X4 Xidməti Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, iddiaçıya həmkarlar ittifaqını iclası barədə iddiaçıya telefon vasitəsilə məlumat verilmişdir.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, onun iş qrafiki növbəlidir. Belə ki, bir gün iş günü iki gün qeyri-iş günü olur. O, isə qeyri-iş günlərində tədbirlərdə iştirak etmişdir. Tədbir iş gününə təsadüf etdiyi təqdirdə o, rəhbərlikdən icazə almışdır. Məhkəmə kollegiyasının sualına cavab olaraq isə bildirmişdir ki, ona ## ###### 2025-ci il tarixdə saat 10:00-da keçiriləcək X12 Istismarı Idarəsinin ilk Həmkarlar Ittifaqının iclası barədə məktub ## ######## 2025-ci il tarixdə verilmişdir.

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi vəkil Vəkil apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsinin:

21. Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək.

22. Maddə 68. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

23. 70-ci maddənin ç) bəndi. Işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır.

24. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

25. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.

26. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

27. Maddə 80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

28. Maddə 83. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də, tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

29. Maddə 84. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada-təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər.

30. Maddə 186. Işəgötürən və işçi bu Məcəllə ilə və ya digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə, yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Işəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Işəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edilir.

31. Maddə 187. Intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. Işçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Işçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir.

32. Maddə 189.3. Intizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. Işçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. Azərbaycan Respublikasınun Mülki Prosessual Məcəlləsi:

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 384. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

38. Maddə 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışınun hədləri

39. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

40. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

41. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

42. Hazırkı iş üzrə cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini tam şəkildə ləğv edilməsini xahiş etdiyindən birinci instasniya məhkəməsinin aktı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və Daşkəsən Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

44. Iddianı təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işçi ilə əmək müqaviləsinə xitam verilmə barədə ## ###### 2025-ci il tarixli ***/k nömrəli əmrdə əmək müqaviləsinin ləğv edilməsi əsası göstərilməmişdir. Yalnız Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi qeyd olunmuşdur. Əmrin məzmununda işçinin işdən çıxarılmasının konkret əsasları qeyd olunmamışdır. Bununla da, Əmək Məcəlləsinin 84cü maddəsinin tələbləri pozulmuşdur.

45. Cavabdeh iddiaçı ilə əmək müqaviləsinə xitam verərkən, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Əmək Məcəlləsində nəzərdə tutulmuş tələbləri pozmuşdur. Belə ki, həm iş materialları, həm də, kollegiyanın iclasında tədqiq olunmuş materiallardan müəyyən olunur ki, iddiaçının işdən çıxarılması əsası kimi, onun üzərinə düşən əmək funksiyalarını düzgün yerinə yetirməməsi və işində ciddi nöqsanlar buraxmasına istinad olunmuşdur. Əmək Məcəlləsinin 71.3-cü maddəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, cavabdeh tərəf qeyd etmişdir ki, iddiaçı barəsində müxtəlif tarixli aktlar tərtib edilmiş, subordinasiya qaydalarını kobud şəkildə pozaraq müəssisəsinin rəisini təhqi etmiş, iş vaxtı intizam qaydalarına əməl etməmiş, bununla bağlı ona yazılı xəbərdalıq və töhnət verilmişdir. Lakin işəgötürən əmək vəzifələrini kobud şəkildə pozan iddiaçı ilə əmək müqaviləsinə xitam verərkən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Əmək Məcəlləsində nəzərdə tutulmuş tələbləri pozmuşdur. Belə ki, iddiaçının işdən çıxarılması əsası kimi, sözügedən əmr Əmək Məcəlləsinin 84.1-ci maddəsinin tələbləri pozulmaqla tərtib edilmiş, əmrin məzmununda əmək müqaviləsinin ləğv edilməsinin əsası konkret qeyd edilməmişdir.

47. Göründüyü kimi iddiaçının işdən çıxarılması Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndində göstərildiyi kimi ümumi qaydada qeyd edilmiş, əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmamışdır. Məhkəmə kollegiyası bununla bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir.

48. Bundan əlavə işəgötürən ilk növbədə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmaqla və həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığını almaqla, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verməli, əmək qanunvericiliyinin tələblərinə əməl etməli idi. Lakin iş materiallarından görünür ki, həm töhmət verilərkən, həm də, Əmək Məcəlləsinin 70–ci maddəsinin “ç” bəndi ilə işdən azad edilərkən iddiaçının izahatı alınmamış və iddiaçının həmkarlar ittifaqının iclasında iştirakı təmin edilməmişdir. Baxmayaraq ki, məhkəmə kolegiyasının iclasında izahat verən cavabdeh müəssisənin nümayəndəsi iddiaçıya telefon vasitəsilə məlumat verildiyini bildirsə də, lakin həmkarlar ittifaqının ##.##.2025-ci il tarixli iclasının keçirilməsi yeri və vaxtı barədə iddiaçıya məlumat verilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Göründüyü kimi, işəgötürən iddiaçı ilə əmək müqaviləsinə xitam verərkən qanunvericiliyin tələblərinə əməl etməmişdir. Bu baxımdan, məhkəmə kollelgiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir.

49. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur.

50. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

51. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmuşdur. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasınun MPM-in 385.1, 384.0.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Daşkəsən Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Dövlət Su X14 X4 Xidməti Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Daşkəsən Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar