Məhkəmə qərarları › İş №2(3-7)-277/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-277/2026

09.04.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-277/2026 09.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X3 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, Cavabdeh Axundzadə Şəhriyar Firdovsi oğlunun iştirakı ilə, İddiaçı Axundova Tamilə İsgəndər qızı və iddiaçı1 cavabdeh Axundzadə Şəhriyar Firdovsi oğluna qarşı maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh Axundzadə Şəhriyar Firdovsi oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. JN-022D KOD ******** saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının ## ###### 2000-ci il tarixli, ** nömrəli qərarına əsasən Gədəbəy rayonu, Cəfərli kəndində X2 və Axundova Tamilə İsgəndər qızına 0.40 ha torpaq sahəsi ayrılmışdır. (Toraq sahəsinin təyinatı: fərdi yaşayış evi, həyətyanı sahə və s.,)

2. Gədəbəy rayon Notariat ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin ** saylı Şəmkir Ərazi İdarəsinə ünvanlanmış ##.##.2025 ci il tarixli məktubdan görünür ki, iddiaçı1 ##.##.2015-ci il tarixdə vəfat etmiş mərhum X2 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün ##.##.2025-ci il tarixdə notariat ofisinə müraciət etmişdir. Təqdim olunmuş sənədlərə əsasən iddiaçı1 mərhum X2 vərəsəsi olduğu müəyyən edilmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq vərəsəyə müvafiq şəhadətnamə verilməsi üçün miras əmlakla bağlı elektron arayışın təqdim olunması zəruridir. Bununla əlaqədar mərhum X2 miras qalmış əmlakına dair müvafiq sənədlərin təqdim edilməsi xahiş olunmuşdur.

3. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin ** saylı Şəmkir Ərazi İdarəsi tərəfindən iddiaçı1 ünvanlanmış ##.##.2025-ci il tarixli məktubdan görünür ki, mütəxəssis tərəfindən işin icraatına uyğun olaraq, təqdim edilmiş sənədlərdə qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evinin yerində müayinə olunaraq ölçülməsi zərurəti yaranmışdır. Bu zaman, sözügedən fərdi yaşayış evi üzərində mübahisəli hal aşkar edilmiş və nəticədə qeyd olunan fərdi yaşayış evi üzərində ölçmə işlərinin aparılmasına şərait yaradılmamışdır. Ona görə də, təqdim edilən sənədlərdə göstərilən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizənin icrası mümkün olmamışdır.

4. Gədəbəy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında arayışdan görünür ki, X2 ##.##.2015-ci il tarixdə ölmüşdür.

5. ## ###### 2025-ci il tarixli, Gədəbəy rayonunun Cəfərli kəndində tərtib edilmiş aktın surətindən görünür ki, X9 rayonunun Cəfərli kəndində yerləşən uşaqlıqdan böyüdüyü evin 2013-cü ildən 2025-ci ilə qədər təmir işlərini aparmışdır (dam örtüyünü yeniləmiş, çardağı yenidən tikmiş, şüşəbəndi kərpiclə yenidən düzəltmiş, evin ümumi ölçüsünü 2.5 metr artırmış, ikinci mərtəbədə hamam tualet tikmiş, başqa əlavə təmirlər etmiş və ümumilikdə 28.000 manat pul xərcləmişdir.

6. Gədəbəy RİHB-nın Daryurd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş ## #### 2015ci il tarixli, ** saylı arayışdan görünür ki, mərhum X2 dəfn xərclərini nəvəsi Axundzadə Şəhriyar Firdovsi oğlu çəkmişdir.

7. AZ–İ № ****** saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ## ##### 2014-cü il tarixdə vəfat etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Axundova Tamilə İsgəndər qızı və iddiaçı1 məhkəmədə iddia qaldıraraq, Gədəbəy rayonu, Cəfərli kəndində yerləşən atam X2 miras qalmış həyətyanı torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına cavabdeh X7 tərəfindən yaradılan maneələrə (ölçü işlərinin aparılmasına edilən müdaxilələrə) son qoyulması və iş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq mənə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum atası X2 miras qalmış əmlaka dair hüquqlarının dövlət qeydiyyatına alınmasına dair ** saylı Şəmkir Ərazi İdarəsinə Müraciət etmişdir. Belə ki, Gədəbəy rayonunun Cəfərli kəndində mərhum atası X2 torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evi vardır. Atası ##.##.2015-ci il tarixdə vəfat etmişdir. Atasından miras qalmış torpaq sahəsinə dair vərəsəlik şəhadətnaməsi almaq üçün sənədlərini toplayıb Gədəbəy rayon Notariat ofisinə müraciət etmişdir. Müraciəti əsasında Gədəbəy rayon Notariat ofisi tərəfindən ## #### 2025-ci il tarixdə *** saylı məktubla Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Şəmkir Ərazi İdarəsinə miras qalmış torpaq sahəsində ölçü işləri aparmaqla onlara rəsmi məlumat verilməsi xahiş olunmuşdur. ** saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşları ## ###### 2025-ci il tarixdə həmin torpaq sahəsinin və evin yerləşdiyi əraziyə gəlib mərhum atasına məxsus həyətyanı torpaq sahəsində ölçmə işləri aparan zaman cavabdeh və onun ailə üzvləri mütəxəssis tərəfindən ölçmə işlərinin aparılmasına maneələr yaratmışdır. Həmçinin, cavabdeh anası Axundova Tamilə İsgəndər qızının evdə olmasına və təkidlərinə məhəl qoymayaraq mütəxəssisləri evə buraxmamışdır. Bu səbədən sözügedən əmlaka dair mülkiyyət hüquqlarının qeydiyyata alınması mümkün olmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDXDaşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Şəmkir Ərazi İdarəsi tərəfindən bu barədə ##.##.2025-ci il tarixli, 3-21-3- **/*-****/** saylı imtina məktubu verilmişdir. Cavabdehin qanunsuz hərəkətləri mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarmışdır.

10. Cavabdeh Axundzadə Şəhriyar Firodvsi oğlu iddia tələbinə qarşı etiraz ərizəsi təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, Axundova Tamilə İsgəndər qızının onun nənəsidir, mərhum babası X2 ilə ailə qurmuş və 4 övladları olmuşdur. X4 öldüyü gönə qədər ailə üzvləri ilə birlikdə babasına məxsus Cəfərli kəndində yerləşən evdə yaşamasını, babası Müzəffərin ## ###### 2015-ci il tarixdə isə vəfat etməsini bildirmişdir. Atası Firovsi isə ## ##### 2024-cü il tarixdə vəfat etmişdir. Babasının dəfnini o təşkil etmiş, sağlığında qulluq etmişdir. Babasının adına həmin ünvanda 0.40 ha torpaq sahəsi olmaqla həmin sahə birgə mülkiyyətdə olmuş, digər mülkiyyətçi isə nənəsi olmuşdur. O həmin evdə yaşamış, təmir işləri görmüş, evin dam örtüyünü dəyişmiş, əlavə artırmalar etmiş, ümumilikdə 28000 manat vəsait xərcləmişdir. Həmin evlə və evin yerləşdiyi torpaq sahəsinin ½ hissəsi babasından miras qalmışdır. Atası sağ olmadığı üçün babasının birnci növbə vərəsəsi atasının yerinə o hesab edilir. Babasından qalmış həmin fərdi yaşayış evindən və topaq sahəsindən atasının əvəzinə vərəsə kimi pay almaq hüququ var. İddiaçılar onun hüquqlarını kobud surətdə pozaraq əmlakı tam şəkildə öz adlarına sənədləşdirmək istəyirlər. Buna görə o ** saylı Şəmkir Ərazi İdarəsinin işçiləri ölçmə işləri aparan zaman etiraz etmişdir. O hərəkətləri ilə bağlı özünü haqlı hesab edir və vərəsəlik hüquqlarının müdafiəsi üçün həmin hərəkətləri etdiyini bildirir. Həmçinin o da, vərəsəliklə bağlı notariat ofisinə müraciət etmiş və ona mübahisə olması ilə bağlı məhkəməyə müraciət etməli olıduğu tövsiyyə edilmişdir.

11. Gədəbəy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə iddianın təmin edilməsi, X2 miras qalmış Gədəbəy rayonu, Cəfərli kəndində yerləşən torpaq sahəsinin və fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına Axundzadə Şəhriyar Firdovsi oğlu tərəfindən yaradılan maneələrə (ölçü işlərinin aparılmasına edilən müdaxilələrə) son qoyulması və ödənilmiş 100 (bir yüz) dövlət rüsumu Axundzadə Şəhriyar Firdovsi oğlundan alınaraq Axundova Tamilə İsgəndər qızına və iddiaçı1 ödənilməsi qət edilmişdir.

12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, sözügedən daşınmaz əmlakın dövlət qeydiyyatının aparılmasına maneələrin yaradılması iddiaçıların mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir. Odur ki, həmin daşınmaz əmlakın dövlət qeydiyyatının aparılmasına cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılmalıdır.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-157-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14, 77, 80, 81, 217 və 218-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

14. Gədəbəy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh Axundzadə Şəhriyar Firdovsi oğlu apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, münaqişəli ailə olmuşlar. Polis idarəsində bibisi, nənəsi və əmiləri yalandan izahat vermişlər ki, güya o, onların hər birini döyüb xəsarət yetirmişdir. Ancaq kamera görüntülərindən göründüyü təsdiq edildi ki, o, heçkəsi döyməmişdir. Ondan sonra onlar yalanlarını ifşa olunduğunu görərək, məcbur olaraq izahatlarını dəyişərək barışıq vermişlər. Həmin izahatların onda olan surətlərindən görünür ki, yalandan şər ataraq onu evdən çıxarmaq istəyiblər. Bunda sonra yaşadığı evə gedərək anası Svetlananın palazını və ona aid olan əşyaları çölə tökdülər, iki otarlardan birinin qapısını bağlayaraq getdilər. Məhkəm tərəfindən mütəxəsis ayrılsın, şəhadətnamədə babasının adına ev 67 kv.m olmağına baxmayaraq o, evdə 30 kv.m artırmaqla, evi 100 kv.m etməyini, evin dam örtüyünün dəyişməyini, evdə gördüyü remont işlərini və həyətdə tikdiyi 140 kv.m çardağın və başqa çəkdiyi xərclərin, ümumi 28.000 manat və bibisi Rəfiqənin ondan aldığı borc pulun alıb ona verilməsində köməklik edilsin ki, o, gedib başqa yerdə özü üçün ev tikib və o narazılıqlı evdən ailəni və uşağını çıxartsın. Bundan başqa, ##.##.2025-ci il tarixdə yaşadığı evin qapısının döyüldüyünü gördü, qapıdan çölə çıxdıqda ** saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşlarının olduğunu gördü və nə lazım olduğunu sual verdi, onlar cavabında ona ölçmə işləri aparmaq üçün gəldiklərini bildirdi və bu barədə məlumatının olub-olmamasını soruşdu. O, həmin evdə 1991-ci il tarixdən yaşadığını bildirdi, ölçmə işlərinin onun məlumatı olmadan əmisi iddiaçı1 gətirərək evi nənəsinin adına sənədləşdirməklə onu evdən çıxarmaq üçün etdiyini bildirdi. O, həmin əməkdaşlara evin yaxşılaşdırılması üçün 28.000 manat pul xərclədiyini bildirdi. Ancaq buna baxmayaraq ölçmə işlərinə heç bir müdaxilə etmədi. Bunları eşitdikdə həmin əməkdaşlar heç bir ölüçmə işləri aparmadan çıxıb getdilər. Məhkəmə tərəfindən sorğu verilməklə də məlum olar ki, əmisinin iddia ərizəsində yazdıqları yalandır, o, daşınmaz əmlakın əməkdaşlarına heç bir müdaxilə etməmişdir. Əmisi iddiaçı1 qızı Günel Rza qızı vəkil işlədiyi üçün onun maddi cəhətinin zəif olduğundan və hüquqi savadının az olduğu üçün ona hədə-qorxu gəlir. Bundan sonra nənəsi Axundova Tamilə İsgəndər qızı və əmisi iddiaçı1 haqsız olaraq onu Gədəbəy Rayon Məhkəməsinə verdilər. Gədəbəy Rayon Məhkəməsi işin hallarını araşdırarkən öz ifadələrində ona qarşı yalan şər-böhtan məlumatlar verməklə məlum qətnamənin çıxarılmasına nail oldular. Məhkəmə qətnamənin əsaslandırıcı hissəsində iddia tələbinin təmin edilməsi qənaətinə gəlsə də, ölçmə işlərinə maneələrin yaradılmasının nədən ibarət olmasını əsaslandırmamışdır. Göründüyü kimi, mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi yuxarıda qeyd edilən halları məhkəmə aydınlaşdırmadan qərar qəbul etmişdir. Ona görə də hesab edir ki, sözügedən əmlaka dair ölçmə işlərinin aparılmasına onun maneələr yaratmağı mülki iş materialları ilə sübuta yetirilmir. Gədəbəy Rayon Məhkəməsi hazırki iddia üzrə mülki işə baxarkən yuxarıda qeyd etdiyi hallara düzgün qiymət verməmiş, bununla da iddianı təmin etməklə əsassız və qanunsuz olmayan qətnamə çıxarmışdır.

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Axundzadə Şəhriyar Firdovsi oğlu apellyasiya şikayətini müdafiə edərək, eyni məzmunlu izahat vermiş və təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, iddiaçı Tamila ata nənəsidir. 1991-ci il ## ###da Gədəbəy rayonunda doğulmuşdur. 35 ildir ki o, evdə yaşayır. Əmiləri və bibiləri 40 ildir ki, o, evdən getmişlər. Atası səhhətinə görə təqaüdə çıxmışdır. Onlara o, baxmışdır. 2014-cü ildə atası rəhmətə getmişdir. 2015-ci ildə isə babasının vəziyyəti ağırlaşdığı üçün o da vəfat etmişdir. İki dəfə babasının ayağı sınmış heç kəs köməyə gəlməmiş, ona o, baxmışdır. O, evdə olan zaman DƏDKR publik hüquqi şəxsinin əməkdaşları gəlmişlər. Evə 28.000 manat xərc çəkmişdir. O, müdaxilə etməmişdir. Sadəcə evdə narazılıq olduğu üçün ölçmə işləri aparılmamışdır. Notariusa getməmişdir. Əmisi adına vərəsəlik şəhadətnaməsi vardır. Onun evə çəkdiyi xərclər müəyyən edilməlidir.

18. İş üzrə iddiaçılara məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi, elektron imza ilə təsdiq edilmiş SMS xəbərdarlıq və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində sənədlərin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsi vasitəsi ilə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə bildirişi ilə onlara hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasında iştirak etməyəcəkləri təqdirdə işə onların iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

19. İddiaçılar məhkəmə kollegiyasına ərizə ünvanlayaraq göstərmişlər ki, hazırki işlə əlaqədar cavabdeh Axundzadə Şəhriyar Firdovsi oğlunun apellyasiya şikayətini qəbul etmir və apellyasiya şikayətinin dəlillərini əsassız hesab edirlər. Belə ki, cavabdehin apellyasiya şikayətində qeyd etdiyi bəzi məqamlar hazırki işin predmeti deyildir. Hesab etmişlər ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi xüsusatlar həqiqətə uyğun deyil, yalan məlumatlardır və hazırki məhkəmə mübahisəsinin predmetinə aidiyyatı yoxdur. Bu hallar iş üzrə tələb və hüquqi qiymətləndirməyə təsir etmir və əsassız yönləndirmə xarakteri daşıyır. Eyni zamanda, cavabdeh apellyasiya şikayətində maneənin onun tərəfindən yaradılmasını inkar etsə də, cavabdehin Gədəbəy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)- ****/**** saylı qətnaməsindən apellyasiya şikayəti verməsi özü-özlüyündə cavabdehin qeyd olunan sahədə ölçmə əməliyyatlarının aparılmasına maneə törətməsini təsdiq edir. Belə ki, cavabdeh həmin ərazi üzrə ölçmə əməliyyatlarının aparılmasına razı olsa idi, hal-hazırki işdən apellyasiya şikayəti verməzdi. Hazırki qəbul olunan qətnamə cavabdehdən borcun tutulması və digər hər hansı bir mülkiyyətdən çıxarılma ilə bağlı qəbul olunmuş qətnamə deyildir. Göründüyü kimi, cavabdeh şəxs qeyd olunan qətnamədən şikayət verməklə torpaq sahəsinin ölçülməsinin qarşısını almağa çalışır və bu da mülkiyyətçinin öz hüquqlarını həyata keçirməsinə maneə törədir. Əlavə olaraq, bildirmişlər ki, cavabdehin törətdiyi qanunsuz hərəkətlər nəticəsində iş üzrə iddiaçı anası Axundova Tamilə İsgəndər qızının 2 ildir ki, hüquqları pozulur, ona məxsus olan yaşayış sahəsindən istifadə edə bilmir və eyni zamanda çıxarışın alınması üçün qeyd olunan torpaq sahəsinə və yaşayış sahəsinə çıxarışın alınması qanunvericiliklə nəzərdə tutulmasına baxmayaraq cavabdeh tərəfindən edilən maneələr nəticəsində mülkiyyət hüququnun həyata keçirilməsi mümkünsüz olmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirmişlər ki, Gədəbəy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e*(***)-****/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş edirlər. ## ##### 2026-cı il tarixə saat 16:20-ə təyin edilmiş məhkəmə iclasında üzrlü səbəbdən (səhhəti ilə və uzaq məsafədə yaşamağı ilə əlaqədar) iştirak edə bilmir, nəzərə alınmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İ və II hissələri:

20. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

21. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

22. 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

23. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanun:

24. 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.

25. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

26. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

31. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

32. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

33. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

34. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası məhkəmə iclasında iştirak edən şəxsin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gədəbəy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının ## ###### 2000-ci il tarixli, ** nömrəli qərarına əsasən, JN-022D KOD ******** saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında Gədəbəy rayonu, Cəfərli kəndində X2 və Axundova Tamilə İsgəndər qızına 0.40 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin üzərində fərdi yaşayış evi yerləşir. X2 ##.##.2015-ci il tarixdə ölmüşdür. Gədəbəy rayon Notariat ofisində iddiaçı1 mərhum X2 vərəsəsi olduğu müəyyən edilmişdir. Hazırda həmin torpaq sahəsi ilə bağlı iddiaçılar Axundova Tamilə İsgəndər qızı və iddiaçı1 sözügedən daşınmaz əmlakı dövlət reyestrində qeydə alınması ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanına müraciət etsə də, cavabdeh Axundzadə Şəhriyar Firdovsi oğlu tərəfindən ölçü işlərinin aparılmasına yaradılan maneələr nəticəsində sözügedən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı mümkün olmamışdır. Cavabdeh heç bir əsas olmadan tərəflərin hüquqlarını pozmaqla lazımi hərəkətlərin həyata keçirilməsinə maneçilik törətmişdir. İşə baxan birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdeh iddiaçıların mülkiyyət hüququnu pozur, onların mülkiyyət hüququnu həyata keçirməyə maneə olur.

39. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh ölçmə işlərinin aparılmasına maneə olmadığını qeyd etsə də, işin faktiki hallarından onun sözügedən fərdi yaşayış evində yaşadığı və mübahisə predmeti olan fərdi yaşayış evi üzərində ölçmə işlərinin aparılmasına şərait yaratmadığı müəyyən edilmişdir. Belə ki, cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında, apellyasiya şikayətində və məhkəmə kollegiyasının iclasında verdiyi izahatlarda göstərmişdir ki, sözügedən fərdi yaşayış evində o, təmir-tikinti işləri görmüş, yaxşılaşdırma-bərpa və artırma işləri yerinə yetirmişdir. Ümumilikdə 28.000 manat xərc çəkmişdir. Çəkdiyi xərc qarşılansa, evdən çıxmağa da razıdır. Lakin hazırda cavabdehin yaşadıqları evə dair heç bir sənəd yoxdur. Cavabdeh apellyasiya şikayətində ölçmə işlərinin aparılmasına maneə olmadığını qeyd etsə də, dəlillərini təsdiq edəcək heç bir sübutu şikayətinə əlavə etməmiş və kollegiyaya təqdim edə bilməmişdir.

40. Halbuki, iş materiallarından görünür ki, JN-022D KOD ******** saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının ## ###### 2000-ci il tarixli, ** nömrəli qərarına əsasən Gədəbəy rayonu, Cəfərli kəndində X2 və Axundova Tamilə İsgəndər qızına 0.40 ha torpaq sahəsi ayrılmışdır. X2 ##.##.2015-ci il tarixdə ölmüşdür. iddiaçı1 ##.##.2015-ci il tarixdə vəfat etmiş mərhum X2 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün ##.##.2025-ci il tarixdə notariat ofisinə müraciət etmişdir. Təqdim olunmuş sənədlərə əsasən iddiaçı1 mərhum X2 vərəsəsi olduğu müəyyən edilmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq vərəsəyə müvafiq şəhadətnamə verilməsi üçün miras əmlakla bağlı elektron arayışın təqdim olunması zəruridir. Bununla əlaqədar mərhum X2 miras qalmış əmlakına dair müvafiq sənədlərin təqdim edilməsi xahiş olunmuşdur. Daşınmaz əmlakı dövlət reyestrində qeydə alınması ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanına müraciət etsə də, mütəxəssis tərəfindən işin icraatına uyğun olaraq, təqdim edilmiş sənədlərdə qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evinin yerində müayinə olunaraq ölçülməsi zərurəti yaranmışdır. Bu zaman, sözügedən fərdi yaşayış evi üzərində mübahisəli hal aşkar edilmiş və nəticədə qeyd olunan fərdi yaşayış evi üzərində ölçmə işlərinin aparılmasına şərait yaradılmamışdır. Ona görə də, təqdim edilən sənədlərdə göstərilən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizənin icrası mümkün olmamışdır.

41. Göründüyü kimi, mübahisə predmeti barəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin yanında DƏDK və Reyestri publik hüquqi şəxsin ** saylı Şəmkir Ərazi İdarəsi tərəfindən müəyyən ölçmə işlərinin aparılması zərurəti yaranmış, lakin, cavabdeh heç bir əsas olmadan tərəflərin hüquqlarını pozmaqla lazımi hərəkətlərin həyata keçirilməsinə maneçilik törətmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ, II və III hissələrinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

42. Məhkəmə kollegiyası cavabdehin sözügedən fərdi yaşayış evində təmir-tikinti işləri görməsi, yaxşılaşdırma-bərpa və artırma işləri yerinə yetirməsi və ümumilikdə 28.000 manat xərc çəkməsi ilə bağlı qeyd edir ki, həmin hal hazırki mübahisənin predmeti deyildir. Cavabdeh bununla bağlı hüquqlarının pozulmasını guman edirsə, onun müəyyən edilmiş qaydada iddia ərizəsi ilə müvafiq birinci instansiya məhkəməsinə müraciət etmək hüququ vardır.

43. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair” ##.##.2017-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1 və 2.2-ci maddələrinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Mülki Məcəllə ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.

44. Beləliklə, şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi:

Gədəbəy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh Axundzadə Şəhriyar Firdovsi oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gədəbəy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar