Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(3-7)-198/2026 19.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X1 və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh “Tovuz Dövlət Sosial İqtisad kolleci” publik hüquqi şəxsinə qarşı əmrin ləğv olunması və işə bərpa tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-171/2025 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-171/2025 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair Tovuz Dövlət Sosial İqtisad kollecinin xx.xx.2024-cü il tarixli 85 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı ilə yeni əmək müqaviləsi bağlanılması məsələsi işə götürənlə müzakirə edilməklə o əvvəlki vəzifəsinə bərpa edilməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan Cavabdeh Tovuz Dövlət Sosial-İqtisadi Kolleci PHŞ qətnamədən apellyasiya şikayəti vermiş, Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(062)-171/2025 saylı qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh Tovuz Dövlət Sosial-İqtisadi Kolleci PHŞ yenidən apellyasiya şikayəti vermiş və eyni zamanda apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edərək apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzürlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadından apellyasiya şikayəti vermiş və Gəncə Apellyasiya Məhkəməsi xx.xx.2025-ci il tarixli 2(104)-1096/2025 saylı qərardadı ilə Tovuz Rayon Məhkəməsinin qərardadını ləğv etmiş və yenidən baxılması üçün Tovuz Rayon Məhkəməsinə qaytarmışdır. Odur ki, işin baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-171/2025 saylı qərardadı ilə ərizənin təmin edilməsi, İddiaçı cavabdeh Tovuz Dövlət Sosial İqtisad kollecinə qarşı “əmrin ləğv olunması və işə bərpa” tələbi barədə iddiasına dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-171/2025 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin üzürlü hesab edilərək bərpa edilməsi, Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-171/2025 saylı qətnaməsindən cavabdeh Tovuz Dövlət Sosial-İqtisadi Kolleci PHŞ tərəfindən verilmiş apellyasiya şikayətinin ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin qətnamənin əldə etdikdən sonra hərəkətsiz qalmaması, yəni keçən zaman kəsiyində apellyasiya şikayəti verməsi, lakin prosessual əsaslara görə şikayətinin geri qaytarılması, qəbul olunmuş qərardadın rəsmi qaydada çatdırılmasından sonra qərardadda göstərilən nöqsanları aradan qaldıraraq yenidən apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpası barədə ərizə verməsi, bir sözlə cavabdehin hesab etdiyi pozulmuş hüquqlarını üçpilləli məhkəmə iyerarxiyasında mübahisələndirməsi buraxılmış prosessual müddətin bərpasına əsasdır. İddiaçı həmin qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-171/2025 saylı qətnaməsi cavabdehin elektron kabinetinə yerləşdirilmişdir. Lakin buna baxmayaraq cavabdeh apelyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddəti bilərəkdən ötürmüşdür. Tovuz Dövlət Sosial İqtisad Kollecinin PH şəxsi apellyasiya şikayəti vermək üçün heç bir rüsum ödəməmişdir. Halbuki, qanunvericliyin tələbinə əsasən dövlət rüsumu mütləq ödənilməlidir. PH şəxsi təhsil işçisi olduğu halda hüquq qaydalarını bilməlidir. Cavabdehin yəni PHŞ-in qanunları bilmədiyi və ya qanunlara hörmət etmədiyi üçün apellyasiya şikayəti vermək üçün müddəti ötürmüşdür. Cavabdehin yəni Kollecin PHŞ-si bilərəkdən apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş presessual müddəti heç bir üzürlü səbəb olmadan buraxdığı halda onun apellyasiya şikayəti vermək üçün keçən müddəti bərpa olunması xahişi böyük qanun pozuntusudur və odur ki, müddətin bərpa olunması tələbi qanuna ziddir. Tovuz DSİ Kollecin PHŞ-si heç bir rüsum keçirməməsi qanun pozuntusudur. Odur ki, PHŞ-in tələbi qanuna ziddir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-171/2025 saylı qərardadı ilə şikаyət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli və Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-171/2025 saylı qərardadı tam, onunla bağlı Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-171/2025 saylı qərardadı isə qismən, şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli və şikayətə yenidən baxılması üçün iş Tovuz Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarının tədqiqi zamanı müəyyən edilmişdir ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-171/2025 saylı qətnaməsi cavabdeh “Tovuz Dövlət Sosial İqtisad kolleci” publik hüquqi şəxsinin “Elektron Məhkəmə” İnformasiya Sistemində ona məxsus olan elektron kabinetə xx.xx.2025-ci il tarixdə yerləşdirilmişdir (iş materialları 129-cu vərəq). Cavabdeh tərəfindən verilmiş ilkin apellyasiya şikayəti Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Həmin qərardaddan cavabdeh tərəf şikayət vermiş, Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmçinin, həmin tarixdə Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-171/2025 saylı qətnaməsindən cavabdeh “Tovuz Dövlət Sosial İqtisad kolleci” publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Cavabdeh “Tovuz Dövlət Sosial İqtisad kolleci” publik hüquqi şəxsi Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadlarından şikayət vermiş, Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadları ilə şikayətin təmin edilməməsi və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(104)-1096/2025-004 saylı qərardadı ilə Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-171/2025 saylı qərardadının dəyişdirilmədən saxlanılması, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(104)-1096/2025-005 saylı qərardadı ilə isə Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-171/2025 saylı qərardadından verilmiş şikayətə yenidən baxılması üçün mülki işin Tovuz Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Bundan sonra, Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-171/2025 saylı qərardadı ləğv edilmiş cavabdehə dövlət rüsumu ödənildikdən sonra müddət bərpası barədə vəsatətlə birlikdə apellyasiya şikayəti vermək hüququ izah olunmuşdur. Mülki iş materiallarına əlavə edilməsə də, “Elektron Məhkəmə” İnformasiya Sisteminə xx.xx.2025ci il tarixdə cavabdeh tərəfindən apellyasiya şikayəti və buraxılmış müddətin bərpası barədə ərizə əlavə edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, prosessual hərəkətlər Məcəllə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. İşin mübahisəsiz halıdır ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-171/2025 saylı qətnaməsi cavabdeh “Tovuz Dövlət Sosial İqtisad kolleci” publik hüquqi şəxsinin “Elektron Məhkəmə” İnformasiya Sistemində ona məxsus olan elektron kabinetə xx.xx.2025-ci il tarixdə yerləşdirilmiş, cavabdeh qətnamədən məlumatlı olmuşdur. Ərizəsində cavabdeh tərəf müddətin ötürülməsini yuxarı instansiyaya müxtəlif şikayət verməsi ilə əlaqələndirsə də, kollegiya onun apellyasiya şikayəti vermə müddətinin ötürülməsinin üzrlü səbəblərini real olaraq göstərməməsi və hər hansı bir sübut təqdim etməməsi qənaətinə gəlmişdir. Çünki, apellyasiya şikayətinin geri qaytarılma səbəbi mülki-prosessual qaydalara düzgün riayət edilməməsi, şikayətin forma və məzmununun qanunvericiliyə uyğun olmaması olmuşdur. Cavabdehin istinad etdiyi dəlillər üzrlü səbəb deyil, prosessual qanunvericilik ilə müəyyən edilmiş hərəkətlər olmuşdur. Cavabdehin qanundan irəli gələn prosessual hərəkətləri düzgün yerinə yetirə bilməməsi buraxılmış müddətin üzürlü səbəb olmasını istisna edir. Müddətin bərpası yalnız tərəfin iradəsindən asılı olmayan, qabaqcadan görülməsi və qarşısının alınması mümkün olmayan hallarda yol verilə bilər. Hazırki vəziyyətdə isə belə hallar mövcud olmamışdır. «K.N.Qarayevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin. Kollegiya hesab edir ki, şikayət vermə müddətinin cavabdeh tərəfindən hər hansı üzürlü səbəbdən ötürülməsinə dair hər hansı üzrlü səbəb və onu təsdiq edən sübut şikayətə əlavə olunmamışdır. Bununlada, cavabdeh tərəf qanunvericiliklə müəyyən edilmiş və məhkəmə tərəfindən təyin edilmiş prosessual müddəti ötürmüşdür. Müddət keçdikdən sonra apellyasiya şikayəti verilmişdir. Buraxılmış müddətin üzrlü hesab edilməsi üçün isə hər hansı bir əsas olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə görə birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti, qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilməlidir. Həmin Məcəllənin 128.1-ci maddəsinə görə prosessual hərəkətlər həmin Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilməlidir. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Beləliklə, prosessual müddətin ötürülməsi üzrlü hesab edilə bilməz və bu ötürülmə tam şəkildə cavabdehin öz üzərinə düşən prosessual vəzifələri vaxtında və lazımi qaydaya yerinə yetirməməsinin nəticəsidir. Cavabdeh öz nümayəndələrinin hərəkətlərinə və hərəkətsizliyinə görə məsuliyyət daşıyır və bu məsuliyyət sonradan müddətin bərpası institutu vasitəsilə aradan qaldırıla bilməz. Prosessual müddətlərin müəyyən edilməsi və onlara əməl olunması mülki məhkəmə icraatında hüquqi müəyyənlik, tərəflərin bərabərliyi və ədalətli məhkəmə araşdırılması prinsiplərinin təmin edilməsinə xidmət edir. Müddətlərin üzrlü səbəb olmadan bərpa edilməsi bu prinsiplərin mahiyyətinə zidd olmaqla yanaşı, qarşı tərəfin qanunla qorunan subyektiv hüquqlarına birbaşa müdaxilə edir. Hazırki iş üzrə müddətin ötürülməsi cavabdehin öz prosessual davranışından irəli gəldiyi halda, bu müddətin üzrlü hesab edilməsi və bərpa olunması digər tərəfin – məhkəmə qətnaməsi ilə hüququ bərpa edilmiş şəxsin hüquqi sabitlik və qərarın icra olunmasına olan legitim gözləntilərini pozur. Bundan əlavə, prosessual müddətin üzrlü hesab edilməsi tərəflər arasında prosessual bərabərlik prinsipini də pozur. Çünki bir tərəfin öz səhlənkarlığı nəticəsində yol verdiyi prosessual pozuntunun məhkəmə tərəfindən kompensasiya edilməsi, digər tərəfin qanuna uyğun, vicdanlı və vaxtında həyata keçirdiyi prosessual davranışın mənasız hala gətirilməsi ilə nəticələnir. Eyni zamanda müddətin əsassız şəkildə bərpası işin süni şəkildə uzadılmasına, məhkəmə qərarının icrasının gecikdirilməsinə və digər tərəfin əmək hüquqlarından faktiki istifadə imkanlarının məhdudlaşdırılmasına səbəb olur ki, bu yalnız prosessual deyil, həm də madd hüquqların pozulması kimi qiymətləndiriləcəkdir. Konstitusiya Məhkəməsi Plenumunun 13 iyul 2009-cu il tarixli, S.Teymurovanın şikayəti üzrə qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsassız şəkildə yenidən baxılması və buraxılmış prosessual müddətin bərpası hüquqi sabitlik prinsipinə və Konstitusiyanın 60-cı maddəsinə ziddir. Məhkəmə öz mövqeyini əsaslandırarkən Avropa İnsan Hüquqları Məhkəməsinin bəzi presedentlərinə müraciət etməyi də lazım bilir. Belə ki, Ponomaryov Ukraynaya qarşı 2008-ci il tarixli qərarında AİHM qeyd etmişdir ki, müddətlərin bərpası tərəflər arasında balansı pozmamalı və qarşı tərəfin artıq formalaşmış hüquqi gözləntilərinə xələl gətirməməlidir. Brumarescu Rumıniyaya qarşı 1999-cu il tarixli qərarında AİHM bildirmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı yalnız müstəsna hallarda, ciddi və əsaslandırılmış səbəblər olduqda yenidən baxıla bilər. Sonuncu qərar məhkəmə qərarlarının sabitliyi (legal certainty) doktrinasının əsas presedentidir və AİHM bu qəbildən olan işlərdəki pozuntulara ədalətli məhkəmə araşdırmasının pozulması kimi 6-cı maddə konktekstindən yanaşır. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Məhkəmə işə baxarkən qeyd edilən nöqsanları aradan qaldırmalı və qanuni qərar qəbul etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372.7, 398.0.2 və 402.2-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-171/2025 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-171/2025 saylı qərardadı tam, onunla bağlı Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-171/2025 saylı qərardadı isə qismən, şikayətin təmin edilməməsi hissəsində ləğv edilsin. İddiaçı cavabdeh Tovuz Dövlət Sosial İqtisad kolleci publik hüquqi şəxsinə qarşı əmrin ləğv olunması və işə bərpa tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-171/2025 saylı qətnaməsindən cavabdeh “Tovuz Dövlət Sosial İqtisad kolleci” publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəyə və ona əlavə edilmiş apellyasiya şikayətinin uyğunluq məsələsinə yenidən baxılması üçün iş Tovuz Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-7)-198/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-198/2026
19.02.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver