Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(3-7)-234/2026 24.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Gəncə Şəhər Məhkəməsinin 23 oktyabr 2025-ci il tarixli 2(125)-5582/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mübahisəli əmlakda payının cüzi olmasını və həmin əmlak mövcud olmadığından ona mənsub paya nisbətdə kompensasiya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Gəncə Şəhər Məhkəməsinin 23 oktyabr 2025-ci il tarixli 2(125)-5582/2025 nömrəli qərardadı ilə (hakim Cavid Tağıyev) İddiaçı Cavabdeh qarşı mənsub paya nisbətdə kompensasiya ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə 2(125)-5582/2025 nömrəli mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardadın dəlilləri ilə razılaşmayan İddiaçı şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh qarşı mübahisəli əmlakda payının cüzi olmasını və həmin əmlak mövcud olmadığından ona mənsub paya nisbətdə kompensasiya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin mövcud olmayan mülk və torpaq sahəsi Gəncə şəhərindədir. Doğrudur “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikasının 4 aprel 1996-cı il tarixli Qanunun 3-cü maddəsinə əsasən, fiziki şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Ona görə də cavabdehə bir neçə dəfə zəng edilsə də, o məhkəməyə gəlməmişdir. Cavabdeh Bakı şəhərində Nəsimi rayonunda qeydiyyatdadır. Daşınmaz əşya üzərində mülkiyyət hüququnun tanınmasına dair iddialar müstəsna aidiyyət qaydalarını tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsnin 39.1-ci maddəsinə əsasən həmin daşınmaz əşyanın olduğu yer üzrə məhkəməyə verilməlidir. Gəncə Şəhər Məhkəməsinin 21 yanvar 2026-cı il tarixli 2(125)-5582/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 397.2-ci maddəsinə müvafiq olaraq, işə yazılı icraat qaydasında baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. MPM-nin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 34-cü maddəsinə əsasən, məhkəmələrə aid olan işlərə birinci instansiya üzrə rayon (şəhər) məhkəmələri, kommersiya məhkəmələri tərəfindən baxılır. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh qarşı əmlakda paya kompensasiya ödənilməklə paylı mülkiyyətə xitam verilməsi barədə iddia ilə məhkəməyə müraciət etmiş. Birinci instansiya məhkəməsi isə MPM-nin 44-cü maddəsinə istinadən işi ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. «Yaşayış yeri» məfhumunun anlayışı qanunla müəyyən olunmuşdur. Belə ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 2-ci maddəsinə görə Şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3-cü maddəsinə görə, Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən olunur. Göründüyü kimi, qanunvericilik vətəndaşın yaşayış yerinin yalnız şəxsiyyət vəsiqəsi ilə müəyyən edilməli olduğunu təsbit etmişdir. “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş tərəflərin şəxsiyyət vəsiqəsi barədə məlumatlardan müəyyən olunur ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. MPM-nin 35.1-ci maddəsində təsbit olunmuşdur ki, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İddianın predmetini və cavabdehin yaşayış yerini nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq işi cavabdehin yaşayış yeri üzrə aidiyyəti məhkəməyə göndərmişdir. «İddia ərizəsinə müstəsna aidiyyət qaydalarına uyğun olaraq daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsində baxılmalıdır» barədə şikayətin dəlili də kollegiya tərəfindən əsassız sayılmışdır. Ona görə ki, MPM-nin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; -sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Məhkəmə kollegiyası iddia ərizəsini təhlil edərək qeyd edir ki, iddia tələbi MPM-nin 39-cu maddəsinin əhatə dairəsinə düşmədəyindən ərizəyə müstəsna aidiyyət qaydaları əsasında baxıla bilməz. Qeyd olunanları nəzərə alaraq kollegiya hesab edir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas deyil. Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-nin 398.0.1.-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyətinə malikdir. Yuxarıda şərh olunanlara əsasən və MPM-nin 263-264, 398 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 23 oktyabr 2025-ci il tarixli 2(125)-5582/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-7)-234/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-234/2026
24.02.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver