Məhkəmə qərarları › İş №2(3-7)-305/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-305/2026

27.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-305/2026 27.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X1 ibarət tərkibdə, Məmmədova Gözəl Nəzarət qızının katibliyi ilə, iddiaçı İddiaçı (bundan sonra - iddiaçı) cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tаrixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Tovuz Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ####### 2014-cü il tarixli məhkəmə əmrindən görünür ki, cavabdeh1 və cavabdeh2(hazırki iş üzrə cavabdehlər) ümumilikdə 4238 manat məbləğində pulun alınıb İddiaçı(hazırki iş üzrə iddiaçı) verilməsi əmr edilmişdir. İddiaçının Tovuz rayon icra və probasiya şöbəsinə ünvanladığı ## #### 2023-cü il tarixli “icraata xitam verilməsi” barədə ərizədən görünür ki, Tovuz Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ####### 2014-cü il tarixli icra sənədi üzrə borc məbləği ödənilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh1 və cavabdeh2 Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən, hesablanan 1765,83 manat məbəğində (5 %) faiz borc, bildiriş (pretenziyanı) göndərilməsi üçün ödənilmiş 1,80 manat məbəğində pul, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 37,67 manat məbəğində dövlət rüsumu və bank xidmət haqqı 0,40 qəpik olmaqla, cəmi 1805,70 manat məbəğində pulun müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh cavabdeh1 arasında bağlanmış ## ###### 2013-cü il tarixli, ***** saylı alğı-satqı müqaviləsinə əsasən, cavabdeh cavabdeh1 4217 manat məbləğində malın dəyərini 39 ay müddətinə hissəhissə ödəməsi ilə bağlı öhdəlik götürmüşdür. Həmin müqavilənin təminatı olaraq digər cavabdeh cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi tam icra etsə də, cavabdehlər müqavilənin şərtlərini pozaraq kreditin ödənilməsinə ayrılmış aylıq qrafik üzrə ödənişlərdən yayınmışdırlar. Daha sonra borcun ödənilməsi üçün məhkəməyə müraciət olunmuş və Tovuz Rayon Məhkəməsinin *(***)- ****/**** nömrəli, ##.##.2014-cü il tarixli məhkəmə əmri ilə cavabdehlərdən cəmi 4238 manat məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi qərara alınmışdır. Qəbul olunmuş məhkəmə qərarı qanuni qüvvəsini almış və 08 il, 04 ay, yəni 100 ay müddətində ##.##.2023-cü il tarixdə icra olunmuşdur (ödənilmişdir). Cavabdehlər qəbul olunmuş məhkəmə qərarı üzrə məbləği zamanında ödəyərək icra etsəydilər iddiaçı öz sahəsində istifadə etməklə daha çox gəlir əldə edə bilərdi. Lakin cavabdehlərin məhkəmə qərarı üzrə öhdəliklərini icra etməməsi səbəbindən və həmin məbləğ vaxtında geri qaytarılmadığına görə iddiaçı, həmin pulu dəyərləndirə bilməmişdir. Buna görə də iddiaçı adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum olmuşdur. Məhkəmə qərarı üzrə kreditora ödənilən 4238 manat borca görə məhkəmə qərarı qanuni qüvvəsini aldığı müddətdən icra olunanadək illik 5 % faiz hesablanmaqla məhkəmə qərarı üzrə ümumi məbləğdən əlavə faiz ödənilməlidir. Bu da 1765,83 manat (4238 manat x 0,05 % = 211,90 manat / 12 ay = 17,65 manat x 100 ay = 1765,83 manat) təşkil edir. Bununla bağlı qanunvericilikdə nəzərə tutulmuş qaydada, işin məhkəmədən kənar həll olunması üçün cavabdehlərə rəsmi qaydada bildiriş (pretenziya) göndərilmiş və 5 gün müddətində icra olunması (ödənilməsi) xahiş olunmasına baxmayaraq, cavabdehlər icra etməmişlər. Tovuz Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) e-*(***)-****/**** nömrəli iş üzrə qəbul etdiyi ## ###### 2025-ci il tаrixli qətnaməsi ilə (hakim Z.Hünmətov) iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, iş materiallarından, o cümlədən iddiaçının özünün iddiaya əlavə etdiyi ərizədən görünür ki, icra sənədi icra edildiyindən iş üzrə icraata xitam verilmişdir. Belə olduğu halda tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün cavabdehlər Mülki Məcəllənin 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1, 443.2, 445.7-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 1, 284-5.1, 284-5.2, 284-5.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsi iddia ərizəsi ilə doğru, düzgün tanış olmadan və təhlil etmədən, ilkin məhkəmə qərarının icrasına xitam verildiyindən və Mülki Məcəllənin 449.1ci maddəsinə istinad edərək iddia tələbinin rədd olunması barədə qətnamə qəbul etmişdir. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## #### 2023-cü il tarixli Qərarı qəbul edilmişdir. Lakin göründüyü kimi məhkəmə həmin qərarla tanış olmamış iddia tələbini rədd etmişdir. Qanuni qüvvəsini almış məhkəmə qərarının icrası gecikdirilərək icra olunduğunu nəzərə alaraq, iddiaçı cavabdehlərdən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsaslanaraq, hesablanan 1765,83 manat məbəğində (5 %) faiz borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qanunvericinin göstərilən normalarda ifadə etdiyi bu mövqeyi borclunun öhdəliyin icrasından yayınmasının qarşısını almağa, həmçinin öhdəliyin pozulması nəticəsində borcverənin üzləşdiyi zərərin kompensasiya edilməsinə yönəldilmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdehlər apellyasiya şikayətinə etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, hazırki iş üzrə qətnaməni apellyasiya qaydasında mübahisələndirən iddiaçı qətnamənin tam ləğv edilməsini xahiş etmişdir. Odur ki, Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə, mülki işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, iş materialları ilə müəyyən olunmuşdur ki, Tovuz Rayon Məhkəməsinin ## ####### 2014-cü il tarixli məhkəmə əmri ilə cavabdehlərdən ümumilikdə 4238 manat məbləğində pulun alınıb iddiaçıya verilməsi əmr edilmişdir. Cavabdehlər həmin məbləği 2023-cü ilin mart ayında ödəmişlər və icra məmurunun ## ###### 2023-cü il tarixli qərarı ilə icra sənədi üzrə icraata xitam verilmişdir. İddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad edərək, gecikdirilmiş vaxt üçün, yəni 8 il, 4 ay müddətinə hesablanmış faiz borcunu cavabdehlərdən tələb edir. Məhkəmə əmri ilə müəyyən edilmiş 4238 manat məbləğində borcun cavabdehlər tərəfindən yalnız 2023-cü ilin mart ayında ödənilməsi həmin öhdəliyin uzun müddət icra edilməməsini təsdiq edir. Qeyd olunmalıdır ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli Qərarına əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2023-cü il tarixli Qərarında da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu eyni hüquqi mövqedən çıxış edərək göstərmişdir ki, Mülki Məcəllənin 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, iddiaçı Mülki Məcəllənin 445.7ci maddəsinə əsasən borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış 1765,83 manat faiz borcunu cavabdehlərdən tələb etməkdə haqlıdır. Beləliklə, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə əsassızdır. Apellyasiya şikayətinin dəlilləri əsaslıdır və formal mülahizə xarakteri daşımır. Odur ki, Məhkəmə MPM-nin 385-ci maddəsinin tələblərini nəzərə alaraq, habelə MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanaraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Tovuz Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tаrixli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış 1765,83 manat faiz borcu, bildirişin (pretenziyanı) göndərilməsi üçün ödənilmiş 1,80 manat dövlət rüsumu, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 37,67 manat məbəğində dövlət rüsumu və bank xidmət haqqı 40 qəpik olmaqla, cəmi 1805,70 manat pul cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı İddiaçı ödənilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar