Məhkəmə qərarları › İş №2(3-7)-326/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-326/2026

18.05.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-326/2026 18.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X2 ibarət tərkibdə, Məmmədova Gözəl Nəzarət qızının katibliyi, iddiaçı İddiaçı nümayəndəsi (vəkili) İbrahimova Türkan Qulu qızının və cavabdeh Cavabdeh nümayəndəsi (vəkili) vəkil1 İbrahim oğlunun iştirakı ilə, iddiaçı İddiaçı (bundan sonra- iddiaçı) cavabdeh Cavabdeh (bundan sonracavabdeh) qarşı “torpaq sahəsinin zəbtdən azad edilməsi” tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları ünvan 2 ünvanında yerləşən 0,0475 ha torpaq sahəsinə iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ##.##.2025-ci il tarixdə qeydiyyata alınmışdır (********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarış). Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Mütəxəssis publik hüquqi şəxsinin ** saylı Şəmkir Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, ##.##.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarış əsasında iddiaçının mülkiyyətində olan və ünvan 2 ünvanında yerləşən 0,0475 ha torpaq sahəsinə girişə cavabdeh tərəfindən torpaq sahəsinin küçə tərəf olan çıxışına məhdudiyyət qoyulmuşdur. Həmin məhdudiyyət hasardan ibarətdir. Həmin torpaq sahəsinə girişə cavabdeh tərəfindən torpaq sahəsinin küçə tərəf olan çıxışına hasar inşa edilmişdir. İddiaçının mülkiyyətində olan və ünvan 2 ünvanında yerləşən 0,0475 ha torpaq sahəsində tikili mövcud deyil, lakin cavabdeh torpaq sahəsinin qərb hisssində 18,23 metr uzunluğunda hasar inşa etmişdir. Mübahisəli ərazidə cavabdeh tərəfindən inşa edilmiş hasar iddiaçının mülkiyyətində olan və ünvan 2 ünvanında yerləşən 0,0475 ha torpaq sahəsinin sərhədləri daxilindədir. Hasar torpaq sahəsinin qərb tərəfində yerləşir, ölçüsü 18,23 metr təşkil edir. Cavabdeh tərəfindən inşa edilmiş hasar mübahisəli torpaq sahəsinə girişə məhdudiyyət yaradır. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan və ünvan 2 ünvanında yerləşən 0,0475 ha torpaq sahəsinə girişi məhdudlaşdıran, qanunsuz tikilmiş hasarın sökülməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ##.##.2024–cü il tarixdə cavabdeh ona zəng edərək ##.##.2023-cü ildə vəfat etmiş atası X1 məxsus ünvan 1 ünvanında yerləşən 0,0475 ha torpaq sahəsinin vaxtilə atası tərəfindən satılmasını, hazırda ona məxsus olmasını iddia etmiş və atasının qanun üzrə vərəsəsi o, olduğu üçün xahiş etmişdir ki, həmin torpağın onun mülkiyyətinə verilməsi üçün müvafiq qaydada sənədləşdirmə işinə razılıq versin. ##.##.2024-cü il tarixdə həmin şəxslə birlikdə Bakı şəhərində yerləşən * saylı ASAN Xidmət mərkəzinə getmişlər. Mərhum atasının vəfatı ilə əlaqədar daha öncə vərəsəlik işi açılmış, həmin mərkəzin notariat ofisinə yaxınlaşmış və orada müvafiq torpaq sahəsi ilə əlaqədar mülkiyyəti təsdiq edən hansı sənədin mövcud olmasını soruşmuşlar. Cavabdeh yalnız torpaq kadastr planı və ölçüsü ilə əlaqədar sənədin mövcud olduğunu qeyd etmiş, lakin üzərində həmin sənədin olmadığını demişdir. Daha sonra telefonla rayonda tanımadığı şəxsə zəng edərək həmin torpağa aid sənədin tapılmasını xahiş etmişdir. O da telefonda “əmlakda işləyən adam hazırda Gəncə şəhərindədir, bu gün iş günləri deyil. Xahiş eləmişəm gəlib sənədi tapıb verəcək” demişdir. Həmin gün bir neçə saat gözləmişlər, lakin xəbər çıxmamışdır. Daha sonra ##.##.2024-cü il tarixdə Eldəniz adlı şəxs watsapp nömrəsinə müvafiq torpaq sahəsinin kadastr plan və ölçüsü ilə əlaqədar sənədin şəkillərini göndərmişdir. Daha sonra o, həmin şəxslərin hərəkətlərindən şübhələndiyi üçün bu məsələni müvafiq qaydada araşdırmış və ona məlum olmuşdur ki, məsələ onların dedikləri kimi deyil və mərhum atası ilə bu şəxslər arasında həmin torpaq sahəsinin alğı-satqısına dair heç bir müqavilə mövcud deyildir. Lakin bütün bunlara baxmayaraq Cavabdeh mülkiyyətində olmadığı ünvan 1 ünvanında yerləşən 0,0475 ha torpaq sahəsini qanunsuz olaraq hasarlamış və torpağın özünə məxsus olduğunu iddia etməkdədir. O, cavabdehin bu hərəkətindən xəbər tutar-tutmaz ##.##.2024-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı publik hüquqi şəxsinin ** saylı Şəmkir Ərazi idarəsinə ərizə ilə müraciət etmiş, mərhum atasına məxsus olmuş və cavabdeh tərəfindən qanunsuz zəbt edilmiş torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq eden çıxarışı vərəsəlik qaydasında əldə etmişdir. Müəyyən müddətdən sonra, daha dəqiq ##.##.2025-ci il tarixdə ünvan 2 ünvanında yerləşən 0,0475 ha torpaq sahəsinə mülkiyyət hüququ təsdiq olunmuş və həmin torpaq üzərində xüsusi mülkiyyət hüququnu təsdiq edən müvafiq qaydada təsdiq olunmuş çıxarış əldə etmişdir. Lakin həmin torpaq sahəsi Cavabdeh tərəfindən qanunsuz hasarlandığı üçün müvafiq torpaq sahəsinə girişi məhdudlaşdırılmışdır. Şəmkir Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) e-*(***)-****/**** nömrəli iş üzrə qəbul etdiyi ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Z.Allahyarov) iddia tələbi təmin edilmiş, ##.##.2025–ci il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında iddiaçı İddiaçı mülkiyyətində olan və (yeni qaydalarla) ünvan 2 ünvanında yerləşən 0,0475 ha torpaq sahəsinə girişi məhdudlaşdıran hasar (mütəxəssis rəyində qeyd olunmuş– torpaq sahəsinin qərbində, küçə tərəfə olan çıxışında 18.23 metr uzunluğunda hasar) cavabdeh Cavabdeh vəsaiti hesabına sökülməsi, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı verilməsi qət edilmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, iş üzrə məhkəmə iclasında dindirilmiş şahidlər keçmişdə baş vermiş hadisə barədə ifadə versələr də, hazırki vəziyyətdə mübahisəli torpaq sahəsi çıxarış əsasında iddiaçının tam mülkiyyətindədir. Yəni iddiaçının torpaq üzərindəki mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Həmçinin, şahidlər də ifadələrində mübahisəli torpaq sahəsindəki hasarın cavabdeh tərəfindən inşa edildiyini təsdiq etmişlər. Rayon Məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.5, 157.4-cü, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 107, 119.1, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Apellyasiya şikayətinin dəlilləri Mübahisəli torpaq sahəsi 30 ildir cavabdehin istifadəsindədir. Ərazidə yan-yana 3 torpaq sahəsi vardır ki, mübahisəli ərazi ortada yerləşir, sağ və sol ətrafında yerləşən torpaq sahələri də cavabdehin mülkiyyətindədir. Torpaq sahəsinin sağ və sol hissəsində hər hansı hasar, giriş qapısı yoxdur, yalnız hər üç torpağın qarşısında vahid hasar vardır. İddiaçının mərhum atası Akif Qocayev sağlığında həmin torpaq sahəsini cavabdehə satmışdır. Belə ki, cavabdeh həmin ərazidə olan və Kamran adlı şəxsə məxsus torpaq sahəsini almış, qonşuluqda olan sahəni də almaq istədiyini demiş, bundan sonra Kamranın vasitəsilə torpaq sahəsini iddiaçının mərhum atasından almışdır. Lakin sənədləşmə işləri qalmışdır. Topaq sahəsi 30 ildir ki, cavabdehdədir, iddiaçının atası isə 2023-cü il tarixdə vəfat etmişdir. Həmin müddət ərzində iddiaçının atası torpaq sahəsinə dair heç bir hərəkət etməmişdir. İddiaçı özü isə yalnız cavabdehin zəngindən sonra torpaq sahəsinin mövcudluğu barədə məlumatlı olmuşdur. Belə ki, cavabdeh iddiaçıya zəng edərək, “sənədləşmə işlərini aparaq” demiş, bundan sonra iddiaçı araşdırma aparmış və həqiqətən atasına məxsus belə torpaq sahəsi olmasını bilmişdir. Dərhal isə torpaq sahəsinə dair çıxarış əldə etmişdir. Bütün bu hallar onu göstərir ki, həqiqətən iddiaçının atası mübahisəli torpaq sahəsini cavabdehə satmış, ötən müddət ərzində cavabdeh torpaqdan istifadə etmişdir. İddia əsassız olduğundan rədd edilməlidir. İş üzrə məhkəmədə şahidlər dindirilmiş və qeyd edilən xüsusatları təsdiq etmişdirlər. Məhkəmə iclasında torpağın cavabdeh tərəfindən alındığı təsdiq edilmişdir. Lakin məhkəmə qətnaməsində göstərilən hallarının təsdiq edildiyini qeyd etməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) vəkil1 İbrahim oğlu apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) brahimova Türkan Qulu qızı iddia tələbəbnin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən Məhkəmə qətnaməni tam yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi Maddə 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə 84.3 Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, Rayon Məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan ##.##.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”dan görünür ki, ünvan 2 (yeni ünvanlaşdırma qaydalarına əsasən) ünvanında yerləşən 0,0475 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə iddiaçının adına dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan ##.##.2025-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, qeyd olunan torpaq sahəsi ##.##.2024-cü il tarixli, 2V-*** reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında iddiaçının adına qeydiyyata alınmışdır. Cavabdehə qarşı “qanunsuz hasarın sökülməsi barədə” tələb irəli sürən iddiaçı bildirir ki, cavabdeh ona məxsus 0,0475 ha torpaq sahəsinin küçə tərəfdə yerləşən girişçıxış hissəsində hasar inşa etməklə həmin torpaq sahəsinə giriş imkanını məhdudlaşdırmışdır. İddiaçının fikrincə, qeyd olunan məhdudiyyət onun mülkiyyətində olan əmlakdan sərbəst istifadə hüququnun həyata keçirilməsinə maneə yaradır. Bu səbəbdən də cavabdeh tərəfindən inşa edilmiş hasar sökülməlidir. İddiaya qarşı cavabdehin etirazları ondan ibarətdir ki, mübahisəli 0,0475 ha torpaq sahəsi faktiki olaraq ona məxsusdur və həmin torpaq sahəsi onun tərəfindən hasara alınmışdır. Belə ki, o, sözügedən torpaq sahəsini iddiaçının mərhum atası Akif Qocayevdən 1990-cı illərdə əvəzini tam ödəməklə satın almış və həmin vaxtdan etibarən torpaq sahəsinə sahiblik və istifadə hüququnu həyata keçirmişdir. Akif Qocayev 2023-cü ildə vəfat etdikdən sonra torpaq sahəsinin sənədləşdirilməsi məqsədilə iddiaçı ilə əlaqə saxlamış və ona müvafiq rəsmiləşdirmə işlərinin aparılmasını təklif etmişdir. Lakin iddiaçı əvvəlcə atasına məxsus belə bir torpaq sahəsinin mövcud olmadığını bildirmiş, lakin sonradan vərəsəlik qaydasında torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədləri öz adına rəsmiləşdirmişdir. Məhkəmə qeyd olunanlarla bağlı ilk növbədə qeyd edr ki, cavabdeh mübahisəli torpaq sahəsini əldə etdiyini iddia etsə də, həmin torpaq sahəsinin alğı-satqısını təsdiq edən hər hansı yazılı müqavilə, ödəniş sənədi, notariat qaydasında təsdiq edilmiş əqd və ya digər mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən daşınmaz əmlaka dair əqdlər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməli və dövlət qeydiyyatına alınmalıdır. Cavabdeh isə belə bir əqdin mövcudluğunu təsdiq edən heç bir hüquqmüəyyənedici sənəd təqdim edə bilməmişdir. Cavabdehin torpaq sahəsindən uzun müddət istifadə etməsi və ya həmin sahənin onun istifadəsində olması torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranmasını təsdiq edən hal hesab edilə bilməz. İstifadə faktı ilə mülkiyyət hüququ müxtəlif hüquqi anlayışlardır və birincinin mövcudluğu ikincinin yaranmasına səbəb olmur. Məhkəmə həmçinin bildirir ki, cavabdeh tərəfindən istinad edilən şahid ifadələri də torpaq sahəsinin satılmasını, habelə əmlak üzərində mülkiyyət hüququnun keçməsini əvəz edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, şahidlərin ifadələri yalnız onların eşitdikləri və ya müşahidə etdikləri hallara münasibətdə sübut əhəmiyyəti daşıya bilər. Daşınmaz əmlakın alğı-satqısı kimi hüquqi fakt isə qanunvericiliyin tələb etdiyi formada tərtib olunmuş sənədlərlə təsdiq edilməlidir. Bundan başqa, iş materiallarından görünür ki, mübahisəli torpaq sahəsinə dair çıxarış iddiaçı tərəfindən qanunvericiliyin tələblərinə uyğun qaydada əldə edilmişdir. Cavabdeh isə həmin çıxarışın etibarsızlığını və ya torpaq sahəsi üzərində özünün mülkiyyət hüququnun yaranmasını təsdiq edən hər hansı hüquqi sənəd təqdim etməmişdir. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, cavabdehin torpaq sahəsinin mərhum Akif Qocayev tərəfindən ona satılması barədə dəlilləri ehtimallara və şahid ifadələrinə əsaslanmaqla daşınmaz əmlak üzərində hüququn yaranmasını təsdiq edən mötəbər və kifayət qədər sübut hesab edilə bilməz. İş materiallarından görünür ki, işə baxan Rayon Məhkəməsi cavabdeh tərəfindən inşa edilmiş hasarın iddiaçıya məxsus torpaq sahəsinə giriş imkanını məhdudlaşdırıbməhdudlaşdırmadığını müəyyən etmək məqsədilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş, ekspertiza tədqiqatının aparılmasını xxxx PHŞ-nin ** saylı Şəmkir Ərazi İdarəsinə həvalə etmişdir. xxxx PHŞ-nin ** saylı Şəmkir Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan qeyd olunan torpaq sahəsinin küçə tərəfdən giriş hissəsində hasar inşa edilmişdir. Mütəxəssis rəyinə əsasən, həmin hasar mübahisəli torpaq sahəsinin sərhədləri daxilində, qərb hissəsində yerləşir və uzunluğu 18,23 metr təşkil edir. Torpaq sahəsində hər hansı tikili mövcud olmasa da, cavabdeh tərəfindən inşa edilmiş hasar torpaq sahəsinə giriş imkanını məhdudlaşdırır və iddiaçının mülkiyyət hüququnun sərbəst həyata keçirilməsinə maneə yaradır. Göründüyü kimi, mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin sərhədləri daxilində qanunsuz hasar inşa edilmiş və nəticədə iddiaçının həmin torpaq sahəsindən istifadə və ona sərbəst giriş hüququ məhdudlaşdırılmışdır. Qeyd olunanlara əsasən müəyyən edilir ki, iddiaçı, ona məxsus torpaq sahəsinin sərhədləri daxilində hasarın cavabdehin hesabına sökülməsini tələb etməkdə haqlıdır. Rayon Məhkəməsi iddianı təmin etməkdə iş üzrə düzgün nəticəyə gəlmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. İş üzrə qəbul edilmiş qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli,## ###### 2026-cı il tаrixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar