Məhkəmə qərarları › İş №2(3-7)-614/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-614/2026

10.06.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-614/2026 10.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı iddiaçı2 cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecinə qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: ödənilməmiş məzuniyyət günlərinin haqqının ödənilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və X2 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı iddiaçı2, onun nümayəndəsi (vəkil) Vəkil və cavabdeh Elm və Təhsil Nazirliyi Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı iddiaçı2 cavabdeh Elm və Təhsil Nazirliyi Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecinə qarşı ödənilməmiş məzuniyyət günlərinin haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı iddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə ## #### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. ##.##.2025-ci il tarixli ** nömrəli əmrin surətindən görünür ki, Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin baş mühasibi iddiaçı1 ilə bağlanmış müddətli əmək müqaviləsinin müddəti bitdiyi üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən ## ###### 2025-ci il tarixdən xitam verilmiş, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələbinin təmin edilməsi əmr edilmişdir.

2. Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin direktoru tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə ünvanlanmış məktubun surətindən görünür ki, kadrlar şöbəsi-iddiaçı1 ərizəsinə əsasən arxiv sənədlərini araşdırmış və 1990-1991, 1991-1992, 1996-1997,1997-1998, 2001- 2002, 2002-2003, 2011-2012-ci iş illəri üzrə əmək məzuniyyətindən istifadə etməməsi faktı aşkar edilmişdir. Həmin dövrlərdə iddiaçı2 müəssisədə baş mühasib vəzifəsində çalışmış və müəssisənin bir neçə dəfə adı dəyişdirilmişdir. Sonuncu dəfə Azərbaycan Respublikasının Təhsil nazirinin ## ##.2020-ci il tarixli F-*** saylı əmrinə əsasən X3 Gəncə Dövlət Regional Kollecinə qoşulması formasında yenidən təşkili yolu ilə Gəncə Dövlət Universiteti nəzdində Regional Kollec yaradılmışdır və iddiaçı1 həmin kollecə baş mühasib vəzifəsinə təyin edilmişdir. Ancaq istifadə etmədiyi məzuniyyətə görə kompensasiya almamışdır. Bununla bağlı həmin işçinin son haqq-hesabının hansı illər üzrə ödənilməli olduğuna köməklik göstərilməsi xahiş olunmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddiaçı2 cavabdeh Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecinə (bundan sonra mətndə-Kollec) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecdən onun 1990-1991, 1991-1992, 1996-1997, 1997-1998, 2001-2002, 2002-2003, 2011-2012-ci iş illəri üzrə istifadə etmədiyi əmək məzuniyyətinə görə kompensasiyanın verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Daha sonra iddiaçı iddiaçı2 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdeh Cavabdehn tərəfindən ona (ayrı-ayrı illərdən 11 il) 1990-1991, 1991- 1992, 1996-1997, 1997-1998, 2001-2002, 2002-2003, 2011-2012-ci iş illəri üzrə istifadə etmədiyi məzuniyyət pulunun verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 49 ilə yaxın müddətdə Kollecində baş mühasib vəzifəsindən ##.##.2025-ci il tarixdə müqaviləsinin vaxtı bitməmiş, 20 gün əvvəl müqaviləsinin vaxtı tamam olmamış işdən azad edilmişdir. Məlum edir ki, əmək kitabçasının surəti mövcuddur. İşlədiyi müddətdə kollecin adı bir neçə dəfə dəyişdirilmişdir. X7 texnikumu, sonra X4 texnikumu, sonra X5 adında olmuşdur, hazırda cavabdeh Gəncə Dövlət Universitetinin nəzdində Regional kolleci adlanır. Qeyd etməlidir ki, kollecdə əvvəl mühasib vəzifəsində işləyərək ömrünün ən gözəl illərini işə həsr etmişdir. 1978-ci ildən etibarən mühasib vəzifələrində çalışmışdır. 1991-ci ildən baş mühasib vəzifəsinə keçirilmişdir və işəgötürən cavabdeh 2025-ci ilin avqust ayının 8-də müqavilənin vaxtının bitməsini gözləmədən onu işdən azad etmişdir. Bütün bu illər ərzində bir dəfə də olsun intizam tənbehi, töhmət və ya xəbərdarlıq almamışdır. Daim vicdanlı, məsuliyyətli işçi olmuş, bütün tapşırıqları vaxtında və dəqiqliklə yerinə yetirmişdir. İşlədiyi müddətdə Gəncə şəhər icra Hakimiyyəti tərəfindən dəfələrlə təşəkkürnamələr almışdır. Lakin qeyd etməlidir ki, bu illər üçün 1990-1991, 1991-1992,1996-1997, 1997-1998, 1998-1999, 2001-2002, 2002- 2003, 2011, 2012-ci illərdə ona ödənilməyən məzuniyyət haqqı ilə bağlı o, ilkin olaraq cavabdeh Kollecin direktoru Xudiyeva Xoşqədəm xanıma ərizə ilə müraciət etmişdir. Sonra Gəncə şəhər * saylı mediasiya təşkilatına müraciət etmişdir. Mediator tərəfindən ilkin mediasiya sessiyasına hər ikisi dəvət bildirişi ilə dəvət olunmuşlar. Lakin qarşı tərəf göstərilən illərin kart sistemi ilə ödəniş olunduğunu bildirmiş və etiraz etmişdir. O, bu işin məhkəmə müstəvisində həll olunmasına dair iddia qaldırmaq məcburiyyətində qalmışdır. Bu məsələ ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə faktiki olaraq ##.##.2025-ci il tarixli *** nömrəli məktubun surətindən də görünür ki, onun göstərdiyi iş illəri üzrə yəni 1990- 1991, 1991-1992, 1996-1997, 1997- 1998, 2001-2002, 2002-2003, 2011-2012-ci illər üzrə əmək məzuniyyətindən istifadə etməmişdir və bu fakt aşkar edilmişdir. Həmin dövrlərdə iddiaçı1 müəssisədə baş mühasib vəzifəsində çalışmış və müəsissənin bir neçə dəfə adı dəyişdirilmişdir. Sonuncu dəfə Azərbaycan Respublikasının Təhsil Nazirinin ##.##.2020 ci il tarixli F-*** saylı əmrinə əsasən X3 Gəncə Dövlət Universiteti nəzdində Regional Kollec yaradılmışdır və iddiaçı1 həmin kollecə baş mühasib vəzifəsinə təyin edilmişdir. Ancaq istifadə etmədiyi məzuniyyətə görə kompensasiya almamışdır. Həmin Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X6 Xidməti tərəfindən Elm və Təhsil Nazirliyi Gəncə Dövlət Universitetinin nəzdində Regional kollecin rəsmi məktubuna verilmiş cavab məktubun surəti iddia ərizəsinə əlavə edilmişdir. Cavab məktubunda xahiş edilmişdir ki, onun son haqq-hesabının illər üzrə ödənilməsinə köməklik göstərilsin. Lakin cavabdeh onun əsaslı haqqını ödəmək istəmir və min bir bəhanə ilə bu işi uzadırlar. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

6. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Ədil Məmmədov) iddianın təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 375.2 və 377.1-ci maddələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 135 və 296.2-ci maddələrinə, habelə Mülki-Prosessual Məcəllənin 88, 217.2 və 216-220-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı iddiaçı2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, o, 49 il müddətində Kollecdə baş mühasib vəzifəsində işləmiş, ##.##.2025-ci il tarixli Əmrlə müddətli əmək müqaviləsinin müddəti bitdiyi üçün işdən azad edilmişdir. İşlədiyi müddət ərzində heç bir İntizam tənbehi almamışdır. O, 1990-1991, 1991-1992,1996-1997, 1997-1998, 2001-2002, 2002-2003, 2011-2012-ci illər üçün əmək məzuniyyətindən istifadə etməmiş və məzuniyyət haqqı almamışdır. Əmək Müqaviləsinə xitam verildikdən sonra o, istifadə etmədiyi həmin məzuniyyət illəri üçün pul təminatının ona ödənilməsinə dair cavabdehə müraciət etmişdir. Cavabdeh həmin illərə görə məzuniyyət ödənişindən imtina etmişdir. Bundan sonra iddiaçı X6 Xidmətinə müraciət etmiş, müfəttişlik tərəfindən Regional Kollecə müraciət edilərək, iddiaçıya məzuniyyətlərə görə ödənişin təmin edilməsi xahiş edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Prosessual məsələlər

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, iddiaçı 49 ilə yaxın müddətdə Kollecdə baş mühasib vəzifəsindən ##.##.2025-ci il tarixdə müqaviləsinin vaxtı bitməmiş, 20 gün əvvəl müqaviləsinin vaxtı tamam olmamış işdən azad edilmişdir. Məlum edir ki, əmək kitabçasının surəti mövcuddur. İşlədiyi müddətdə kollecin adı bir neçə dəfə dəyişdirilmişdir. X7 texnikumu, sonra X4 texnikumu, sonra X5 adında olmuşdur, hazırda cavabdeh Gəncə Dövlət Universitetinin nəzdində Regional kolleci adlanır. İddiaçı kollecdə əvvəl mühasib vəzifəsində işləyərək ömrünün ən gözəl illərini işə həsr etmişdir. 1978-ci ildən etibarən mühasib vəzifələrində çalışmışdır. 1991-ci ildən baş mühasib vəzifəsinə keçirilmişdir və işəgötürən cavabdeh 2025-ci ilin avqust ayının 8-də müqavilənin vaxtının bitməsini gözləmədən onu işdən azad etmişdir. Bütün bu illər ərzində bir dəfə də olsun intizam tənbehi, töhmət və ya xəbərdarlıq almamışdır. Daim vicdanlı, məsuliyyətli işçi olmuş, bütün tapşırıqları vaxtında və dəqiqliklə yerinə yetirmişdir. İşlədiyi müddətdə Gəncə şəhər icra Hakimiyyəti tərəfindən dəfələrlə təşəkkürnamələr almışdır. Lakin qeyd etməlidir ki, bu illər üçün 1990-1991, 1991-1992,1996-1997, 1997-1998, 1998-1999, 2001-2002, 2002- 2003, 2011, 2012-ci illərdə ona ödənilməyən məzuniyyət haqqı ilə bağlı o, ilkin olaraq cavabdeh Kollecin direktoru Xudiyeva Xoşqədəm xanıma ərizə ilə müraciət etmişdir. Cavabdeh həmin illərə görə məzuniyyət ödənişindən imtina etmişdir. Bundan sonra iddiaçı X6 Xidmətinə müraciət etmiş, müfəttişlik tərəfindən Regional Kollecə müraciətedilərək, iddiaçıya məzuniyyətlərə görə ödənişin təmin edilməsi xahiş edlmişdir. Cavabdeh tərəfindən iddiaçıya məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddiaçı2 apellyasiya şikayətini müdafiə edərək, nümayəndəsi olan vəkili ilə eyni məzmunlu izahat verib, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Elm və Təhsil Nazirliyi Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin nümayəndəsi X1 apellyasiya şikayətinə etirazını bildirərək, izahatında göstərmişdir ki, iddiaçı iddiaçı1 iddia ərizəsində göstərir ki, iddiaçı özü Kollecdə təqaüdə çıxan vaxta kimi mühasib və ya baş mühasib vəzifələrində işləmişdir. Əgər o doğrudan da sözügedən illərdə məzuniyyətə çıxmamışdırsa, onda sual olunur ki, hansı səbəbdən məzuniyyətinin növbəti ilə keçirilməsini, eləcə də əmrlə rəsmiləşdirilməsini tələb etməmiş və növbəti illərdə məzuniyyətinin ödənişini almamışdır. Cavabdeh olaraq hesab edir ki, o istifadə etmədiyi sözügedən illərin məzuniyyət ödənişlərini vaxtında tələb etməli idi. Bundan başqa iddiaçı iddiaçı1 mövcud qanunvericiliyin tələblərinə zidd olaraq vaxtında məhkəmədə iddia qaldırmamış, iddia müddətini üzürsüz səbəbdən ötürmüşdür. Bu səbəbədən iddiaçının sözügedən tələbi, iddia müddətinin ötürülməsi ilə bağlı mümkünsüz hesab edilməsi ilə bağlı gəlinən nəticə doğrudur. İddiaçı iddia ərizəsinə əsaslı dəlilləri ilə bağlı heç bir sübut təqdim etməmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

14. Maddə 135. İşçi müvafiq iş ilində əmək məzunityyətindən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir.

15. Maddə 269.2. Fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

16. Maddə 296.4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2026cı il tarixli Qərarı

17. Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsinə görə Əmək müqaviləsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək, hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətinə görə kompensasiya ödənilməlidir.

“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun ## ###### 2005-ci il tarixli * saylı Qərarı

18. Bənd 1. Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

19. Bənd 2.2. Məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.

20. Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

21. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

22. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

27. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

28. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

29. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

30. 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

31. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi.

32. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

Apellyasiya baxışının hədləri

33. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

36. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da yanlış qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

38. İşin müəyyən edilmiş və faktiki hallarından görünür ki, iddiaçı iddiaçı2 1990-1991, 1991-1992, 1996-1997, 1997-1998, 2001-2002, 2002-2003, 2011-2012-ci illərdə hazırkı Gəncə Dövlət Universiteti nəzdində Regional Kollecdə (müəssisənin bir neçə dəfə adı dəyişdirilmişdir) mühasib və baş mühasib işləmişdir. ##.##.2025-ci il tarixli ** nömrəli əmrinə əsasən Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin baş mühasibi iddiaçı2 ilə bağlanmış müddətli əmək müqaviləsinin müddəti bitdiyi üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2- ci hissəsinin “b” bəndinə əsasən ## ###### 2025-ci il tarixdən xitam verilmişdir. Bundan sonra iddiaçı2 ##.##.2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

39. Kollegiya qeyd edir ki, iddiaçının iddia etdiyi illər üçün istifadə etmədiyi məzuniyyət günlərinə görə kompensasiya almaması işin mübahisəsiz halıdır.

40. Lakin, işə baxan birinci instansiya məhkəməsi iddia müddətinin ötməsini əsas gətirərək, iddianı rədd etmişdir.

41. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” ## ###### 2001-ci il tarixli qərarı)

42. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasınagətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” ## #### 2013-cü il tarixli qərarı)

43. Kollegiya qeyd edir ki, iddiaçı iddiaçı1 ##.##.2025-ci il tarixli əmrlə işdən azad edilmişdir. Bundan sonra iddiaçı ##.##.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Belə olan halda kollegiya hesab edir ki, iddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddət ötürülməmişdir.

44. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.4-cü maddəsində qeyd edilmişdir ki, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.

45. Bundan başqa Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2026-cı il tarixli Qərarında da, birmənalı olaraq göstərilmişdir ki, Əmək Məcəlləsinin 144- cü maddəsinin 2-ci hissəsinə görə Əmək müqaviləsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək, hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətinə görə kompensasiya ödənilməlidir.

46. Göründüyü kimi birinci instansiya məhkəməsi iddia müddətini tətbiq etməklə, iddianı rədd edərkən iş üzrə əsassız nəticəyə gəlmişdir.

47. Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Prosessual Məcəllənin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”.

48. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, MPM-nin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

49. İddianın əsaslılığına münasibət bildirərək kollegiya vurğulayır ki, istənilən iddia ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmə tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

50. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

51. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin VII bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın ##.##.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ### 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

54. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” ## ###### 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

55. Məhkəmə Kollegiyasının araşdırması və işin faktiki halları ilə müəyyən edilmişdir ki, baxılan iş üzrə iddiaçı iddiaçı2 1990-1991, 1991-1992, 1996-1997, 1997-1998, 2001-2002, 2002-2003 və 2011-2012-ci illərdə hazırkı Gəncə Dövlət Universiteti nəzdində Regional Kollecdə (müəssisənin bir neçə dəfə adı dəyişdirilmişdir) mühasib və baş mühasib işləmişdir. ##.##.2025-ci il tarixli ** nömrəli əmrinə əsasən Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin baş mühasibi iddiaçı2 ilə bağlanmış müddətli əmək müqaviləsinin müddəti bitdiyi üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən ## ###### 2025-ci il tarixdən xitam verilmişdir. Bundan sonra iddiaçı2 ##.##.2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən cavabdehin nümayəndəsi iş üzrə iddia müddətinin tətbiq edilməsinə dair ərizə vermiş, ərizə qəbul edilmiş və bu əsasla iddia müddəti tətbiq edilmiş, iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı iddiaçı1 apellyasiya şikayəti vermişdir. Apelyator şikayətində qeyd etmişdir ki, işçi işdən çıxarkən hər hansı bir şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Bu istiqamətdə araşdırma aparılmış və iddiaçının iddia müddətini ötürmədiyi iş materialları ilə öz təsdiqini tapmışdır. Göründüyü kimi, iddiaçı iddia tələbinda haqlıdır və Əmək Məcəlləsinin tələbinə görə, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Baxılan işdə iddiaçı ##.##.2025ci il tarixdə işdən azad olunmuş, istifadə etmədiyi əmək məzuniyyətinə görə kompensasiya almaq hüququ ilə bağlı ##.##.2025-ci ildə məhkəməyə vaxtında müraciət etmişdir. Yəni bir illik müddəti ötürməmişdir.

56. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə yanlış nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsaslıdır, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi düzgün deyil, mübahisə mahiyyəti üzrə tam və hərtərəfli həll edilməmişdir, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsasdır.

57. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları ümumilikdə nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməlidir.

58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.2, 385.1, 388, 392, 393, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı iddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilsin. Cavabdeh Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecdən onun 1990- 1991, 1991-1992, 1996-1997, 1997-1998, 2001-2002, 2002-2003 və 2011-2012-ci iş illəri üzrə istifadə etmədiyi əmək məzuniyyətinə görə iddiaçı iddiaçı1 kompensasiya verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində qətnamədən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar