Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-423/2026 18.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh iş üzrə (Açar sözlər: borcun ödənilməsi tələbi, iddia müddətinin tətbiqi) Hakimlər X2 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi ilə İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. ## #### 2020-ci il tarixli S*K******* nömrəli hissə-hissə ödənişlə alğı-satqı müqaviləsinə əsasən, müqavilənin 1.1-ci maddəsinə əsasən, satıcı 2717 manat dəyəri olan 1 ədəd “TV LED GR 40 VLE 6735 1 ədəd TV LED LG 49SM8200 1ədəd JUICER RIFFEL RF808 BLACK” markalı məhsulu satmağı, alıcı isə hissə-hissə ödəniş etməyi öhdəsinə götürmüşdür. Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Müqavilənin 2.1, 2.2-ci maddəsinə əsasən Alıcı 50 manat ilkin ödəniş olmaqla, qalan 2667 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 15 ay müddətinə, aylıq 178 manat olmaqla, hər ayın 18dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.4-cü maddəsinə əsasən Alıcı ödənişi gecikdirdiyi hər gün üçün məcmu borcun 1 %-i həcmində satıcının xeyrinə cərimə (dəbbə pulu) ödəyir.
2. Soliton LTD tərəfindən verilən ##.##.2025-ci il tarixli Maliyyə Arayışına əsasən, Cavabdeh ## #### 2020-ci il tarix S*K******* nömrəli müqaviləsi üzrə 2271 manat əsas, 681 manat dəbbə pulu və 49.52 manat dövlət rüsumu olmaqla, 3001,52 manat borcu vardır.
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, S*K******* saylı, ##.##.2020-ci il tarixli müqavilə üzrə 2271 manat əsas borcu və 681 manat cərimə borcu və 49.52 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3001.52 manat borcun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, borclu Cavabdeh ilə İddiaçı arasında bağlanılmış ##.##.2020-ci il tarixli, S*K******* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh ümumi dəyəri 2717 manat olan 1 ədəd “TV LED GR 40 VLE 6735”, 1 ədəd “TV LED LG 49sm 8200”, 1 ədəd “JUICER RIFFEEL RF808 BLACK” markalı məhsulu almış və nəticədə 2271 manat əsas və 681 manat cərimə məbləğində borc yaranmışdır. Qeyd olunan müqavilənin şərtlərinə əsasən cavabdeh müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yetirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə, kreditor nisyə mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb etmək hüququna malikdir. Borclu müqavilənin bu şərtlərini pozaraq, qeyd edilən borcunun vaxtında ödənilməsini təmin etməmişdir. Ona görə də iddiaçı tərəf iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Cavabdeh Misirxanova Nigar Surxay qızı iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
6. Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim R.R.Məmmədov) iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh 2271 manat qalıq borc və 181 manat cərimə, habelə 49.52 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2501.52 (iki min beş yüz bir manat əlli iki qəpik) manat pul tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi verilmiş tələb Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi cavabdehin ##.##.2020-ci il tarixli, S*K******* saylı “Nisyə alqısatqı müqaviləsi”nə əsasən ##.##.2025-ci il tarixinə, 2271 manat əsas və 681 manat cərimə borcu yaranmış, həmçinin, İddiaçı məhkəməyə müraciət edərkən 49.52 manat məbləğində dövlət rüsumu ödəmişdir.
8. Məhkəmə hesab etmişdir ki, ##.##.2020-ci il tarixli, S*K******* saylı müqavilə üzrə hesablanmış 681 manat məbləğində cərimənin 500 manat hissəsində cavabdehdən tutulması barədə tələbin hüquqi əsası olmadığından iddia həmin hissələrdə rədd edilməli, qeyd olunan müqavilələrə mavafiq olaraq cərimən qalan 181 manat hissəsində təmin edilməlidir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 443.1, 448.1, 462.1, 467-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 119.1 və 284-5.3, 284-6.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəlləyə əsasən, müqavilə üzrə iddia müddəti 3 ildir. Yəni, bir şəxs müqavilənin pozulması, yerinə yetirilməməsi və ya pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etməli olduqda, bu iddia müddəti 3 ildən başlayır. Bu müddət, ümumiyyətlə, müqavilə tərəfləri arasında yaranan mübahisələrə aiddir. Məsələn, bir tərəf müqavilə üzrə öhdəliklərini yerinə yetirmirsə və digər tərəf bununla bağlı məhkəməyə müraciət etmək istəyirsə, o zaman 3 illik müddət daxilində bu iddia irəlisürülməlidir. Tərəflərdən birinin müqavilə pozulmasına etiraz etməsi 3 ildən çox gecikmişsə, artıq məhkəməiddiaya baxa bilməz. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, cavabdeh tərəfindən səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyinə dair ərizə ünvanlanmış, lakin iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 372. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
17. Hazırkı işdə iddia qismən təmin edildiyindən və apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilərək iddia tələbi təmin edilməməlidir.
19. Belə ki, işin faktiki hallarına və işdə olan sübutlara əsasən müəyyən olunmuşdur ki, ## #### 2020-ci il tarixli S*K******* nömrəli hissə-hissə ödənişlə alğı-satqı müqaviləsinə əsasən, cavabdeh iddiaçıdan 2717 manat dəyəri olan 1 ədəd “TV LED GR 40 VLE 6735 1 ədəd TV LED LG 49SM8200 1ədəd JUICER RIFFEL RF808 BLACK” markalı məhsulu hissəhissə ödəniş etməklə almağı öhdəsinə götürmüşdür. Cavabdeh 50 manat ilkin ödəniş etməklə, qalan 2667 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 15 ay müddətinə, aylıq 178 manat olmaqla, hər ayın 18-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Daha sonra iddiaçı tərəfindən cavabdehə pretenziya ünvanlanmış, onun müqavilə üzrə öhdəliklərinin lazımi qaydada icra edilməməsi ilə ##.##.2025-ci il tarixinə 2271 manat əsas, 681 manat dəbbə pulu hesablanaraq, cəmi 2952 manat pulun ödənilməsi bildirilmişdir. Cavabdeh pretenziyada qeyd edilən öhdəliyi yerinə yetirmədiyinə görə iddiaçı məhkəməyə müraciət etmişdir.
20. Kollegiya işin hallarını araşdıraraq hesab edir ki, iddiaçı müqavilə münasibətlərinə istinad edərək cavabdehə qarşı pul tələbinə dair iddia qaldırmaqda haqlı olmuşdur.
21. Bununla belə, birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edilmiş, ancaq məhkəmə bu ərizəyə hüquqi qiymət verməyərək, düzgün olmayan nəticəyə gəlmiş, iddia tələbini qismən təmin etmişdir. Halbuki, iddia müddətinin ötməsi, bu barədə cavabdeh tərəfindən ərizə verildiyi halda iddia tələbinin rədd edilməsi üçün əsasdır. O da qeyd edilməlidir ki, iddia müddəti yalnız əsaslı tələblərə münasibətdə tətbiq edilə bilər.
22. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən iddia tələbi mülki qanunvericilikdə nəzərdə tutulmuş üç illik iddia müddəti ötürülməklə verildiyindən iddia təmin edilə bilməz.
23. Belə ki, mülki qanunvericiliyə müvafiq olaraq, müqavilə münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mahiyyətinə görə müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.
24. İş materiallarına əlavə edilən ## #### 2020-ci il tarixli S*K******* nömrəli hissə-hissə ödənişlə alğı-satqı müqaviləsi üzrə ödəniləcək məbləğin son müddəti ##.##.2021-ci il müəyyən edilmişdir. Lakin iddiaçı iddia ərizəsi ilə məhkəməyə ##.##.2025-ci il tarixdə müraciət etmişdir. Bununla da, iddiaçı iddia müddətini ötürmüş hesab edilir.
25. Bununla yanaşı, iddiaçı iddia ərizəsində cavabdeh tərəfindən sonuncu dəfə ##.##.2023-cü il tarixində 40 manat ödənişin edildiyi qeyd edilsə də, ödənişə dair qəbz və ya hər hansı mövcud sübutu məhkəməyə təqdim etməmişdir. Bu hal da, o qənaətə gəlməyə əsas verir ki, icra müddətinin bitməsinin tarixi tərəflər arasında bağlanmış hissə-hissə ödənişlə alğısatqı müqaviləsinin tərkib hissəsi olan ödəniş cədvəlinin son ödəniş tarixi əsas götürülməklə, ondan sonrakı dövrdən iddia müddətinin axımı başlanmalıdır.
26. Məhkəmə kollegiyasının mövqeyinə əsasən, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsasdır. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmamışdır.
27. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh Cavabdeh tərəfindən verilən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmalıdır.
28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh Cavabdeh tərəfindən apellyasiya şikayəti təmin olunsun. Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi tamamilə ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.