Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-449/2026 25.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı İsgəndər qızının cavabdehlər cavabdeh1 və cavabdeh3 qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X2 ibarət tərkibdə, Məmmədova Gözəl Nəzarət qızının katibliyi, cavabdeh cavabdeh3 iştirakı ilə, iddiaçı İddiaçı İsgəndər qızının (bundan sonra- iddiaçı) cavabdehlər cavabdeh1 və cavabdeh3 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi və mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tаrixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları ünvan 1 ünvanında yerləşən 0,0127 ha torpaq sahəsi və ümumi sahəsi 68,50 kv.m olan fərdi yaşayış evi ## ####### 2024-cü il tarixdə hazırki iş üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyət hüququ əsasında onun tam mülkiyyətində olan yaşayış sahəsindən cavabdehlər cavabdeh1 və cavabdeh3 istifadə hüququnun itirilməsi və həmin yaşayış sahəsindən çıxarılmaları barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər mülkiyyətində olan yaşayış sahəsindən onun razılığı və icazəsi olmadan qanunsuz istifadə edirlər. Bu şəxslər onunla hər hansı mülkiyyət və ya icarə münasibətində deyillər, əmlak üzərində heç bir hüquqa malik deyillər və mənzildə yaşamaq hüququnu sübut edən heç bir sənəd təqdim etməmişlər. Bu hal onun mülkiyyətçi kimi bir sıra hüquqlarının məhdudlaşmasına gətirib çıxarmışdır. Buna görə də mənzil üzərindəki sahib olmaq, istifadə etmək və sərəncam vermək hüquqlarını tam həyata keçirə bilmir. Qazax Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) *(***)-****/**** nömrəli iş üzrə qəbul etdiyi ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakim E.Mansırov) iddia tələbinin qismən təmin edilməsi, cavabdeh1 Qazax şəhəri, Bakı küçəsi, ** nömrəli yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, cavabdeh cavabdeh1 2024-cü ildə nikaha daxil olduqdan sonra könüllü şəkildə mübahisəli mənzildən köçmüş və daimi olaraq başqa ünvanda yaşamışdır. Bu səbəbdən onun mənzildən istifadə hüququ qanunla nəzərdə tutulmuş qaydada itirilmişdir. cavabdeh1 hazırda mübahisəli mənzildə faktiki yaşamır. Ona görə də istifadə hüququ itirilmiş və həmin mənzildə faktiki olaraq yaşamayan şəxsin mənzildən çıxarılması hüquqi və faktiki baxımdan mümkün deyildir. Cavabdeh cavabdeh3 1990-cı ildə doğulduğu vaxtdan etibarən fasiləsiz olaraq mübahisəli mənzildə qeydiyyatda olmaqla faktiki yaşamışdır. Onun mənzildən müvəqqəti və ya daimi olaraq getməsi sübuta yetirilməmişdir. Həmin evdə yaşamaqla evdən istifadə etmişdir. Hüquq münasibətləri davamlı xarakter daşımış, buna görə də cavabdeh3 mübahisəli mənzilə istifadə hüququ mövcuddur və itirilməmişdir. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” ## #### 2001-ci il tarixli Qərarına, ## ####### 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 54, 60, 87, 123-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.4, 1133.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin qismən ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Məhkəmə cavabdeh3 istifadə hüquqlarına xitam verməməklə iddiaçının mülkiyyət hüququnu kobud şəkildə pozmuşdur. cavabdeh3 Qazax rayonu, Ağköynək kəndində öz atasının evində anadan olmuş, həmin kənddə orta məktəbə getmiş və həmin kənd orta məktəbini bitirmişdir. ünvan 1 ünvanında iddiaçının oğlu Emil yaşamışdır. cavabdeh3 sonradan, yəni 2015-ci il tarixdən onun mülkiyyətində olan fərdi yaşayış sahəsinə qeydiyyata alınaraq yaşamışdır. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh3 izahatında bildirmişdir ki, o, mübahisəli evdə doğulub böyümüşdür, hazırda da həmin evdə yaşayır. Mübahisəli ev nənə və babasının olub, vərəsəlik qaydasında bibisi Gülsümun, hazırki iş üzrə iddiaçının mülkiyyətinə keçib. Mərhum atası Ramiz ölən günə qədər mübahisəli evdə yaşayıb və mərhum nənəsi Raziyyəyə baxıb. Bibisi ailə qurduqdan sonra köçüb Qazax rayonu, Hüseynbəyli kəndində yaşayır. Apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, iddiaçı İddiaçı və cavabdeh cavabdeh1 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, Rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbi cavabdeh cavabdeh1 münasibətdə təmin edilsə də, sonuncu qətnamədən apellyasiya şikayəti verməmişdir. Qətnamədən yalnız iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş və şikayətdə Rayon Məhkəməsinin qətnaməsi cavabdeh cavabdeh3 aid hissədə mübahisələndirilmişdir. Bu səbəbdən qətnamənin qanuniliyi və əsaslılığı yalnız cavabdeh cavabdeh3 münasibətdə yoxlanılmışdır. Tətbiq edilən hüquq “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2001-ci il tarixli qərarı: 2001-ci il ########ın #-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Mənzil Məcəlləsi (##.##.2009-cu il tarixədək qüvvədə olan) Maddə 53. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Maddə 60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Maddə 123.1. Mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.1999-cu il tarixli Qərarı: “...qanunverici (##.##.2009-cu il tarixədək qüvvədə olmuş) Mənzil Məcəlləsinin 60cı maddəsindəki qaydaları təsbit edərkən hüquqları pozulması ehtimal olunan icarədarın və ya onun ailə üzvlərinin həmin qanundan irəli gələn hüquqlarının tam və hərtərəfli təmin olunmasını əsas götürmüşdür. Məhz ona görə də, bu kateqoriyadan olan iddialar yalnız məhkəmə qarşısında qaldırıla bilər. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Mənzil Məcəlləsinin 87-ci maddəsinə görə, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və ya onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Mənzil Məcəllənin 60-cı maddəsinin İ hissəsi ilə əlaqədar məhkəmələrdə mübahisələrə baxılarkən nəzərə alınmalıdır ki, həmin Məcəllənin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında nəzərdə tutulan əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum edə bilməz”. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, Rayon Məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi əvvəllər iddiaçının valideynlərinə məxsus olmuş, onların vəfatından sonra həmin əmlak üzrə vərəsəlik hüququ yaranmışdır. ## #### 1998-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən iddiaçının mərhum atası Axundov İskəndər İdris oğlunun vərəsələri olan arvadı Axundova Raziyə İlyas qızı və qızı İddiaçı İsgəndər qızı yaşayış evinin 1/2 hissəsindən bərabər paylar almışlar. Mübahisəli yaşayış evi ##.##.2024-cü il tarixdə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh cavabdeh3 qarşı mənzilə istifadə hüququnun itirilməsi və yaşayış sahəsindən çıxarılma barədə tələb irəli sürən iddiaçı bildirir ki, cavabdeh ona məxsus yaşayış sahəsindən heç bir hüquqi əsas olmadan, onun razılığı və icazəsi olmadan istifadə edir. Bu hal isə onun mülkiyyətçi kimi bir sıra hüquqlarının məhdudlaşmasına gətirib çıxarmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır və mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və onun barəsində sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddi hüquq normalarının tələblərindən çıxış edən məhkəmə bildirir ki, mülkiyyətçi olan iddiaçının tələb hüququnun təmin olunması üçün cavabdeh cavabdeh3 həmin yaşayış sahəsindən hüquqi əsas olmadan istifadə etməsi və ya orada yaşaması müəyyən edilməlidir. İş materialları ilə müəyyən edilir ki, ##.##.1990-cı il tarixdə anadan olmuş cavabdeh cavabdeh3 və mübahisəli fərdi yaşayış evinin əvvəlki mülkiyyətçiləri olmuş mərhum İskəndər Axundov və Raziyə Axundovanın nəvəsidir. O, doğulduğu vaxtdan etibarən həmin yaşayış evində qeydiyyatda olmuş, ailə üzvü kimi orada yaşamış və yaşayış sahəsindən fasiləsiz istifadə etmişdir. İş materiallarında cavabdeh cavabdeh3 hər hansı vaxtda yaşayış sahəsini daimi olaraq tərk etməsi, yaşayış sahəsindən istifadə hüququndan imtina etməsi və ya həmin hüququnun qanunla müəyyən olunmuş qaydada xitam verilməsi barədə sübutlar mövcud deyildir. Əksinə, təqdim edilmiş Qazax rayonu İcra Hakimiyyəti başçısının Qazax şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ##.##.2025-ci il tarixli arayışında və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında arayışında cavabdehin hazırda da həmin ünvanda qeydiyyatda olmaqla faktiki yaşadığı təsdiq olunur. Məhkəmə hesab edir ki, cavabdeh cavabdeh3 mübahisəli yaşayış sahəsindən istifadə hüququ uzun illər ərzində formalaşmış faktiki ailə və yaşayış münasibətləri əsasında yaranmışdır. Bu hüquq iddiaçının yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından xeyli əvvəl mövcud olmuşdur. Buna görə də iddiaçı yaşayış evi onun mülkiyyətinə keçərkən həmin evdə cavabdeh cavabdeh3 qeydiyyatda olması, faktiki yaşaması və yaşayış sahəsindən istifadə etməsi hallarını bilməli olmuşdur. İddiaçı daşınmaz əmlakı cavabdehin mövcud istifadə hüququ ilə yüklü vəziyyətdə qəbul etmişdir. Mülkiyyət hüququnun sonradan dövlət qeydiyyatına alınması özlüyündə cavabdehin əvvəlcədən yaranmış və davam edən istifadə hüququnun avtomatik qaydada xitamına səbəb olmur. Məhkəmə onu da qeyd edir ki, iddiaçı cavabdeh cavabdeh3 mübahisəli yaşayış sahəsində qanunsuz yaşamasını, onun yaşayış sahəsindən istifadə hüququnun xitam olunmasını və yaşayış sahəsindən çıxarılması üçün qanunla nəzərdə tutulmuş əsasların mövcudluğunu sübuta yetirə bilməmiş, bununla bağlı məhkəmələrə mötəbər sübutlar təqdim etməmişdir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, apellyasiya baxışının predimeti olan hissədə Rayon Məhkəməsi iddianı təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı İddiaçı İsgəndər qızının apellyasiya şikayəti təmin edilməsin. Qazax Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tаrixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(3-7)-449/2026
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-449/2026
25.05.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver