Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(3-7)-74/2026 13.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Rüfət Azadəli oğlu (məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(013)-2661/2025 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (bundan sonra – cavabdehlər) nümayəndəsi Nümayəndə (bundan sonra – nümayəndə) tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada onun xeyrinə 10000 (on min) manat, Cavabdeh1 müqavilə üzrə ödənilməmiş 5000 (beş min) manat və 135 (yüz otuz beş) manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(013)-2661/2025 nömrəli qətnaməsi (hakim Mahir Niftəliyev) ilə, iddianın qismən təmin edilməsi, Cavabdeh1 müqavilə üzrə ödənilməmiş 5000 (beş min) manat alınaraq İddiaçı verilməsi, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 10000 (on min) manat və ödənilmiş dövlət rüsumu əvəzində 135 (yüz otuz beş) manat alınaraq İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdehlərin nümayəndəsi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və şikayət Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 361-ci maddəsinin tələblərinin yoxlanılması üçün geri qaytarılmalıdır. Belə ki, MPM-in 361.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti cavabdehlərin nümayəndəsi qismində Nümayəndə tərəfindən verilmiş və imzalanmışdır. Mülki Prosessual Məcəllənin 69.1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi yalnız onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulmuş şəxslər istisna olmaqla) ola bilər. Həmin norma açıq şəkildə göstərir ki, fiziki şəxsin məhkəmədə nümayəndə kimi çıxış edə bilməsi üçün iki əsas hüquqi imkan mövcuddur: - Yaxın qohumluq əsasında nümayəndəlik – şəxs yalnız qanunvericilikdə nəzərdə tutulan yaxın qohumları tərəfindən məhkəmədə təmsil oluna bilər; - Vəkil əsasında nümayəndəlik – bu halda nümayəndənin səlahiyyətləri müvafiq qaydada verilmiş etibarnamə və ya vəkalətnamə ilə təsdiq edilməlidir. İş materiallarından görünür ki, cavabdehlərin nümayəndəsi qismində çıxış edən Nümayəndə etibarnamə verilmişdir. Nümayəndənin Cavabdeh1 vəkili olmasını təsdiq edən order verilsə də, digər Cavabdeh2 vəkili olmasını təsdiq edən order isə verilməmişdir. Göründüyü kimi, Cavabdeh2 münasibətdə nümayəndənin vəkil statusunu təsdiqləyən vəkalətnamə və ya digər rəsmi sənəd də iş materiallarına əlavə olunmamışdır. Belə olan halda, nümayəndənin məhkəmədə təmsilçilik səlahiyyətləri lazımi qaydada rəsmiləşdirilməmiş hesab edilir. Məhkəmə qeyd edir ki, nümayəndəlik hüququnun təsdiqinə dair sübutların təqdim edilməməsi MPM-in 69.1-1-ci maddəsinin tələblərinin pozulmasına dəlalət edir və bu hal nümayəndənin şikayət vermək səlahiyyətinin qanuni əsaslarının mövcud olmadığını göstərir. Belə ki, nümayəndənin işdə iştirakının qanuniliyinin yoxlanılması birinci instansiya məhkəməsinin prosessual vəzifəsi olduğu halda, həmin məhkəmə bu məsələyə hüquqi qiymət verməmiş və nümayəndənin işdə iştirak səlahiyyətini araşdırmamışdır. Nəticədə, nümayəndənin təqdim etdiyi şikayətin prosessual baxımdan qəbul olunması üçün zəruri şərtlər – yəni nümayəndəlik hüququnun qanuni əsasda təsdiqi – mövcud olmamışdır. MPM-in 363.1.1-ci maddəsinə görə, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti geri qaytarılır. 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətini Mülki Prosessual Məcəllənin 361-ci və 363.1.1-1-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlamadan baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Buna görə də apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Birinci instansiyası məhkəməsi qərardadda qeyd edilən halları yoxladıqdan sonra Cavabdeh2 apellyasiya şikayəti geri qaytarılcağı halda digər cavabdehin apellyasiya şikayəti baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. 366.4-cü maddəsinə əsasən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 263, 264, 361, 363.1.1-1 və 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(013)-2661/2025 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti hüquqi qiymət verilməsi üçün mülki işlə birlikdə Ağdam Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(3-7)-74/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-74/2026
13.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver