Məhkəmə qərarları › İş №2(3-7)-490/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-490/2026

29.06.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-490/2026 29.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSI Açar sözlər: maneənin aradan qaldırılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), X2 və Qəhrəmanov Əkrəm Sabir oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı ölçmə işlərinin aparılmasına yaradılan maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə ## #### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. JN-186A (KOD ********) saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Şəmkir rayon Aqrar Islahat Komissiyasının ## ###### 1997-ci il tarixli, ** saylı qərarı ilə İddiaçı və ailə üzvlərinə 0.10 ha həyətyanı torpaq sahəsi verilmişdir.

2. “Daşınmaz əmlak üzərində hüququların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” ## ### 2025-ci il tarixli bildirişdən görünür ki, torpaq sahəsi üzərində mübahisəli hal aşkar edilmiş və nəticədə ölçmə işlərinin aparılması mümkün olmamışdır.

a) Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı Şəmkir Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Cavabdeh tərəfindən JN-186A (KOD ********) saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında ona və ailə üzvlərinə məxsus Şəmkir rayonu Varlı Həyat kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün zəruri olan ölçmə işlərinin aparılmasına DƏDRX-in ** saylı Şəmkir Ərazi Idarəsinin əməkdaşlarına yaradılan maneənin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Iddiai tələbi onunla əsaslandırılmışdır ki, ailə üzvlərilə birlikdə Şəmkir rayonu Yeni Göyçə kəndində qeydiyyatda olmaqla, həmin rayonun Varlı Həyat kəndində yaşayır. Şəmkir rayon Aqrar Islahat Komissiyasının ## ###### 1997-ci il tarixli, ** saylı qərarı ilə ona və ailə üzvlərinə 0.10 ha həyətyanı torpaq sahəsi verilmiş və bu barədə onlara JN186A (KOD ********) saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Torpaq sahəsində onlara məxsus fərdi yaşayış evi də mövcuddur. Əvvəllər torpaq sahəsindən istifadə etmədiklərinə görə müvəqqəti olaraq Kəlbəcər rayonundan məcburi köçkün düşmüş Cavabdeh və ailə üzvlərinə müvəqqəti yaşamağa vermişlər. Artıq 3 ildən çoxdur ki, cavabdeh və onun ailəsi Şəmkir şəhərində özlərinə məxsus evə köçüb orada yaşayırlar. Həyətyanı torpaq sahəsinə Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış almaq üçün Azərbaycan Respublikası DƏDRX-nin ** saylı Şəmkir Ərazi idarəsinə müraciət etmişlər. ** saylı Şəmkir Ərazi idarəsinin əməkdaşları tərəfindən torpaq sahəsində ölçmə işləri aparılarkən cavabdeh məlumat əldə edərək, torpaq sahəsində ölçmə işlərinin aparılmasına maneçilik törətmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində olçmə işlərinin aparılması mümkün olmamışdır.

5. Şəmkir Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-****/**** nömrəli (hakim N.Heydərova) qətnaməsi ilə iddia təmin edilərək, Şəmkir rayon Aqrar Islahat Komissiyasının ## ###### 1997-ci il tarixli, ** saylı qərarına əsasən JN 186A (KOD ********) saylı şəhadətnamə ilə İddiaçı və ailə üzvlərinə verilmiş Şəmkir rayonu Varlı Həyat kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsində Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin yanında DƏDK və Reyestri publik hüquqi şəxsin ** saylı Şəmkir Ərazi Idarəsinin əməkdaşlarının həyata keçirdiyi fəaliyyətə cavabdeh Cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması qət edilmişdir.

6. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29cu maddələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.4, 158-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 213, 216–220, 233 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, Şəmkir rayon Aqrar Islahat Komissiyasının ## ###### 1997-ci il tarixli ** saylı qərarı ilə iddiaçı və onun ailə üzvülərinin mülkiyyətinə verilmiş, JN 186A (KOD:********) saylı şəhadətnamədə göstərilən 0.10 ha həyətyanı torpaq sahəsində ** saylı Şəmkir Ərazi Idarəsinin mütəxəsisləri tərəfindən ölçmə işlərinin aparılmasına onun tərəfindən heç bir maneə yaradılmamışdır. Iddiaçıda onun tərəfindən maneə yaradılması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Lakin buna baxmayaraq məhkəmə onun iddia tələbini təmin etmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Kollegiya işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

11. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüququndan ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

12. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

13. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

14. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

15. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

16. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.

19. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

20. Maddə 124.1. Işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

21. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

22. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri; 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

23. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

Apellyasiya baxışının hədləri

24. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

28. Işin müəyyən olunmuş faktiki hallarından görünür ki, Şəmkir rayon Aqrar Islahat Komissiyasının ## ###### 1997-ci il tarixli, ** saylı qərarı ilə, Şəmkir rayonu Varlı həyat kəndində 0.10 ha torpaq sahəsi İddiaçı və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş və bu barədə sonuncuların adına JN-186A (KOD ********) saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Iddiaçı İddiaçı torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydə alınması üçün daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan orqana müraciət etsə də, həmin torpaq sahəsinə daxil olmağa və qeydiyyat üçün zəruri olan ölçmə işlərinin aparılmasına cavabdeh tərəfindən maneə yaradılmışdır. Ona görədə iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı təmin etmişdir. Cavabdeh Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir.

29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsasslı olmuşdur. Şikayətin dəlilləri əsassızdır və həmin dəlillər qətnamənin ləğvi üçün əsas deyil. Çünki, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur.

30. Belə ki, mülki qanunvericiliyə görə, müvafiq əmlakı gələcəkdə əldə etməyi qanuni olaraq gözləmək halları da mülkiyyət hüququ kimi qiymətləndirilir. Bu müddəaya uyğun olaraq, dövlət reyestrində qeydə alınmış əmlaklarla yanaşı, həm də əmlak kimi gələcəkdə əldə edilməsi qanuni olaraq gözləmək də mülkiyyət hüququ kimi qiymətləndirilməlidir.

31. «Akimova Azərbaycana qarşı» iş üzrə ## ######## 2007-ci il tarixli, «Burdov Rusiyaya qarşı» iş üzrə, «Qarrax Çexiyaya qarşı» iş üzrə və digər bu kimi qərarlarında X1 Məhkəməsi qeyd etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ «Insan Hüquqları və X4 Haqqında» Avropa Konvensiyasının * saylı Protokolunun 1-ci maddəsi baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi də məsələyə yuxarıda göstərilən qaydada X1 Məhkəməsinin mövqeləri ilə yanaşmış, V.Q.Teryoxinin şikayəti ilə əlaqədar ## ###### 2010-cu il tarixli, Viktor Ozerovun şikayəti ilə əlaqədar ## ##### 2011-ci il tarixli, Müşfiq Bayramovun şikayəti ilə əlaqədar ## #### 2011-ci il tarixli qərarlarında hesab etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir.

33. Mülki Məcəllənin 139-1.1.5-ci maddəsinə müvafiq olaraq, 2006-cı il ####un #dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

34. Yuxarıda da qeyd olunduğu kimi Şəmkir rayonu Varlı Həyat kəndində yerləşən 0.10 ha torpaq sahəsi paylı mülkiyyət hüququ əsasında iddiaçının və onun ailə üzvlərinin mülkiyyətindədir və həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Iddiaçının niyyəti də həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində adına qeydə alınmasıdır. Bu məqsədlədə o dövlət reyestrini tərtib edən və aparan orqana müraciət etmiş, hazırkı iş üzrə cavabdeh isə ölçmə işlərinin aparılmasına meneə yaratmışdır.

35. Kollegiya hesab edir ki, iddiaçının və onun ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsində ölçmə işlərini həyata keçirtmək və buna yaradılan maneələrin aradan qaldırılmasını tələb etməsi özlüyündə mülkiyyətçi hüquqlarından irəli gəlməklə qanuni əsaslara söykənir. Bu hüquqların həyata keçirilməsinə yaradılan maneə isə qanuni və əsaslı sayıla bilməz. Ona görədə kollegiya hesab edir ki, iddianı təmin etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

36. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin # ####### 2010-cu il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”-nın 2.1-ci bənində əsasən, mərzçəkmə işləri-kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir.

37. Həmin Qərarın 2.3.3 və 2.3.4-cü bəndlərinə müvafiq olaraq, torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda, habelə hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin bir hissəsi alınıbsatıldıqda, bölündükdə, dəyişdirildikdə, bağışlandıqda mərzçəkmə işləri aparılır.

38. Həmin Qərarın 5.3-cü bəndinə əsasən, fiziki və hüquqi şəxslər tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada (hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələri istisna olmaqla) yeni torpaq sahələri əldə edildikdə, torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda, hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin bir hissəsi alınıb-satıldıqda, bölündükdə, dəyişdirildikdə, bağışlandıqda, torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə, habelə fərdi yaşayış evlərinin tikintisi üçün vətəndaşlara ayrılmış torpaqlarda, həyətyanı sahələrdə, fərdi bağların altındakı torpaq sahələrində mərzçəkmə işləri müvafiq ərizə (sifariş və ya tapşırıq) əsasında yerinə yetirilir və bu hallarda texniki layihə hazırlanmır.

39. Həmin Qərarın 5.4-cü bəndində isə qeyd olunmuşdur ki, torpaq sahəsinin mərzçəkmə işlərinin texniki layihəsi Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölmələri tərəfindən təsdiq olunur.

40. Mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyil. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1, 372.1, 384, 392-393, 402 və 405-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar