Məhkəmə qərarları › İş №2(3-7)-435/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-435/2026

18.05.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-435/2026 18.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı iddiaçı1, iddiaçı2 cavabdehlər cavabdeh1, X13 müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bərdə rayon Böyük Qəcər kənd Bələdiyyəsinə qarşı “gediş-gəliş üçün nəzərdə tutulmuş yolda quraşdırılmış dəmir darvazanın və dəmir çardağın cavabdehlerin vəsaiti hesabına sökülməsi, yolun açılması və cavabdehlərə həmin mübahisəli yolun bağlanmasına qadağa qoyulması” tələbinə dair iş üzrə (Açar sözlər: mülkiyyətə müdaxiləyə son qoyulmaqla maneənin aradan qaldırılması, tikintinin sökülməsi, pəncərənin bağlanması) Hakimlər X16 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, X5 qızının katibliyi ilə, İddiaçılar Həsənov İlham Möhübbət oğlu və iddiaçı2, Cavabdehlər cavabdeh1 və X13 iştirakları ilə, Iddiaçı iddiaçı1, iddiaçı2 cavabdehlər cavabdeh1, X13 müstəqil tələb irəli sürməyən 3cü şəxs Bərdə rayon Böyük Qəcər kənd Bələdiyyəsinə qarşı “gediş-gəliş üçün nəzərdə tutulmuş yolda quraşdırılmış dəmir darvazanın və dəmir çardağın cavabdehlerin vəsaiti hesabına sökülməsi, yolun açılması və cavabdehlərə həmin mübahisəli yolun bağlanmasına qadağa qoyulması” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Həsənov İlqar Möhübbət oğlu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bərdə Rayon İHB-nın Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş *** nömrəli ##.##.2024-cü il tarixli Arayışdan görünür ki, Həsənov İlham Möhübbət oğlu Bərdə rayon Böyük Qacar kəndində yaşayır.

2. Torpağın mülkiyyətinə verilməsinə dair JN-051A KOD ******** saylı Şəhadətnamənin surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının ## #### 1998-ci il tarixli ** saylı qərarına əsasən Bərdə rayonu Böyük Qəcər kənd sakinləri Həsənov Möhübbət Abbas oğlunun, X9, X6, Həsənov İlqar Möhübbət oğlunun, X7, X8, X11 mülkiyyətinə 0.13 hektar torpaq sahəsi verilmişdir.

3. Torpağın mülkiyyətə verilməsinə dair JN-051B KOD ******** saylı Şəhadətnamənin surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının ## #### 1998-ci il tarixli ** saylı qərarına əsasən Bərdə rayonu Böyük Qəcər kənd sakinləri Həsənov Möhübbət Abbas oğlunun, X9, X6, Həsənov İlqar Möhübbət oğlunun, X7, X8, X11 mülkiyyətinə 0.18 hektar torpaq sahəsi verilmişdir.

4. Torpağın mülkiyyətinə verilməsinə dair JN-051C KOD ******** saylı Şəhadətnamənin surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının ## #### 1998-ci il tarixli ** saylı qərarına əsasən Bərdə rayonu Böyük Qəcər kənd sakinləri Həsənov Möhübbət Abbas oğlunun, X9, X6, Həsənov İlqar Möhübbət oğlunun, X7, X8, X11 mülkiyyətinə 0.00 hektar torpaq sahəsi verilmişdir.

5. Torpağın mülkiyyətinə verilməsinə dair JN-059F KOD ******** saylı Şəhadətnamənin surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının ## #### 1998- ci il tarixli ** saylı qərarına əsasən Bərdə rayonu Böyük Qəcər kənd sakinləri Həsənov İlham Möhübbət oğlunun, iddiaçı2, Həsənova Xəyalə İlham qızının və Həsnov Cəlal İlham oğlunun mülkiyyətinə 0.15 hektar torpaq sahəsi verilmişdir.

6. Qeydiyyat Vərəqəsindən görünür ki, Bərdə rayon X10 İcraiyyə Komitəsinin ##.##.1989-cu il tarixli qərarına əsasən Bərdə rayon Böyük Qacar kəndində 4 otaqlı 81.0 kv.m yaşayış, 42.0 kv.m köməkçi, ümumi sahəsi 123.0 kv.m olan mənzil Həsənov Möhübbət Abbas oğlunun xüsusi mülkiyyətinə verilmişdir.

7. Mülki işə əlavə edilmiş ##.##.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir.

8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bərdə Ərazi İdarəsinin tərəfindən verilmiş Mütəxəssis rəyində qeyd olunur: -Bərdə rayon Məhkəməsinin ## ####### 2024-cü il tarixli *(***)-****/**** nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasinin keçirilməsini təmin edib mütəxəssis rəyinin verilməsi ilə əlaqədar araşdırma aparılmışdır. -Iddiaçıların və cavabdehin iştirakı ilə mübahisəli torpaq sahəsinin koordinatları naturada təyin edilərək elektron məlumat bazasına və kompleks yerquruluşu layihəsinə əsasən müqayisə edilmişdir. -Şirvanlı təsərrüfatının Böyük Qacar kəndi ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən, "Torpağın mülkiyyətə verilməsinə dair" JN-***A saylı şəhadətnamə ilə iddiaçı Həsənov İlham Möhübbət oğlu və iddiaçı2 və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş 0.15 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu, ilkin torpaq islahatından əvvəl və islahat dövründə mübahisə yaranana qədər, iddiaçının və cavabdehin atası, Həsənov Möhübbət Abbas oğlunun (cavabdeh Həsənov liqar Möhübbət oğlunun) və ailə üzvlərinin, JN-***B saylı: şəhadətnamə ilə mülkiyyətlərinə verilmiş 0.17 ha həyətyanı torpaq sahəsindən keçməklə gediş-gəliş yolunun, özlərinin bildirdikləri kimi ümumi birgə istifadə etdiklərindən, həm də, kompleks yerquruluşu layihəsi hazırlanan zaman iddiaçının həyətinə gediş-gəliş yolu naturada digər ərazidən mövcud olmadığından, ilkin torpaq islahatı zamanı, iddiaçının həyətinə gediş-gəliş yolu, tərtib olunmuş kompleks yerquruluşu layihəsində öz əksini tapmamışdır. -Qeyd: Kompleks yerquruluşu layihəsinə Əsasən JN-**A saylı şəhadətnamədəki həyətyanı torpaq sahəsi ilə JN-**A saylı şəhadətnamə arasında qalan boş torpaq sahəsi, həyətlərin suvarılması üçün ümumi istifadəli arx kimi istifadə olunur. - Iddiaçı iddiaçı1 və iddiaçı2 və digərlərinə "Torpağın mülkiyyətə verilməsinə dair" JN- ***A saylı şəhadətnamə ilə mülkiyyətlərinə verilmiş 0.15 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinə giriş və çıxış üçün yol kimi iddia olunan ərazi, cavabdeh cavabdeh1 və ailə üzvlərinin, JN-***B saylı şəhadətnamə ilə mülkiyyətlərinə verilmiş 0.17 ha həyətyanı torpaq sahəsinin hüdudları daxilində olmaqla, metal çardaq quraşdırılmış və iddiaçı və cavabdehin bildirdiyi kimi hər iki həyətyanı torpaq sahəsinə, istifadə etmələri üçün ümumi istifadəli kəndarası yoldan cavabdehin həyətinə açılmaqla hal-hazırda darvaza quraşdırılmışdır. - Iddiaçılara məxsus həyətyanı torpaq sahəsi və fərdi yaşayış evinə aparan yolda quraşdırılmış metal çardaq, piyada gediş-gəlişi üçün maneçilik yaratmasa da, təsərrüfatdan istifadə zamanı və kənd təsərrüfatı texnikalarının istifadəsi zamanı maneçilik törədər. İddiaçı və cavabdehin razılıqları əsasında, quraşdırılmış darvazadan hər iki tərəf birgə istifadə edərlərsə heç bir maneçilik yaranmaz.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin **/**** saylı ## #### 2025-ci il tarixli Ekspert rəyindən görünür ki: -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin * saylı Bərdə Ərazi İdarəsinin mühəndisi Xəqani Süleymanovun mütəxəssis rəyində qeyd edilir ki, Şirvanlı təsərrüfatının Böyük Qacar kəndi ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən, "Torpağın mülkiyyətə verilməsin dair JN-***A saylı şəhadətnamə ilə iddiaçı iddiaçı1 və iddiaçı2 və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş 0.15 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu, ilkin torpaq islahatından əvvəl və islahat dövründə mubahisə yaranana qədər, iddiaçının və cavabdehin atası, Həsənov Möhübbət Abbas oğlunun (cavabdeh Həsənov İlqar Möhübbət oğlunun) və oğlunun) və ailə üzvlərinin, JN-**** saylı şəhadətnamə ilə mülkiyyətlərinə verilmiş 0.17 ha həyətyanı torpaq sahəsindən keçən gedişgəliş yolunun, özlərinin bildirdikləri kimi ümumi birgə istifadə etdiklərindən, həm də kompleks yerquruluşu layihəsi hazırlanan zaman iddiaçının həyətinə gediş-gəliş yolu naturada digər ərazidən mövcud olmadığından, İlkin torpaq islahatı zamanı iddiaçının həyətinə gediş-gəliş yolu tərtib olunmuş kompleks yerquruluşu layihəsində öz əksini tapmamışdır. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı ve Reyestri Publik Hüquqi şəxsinin * saylı Bərdə Ərazi İdarəsinin mühəndisi Xəqani Süleymanovun mütəxəssis rəyində qeyd edilir ki, iddiaçı Həsənov İlham Möhübbət oğlu və iddiaçı2 və digərlərinə "Torpağın mülkiyyətə verilməsinə dair JN-***A saylı şəhadətnamə mülkiyyətlərinə verilmiş 0.15 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinə giriş və çıxış üçün yol kimi iddia olunan ərazi, cavabdeh cavabdeh1 və ailə üzvlərinin, JN-***B saylı şəhadətnamə ilə mülkiyyətlərinə verilmiş 0.17 ha həyətyanı torpaq sahəsinin hüdudları daxilində olmaqla, metal çardaq quraşdırılmış və iddiaçı və cavabdehin bildirdiyi kimi hər iki həyətyanı torpaq sahəsinə, istifadə etmələri üçün ümumi istifadəli kəndarası yoldan cavabdehin həyətinə açılmaqla hal-hazırda darvaza quraşdırılmışdır. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin * saylı Bərdə Ərazi İdarəsinin mühəndisi Xəqani Süleymanovun mütəxəssis rəyində qeyd edilir ki, iddiaçılara məxsus həyətyanı torpaq sahəsi və fərdi yaşayış evinə aparan yolda quraşdırılmış metal çardaq, piyada gediş-gəlişi üçün maneçilik yaratmasa da təsərrufatdan istifadə zamanı və kənd təsərrüfat texnikalarının istifadəsi zamanı maneçilik törədər. İddiaçı və cavabdehin razılıqları əsasında quraşdırılmış darvazadan hər iki tərəf birgə istifadə edərlərsə heç bir maneçilik yaranmaz. a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçılar Həsənov İlham Möhübbət oğlu və iddiaçı2 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Bərdə rayonu Böyük Qəcər kəndində 0,15 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evlərinə (giriş hissəsində) gedişgəliş üçün nəzərdə tutulmuş yolda quraşdırılmış dəmir darvazanın və dəmir çardağın cavabdehler Həsənov İlqar Möhübbət oğlunun və İbrahimova Gülzadə Möhübbət qızının vəsaiti hesabına sökülməsi, həmin ərazidən kənarlaşdırması, yolun açılması və cavabdehlərə həmin mübahisəli yolun bağlanmasına qadağa qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ailə üzvlərilə birgə Bərdə rayonu, Böyük Qəcər kəndində 0,15 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşayırılar. Həmin fərdi yaşayış evinə gedən yol daim mövcud olmuşdur. Uzun illərdir həmin yoldan istifadə edirlər. Cavabdehlərlə yaxın qohumluq əlaqələri vardır. Hazırda cavabdehler həmin yolda dəmir darvaza quraşadırmışlar. Cavabdehlər həmin darvazanı bağlamaqla onların gediş-gəliş yolunu kəsirlər. Bundan əlavə həmin yolda dəmir çardaq quraşdırılmışdır. Kənddə yaşadıqları üçün həmin yol ilə mal-qaralarına traktor vasitəsilə ot daşıyırlar. Yolda quraşdırılmış dəmir çardaq ot və mal-qaranın daşınması üçün texnikaların hərəkətinə maneçilik törədir. Dəfələrlə cavabdehlərdən həmin yolun açılmasını xahiş etmişlər, lakin bir nəticəsi olmamışdır. Cavabdehlerin qanunsuz hərəkətləri nəticəsində onların mülkiyyət hüququları pozulmuşdur. Onlara məxsus şəhadətnamənin plan cizgisində (xəritədə) həmin yolun mövcudluğu öz əksini tapmışdır. Daşınmaz əmlakın dövlət reystri və kadastrı xidmətinə müraciət etmişlər, onlar bildirmişlər ki, həmin yol onların və digər mülkiyyətçilərin fərdi yaşayış evinə gediş-gəliş yolu kimi (ümumi istifadə) nəzərdə tutulmuşdur. Cavabdehlərin qanunsuz hərəkətləri barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermişlər. Məlumat əsasında Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırılma aparılmışdır. Bərdə rayon Polis Şöbəsinin əməkdaşları onlara bildirmişlər ki, mübahisə mülki xarakterli olduğundan aidiyyəti üzrə məhkəməyə müraciət olunmalıdır. Hazırda İlham Həsənov şəkər xəstəliyyindən əziyyət çəkir, paralic keçirmişdir. Cavabdehlərin qanunusz hərəkətləri onun xəstəliyinə mənfi təsir göstərir. Bu səbəbdən də məcbur olub məhkəməyə müraciət etməli olmuşlar.

12. Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim F.F.Abdullayev) iddiaçı iddiaçı1, iddiaçı2 cavabdehlər cavabdeh1, X13 müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bərdə rayon Böyük Qəcər kənd Bələdiyyəsinə qarşı “gediş-gəliş üçün nəzərdə tutulmuş yolda quraşdırılmış dəmir darvazanın və dəmir çardağın cavabdehlərin vəsaiti hesabına sökülməsi, yolun açılması və cavabdehlərə həmin mübahisəli yolun bağlanmasına qadağa qoyulması” tələbinə dair iddiasının qismən təmin olunması, iddiaçı iddiaçı1, iddiaçı2 və digər ailə üzvlərinin "Torpağın mülkiyyətə verilməsinə dair" JN-***A saylı şəhadətnamə ilə mülkiyyətlərinə verilmiş 0.15 ha həyətyanı torpaq sahəsinə giriş və çıxış üçün yol kimi nəzərdə tutulan mübahisəli ərazidə cavabdeh cavabdeh1 və ailə üzvlərinin, JN-***B saylı şəhadətnamə ilə mülkiyyətlərinə verilmiş 0.17 ha həyətyanı torpaq sahəsinin hüdudları daxilində quraşdırılmış metal çardaq cavabdehlərin hesabına sökülməsi, mübahisəli yolun üzərində yerləşən dəmir darvazadan iddiaçılar iddiaçı1 və iddiaçı2 tərəfindən istifadə edilməsinə maneəçilik törədilməsi cavabdehlər cavabdeh1, X13 qadağan edilməsi qət edilmişdir.

13. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının ## #### 1998-ci il tarixli ** saylı qərarına əsasən Bərdə rayonu Böyük Qəcər kənd sakinləri Həsənov İlham Möhübbət oğlunun, iddiaçı2, Həsənova Xəyalə İlham qızının və Həsənov Cəlal İlham oğlunun mülkiyyətinə 0.15 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə gediş-gəliş yolu iddiaçının və cavabdehin atası- Həsənov Möhübbət Abbas oğlunun və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş 0.17 ha həyətyanı torpaq sahəsindən keçmişdir. Hazırda cavabdehlər həmin yolu bağlayaraq iddiaçıların həyətinə gedişgəlişə maneəçilik törədirlər.

14. Məhkəmə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bərdə Ərazi İdarəsinin tərəfindən verilmiş Mütəxəssis rəyini və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin **/**** saylı ## #### 2025ci il tarixli Ekspert rəyini əsas götürərək hesab etmişdir ki, iddia tələib təmin olunmalıdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60cı maddələrinə,

15. Mülki Məcəllənin 16.1, 152, 157.4,164.1, 165.1, 166.3, 425.1, 560.1, 560.2,cü maddələrinə, İnsan Hüquqlarının və X15 Haqqında Konvesiyanın * saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 49, 82- ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 4, 76.1, 106.1, 107, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

16. Cavabdeh Həsənov İlqar Möhübbət oğlu apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılar Həsənov İlham Möhübbət oğlu və iddiaçı2 məxsus Bərdə rayonu Böyük Qəcər kəndində 0,15 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evlərinə (giriş hissəsində) gediş-gəliş üçün yol nəzərdə tutulmamışdır. Belə ki, sözügedən həyətyanı torpaq sahəsi 1962-ci il də verilmişdir və həmin məhləyə onların iddia etdiyi kimi, yol mövcud olmamışdır. 1980-1990-cı illərdə fərdi yaşayış evləri üçün ayrılmış həyətyanı torpaq sahələrinə isə yol və digər kommunal xətlər torpaq sahəsinin onlar tərəf hissəsindən deyil, digər tərəfindən nəzərdə tutulmuşdur. Bu barədə ekspert rəyi də vardır. İddiaçının iddia ərizəsində iddia etdiyi yolda quraşdırılmış dəmir darvazanın və dəmir çardağın isə həmin insanlara heç bir maneəçiliyi olmamış və dövlət tərəfindən təyin edilmiş yolda olmamışdır. Ancaq işə baxan hakim həminəraziyə baxış keçirməmiş bu cür qətnamə qəbul etməyi bizim hüquqlarımızın pozulması ilə nəticələnmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə iclasında iştirak edən cavabdeh Həsənov İlqar Möhübbət oğlu apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

20. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh2 bildirdi ki, iddia tələbini qəbul etmir. Iddiaçılar üçün giriş-çıxış yolu mövcuddur, buna baxmayaraq onlar atalarının qoyduğu darvazadan istifadə etmək istəyirlər.

21. Məhkəmə iclasında iştirak edən iddiaçı iddiaçı2 verilmiş apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Ona verilmiş suallara cavab olaraq bildirdi ki, müvafiq rəyə əsasən də müəyyən olunmuşdur ki, çardaq təsərrüfatdan istifadə zamanı maneçilik törədir.

Tətbiq edilən hüquq

30. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. İ hissə. Hər kəsin mülkiyyət hüququ vardır.

31. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səsküyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.3.4.-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir.

33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

35. Hazırkı işdə Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edildiyindən, cavabdeh tərəf iddianı təmin edilən hissədə mübahisələndirdiyindən, həmin qətnamənin əsaslılığı mübahisələndirilən hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnamələri dəyişdirilmədən saxlanılmalıdır.

38. Belə ki, iş materiallarından, tərəflərin izahatlarından, habelə işə apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyası tərəfindən işin müəyyən edilən hallarından görünür ki, iddiaçı Həsənov İlham Möhübbət oğlu ilə cavabdehlər Həsənov İlqar Möhübbət oğlu və İbrahimova Gülzadə Möhübbət qızı bacı-qardaşdırlar, Həsənov İlhamla iddiaçı2 isə ərarvaddırlar. Tərəflərin torpaq sahələri qonşuluqda yerləşir. Əvvəllər münasibətləri yaxşı olmuş və iddiaçılar mübahisəli yoldan istifadə etmişlər. Sonradan münasibətləri korlanandan sonra cavabdeh tərəf hesab edir ki, iddiaçıların həyətlərinə gedən yol digər ərazidən keçməlidir.

39. İddiaçı tərəf bildirir ki, onlar mal-ara saxlayırlar, cavabdehin istifadəsində olan metal çardaq təsərrüfatlarına texnika ilə ot daşımasına mane olur. Bundan başqa, cavabdeh tərəf yolda quraşdırılmış darvazanı bağlamaqla da onların keçidinə mane olur.

40. Cavabdeh tərəf iddianın dəlillərinə münasibətdə bildirir ki, onlar dəmir çardağı sökmək istəmirlər, belə ki iddiaçı tərəfin həyətinə gediş-gəliş yolu başqa tərəfdən vardır və onlar həmin yolu istifadə etməlidirlər.

41. iş üzrə alınmış eksert rəyində bildirilmişdir ki, "Torpağın mülkiyyətə verilməsin dair JN-***A saylı şəhadətnamə ilə iddiaçı iddiaçı1 və iddiaçı2 və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş 0.15 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu iddiaçının və cavabdehin atası, Həsənov Möhübbət Abbas oğlunun (cavabdeh Həsənov İlqar Möhübbət oğlunun) və oğlunun) və ailə üzvlərinin, JN-**** saylı şəhadətnamə ilə mülkiyyətlərinə verilmiş 0.17 ha həyətyanı torpaq sahəsindən keçən gediş-gəliş yolunun, özlərinin bildirdikləri kimi ümumi birgə istifadə etdiklərindən, həm də kompleks yerquruluşu layihəsi hazırlanan zaman iddiaçının həyətinə gediş-gəliş yolu naturada digər ərazidən mövcud olmadığından, ilkin torpaq islahatı zamanı iddiaçının həyətinə gediş-gəliş yolu tərtib olunmuş kompleks yerquruluşu layihəsində öz əksini tapmamışdır.

42. İş üzrə alınmış mütəxəssiz rəyində qeyd edilmişdir ki, iddiaçı Həsənov İlham Möhübbət oğlu və iddiaçı2 və digərlərinə "Torpağın mülkiyyətə verilməsinə dair JN-***A saylı şəhadətnamə mülkiyyətlərinə verilmiş 0.15 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinə giriş və çıxış üçün yol kimi iddia olunan ərazi, cavabdeh cavabdeh1 və ailə üzvlərinin, JN-***B saylı şəhadətnamə ilə mülkiyyətlərinə verilmiş 0.17 ha həyətyanı torpaq sahəsinin hüdudları daxilində olmaqla, metal çardaq quraşdırılmış və iddiaçı və cavabdehin bildirdiyi kimi hər iki həyətyanı torpaq sahəsinə, istifadə etmələri üçün ümumi istifadəli kəndarası yoldan cavabdehin həyətinə açılmaqla hal-hazırda darvaza quraşdırılmışdır. İddiaçılara məxsus həyətyanı torpaq sahəsi və fərdi yaşayış evinə aparan yolda quraşdırılmış metal çardaq, piyada gediş-gəlişi üçün maneçilik yaratmasa da təsərrufatdan istifadə zamanı və kənd təsərrüfat texnikalarının istifadəsi zamanı maneçilik törədər. İddiaçı və cavabdehin razılıqları əsasında quraşdırılmış darvazadan hər iki tərəf birgə istifadə edərlərsə heç bir maneçilik yaranmaz.

43. Göründüyü kimi, iş üzrə alınmış rəylərdə iddiaçının torpaq sahəsinə gediş-gəliş yolunun cavabdeh tərəfin şəhadətnamə ilə mülkiyyətinə verilmiş torpaq sahəsindən keçdiyi, cavabdeh tərəfin iddiaçı tərəfə darvazanı bağlamaqla maneə yaratdığı, eyni zamanda cavabdeh tərəfin istifadəsində olan metal çardağın kənd təsərrüfatı texnikasının hərəkətini məhdudlaşdırdığı müəyyən edilir. Bu hallar tərəflərin izahatları ilə də öz təsdiqini tapır.

44. Kollegiya apelyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfin torpaq sahəsinə digər gediş-gəliş yolunun olması müəyyən edilmir. Eyni zamanda, metal çardağın da iddiaçı tərəfin təsərrüfatına maneə yaratdığı təsdiq olunur.

45. Odur ki, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən dəlillərini əsassız hesab edir. 47.

48. Kollegiya qeyd edir ki, cavabdeh tərəf yol üzərində quraşdırılmış darvazanı bağlamaqla və metal çardağın yaratdığı maneəni aradan qaldırmamaqla iddiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququnu məhdudlaşdırmışdır.

49. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, mübahisə obyekti olan metal çardaq sökülməli, mübahisəli yolun üzərində yerləşən dəmir darvazadan iddiaçıların istifadə etməsinə cavabdeh tərəfindən törədilən maneə qadağan edilməlidir.

52. Məhkəmə kollegiyası metal çardaqın sökülməsi və dəmir darvazadan iddiaçıların istifadə etməsinə cavabdeh tərəfindən törədilən maneənin qadağan edilməsi ilə bağlı yuxarıda ifadə edilən hüquqi mövqeyə əlavə olaraq onu da qeyd edir ki, bu tədbirlər cavabdeh tərəfin özünə aid olan torpaq sahəsinə mülkiyyət hüquqlarını məhdudlaşdırmır, eyni zamanda cavabdeh tərəfə mülkiyyətində olan torpağından istifadə etməsinə hər hansı maneə də yaratmır. Qeyd edilən tədbirlər iddiaçı tərəfin mülkiyyətindən təyinatı üzrə istifadə etməsi üçün zəruridir, ona görə ki, əksi halda iddiaçı tərəfin onlara aid torpaqa mülkiyyət hüquqlarını realizə etməsi əsassız şəkildə məhdudlaşmış olar ki, bu da ədalətli və qanuni hesab edilə bilməz.

53. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Həsənov İlqar Möhübbət oğlunun apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun məbləği cavabdeh Həsənov İlqa Möhübbət oğluna aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar