Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(3-7)-37/2026 17.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: yaşayış sahəsindən istifadə hüququ; mülkiyyətçinin ailə üzvləri Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Kərimova Cəmilə Əbülfət qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 28 noyabr 2025-ci il tarixli 2(125)-4635/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 17 fevral 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 54.8 kvadratmetrdən ibarət daşınmaz əmlak 30 sentyabr 2015-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir.
2. Şəmkir Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli 2(076)-888/2021 nömrəli qətnaməsindən görünür ki, X3 ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə Şəmkir rayon qeydiyyat şöbəsində bağlanmış və 222 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü İnci və xx.xx.2019-cu il təvəllüdlü Murad adlı uşaqlar Cavabdeh yanında qalması qət edilmişdir.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən yaşayış sahəsindən Cavabdeh çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən, 2 otaqdan ibarət yaşayış sahəsi onun xüsusi mülkiyyətindədir. X5 Cavabdeh ilə 2017-ci ildə ailə qurduqdan sonra birlikdə həmin mənzildə yaşamışlar. Ancaq qısa bir müddətdən sonra ailə münasibətləri pozulduğu üçün 2021-ci ildə nikahları Şəmkir Rayon Məhkəməsinin 2(076)-1379/2021 saylı qətnaməsi ilə pozulmuşdur. Hazırda mənzilində Cavabdeh yaşayır. Nikah pozulduqdan sonra dəfələrlə tələb etməyinə baxmayaraq cavabdeh mənzili boşaltmaqdan imtina edir. Cavabdehin qanunsuz hərəkətləri səbəbindən mülkiyyətində olan mənzildən istifadə edə bilmir. Azərbaycan Respublikası Ailə və Mülki Məcəllələrinin tələblərinə əsasən gəlin ailə üzvü hesab edilmir. Nikahının olub-olmamasından asılı olmayaraq onun mənzilindən heç bir istifadə hüququ yaranmır.
5. Gəncə Şəhər Məhkəməsinin 28 noyabr 2025-ci il tarixli 2(125)-4635/2025 nömrəli qətnaməsi ilə (hakim Zaman İmanov) iddia təmin edilərək, Cavabdeh İddiaçı məxsus olan ünvan 2 ünvanından çıxarılması; Məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehə aid edilməsi və həmin məbləğdə pulun Cavabdeh tutulub İddiaçı ödənilməsi qət edilmişdir.
6. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrinə, Mülki Məcəllənin 152.1, 157.8 və 228-ci maddələrinə, xx.xx.2009-cu il tarixdən qüvvəyə minmiş Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3, 217.4 və 218.3-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, İddiaçı oğlu X3 ilə el adəti ilə evlənmişlər, nikahlarını xx.xx.2017-ci il tarixdə rəsmiləşdirmişlər. Onlara məxsus Gəncə şəhəri 3-mik, 11/17-ə evə gəlin getmişdir. Həmin evdə iki uşağı anadan olmuşdur. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(076)-888/2021 saylı qətnaməsi ilə X3 ilə aralarında olan xx.xx.2017-ci il tarixdə Şəmkir rayon qeydiyyat şöbəsində bağlanmış və 222 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli 2(076)-1379/2021 saylı qətnaməsi ilə birgə nikahdan olan uşaqlardan hər birinin saxlanması üçün uşaqlar yetkinlik yaşına çatana kimi hər ay 130 manat məbləğində alimentin X1 tutularaq ona verilməsi qət edilmişdir. Nikahları pozulduqdan sonra da İddiaçı və onun oğlu X2 razılığı ilə onların evində yaşamağa davam etmişdir. İddiaçı və oğlu bildirmişdir ki, bu evi ona verirlər, həmin evdə yaşayıb uşaqlarını böyüdə bilər. Nikahları pozulduqdan sonra həmin evdə daima yaşayacağını düşünərək evdə təmir işləri gördürməyə başlamışdır. Evdə aşağıdakı yenidən qurma işləri gördürmüşdür: 1. kombi çəkdirmiş (Seru İtalian design) – 1700 manat +300 manat usta pulu, pəncərə 03 ədəd – 540 manat, Reşotka 03 ədəd – 300 manat, qidrafon Bramex + seyf -170 manat + 30 manat usta pulu, unitaz + tuj (Gülbən) – 500 manat Kondisioner (Samsung) – 1000 manat+ 20 manat usta pulu balkon hörgüsü – 1500 manat +500 manat usta pulu, minutka Bosch – 200 manat. Ali Məhkəmənin Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarından sonra o da ərizə ilə məhkəməyə müraciət edərək alimentin indeksasiyasının həyata keçirilməsini xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(076)- 43/2025 saylı qərardadı ilə məhkəmənin qətnaməsi ilə təyin edilmiş 130 manat məbləğində alimentin sonrakı artımlar nəzərə alınmaqla, hər ay, hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,52 misli həddində indeksasiya olunması qərara alınmışdır. Bundan sonra, İddiaçı nəvələrinə, onların müalicəsinə əlavə pul istədiyi, alimentin artırılmasına dair ərizə verdiyi üçün bərk əsəbiləşərək ona qarşı məhkəmədə iddia qaldıraraq evdən çıxarılmağını tələb etmişdir. Hazırda o İddiaçı yaxşılaşdırma işlərinin əvəzinin ödənilməsini tələb edir. Üstəgəl, iddiaçı tərəflər aralarında razılıq olmuşdur ki, iddiaçı onu evlə təmin edir, o da ayrıldıqları vaxtdan bütün həyatını həmin razılıq əsasında qurmuşdur. Hazırda iddiaçının onu və azyaşlı uşaqlarını evdən çıxarması bütün həyatını altı-üst edir. Uşağı həmin evə yaxın məktəbə gedir. Rus dilində təhsil alır. Digər övladını vaxtaşırı loqopedə aparır. Gəncə şəhərində yaşamağa başqa bir evi yoxdur. Valideynlərinə məxsus ev Şəmkir rayonu Qaracəmilli kəndindədir. Yaşamağa həmin evdə şərait yoxdur. Uşağının təhsil alması üçün rus dilində məktəb yoxdur. İddiaçının nümayəndəsi birinci instansiya məhkəməsi zamanı da məhkəmə iclasında bildirmişdir ki, o, (cavabdeh) öz konforu üçün evdə təmir işləri gördürmüşdür. Özünün və uşaqlarının konforu üçün təmir işləri gördürməyi özü belə təsdiq edir ki, iddiaçı ilə aralarında şifahi razılaşma olmuşdur. Uşaqları yetkinlik yaşına çatana kimi onlara həmin mənzildən istifadə hüququ tanınmasına dair qətnamə çıxarılmasını xahiş etsə də, məhkəmə bu məsələni ümumiyyətlə müzakirə etməmişdir Məhkəmə iclasında qarşı tərəfin nümayəndəsi etiraf etdi ki, cavabdeh evin yaxşılaşdırılması üçün xərclər çəkmişdir. Həmçinin, məhkəmənin diqqətinə çatdırır ki, nikahları xx.xx.2021-ci il tarixdə pozulmuşdur. Aradan 4 ildən artıq müddət keçdikdən sonra iddiaçının onu və uşaqlarını mənzildən çıxarması təsdiq edir ki, həqiqətən də aralarında evdən istifadə ilə əlaqədar razılıq olmuşdur. Bundan başqa, iddiaçı tərəf guya ki, “dəfələrlə məndən evi tərk etməyi tələb etmiş, lakin mən evdən çıxmaqdan imtina etmişəm” sözləri yalandır. Heç nə ilə təsdiq olunmur.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, 2017-ci ildə iddiaçının X5la ailə qurmuş və həmin zaman iddiaçıya məxsus mənzilə gəlin köçmüşdür. 2021-ci ildə iddiaçının oğlu ilə aralarındakı nikah pozulmuşdur. İddiaçı ona demişdir ki, mənzildə yaşayıb uşaqları böyüdə bilər. O da həmin evdə daimi yaşaya biləcəyini düşünərək evdə təmir işləri gördürmüşdür. Sədrlik edənin suallarına cavab olaraq Cavabdeh bildirmişdir ki, hazırda mübahisəli mənzilə çəkdiyi xərclərin ödənilməsi ilə bağlı Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. Gəncə şəhərində yaşamağa evi yoxdur. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
12. 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
13. Maddə 152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır
14. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
01 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
15. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
16. Maddə 30.4. əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
17. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
20. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
21. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
22. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
23. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
25. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırıldıqda müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirilmişdir. Ona görə də qətnamənin əsaslılığı tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. İşin müəyyən olunmuş və faktiki hallarından görünür ki, ünvan 3 ünvanı 30 sentyabr 2015-ci il tarixdən iddiaçının mülkiyyətindədir. Cavabdeh 2017-ci ildə iddiaçının X5la nikaha daxil olaraq ailə qurmuş və həmin zamandan iddiaçının (qaynanasının) mülkiyyətində olan mənzilə gəlin köçərək orada yaşamışdır. Cavabdehlə iddiaçının oğlunun ailə münasibətləri pozulduğundan 2021-ci ildə ayrılmışlar və məhkəmə qətnaməsi əsasında nikahları pozulmuşdur. Cavabdeh hazırda da iddiaçıya məxsus mənzildə yaşayır. Ona görə də İddiaçı cavabdehin onun evindən çıxarılması barədə hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
28. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır; belə ki, istənilən iddia ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmə tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
29. Cavabdeh 2017-ci ildə iddiaçının oğlu Z.Məmmədovla ailə qurmaqla mübahisəli mənzilə köçdüyündən tərəflər arasında yaranmış hazırkı mübahisə xx.xx.2009-cu il tarixdən qüvvəyə minmiş Mənzil Məcəlləsinin müddəaları əsasında həll edilməlidir. Çünki, MPM-nin 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
30. Qeyd edilməlidir ki, İddiaçı mübahisəli evin mülkiyyətçisi kimi Mülki Məcəllənin 152-ci maddəsində göstərilən sərəncam hüququna malikdir və sərəncam hüququndan çıxış etməklə cavabdehin evindən çıxarılmasını tələb etmək hüququna malikdir.
31. Bununla belə, məsələnin qanuni həlli baxımından araşdırılmalı məsələlərdən biri Cavabdeh mənzilin mülkiyyətçisi olan iddiaçının ailə üzvü olub-olmamasıdır.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bu məsələ ilə bağlı «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarixli qərarında izah etmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.
33. Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəalarına əsasən, valideynlərin uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir-birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir.
34. Göründüyü kimi, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər; Cavabdeh isə həmin şəxslər dairəsinə aid deyildir və onun mübahisəli evdən istifadə hüququ yaranmamışdır. Bundan başqa, cavabdeh yaşayış sahəsinin mülkiyyətçisinə münasibətdə “digər qohumlar” dairəsinə də aid deyildir ki, bu halda onun evin mülkiyyətçisi olan iddiaçıdan özünün saxlanılmasını tələb etmək hüququ yoxdur. Belə olan təqdirdə, məsələnin həllinə Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulmuş digər qaydaların tətbiqi, yəni cavabdehin istifadə hüququnun müəyyən müddətə saxlanılması istisna edilir. Mənzilin təmirinə vəsait sərf etməsi barədə apellyatorun dəlilinə münasibətdə isə kollegiya vurğulayır ki, bu məsələ hazırkı iddianın predmetini təşkil etməməklə iddianın həlli baxımından hər hansı əhəmiyyət daşımamaqdadır.
35. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 28 noyabr 2025-ci il tarixli 2(125)-4635/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.