Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-342/2026 19.03.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), Mustafayev Mustafa Əli oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İddiaçı Əliyeva Gülnarə Telman qızının cavabdehlər Təhməzli Sahil Məhərrəm oğlu və Cəfərov Məhərrəm Təhməz oğluna qarşı ayrıca giriş-çıxış yolunun ayrılması və evin bölünməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 13.02.2026-cı il tarixli, 2(5-121)- 611/2026 saylı qərardadından iddiaçı Əliyeva Gülnarə Telman qızı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı məhkəmə icraatında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Əliyeva Gülnarə Telman qızı cavabdehlər Təhməzli Sahil Məhərrəm oğlu və Cəfərov Məhərrəm Təhməz oğluna qarşı Gəncə şəhəri, Gülüstan qəsəbəsi Həbib Səlimov küçəsi 11 saylı evin girişinin sonunda yerləşən iki otaq, həmin otağın altındakı zirzəmilər, evin həmin hissəsində yerləşən (toyuq damının yerləşdiyi) 8 sot torpaq sahəsinin onun istifadəsinə verilməsi, iki otağın yuxarı hissəsindən koridordan divar çəkilməklə evin ayrılması, elektrik, su, kanalzasiya və təbii qazın ümumi istifadəyə verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 13.02.2026-cı il tarixli, 2(5-121)-611/2026 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır. İddiaçı tərəf həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Kəlbəcər sakinidir, həyat yoldaşı Cəfərov Məhərrəm Təhməz oğlu ilə birlikdə Gəncə şəhəri Gülüstan qəsəbəsində böyük ev tikdirmişlər, 2005-ci ildə evin tikintisi başa çatmış, bir müddət sonra isə köçüb evdə yaşamağa başlamışlar. 2013-cü ildə oğlu Sahil Təhməzlini evləndirib, Təhməzli Rəqsanəni həmin evə gəlin gətirmişdir. Daima mehriban yaşamışlar. 26.11.2024-cü il tarixdə telefonuna baxan zaman WhatsApp hesabında başqa nömrəyə yönləndirmə olduğunu bilmişdir. Bunun kim tərəfindən edildiyini öyrənmək üçün xalası oğlu Raminə gəlini (şübhəlilərdən biri də o olduğu üçün) haqqında qeybət xarakterli sözlər demişdir. Həmin gün axşam saatlarında gəlininin atası və onun ailə üzvləri nə üçün Rəqsanə haqqında danışdıqlarını soruşmuş, o telefonunda yönləndirmə olduğunu, bunu müəyyənləşdirmək üçün belə etdiyini bildirmişdir. 28.11.2024-cü il tarixdə Rəqsanə ona hücum etmiş və ona xəsarət yetirmişdir. Həmin zaman polisə şikayət etdiyindən hətta polisdə də araşdırılma aparılmış, sonradan oğlunun ailəsində problem yaranmaması üçün şikayətindən imtina etmişdir. Həmin zaman ona daha çox ziyan vurulmaması üçün o anasına məxsus olan evdə müvəqqəti yaşamağa getmişdir. Belə ki, gəlininin Rəqsanə onun telefonunu götürmüş, onun başına vuraraq ona xəsarət yetirmiş və telefonunu onun yanında onu vurduğu bıçaqla qırmışdır. Onun həyatına qəsd etmişdir. Lakin o böyüklük edib, oğlunun polisdə işləməsi, ona ziyan dəyməməsi, nəvələrinin anasız böyüməməsi üçün şikayətini geri götürmüşdür, izahatını dəyişmişdir. O anasının evində müvəqqəti qalmağa getsə də, lakin bütün əşyaların ona məxsus otaqda qalmışdır. Rəqsanə tərəfindən ona xəsarət yetirilən zaman onun yataq otağının pəncərəsini də qırmışdır. Evdən çıxan zaman qapının pəncərəsini düzəltdirmiş, hətta qapını açarla bağlamış ki, heç kəs içəriyə daxil olmasın. Bir müddət sonra bilmişdir ki, qapını qıraraq içəriyə girmişlər. İçəridə olan sandığını qırmışlar. Bildirir ki, ona məxsus bütün geyim əşyaları, işlənməmiş məişət əşyaları, bir onluq qızıl və 6 qram boyunbağı və 1500 manat məbləğində pul həmin otaqda idi. Gəncə şəhər Məhkəməsinin 2(125)-3064/2025 nömrəli 25.09.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuş, iddiaçı Əliyeva Gülnarə Telman qızının Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Həbib Səlimov küçəsində inşa edilmiş fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Məhkəmənin qətnaməsi qanuni qüvvəsini almışdır. Bildirir ki, iş üzrə Təhməzli Rəqsanə Zahir qızı onu bıçaqladığına, həyatına qəsd etdiyinə o evi tərk etməyə məcbur olmuşdur. Hazırda da onun həyatı üçün təhlükə mövcuddur. Məhkəmə prosesi zamanı məhkəmə prosesində iştirak edən cavabdeh Cəfərov Məhərrəm Təhməz oğlu da “Gülnarə məhləyə köçsə, kim onun təhlükəsizliyini təmin edəcəkdir”- deyərək iddianın təmin olunmasına etiraz etmiş, onların münasibətlərinin hələ də gərgin olduğunu, onun həyatının təhlükədə olduğunu vurğulamışdır. Onun bütün əşyalarının məhv edilməsi də təsdiq edir ki, Təhməzli Rəqsanə ona qarşı aqressivdir. Hətta evə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra polislə baxış keçiriləndən sonra da əşyalarının onun tərəfindən məhv edilməsi dediklərinin təsdiqidir. Məhkəmə zamanı müəyyən edildi ki, ev 20 sot torpaq sahəsində tikilməklə 5 yaşayış otağından, bir mətbəxdən, 11 metr uzunluğunda, 3 metr enində koridordan, tualet, hamam, paltar dəyişmə otağından ibarətdir. Məhkəmənin qətnaməsi ilə onun bütün evə köçürülməsi qət edilmişdir. Lakin bu hal cavabdehlərdə aqressiyaya səbəb olacaq və onun həyatı üçün daha ciddi təhlükə yaranacaqdır. Həyatının təhlükəsizliyinin təmin edilməsi məqsədilə onun evin iki otağına köçürülməsini istəmişdir. Qeyd edilən iki otaq evin girişinin sonunda yerləşir. O həmin otaqlara köçürüldüyü halda çölə hər iki tərəfdən qapı açıb istifadə edə bilər. Koridordan divar çəkilməsi ilə onun təhlükəsizliyi təmin olunacaq və cavabdehlərlə o bir-birilərini görməyəcəkdir. Hətta bildirir ki, həmin hissədə tualet-hamam, mətbəx yoxdur. Lakin o təhlükəsizlik baxımından bu məsələlərlə bağlı təkid etmir. Üstəlik, həyətdə onun toyuq damı var. O həmin damda toyuq saxlamışdır. Hesab edir ki, evin girişinin sonunda yerləşən iki otaq, həmin otağın altındakı zirzəmilər, evin həmin hissəsində yerləşən (toyuq damının yerləşdiyi) 8 sot torpaq sahəsi onun istifadəsinə verilməli, iki otağın yuxarı hissəsindən koridordan divar çəkilməklə evin ayrılması, elektrik, su, kanalizasiya və təbii qazın ümumi istifadəyə verilməsi mümkündür. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsindən də aydın olur ki, o həmin mülkün iki sahibindən biridir. Bu cavabdehlər tərəfindən mübahisə edilmir və məhkəmənin qətnaməsi də bunu təsdiq etmişdir. Daşınmaz əmlak Gəncə şəhərinin ərazisində olduğundan müstəsna aidiyyat qaydasına əsasən, daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsində, yəni Gəncə şəhər Məhkəməsində işə baxılmalıdır. Gəncə Şəhər Məhkəməsinin 20.02.2026-cı il tarixli, 2(5-121)-611/2026 saylı qərardadı ilə şikаyətin təmin edilməməsi və iş materialları ilə birlikdə bаxılmаsı üçün Gəncə Аpellyаsiyа Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin 13.02.2026-cı il tarixli, 2(5-121)- 611/2026 saylı qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsinə müvafiq olaraq, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi; 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 39.1. Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Mülki prosessual qanunvericiliyin ərazi aidiyyətinə dair normalarından görünür ki, qanunvericinin ərazi aidiyyətinin müəyyənləşdirilməsində başlıca məqsədi şəxslərin məhkəməyə əlçatanlığının, işlərə ağlabatan müddətdə baxılmasının, prosessual qənaət prinsipinin, ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Qeyd edilən qanunvericilik normasına əsasən məhkəmə hesab etmişdir ki, tərəflərin qeydiyyatda olduqları ünvanın «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə yoxlanılması zamanı cavabdehlər Təhməzli Sahil Məhərrəm oğlunun və Cəfərov Məhərrəm Təhməz oğlunun qeydiyyatda olduğu ünvanın Kəlbəcər şəhəri, N.Gəncəvi prospekti ev 305 olduğu müəyyən edilmişdir. Cavabdehin ünvanı Kəlbəcər şəhərində yerləşdiyindən, iddia ərizəsi ərazi aidiyyəti qaydalarında uyğun olaraq düzgün olaraq Kəlbəcər Rayon Məhkəməsinə ünvanlanmalı idi. Kollegiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, həmin dəlillər ərazi aidiyyəti qaydalarının dəyişməsinə əsas vermir. Belə ki, mübahisə predmeti olan əmlak Gəncə şəhəri Gülüstan qəsəbəsi Həbib Səlimov küçəsi 11 ünvanında yerləşsə də, həmin əmlakın (evin və ya torpaq sahəsinin) mülkiyyət sənədləri təqdim edilməmişdir. Müstəsna aidiyyat qaydalarını müəyyən edən MPM-nin 39.1-ci maddəsinin tətbiqi hazırki halda istisna edilir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 35.1, 40.1, 398.0.1 və 402-ci maddələrini rəhbər tutaraq, QƏRAR A ALDI: Gəncə Şəhər Məhkəməsinin 13.02.2026-cı il tarixli, 2(5-121)-611/2026 saylı qərardadından iddiaçı Əliyeva Gülnarə Telman qızı tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 13.02.2026-cı il tarixli, 2(5-121)-611/2026 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-7)-342/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-342/2026
19.03.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver