Məhkəmə qərarları › İş №2(3-7)-823/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-823/2026

09.07.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-823/2026 09.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X3 və Məcidov Rüfət Azadəli oğludan ibarət tərkibdə, X1 qızının katibliyi, İddiaçı İbrahimova Elmira Əliş qızının və cavabdeh Ələkbərova İlhamə Ələddin qızının iştirakı ilə, İddiaçı İbrahimova Elmira Əliş qızının cavabdeh Ələkbərova İlhamə Ələddin qızına qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Ələkbərova İlhamə Ələddin qızı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın əsli ilə müqayisəli tədqiq edilmiş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 40.70 kvadrat metr olan mənzil xüsusi mülkiyyət hüququ ilə ##.##.2022-ci il tarixdə İbrahimova Elmira Əliş qızının adına mülk kimi qeydə alınmışdır.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı İbrahimova Elmira Əliş qızı cavabdeh Ələkbərova İlhamə Ələddin qızına qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Ələkbərova İlhamə Ələddin qızının ev əşyaları ilə birlikdə onun mülikiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzildən çıxarılmasına və dövlət rüsumu kimi ödədiyi 100 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh İlhamə Ələkbərovadan 2022-ci ildə ünvan 2 ünvanında yerləşən mənzili alqı-satqı müqaviləsinə əsasən 25000 manata almış və ##.##.2022-ci il tarixdə həmin mənzil Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsdə qeydiyyata alınaraq ona Çıxarış verilmişdir. Cavabdeh İlhamə Ələkbərova həmin vaxt mənzildən çıxmaq üçün ondan üç ay vaxt istəmişdir. Lakin, üç ay keçməsinə baxmayaraq İlhamə həmin mənzildən çıxmamış və hazırda onun ev əşyaları həmin mənzildədir. O, dəfələrlə ona mənzili boşaltmasını bildirsə də, cavabdeh mənzildən çıxmır və onun həmin mənzilə köçməsinə maneə törədir. Cavabdeh onun sözlərinə məhəl qoymayaraq mülkiyyətində olan mənzildən çıxmır. Onunla davadalaş edir, onu nalayiq sözlərlə təhqir edir, ona hədə-qorxu gəlir. Cavabdeh İlhamə Ələkbərova “alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir, lakin onun iddiası təmin edilməmişdir. Apellyasiya və kassasiya instansiya məhkəmələri də onun şikayətlərini təmin etməmişdir.

4. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakim Ə.Məmmədov) iddianın təmin edilməsi, iddiaçı İbrahimova Elmira Əliş qızının mülkiyyətində olan Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ** saylı evin ** saylı mənzilindən cavabdeh Ələkbərova İlhamə Ələddin qızının əşyaları ilə birlikdə çıxarılması qət edilmişdir.

5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mövcud şərtlər daxilində iddiaçının iradəsinə zidd olaraq cavabdehin iddiaçının mülkiyyətindəki mənzildə yaşaması iddiaçının əmlakı üzərində hüququnun həyata keçirməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir.

6. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

7. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Ələkbərova İlhamə Ələddin qızı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, çıxarılmış qətnamə qanunsuz və əsassızdır. Məhkəmə heç bir araşdırma etmədən qətnamə qəbul etmişdir. İddiaçı İbrahimova X2 şəhəri, Yeni Gəncə qəsəbəsi ev 31, mənzil 18 ünvanında yerləşən mənzili hansı əsaslarla adına keçirdiyini araşdırmamışdır. İbrahimova X2 şəhəri, Yeni Gəncə qəsəbəsi ev 31, mənzil 18 ünvanında yerləşən mənzili vicdanla əldə etməmişdir. Onu aldadaraq alqı-satqı müqaviləsinə imza etdirmiş, o, hesab etmişdir ki, evini ipotekaya qoymuşdur. Öz evi olduğu üçün alqı-satqı müqaviləsindən sonra evdə təmir işləri aparmış, xeyli xərc çəkmişdir.

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Ələkbərova İlhamə Ələddin qızı apellyasiya şikayətinin məzmununa uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq isə bildirmişdir ki, o, hazırda həmin evdə yaşayır. O, evi satmamışdır, iddiaçı həmin evi dələduzluq yolu ilə ələ keçirmişdir. Evə kombi sistemi çəkdirmiş, təmir etdirmişdir. Ona dəyən ziyan ödənilməlidir.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İbrahimova Elmira Əliş qızı apellyasiya şikayətinin əsassız olduğunu bildirib, təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq isə bildirmişdir ki, o, mülkiyyətçidir. Cavabdehin orada qalmasını istəmir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İ və II hissələri:

12. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

13. Maddə 139.1. mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

14. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

15. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

16. Maddə 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

17. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

20. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

21. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

22. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

23. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

25. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. Belə ki, işin mübahisəsiz halıdır ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ilə ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 40.70 kvadrat metr olan mənzil xüsusi mülkiyyət hüququ ilə ##.##.2022-ci il tarixdə İbrahimova Elmira Əliş qızının adına mülk kimi qeydə alınmışdır. Lakin həmin mənzil hazırda cavabdeh tərəfindən istifadə edilir.

28. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, qeyd edir ki, iddiaçının mübahisəli mənzil üzərində mülkiyyət hüququ dövlət tərəfindən tanınmışdır. Lakin hazırda mənzil cavabdehin istifadəsində və sahibliyindədir. İşdə iştirak edən şəxslərin qarşılıqlı izahatları ilə bu hallar tam sübuta yetirilir. Cavabdehin həmin mənzil üzərində heç bir hüququ qeydiyyata alınmamışdır. Ona görə də, cavabdehin sahibliyi qanunsuzdur. Hazırki vəziyyətdə onun mübahisəli yaşayış sahəsindən istifadəsi hər hansı hüquqi əsasa söykənmir.

29. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın * saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

30. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı «Marks Belçikaya qarşı» işdə şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibari ilə mülkiyyət hüququna təminat verir».

31. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətində və izahatında göstərmişdir ki, mübahisəli mənzili satmamış, iddiaçı onu aldatmış, mənzilə xərclər çəkmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı İbrahimova Elmira Əliş qızı cavabdeh İlhamə Ələkbərovadan 2022-ci ildə ünvan 2 ünvanında yerləşən mənzili alqı-satqı müqaviləsinə əsasən 25000 manata almış və ##.##.2022-ci il tarixdə həmin mənzil Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsdə qeydiyyata alınaraq ona Çıxarış verilmişdir. Həmin alqı-satqı müqaviləsi və çıxarış hazırda ləğv olunmamışdır. Cavabdehin aldadılmasına dair hüquq mühafizə orqanlarına müraciət olunması və araşdırılma aparılması ilə bağlı heç bir sübut təqdim edilməmişdir. Mənzilə çəkilmiş xərclər isə hazırki iddianın predmetini təşkil etməmişdir.

32. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPMin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Mülki məhkəmə icraatında sübutetmə institutu və sübutetmə yükünə dair qeyd olunmalıdır ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir.

33. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı vəziyyətdə cavabdehin yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə mübahisəli evdən onun ailə üzvü kimi yaşamaq və özünün saxlanılmasını tələb etmək hüququ da yoxdur.

34. Kollegiya xatırladır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair ## ###### 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz.

35. Qeyd olunmalıdır ki, cavabdeh mübahisəli fərdi yaşayış evi üzərində hər hansı bir əşya hüququ qeydə alınmadığından, mübahisəli yaşayış evinin mülkiyyətçisi ilə onun arasında müqavilə və ya ailə münasibətləri mövcud olmadığından onun mübahisəli fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüququnun yaranması üçün əsaslar yoxdur.

36. Məhkəmə kollegiyası həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə təsbit olunan yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasından yalnız mülkiyyətçinin keçmiş ailə üzvü yararlana bilər.

37. Məhkəmə kollegiyası bildirir ki, cavabdehin mübahisəli mənzilin mülkiyyətçisi olan iddiaçının mülkiyyətində olan evin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququ olmadığından onun həmin evdə yaşaması iddiaçının bir mülkiyyətçi kimi öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olunmasına səbəb olur.

38. Kollegiya qeyd edir ki, mülkiyyətçinin Konstitusiyada təsbit olunmuş mülkiyyət hüquqları öz təbiəti etibarilə nəinki onun təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə əsaslı nəticəyə gəlmişdir.

39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi:

Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Ələkbərova İlhamə Ələddin qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar