Məhkəmə qərarları › İş №2(3-7)-747/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-747/2026

06.08.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-747/2026 06.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və X5 ibarət tərkibdə, X4 qızının katibliyi, İddiaçı İsmayılov Şahin Əziz oğlunun, onun nümayəndəsi (vəkil) nümayəndə1, cavabdeh İsmayılov Elşən Əziz oğlunun və onun nümayəndəsi (vəkil) nümayəndə2 iştirakı ilə, İddiaçı İsmayılov Şahin Əziz oğlunun cavabdeh İsmayılov Elşən Əziz oğluna qarşı mağazadan çıxarılma və mağazadan istifadə etmədiyinə görə yaranmış problemin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin ## ##### 2024-cü il tarixli *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh İsmayılov Elşən Əziz oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bərdə Ərazi İdarəsindən İsmayılov Şahin Əziz oğluna ünvanladığı ## #### 2023-cü il tarixli məktubundan görünür ki, sənədlərin ekspertizası zamanı İsmayılov Şahin Əziz oğlu tərəfindən 366 kv.m sahibkarlıq torpaq sahəsinin ayrılması barədə Bərdə rayonu, Bərdə Bələdiyyəsinin ## #### 2006-cı il tarixli ** nömrəli qərarı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə təqdim olunmuş, lakin Bərdə Rayon İcra Hakimiyyətinin Tikinti və Memarlıq Şöbəsinin rəyi, torpaq sahəsinin təsdiq olunmuş yerquruluşu planı, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsinin müvafiq rəyi, torpaq sahəsinin plan və ölçü sənədi təqdim olunmamışdır. Qeyd olunan çatışmazlıqlara görə torpaq sahəsi üzərində icarə hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasından imtina olunmuşdur.

2. ## #### 2006-cı il tarixli Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin surətinə əsasən, icarəyə verən Bərdə Bələdiyyəsi sədri X6 tərəfindən mağaza binası tikintisi üçün 366 kv.m torpaq sahəsi 30 il müddətində icarəçi İsmayılov Şahin Əziz oğlunun icarəsinə verilmişdir.

3. Bərdə rayonu, Bərdə Bələdiyyəsinin ## #### 2006-cı il tarixli ** nömrəli iclas protokolundan çıxarışa əsasən, Bərdə Bələdiyyəsinin ehtiyat torpaq fondundan Bərdə şəhər Nizami küçəsində yolun şərqində, dəri-zöhrəvi xəstəxanasına dönən yolun cənubunda 27 x 13,55 m, cəmi 366 kv.m olan torpaq sahəsi İsmayılov Şahin Əziz oğluna 30 il müddətinə icarəyə verilmişdir.

4. Bərdə rayonu, Bərdə Bələdiyyəsinin ## ###### 2024-cü il tarixli, ** nömrəli məktubuna əsasən, Şahin İsmayılova Bərdə Bələdiyyəsinin ## #### 2006-cı il tarixli ** nömrəli qərarı ilə ayrılmış 366 kv.m ölçüdə torpaq sahəsi ## #### 2019-cu il tarixli ARI****** nömrəli etibarnamə əsasında Elşən İsmayılovun ## ###### 2019-cu il tarixli Bərdə Bələdiyyəsinə müraciət etdiyi imtina ərizəsinə əsasən, sözügedən ərazi Bərdə Bələdiyyəsinin mülkiyyətinə geri qaytarılmışdır. Əlavə olaraq bildirilmişdir ki, sözügedən ərazi hal-hazırda Bərdə Bələdiyyəsinin mülkiyyətinə aiddir.

5. ## #### 2019-cu il tarixli, AR-İ-****** nömrəli etibarnaməyə əsasən, İsmayılov Şahin Əziz oğlu etibarnamə əsasında səlahiyyətlərini İsmayılov Elşən Əziz oğluna ötürmüşdür. Etibarnamənin etibarlılıq müddəti ## ###### 2021-ci il tarixədək müəyyənləşdirilmişdir.

6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ** saylı Ərazi Vergilər İdarəsinin ## ####### 2024-cü il tarixli məktubuna əsasən, Elşən İsmayılovun ********** saylı VÖEN-i əsasında ## ###### 2010-cu il tarixindən həmin mağaza təsərrüfat subyekti (obyekti) kimi vergi orqanına təqdim edilərək uçota alınmış və mağaza üçün **********-***** saylı obyekt kodu müəyyən edilmişdir.

7. Bərdə rayon Bərdə Bələdiyyəsinin ## ####### 2024-cü il tarixli məktubuna əsasən, İsmayılov Şahin Əziz oğluna Bərdə bələdiyyəsinin ## #### 2006-cı il tarixli ** nömrəli qərarı ilə ayrılmış 366 kv.m ölçüdə torpaq sahəsi ## #### 2019-cu il tarixli AR-İ****** nömrəli etibarnamə əsasında İsmayılov Elşən Əziz oğlunun ## ###### 2019-cu il tarixli Bərdə bələdiyyəsinə müraciət etdiyi imtina ərizəsinə əsasən sözügedən ərazi Bərdə bələdiyyəsinin mülkiyyətinə geri qaytarılmış və ## ###### 2019-cu il tarixdən ## #### 2006-cı il tarixli icarə müqaviləsi dayandırılmış, lakin icarə müqaviləsinin ləğvi barədə qərar qəbul edilməmişdir. Hal-hazırda sözügedən ərazi mübahisəli olduğu üçün hər hansı sənədləşdirilməsi işlərinin aparılması mümkün olmamış və başqa şəxslərə icarəyə və ya mülkiyyətinə verilməmişdir.

8. Məhkəmə kollegiyasına təqdim edilmiş iki ədəd fotoşəkil baxış keçirildikdən sonra iş materiallarına əlavə edilmişdir.

Birinci instansiya məhkəməsində birinci icraat

9. İddiаçı cavabdeh cavabdehə qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək cavabdehin qeyri-qanuni hərəkətlərinə son qoyulması, Bərdə şəhər Nizami küçəsində yolun şərqində, dəri-zöhrəvi xəstəxanasına dönən yolun cənubunda 27 x 13.55 m, cəmi 366 kv.m olan torpaq sahəsi üzrə inşa edilmiş mağazadan çıxarılma və mağazadan istifadə etməyində yaranmış maneələrin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bərdə Bələdiyyəsinin ## #### 2006-cı il tarixli ** nömrəli qərarı ilə onun xüsusi mülkiyyətində olan Bələdiyyənin torpaq fondundan şəhərin Nizami küçəsində yolun şərqində, dəri-zöhrəvi xəstəxanasına dönən yolun cənubunda 27 x 13.55 m, cəmi 366 kv.m olan torpaq sahəsini mağaza binası tikmək üçün 30 il müddətinə istifadəyə verilmişdir. 2006-cı ildən həmin ərazidə mağaza tikib, oradan gəlir əldə edərək, mağazanı istifadə edir. Lakin uzun zamandır ki, cavabdeh ona məxsus olan mağazanı zəbt edərək, mağazanın qıfılını dəyişib mağazadan istifadə edir. Onun isə həmin mağazaya yaxınlaşaraq, oradan istifadə etməsinə maneəçilik törədir. Dəfələrlə qardaşı cavabdehə xəbərdarlıq etsə də, onun sözlərinə məhəl qoymayaraq, öz istədiyini etmişdir. Buna görə də, iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin qeyriqanuni hərəkətlərinə son qoyulması, Bərdə şəhər Nizami küçəsində yolun şərqində, dərizöhrəvi xəstəxanasına dönən yolun cənubunda 27 x 13.55 m, cəmi 366 kv.m olan torpaq sahəsi üzrə inşa edilmiş mağazadan çıxarılma və mağazadan istifadə etməyində yaranmış maneələrin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

11. Bərdə Rayon Məhkəməsinin ## ##### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Fuad Babaşov) iddia tələbi təmin edilərək, cavabdeh İsmayılov Elşən Əziz oğlunun qeyri-qanuni hərəkətlərinə son qoyulmaqla, həmin şəxsin Bərdə şəhəri, Nizami küçəsində yolun şərqində, dəri-zöhrəvi xəstəxanasına dönən yolun cənubunda 27 x 13,55 m, cəmi 366 kv.m olan torpaq sahəsi üzrə inşa edilmiş mağazadan çıxarılması və iddiaçının mağazadan istifadə etməyində yaranmış maneələrin aradan qaldırılması; Ödənilmiş 100 manat dövlət rüsumunun cavabdeh İsmayılov Elşən Əziz oğlundan alınaraq iddiaçıya verilməsi qət edilmişdir.

12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı iddia tələbini sübut etmişdir. Belə ki, sahənin ilk başdan iddiaçıya ayrılması və orada mağazanın tikintisi, habelə mağazanın iddiaçının sahiblik və istifadəsində olması, həmin mağazanın cavabdehin qanunsuz istifadəsində olması iş materialları ilə öz təsdiqini tapmışdır. Bu səbəbdən məhkəmə bu qənaətə gəlmişdir ki, iddiaçı hazırkı iddianı irəli sürməkdə haqlı olduğundan iddia tələbi təmin edilməlidir. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş şahidlərin ifadəsinə tənqidi yanaşaraq qeyd etmişdir ki, onlar iş üçün əhəmiyyət kəsb edən doğru və dəqiq məlumat və informasiya verə bilməmişdır. Belə ki, onların ifadələrində qeyd edilmiş mağazanın mübahisə edilən həmin və ya başqa mağaza olması, pulun miqdarı və nə vaxt cavabdeh tərəfindən onlara verilməsini ayırd etmək və dəqiqləşdirmək məhkəmə tərəfindən mümkün olmamışdır. Buna görə məhkəmə həmin ifadələri mötəbər sübut hesab etməmişdir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5 və 157.4-cü maddələrinə, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinə, Torpaq Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndinə, 55, 66, 82, 84 və 11-ci maddələrinə istinadla əsaslandırmışdır

Apellyasiya instansiyası məhkəməsində birinci icraat

14. Qətnamədən narazı qalan cavabdeh birinci instansiya məhkəməsinin ## ##### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən mağazaya dair tərəflərin mülkiyyət hüququnu təsdiq edən çıxarışları mövcud deyil və mağaza binası rəsmi reyestrdə qeydə alınmamışdır. Həmin binanın tikintisi üçün əhəmiyyətli məbləğdə xərc çəkilmişdir və uzun illərdir ki, oradan istifadə olunur. Reyestr qeydiyyatı olmadığına görə daşınmaz əşya kimi heç kimin mülkiyyətində olmasa da, həmin mağazanın tikintisində istifadə olunan daşınan əşyalar komplekti ciddi iqtisadi dəyərə malik olmaqla həmin tikinti xərclərini çəkən şəxsin mülkiyyətindədir. Həmin şəxs mağazanın “gözlənilən mülkiyyət hüququ” ilə sahibidir. Mülki Məcəllənin 166.1-ci maddəsinə əsasən, onun mağazaya “gözlənilən mülkiyyət hüququ” ilə sahiblik etdiyi ehtimal edilməlidir. Uzun illər ərzində cavabdeh tərəfindən ona heç bir ödəniş həyata keçirilməmiş, əksinə o, mağazadan fərdi sahibkar kimi gəlir əldə etmiş, daha sonra həmin mağazanı üçüncü şəxslərə icarəyə verərək icarə ödənişləri almışdır. Xüsusilə diqqət yetirilməlidir ki, o, fərdi sahibkar kimi gəlirlərdən iddiaçıya hər hansı ödəniş həyata keçirməmiş, iddiaçı tərəfindən də tələb edilməmişdir. Deməli o “gözlənilən mülkiyyət hüququ” ilə sahibliyi həyata keçirmişdir. Əgər iddiaçı “gözlənilən mülkiyyət hüququ”nun ona məxsus olduğunu və cavabdehin onun razılığı əsasında fəaliyyət göstərdiyini iddia edirsə, o zaman bu halı sübuta yetirmək məcburiyyətində olmuşdur. Onun ********** saylı VÖEN-i əsasında ##.##.2010-cu il tarixindən həmin mağaza təsərrüfat subyekti (obyekti) kimi vergi orqanına təqdim edilərək uçota alınmış və mağaza üçün **********-***** saylı obyekt kodu müəyyən edilmişdir. Bu fakt da onun uzun illər mağazaya qanuni əsaslarla vasitəsiz sahiblik etdiyini təsdiq etmişdir.

16. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər L.S. Süleymanov - sədrlik edən və məruzəçi, İ. T. Həsənov və Ş.Q.Rzaquliyev) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ləğv edərək, iddiaçının cavabdehə qarşı mağazadan çıxarılma və mağazadan istifadə etməyində yaranmış maneələrin aradan qaldırılmasına dair iddia tələbi rədd edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1, 560.2, 560.3.4, 562.1, 1091.1, 1091.2, 1092.1 və 1092.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Kassasiya instansiyası məhkəməsində birinci icraat

18. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və işə yenidən apellyasiya qaydasında baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ##### 2025- ci il tarixli *(***)-***/**** nömrəli (hakimlər V.Ə.Baxışova (məruzəçi), Z.Ə.Əliyev və Z.B.Babayev) qərarı ilə kassasiya şikayəti təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ####### 2024-cü il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.

20. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, işin mübahisəsiz halı olaraq məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi Bərdə Bələdiyyəsinin mülkiyyətində olmaqla ## #### 2006-cı il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə” əsasında məhz mağaza tikintisi üçün iddiaçıya icarəyə verilmişdir. İddiaçı sahiblik hüququnun müdafiəsi ilə bağlı tələb irəli sürərək onun qanuni istifadəsində və sahibliyində olmuş daşınmaz əmlak üzərində sahiblik hüququnun cavabdeh tərəfindən pozulduğunu iddia etmiş və əmlakın qanunsuz sahiblikdən geri qaytarılmasını xahiş etmişdir. İcarəyə verilmiş torpaq sahəsində icarəyəverənin razılığı ilə həyata keçirilmiş tikililər üzərində icarəçinin hüquqları “İcarə haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Həmin Qanunun 9-cu maddəsinin 3-cü hissəsində qeyd edilir ki, əgər icarə müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, icarəyə götürülmüş ərazidə icarəyəverənin razılığı ilə icarəçinin vəsaiti hesabına tikilmiş, aparılması mümkün olmayan binalar və qurğular icarəçiyə məxsusdur. Müqavilənin müddəti qurtardıqda və ya müqavilə pozulduqda icarəyəverən həmin binaların və qurğuların bazar dəyərini icarəçiyə ödəməlidir. Qeyd edilən normaya əsasən müqavilədə ayrı qayda nəzərdə tutulmazsa və əksi mötəbər sübutlarla təsdiq edilməzsə, icarəyə verilmiş boş torpaq sahəsi üzərində icarə müddəti ərzində inşa edilmiş tikili icarəçiyə məxsusdur. Məhkəmə kollegiyası kassasiya şikayətini əsaslı hesab edərək qeyd edir ki, işə baxmış apellyasiya instansiyası məhkəməsi tələbin hüquqi əsasını təşkil edən normaları düzgün müəyyən etməməklə yanaşı, sübutların qiymətləndirilməsi zamanı MPM-nin 77.1, 88-ci maddələrinin tələblərini nəzərə almamışdır. “Qavazov Bolqarıstana qarşı iş üzrə” ## #### 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “Əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. 38. MPM-nin 76.2-ci maddəsində şahidlərin ifadələri və işdə iştirak edən şəxslərin izahatları sübut növləri olsa da, məhkəmə tərəfindən iş üzrə təqdim edilmiş sübutlar MPMnin 88-ci maddəsinə əsasən əlaqəli şəkildə yoxlanılaraq qiymətləndirilməlidir. İşdən görünür ki, tərəflərin məhkəməyə verdiyi məlumatlarla şahid F.Bəndəliyevin ifadəsi arasında uyğunsuzluq olduğu halda, məhkəmə sübutların qiymətləndirilməsini həyata keçirərkən bu hala əhəmiyyət verməmişdir. Belə ki, cavabdeh apellyasiya şikayətində iddiaçıya icarəyə verilmiş bələdiyyə torpağının əvvəllər “Qədir” adlı şəxsin istifadəsində olduğunu və həmin şəxsin torpağa istifadə hüququnu şifahi alqı-satqı müqaviləsi əsasında ötürdüyünü qeyd edərək həmin şəxsə pul vəsaitinin kim tərəfindən ödənildiyinin məhkəmə tərəfindən araşdırılmalı olduğunu qeyd etmişdir. Halbuki şahid qismində ifadə vermiş X7 isə torpaq sahəsinin onun tərəfindən cavabdehə satıldığı bildirmişdir. Şahidin bu ifadəsinin işdəki digər sübutlarla təsdiq edilmədiyindən müəyyən olunur ki, iddiaçının icarəsində olmuş torpaq sahəsindəki mağazanın cavabdehin vəsaiti hesabına tikilməsi bu ifadə və cavabdehin izahatı əsasında müəyyən olunmuşdur. Digər şahid X1 isə tikinti işlərinin həyata keçirilməsi üçün pulun ona cavabdeh tərəfindən verildiyini qeyd edərək həmin vəsaitin tərəflərdən kimə məxsus olması barədə məlumat verməmişdir. MPM-nin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. İşə birinci instansiya qaydasında baxılarkən ##.##.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında isə cavabdeh özü tikintinin qardaşından aldığı vəsait hesabına həyata keçirildiyini təsdiq etmiş, lakin həmin vəsaiti borc kimi aldığını və sonradan qaytardığını bildirmişdir. Cavabdehin tikinti üçün xərclənən vəsaiti iddiaçıdan aldığını təsdiq etməsi iddiaçını bu halı sübut etmək vəzifəsindən azad etdiyi və artıq həmin vəsaitin iddiaçıya qaytarıldığını sübut etmə vəzifəsi (sübut etmə yükü) MPM-nin 77.1-ci maddəsinə əsasən cavabdehin üzərinə düşdüyü halda məhkəmə sübutların qiymətləndirilməsini həyata keçirərkən prosessual normaların tələblərini nəzərə almamışdır.

Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

21. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə, (hakimlər R.Ş.Muradov (sədrlik edən və məruizəçi) F.Ə. Mehtiyev və M.Ə.Mustafayev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmişdir və birinci instansiya məhkəməsinin ## ##### 2024-cü il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi və iddiaçının cavabdehə qarşı Bərdə şəhəri, Nizami küçəsində dəri-zöhrəvi xəstəxanasına dönən yolun cənubunda 366 kv.m torpaq sahəsində inşa edilmiş mağaza binasından çıxarılması və istifadəyə maneələrin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməməsi və ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir.

22. Apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab etmişdir ki, bələdiyyə mülkiyyətində olan torpaq sahəsi iddiaçıya icarəyə verilsə də, həmin torpaq sahəsi üzərində yerləşən iki mərtəbəli mağaza binası cavabdehin vəsaiti hesabına inşa edilmiş və inşa edildiyi vaxtdan da onun sahibliyində və istifadəsindədir, belə olan halda da cavabdehin həmin binanın materiallarına mülkiyyət hüququ vardır. İddiaçı Şahin İsmayılov ona icarəyə verilmiş torpaq sahəsində cavabdeh Elşən İsmayılov tərəfindən mübahisələndirdiyi qeyri-yaşayış sahəsinin tikilməsini bilmiş və tikinti işlərinin aparılmasını qəbul etmişdir. Düzdür, iddiaçı qeyri-yaşayış sahəsinin onun özünün şəxsi vəsaiti və göstərişi əsasında qardaşı Elşən tərəfindən aparıldığını desə də, lakin onun bu dəlili yuxarıda da qeyd olunduğu kimi sübuta yetirilməmişdir. Belə olan təqdirdə kollegiya hesab etmişdir ki, torpağa icarə hüququ olan şəxs tərəfindən həmin tikiliyə görə (çəkilən xərclə bağlı) müvafiq kompensasiya ödənilmədən cavabdeh qeyri-yaşayış sahəsindən çıxarıla bilməz.

23. Birinci instansiya məhkəməsi isə işin yuxarıda qeyd olunan bu hallarına düzgün hüquqi qiymət verməyərək iddianı təmin etmişdir. Ona görə də kollegiya hesab etmişdir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir.

24. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 152.1, 152.2, 159, 160-cı maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1, 77.1, 88, 119.1, 217.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Kassasiya instansiyası məhkəməsində ikinci icraat

25. İddiaçı (onun vəkili nümayəndə1) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülkı Kollegiyasının ## ####### 2025-ci il tarixli 2(104)- ****/**** saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-ci il tarixli, *(*-*)-***/**** nömrəli (hakimlər Əhliman Xıdırov (məruzəçi), E.Şamayev və V.Həsənov) qərarı ilə kassasiya şikayəti təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməsi və işin yenidən apellyasiya baxışına qaytarılması qərara alınmışdır.

27. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, əvvəla apelyasiya instansiyası məhkəməsi iddiaçı tərəfin təşəbbüsü ilə şahid qismində dindirilmiş X2 vermiş olduğu ifadəni sübut növü kimi qəbul etməmiş və qeyd etmişdir ki, şahid 1993-cü ildən iddiaçının yanında (köhnə bazarda) işlədiyini qeyd etmişdir. Sonuncunun şəxsiyyət vəsiqəsindən isə görünür ki, o, ## ### 1983- cü ildə anadan olmuşdur. 1993-cü ildə Yunis Quliyev 10 yaşında olmuşdur. Qeyd olunan yaşda uşağın isə anbar şəraitində işləməsi özlüyündə inandırıcı gəlmir, eləcə də 10 yaşında uşaqların əməyə cəlb olunması qanunvericiliklə qadağa olunur. Kassasiya kollegiyası göstərilən əsaslandırma ilə razılaşmır. Belə ki, iş üzrə əhəmiyyətli olan şahidin şahidlik etdiyi halların nə vaxt baş verməsidir. Konkret şahidin ifadəsinə qiymət verərkən apellyasiya məhkəməsi şahidin anbarın sökülməsi və anbarın tikinti materialının (fermasının) hazırkı mübahisəli binanın tikintisində istifadə olunmaq üçün aparılmasına dair bildirdiklərinin hansı vaxtda baş verməsini dəqiqləşdirməli və dəqiqləşdirmənin nəticəsindən asılı olaraq şahidin ifadəsinə hüquqi qiymət verməli idi. Yəni, şahidin şahidlik etdiyi halın baş verdiyini bildirdiyi vaxt nəzərə alınmaqla ifadəsinə hüquqi qiymət verilməli idi.Lakin apelyasiya instansiyası məhkəməsi bu istiqamətdə hüquqi dəyərləndirmə aparmamışdır. Kollegiya hesab edir ki, iş üzrə 1993-cü ildə Yunis Quliyevin 10 yaşının olması, eləcə də 10 yaşında uşaqların əməyə cəlb olunmasının qanunvericiliklə qadağa olunmasının birbaşa olaraq şahidin ifadəsinin mötəbər olmamasına dəlalət edən hal kimi qiymətləndirilməsi prosessual hüquq normalarının tələbinə uyğun deyil. Nəzərə almaq lazımdır ki, şahid yetkinlik yaşına çatmadığı müddətdə baş vermiş hallarla əlaqədar da şahid kimi dindirilə bilər. Bundan əlavə, işə əvvəl kassasiya qaydasında baxmış məhkəmə tərkibi qeyd etmişdir ki, icarəyə verilmiş torpaq sahəsində icarəyəverənin razılığı ilə həyata keçirilmiş tikililər üzərində icarəçinin hüquqları “İcarə haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Həmin Qanunun 9-cu maddəsinin 3-cü hissəsində qeyd edilir ki, əgər icarə müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, icarəyə götürülmüş ərazidə icarəyəverənin razılığı ilə icarəçinin vəsaiti hesabına tikilmiş, aparılması mümkün olmayan binalar və qurğular icarəçiyə məxsusdur. Müqavilənin müddəti qurtardıqda və ya müqavilə pozulduqda icarəyəverən həmin binaların və qurğuların bazar dəyərini icarəçiyə ödəməlidir. Qeyd edilən normaya əsasən müqavilədə ayrı qayda nəzərdə tutulmazsa və əksi mötəbər sübutlarla təsdiq edilməzsə, icarəyə verilmiş boş torpaq sahəsi üzərində icarə müddəti ərzində inşa edilmiş tikili icarəçiyə məxsusdur. İşə əvvəl kassasiya qaydasında baxmış məhkəmə tərkibi onu da qeyd etmişdir ki, MPM-nin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. İşə birinci instansiya qaydasında baxılarkən ##.##.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında isə cavabdeh özü tikintinin qardaşından aldığı vəsait hesabına həyata keçirildiyini təsdiq etmiş, lakin həmin vəsaiti borc kimi aldığını və sonradan qaytardığını bildirmişdir. Cavabdehin tikinti üçün xərclənən vəsaiti iddiaçıdan aldığını təsdiq etməsi iddiaçını bu halı sübut etmək vəzifəsindən azad etdiyi və artıq həmin vəsaitin iddiaçıya qaytarıldığını sübut etmə vəzifəsi (sübut etmə yükü) MPM-nin 77.1-ci maddəsinə əsasən cavabdehin üzərinə düşdüyü halda məhkəmə sübutların qiymətləndirilməsini həyata keçirərkən prosessual normaların tələblərini nəzərə almamışdır. Əvvəlki iki bənddə qeyd edilənlərə baxmayaraq işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi qeyd edilənləri nəzərə almamış və həmin bəndlərdə qeyd edilən kassasiya məhkəməsinin göstərişlərini icra etməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Yuxarıda qeyd edlənlərə əsasən kassasiya kollegiyası belə qənaətə gəlir ki, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılması və qiymətləndirilməsi ilə əlaqədar prosessual hüquq normalarının tələbini pozmuş və bu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnmişdir. Prosessual hüquq normaları göstərilən qaydada pozulduğuna görə maddi hüquq normalarının düzgün tətbiq edildiyi qənaətinə gəlmək mümkün deyil.

Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat Məhkəmə icraatı iştirakçılarının izahatları

28. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh İsmayılov Elşən Əziz oğlunun nümayəndəsi (vəkil) nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, bu mülki işin artıq üçüncü apellyasiya icraatıdır. Birinci instansiya məhkəməsində Elşən İsmayılov demişdir ki, 11.000 manat qardaşından borc almışdır. Bina sökülüb yenidən tikilmişdir. Tikinti işləri 2012- 2013-cü illərdə olmuşdur və mübahisə predmeti olan binaları Elşən İsmayılov tikdirmişdir. Obyektin qiyməti 150000-200000 manatdır. 10.000 manata tikilə bilməz. Şahidlər birinci instansiya məhkəməsində dindirilmişdir. Bərdə Rayon Məhkəməsi mülki işi kifayət qədər araşdırmışdır. Qarşı tərəf 2006-cı ildə şirvan vaxtı pulu vermişdir. İddia tələbi əsassızdır. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, 2006-2207-ci illərdə 11000 manat borc almışdır. Amma 2012-2013-cü illərdə tikilən mağazaya o borc aid deyil. Şahidin dedikləri zidiyyətlidir. Köhnə bazar sökülmüş və 10-15 km məsafədə təzə bazar tikilmişdir.

29. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh İsmayılov Elşən Əziz oğlu apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat vermiş, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, 2006-2007-ci ildə iddiaçıdan borc almışdı və bir il ərzində borcunu ödəmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, obyekti alan zaman aptek və digər köhnə tikililər vardı. Sonralar onların hamısı sökülmüşdü. Obyekti o, almış, pulunu ödəmişdir. Amma qardaşının adına qeydiyyata almışdır. Obyekti almaq üçün 42500 manat pul vermişdi. Obyekt ləğv olunmuş və obyekt halhazırda bələdiyyənin nəzdindədir. Əvvəldən o, istifadə etmişdir. Qədirə 2 otaqlı ev almışdır. Pul vermiş, maşın almışdır. Aptek işlədən Famil idi onu da gətirmişdi. Apteki 2011-2012-ci ildə almışdır. 2012-ci ildə söküntü olmuşdur, obyektinə bitişik idi bu zaman pulunu verdi, aldı. Qardaşına dedi ki, obyekti oğlunun adına keçirmək istəyir və dedi ki, onun adıdır. 24000 manata 2011-2012-ci ildə apteki Famildən almışdır. Çayxananı 185000 Qədirdən almışdır. 2006-cı ildə 11.000 manat borc götürmüş, bir il sonra qaytarmışdır.

30. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İsmayılov Şahin Əziz oğlu apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, obyektin pulunu özü vermişdir. O yeri Qədir zəbt etmişdir və çayxana kimi işlədirdi. O, almışdır və mağaza tikdirmişdir. 2006-cı ildə o, bələdiyyəyə getdi və oranı aldı. Əvvəlcə bir mərtəbəli idi. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, aptek, arxası çayxana və 3 dənə bokslar var idi. Alandan sonra 2011-ci ildən sonra oralar söküldü. Onu aldadaraq notariusa aparmışdır. 2 illik özü işlətdi. İşlətməyə icazə vermişdir. Mübahisə etməmişdim. Oranı yaman günə qoydu, talan etdi, məhv elədi və beləliklə münasibət pozuldu. Mağazanı birlikdə işlədirdi, obyekti işlətməyə vermişdi. Tikilinin sərmayəsini Elşənə o, vermişdir. Elşən də ustaları gətirmişdir. 200.000 manatdan çox pul vermişdir. 2006-cı ildən başlayaraq obyekt üçün pullar vermişdir. Çayxananı Qədirdən almışdır. 17500 dollar vermişdir və əlavə pullarda vermişdir. Bələdiyyədə olmuşdur. Apteki Elşən danışmışdır. Pulunu o, vermişdir. 2011ci ildə 21000 manat vermişdir. 2010-cu ildən sonra aralarında münasibətlər pozulmuşdur. 2019-cu ildə əsaslı olaraq münasibətlər pozulmuşdur. Yunis bazar sökülən zaman kömək etmişdir.

31. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İsmayılov Şahin Əziz oğlunun nümayəndəsi (vəkil) nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, icarə müqaviləsi ləğv olunmamışdır. İcarə müqaviləsi 2006-cı ildə bağlanmışdır. Şahin etibarnaməni Elşənə vermiş, Elşən isə Azərə etibar edilmiş etibarnamə vermişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, Elşənin səlahiyyəti olmamışdır. Şahid Familin izahatında ziddiyyətlər var idi. Ustaya sual vermişdi, rəsmi sənədlərin təqdim edilməsini demişdi, rəsmi olaraq işlədiyini sübut edən heç nə yox idi. Aptek Familin olmamışdır. Onunla Elşən arasında heç bir alqı-satqı müqaviləsi olmamışdır. Aptek Köçəri adlı şəxsin olmuşdur. Obyekt iddiaçının vəsaiti hesabına tikilmişdir. Orada aptek və çayxana olmamışdır. Bokslarda olmuşdur.

32. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Şahin əmini tanıyır. Şahin əminin yanında bazarda fəhlə kimi işləmişdir. Təxmini 15-16 yaşı olan zaman Şahin əminin yanında işləmişdir. Ona köməklik edirdi. Ata əvəzi olmuşdur. Köhnə bazar 2011-2012-ci illər olardı ki, sökülmüşdür. O, Şahin əminin yanında fermaların sökülməsinə kömək edirdi. Sökülən materialları daşıyırdı. Sonra təzə bazar tikilmişdir. Şahin əmi təzə bazarı tikmişdir. Onlar təzə bazara köçmüşdür. Bazardan sökülən materiallar ilə Şahin əmi obyekt tikmişdir. Təzə bazar tikilən zaman iştirak etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, köhnə bazar * nömrəli məktəbin yanında yerləşirdi. Köhnə bazar sökülən zaman başqa fəhlələrdə işləyirdi, amma onları tanımır. Köhnə bazar sökülən materiallar iki yerə aparılmışdır. Yaxın yerə aparılan materialları o, aparmışdı. Bir mərtəbəli obyekt var idi. Orda alver edirdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

33. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

34. Maddə 152.2. Sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

35. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər.

36. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

37. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

38. Maddə 160. Əgər sahib əşyanı məhdud əşya və ya şəxsi sahiblik hüququnun həyata keçirilməsi üçün kiməsə vermişsə, onların hər ikisi sahibdirlər. Onlardan birincisi vasitəli, ikincisi isə vasitəsiz sahibdir.

39. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

40. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

43. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

44. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

45. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

46. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

47. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

48. MPM-in 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin ## ##### 2024-cü il tarixli *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iş üzrə həm apellyasiya məhkəməsində, həm də Azərbaycan Respublikası Ali Məhkəməsində kifayət qədər araşdırma aparılmış, işin faktiki halları, tərəflər arasında yaranmış münasibətlər hərtərəfli tədqiq edilmişdir.

51. Hazırki vəziyyətdə birinci instasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarının əsaslandırıcı hissəsində şərh edilən hüquqi mövqeyini nəzərə almaqla, qeyd edir ki, iş materialları ilə müəyyən edilmişdir ki, iddiаçı İsmayılov Şahin Əziz oğlu cavabdeh İsmayılov Elşən Əziz oğluna qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək cavabdehin qeyri-qanuni hərəkətlərinə son qoyulması, Bərdə şəhər Nizami küçəsində yolun şərqində, dəri-zöhrəvi xəstəxanasına dönən yolun cənubunda 27 x 13.55 m, cəmi 366 kv.m olan torpaq sahəsi üzrə inşa edilmiş mağazadan çıxarılma və mağazadan istifadə etməyində yaranmış maneələrin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

52. İşə baxan məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı İsmayılov Şahin Əziz oğlu iddia tələbini faktiki subutlarla sübut etmişdir. Belə ki, sahənin ilk başdan iddiaçıya ayrılması və orada mağazanın tikintisi, habelə mağazanın iddiaçının sahiblik və istifadəsində olması, həmin mağazanın cavabdehin qanunsuz istifadəsində olması iş materialları ilə öz təsdiqini tapır. Bu səbəbdən də iddiaçı hazırki iddianı irəli sürməkdə haqlıdır və iddia tələbi təmin edilməlidir.

53. Məhkəmə kollegiyasının araşdırması zamanı və tərəflərin qarşılıqlı verdikləri izahatlar ilə müəyyən edilmişdir ki, iddiaçı ilə Bərdə Bələdiyyəsi arasında ## #### 2006-cı il tarixli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin hüquqi əsası kimi Bərdə Bələdiyyəsinin ##.##.2006-cı il tarixli, ** nömrəli protokolu vardır. Protokolda torpaq sahəsinin uzun müddətdir ki, iddiaçının (İsmayılov Şahin Əziz oğlunun) istifadəsində olduğu nəzərə alınaraq, üzərində tikinti tikmək məqsədi ilə ona ayrılması konkret olaraq protokolda qeyd edilmişdir. Bu hallar iddianın faktiki əsasının təşkil etməklə yanaşı, onların hüquqi əsası məhz Mülki Məcəllənin 152.2-ci və 157.8-ci maddələrinə dayanmışdır. Tələb hüququnun (iddia tələbinə dair subyektiv hüququn) əsasını isə Mülki Məcələnin 157.8-ci maddəsi ilə yanaşı 157.2-ci və 158.4-cü maddələri təşkil etmişdir. Belə ki, 157.2-ci maddəyə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 158.4- cü maddəyə görə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Hər üç maddənin qarşılıqlı təhlili onu deməyə əsas verir ki, iddiaçının həmin əmlaka dair tələb hüququ qanunidir və əsaslıdır. Həmçinin, bu sahiblik hüququ qanunsuz deyil, Bərdə Bələdiyəsinin qərarına və aralarında bağlanmış müqaviləyə əsaslanmışdır. O da nəzərə alınmalıdır ki, Bərdə Bələdiyyəsi ilə bağlanmış müqaviləyə və Bələdiyyənin qərarına əsasən yaranmış sahiblik hüququ, iddiaçının həmin əmlaklar üzərində mülkiyyət hüququnun əldə olunmasına ağlabatan və “qanuni gözləntisi”ni, yəni gözlənilən mülkiyyət hüququnu, maraqlarını əhatə edir. Bələdiyyə qərarında torpaq sahəsinin iddiaçının uzun müddət istifadəsində olduğu nəzərə alınaraq, orada tikinti tikmək məqsədi ilə iddiaçıya icarəyə verilməsi qeyd edilmişdir. İddiaçının isə orada tikinti işləri aparması onun həmin əmlak üzərində “gözlənilən mülkiyyət hüququnu” özündə ehtiva etmişdir.

54. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş Bərdə Bələdiyyəsinin ## #### 2006-cı il tarixli, ** saylı protokolundan və Bələdiyyə ilə arasında bağlanmış ## #### 2006-cı il tarixli icarə müqaviləsindən görünür ki, Bərdə şəhəri, Nizami küçəsində yolun şərqində, dəri-zöhrəvi xəstəxanasına dönən yolun cənubunda 27 X 13.55m olan 366 kv.m ibarət torpaq sahəsi iddiaçıya icarəyə verilmişdir. Bələdiyyənin qərarından açıq şəkildə görünür ki, torpaq sahəsi mağaza binasının inşası məqsədi ilə 30 il müddətinə ona icarəyə verilmişdir. Bələdiyyə qərarının 3-cü bəndində qeyd edilmişdir ki, “Ayrılmış torpaq sahəsində tikinti işlərinin aparılması, tikiləcək obyektin layihəsi və mühəndis kommunikasiya pasportu hazırlanması üçün Rayon İcra Hakimiyyəti ilə razılaşdırılsın”. Həmin protokola əlavə edilmiş, Bərdə rayon İcra hakimiyyətinin Memarlıq şöbəsinin memarı M.Qasımov tərəfindən verilmiş “İsmayılov Şahin Əziz oğlunun ərizəsi barədə rəy”ə əsasən“.... Həmin ərazidə istifadəsində olan tikintilərin və torpaq sahəsinin qanuniləşdirilməsini xahiş etmişdir. Torpaq sahəsi şəhərin Nizami küçəsində yolun şərqində, Dəri-Zöhrəvi xəstəxanasına dönən yolun cənubunda yerləşir. Torpaq sahəsi daxilində 27 X 14 m., cəmi 378 kv.m – 12 kv.m = 366 kv.m təşkil edir. 12 kv.m həmin sahənin daxilində olan başqa şəxsə məxsus aptek binasına aiddir....”. Həmin aptek binası ümumiyyətlə inşa etdiyi 366 kv.m ibarət qeyri-yaşayış binasının daxilində olmamış, nə də qeyri-yaşayış binası həmin aptek sökülməklə onun yerində inşa edilməmişdir. Bu fakt Bərdə rayon Memarlıq idarəsinin memarı M.Qasımovun rəyində və eləcə də həmin rəyə əlavə edilmiş, İcra hakimiyyətinin möhürü ilə təsdiq edilmiş “Torpaq sahəsinin Sxemin”də açıq şəkildə öz təsdiqini tapır.

55. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Şahin əmini tanıyır. Şahin əminin yanında bazarda fəhlə kimi işləmişdir. Təxmini 15-16 yaşı olan zaman Şahin əminin yanında işləmişdir. Ona köməkli edirdi. Ata əvəzi olmuşdur. Köhnə bazar 2011-2012-ci illər olardı ki, sökülmüşdür. O, Şahin əminin yanında fermaların sökülməsinə kömək edirdi. Sökülən materialları daşıyırdı. Sonra təzə bazar tikilmişdir. Şahin əmi təzə bazarı tikmişdir. Onlar təzə bazara köçmüşdür. Bazardan sökülən materiallar ilə Şahin əmi obyekt tikmişdir. Təzə bazar tikilən zaman iştirak etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, köhnə bazar * nömrəli məktəbin yanında yerləşirdi. Köhnə bazar sökülən zaman başqa fəhlələrdə işləyirdi, amma onları tanımır. Köhnə bazar sökülən materiallar iki yerə aparılmışdır. Yaxın yerə aparılan materialları o, aparmışdır. Bir mərtəbəli obyekt var idi. Orda alver edirdi.

56. Göründüyü kimi, iş üzrə əhəmiyyətli olan şahid Yunis Quliyev anbarın sökülməsi və anbarın tikinti materialının (fermasının) hazırkı mübahisəli binanın tikintisində istifadə olunmaq üçün aparılmasına dair bildirdikləri mübahisə predmetinin iddiaçı Şahin İsmaylov məxsus olmasını təsdiq edir.

57. Məhkəmə iclasları zamanı iddiaçı İsmaylov Şahin Əziz oğlu bildirmişdir ki, bütün işlərin görülməsi üçün pulu o vermişdir, bir çox işləri cavabdeh İsmayılov Elşən Əziz oğlu gördürmüşdür. Bu fakt Elşən İsmaylov tərəfindən də təsdiq edilmişdir. Belə ki, Apellyasiya Məhkəməsinin qətnaməsinin 23-cü bəndində E.İsmaylovun ifadəsində qeyd edilir ki, qardaşı Şahin İsmaylovdan (iddiaçıdan) 11 000 manat borc almış və 1 ildən sonra, yəni 2016-cı ildə qaytarmışdır. Tərəflərindən borc müqaviləsinin təqdim edilməsi təklif edilsə də cavabdeh tərəfindən nə müqavilə, nə də pulun borc məqsədi ilə verilməsinə dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İşə birinci instansiya qaydasında baxılarkən ##.##.2024cü il tarixdə keçirilmiş məhkəmə iclasında isə cavabdeh özü tikintinin qardaşından aldığı vəsait hesabına həyata keçirildiyini təsdiq etmiş, lakin həmin vəsaiti borc kimi aldığını və sonradan qaytardığını bildirmişdir. Cavabdehin tikinti üçün xərclənən vəsaiti iddiaçıdan aldığını təsdiq etməsi iddiaçını bu halı sübut etmək vəzifəsindən azad edir və artıq həmin vəsaitin iddiaçıya qaytarıldığını sübut etmə vəzifəsi (sübut etmə yükü) MPM-nin 77.1-ci maddəsinə əsasən cavabdehin üzərinə düşür.

58. Apellyasiya şikayətinin dəlillərində cavabdeh həmin binanın tikintisi üçün əhəmiyyətli məbləğdə xərc çəkilməsini və uzun illərdir ki, oradan istifadə etməsini bildirmişdir. Cavabdeh 11 000 manat pulu iddiaçıdan mübahisə predmeti olan əmlakı alması üçün borc almasını bildirsə də, mülahizələrini təsdiq edən heç bir dəlili kollegiyaya təqdim edə bilməmişdir.

59. Qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoysa da, Konstitusiya Məhkəməsi Plenumu qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il ## ###### tarixli Qərar).

60. Qanunvericilik tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.

61. Beləliklə, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

62. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi:

Bərdə Rayon Məhkəməsinin ## ##### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh İsmayılov Elşən Əziz oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin ## ##### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar