Məhkəmə qərarları › İş №2(3-7)-242/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-242/2026

23.02.2026 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(3-7)-242/2026 23.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Qəhrəmanov Əkrəm Sabir oğlundan ibarət tərkibdə, Bərdə Rayon Məhkəməsinin 2(021)-2201/2025 saylı, 13 yanvar 2026-cı il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Gəncə Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, övladları xx.xx.2017-ci il təvəllüdlü X2, xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X3 ilə birgə gəlin köçərək yaşadıqları Bərdə rayon Mirzəcəfərli kəndində olan evə övladları ilə birgə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(021)-2201/2025 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, İddiaçı azyaşlı övladları xx.xx.2017-ci il təvəllüdlü X2, xx.xx.2019-ci il təvəllüdlü X4, xx.xx.2021-ci il təvəllüdlü X3 ilə birlikdə Bərdə rayonu Mirzəcəfərli kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Bundan sonra Cavabdeh xx.xx.2025-ci il tarixdə “Elektron Məhkəmə İnformasiya Sistemi” vasitəsilə apellyasiya şikayəti verməklə yanaşı apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, uzun müddət şəxsi işləri ilə bağlı, o cümlədən anasının səhhətindəki ciddi problemlərlə əlaqədar ona həkim tapmaq üçün Bakı şəhərində olduğundan qətnamədən vaxtında apellyasiya şikayəti verə bilməmişdir. Həm də, elektron məhkəmə kabinetini idarə etməyə savadı olmadığından vaxtında kabinetə baxıb lazımi qaydada vəkil yardımından istifadə üçün müraciət edə bilməmişdir. Bu səbəbdən də, buraxılmış prosessual müddətin ötürülməsinin üzrlü sayılması və şikayətinin baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-2201/2025 saylı, 13 yanvar 2026-cı il tarixli qərardadı ilə (hakim Ziya Abdullayev) İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 12 avqust 2025-ci il tarixli, 2(021)- 2201/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş ötürülmüş müddətin bərpa edilməsindən imtina edilmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-2201/2025 saylı, 13 yanvar 2026-cı il tarixli qərardadından Cavabdeh şikayət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o müddətin bərpasına dair ərizəsində də qeyd etmişdir ki, uzun müddət şəxsi işləri ilə bağlı, o cümlədən anasının səhhətindəki ciddi problemlərlə əlaqədar anasına həkim tapmaq üçün Bakı şəhərində olduğundan qətnamədən vaxtında apellyasiya şikayəti verə bilməmiş nə də, elektron məhkəmə kabinetini idarə etməyə savadı olmadığından vaxtında kabinetə də baxaraq lazımi qaydada vəkil yardımından istifadə üçün müraciət edə bilməmişdir. Bu səbəbdən də apellyasiya şikayətini bu gün təqdim edir. O hüquqi bilgisi olmadığı üçün və elektron kabinetini idarə edə bilmədiyindən, eləcə də vəkili olmadığından sözügedən qətnamənin onun şəxsi kabinetinə yerləşdirlməsindən gec xəbər tutmuşdur. Çünki o fəhlə babadır, işi ailəsinə fəhləçiliklə çörək qazanmaqdır. Onun məhkəmə işlərindən, kabinet idarə etməkdən başı çıxmır. Onun kimi kasıb və imkansız adamların başı ailəsinin dolanışığın qayğısına qarışdığından hüquqi sistemlərlə əlaqəli işləri bilmədiyini qeyd etmişdir. Bərdə Rayon Məhkəməsinin 22 yanvar 2026-cı il tarixli 2(021)-2201/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(021)-2201/2025 saylı qətnaməsi Cavabdeh ünvanına (Bərdə rayonu, Mirzəcəfərli kəndi) göndərilmiş və xx.xx.2025-ci il tarixdə onun tərəfindən poçt xəbərnaməsinə imza etməklə qəbul edilmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(021)-2201/2025 saylı qətnaməsinin əsasında xx.xx.2025-ci il tarixdə icra vərəqəsi verilmişdir. Cavabdeh ərizəsində apellyasiya şikayəti vermə müddətini üzrlü səbəbdən ötürülməsini qeyd etsə də, apelyasiya şikayəti vermək üçün buraxılmış müddətin səbəbinin üzrlü olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Kollegiya qeyd edir ki, üzürlü səbəb şəxsin müəyyən vəziyyətlərə görə məsələn ağır xəstəlik, köməksiz vəziyyət və sair hallara əsasən müəyyən edilir ki, qeyd olunan hallara əsasən şəxs öz hüquqlarını qanunla müəyyən edilmiş müddətdə öz iradəsindən asılı olmayan və ya çətinlik yaradan hallara görə həyata keçirə bilmir. Cavabdeh isə prosessual müddətin bərpasına dair ərizəsində qeyd edilən hallarla bağlı hər hansı bir arqument irəli sürməmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, ərizəçi müddətin buraxılmasını qəbul edərək, səbəb kimi onun hüquqi savadının olmaması, “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinetdən anlayışı olmaması səbəbindən ötürdüyünü bildirmişdir. Lakin, qeyd edilən hal buraxılmış prosessual müddətin bərpa edilməsi üçün üzürlü hal hesab edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Buna görə də, şikayət təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin 2(021)-2201/2025 saylı, 13 yanvar 2026cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiya məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 130, 133 və 398-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Bərdə Rayon Məhkəməsinin 2(021)-2201/2025 saylı, 13 yanvar 2026-cı il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 2(021)-2201/2025 saylı, 13 yanvar 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar