Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-834/2026 24.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Cavabdeh qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsindən və evdən çıxarılma, ölçmə işlərinə maneənin aradan qaldırılması) Hakimlər X8 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi, İddiaçı iddiaçı2, cavabdeh Cavabdeh və onun nümayəndəsi (vəkili) X6 iştirakları ilə İddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Cavabdeh qarşı “torpaq sahəsindən və evdən çıxarma, * saylı Bərdə Ərazi İdarəsinin mütəxəssislərinin əmlaka texniki baxışına maneçilik törtməsinə qadağa qoyulması” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı iddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bərdə Rayon İcra Hakimiyyətinin Başçısının Mustafaağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli *** nömrəli Arayışdan görünür ki, iddiaçı2 Bərdə rayon Mustafaağalı kəndində yaşayır.
2. Bərdə Rayon İcra Hakimiyyətinin Başçısının Mustafaağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli *** nömrəli Arayışdan görünür ki, iddiaçı1 Bərdə rayon Mustafaağalı kəndində yaşayır.
3. Torpağın Mülkiyyətə Verilməsinə dair JN-236A KOD ******** nömrəli Dövlət Aktından görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının ##.##.1998-ci il tarixli ** saylı qərarına əsasən Bərdə rayon Mustafaağalı kənd sakini iddiaçı1 Raqub oğlunun mülkiyətinə 0.20 ha torpaq sahəsi verilmişdir.
4. Bərdə regional “ASAN xidmət” mərkəzində notariat ofisində 4Ə-289 nömrə ilə qeyd edilmiş ##.##.2025-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsindən görünür ki, iddiaçı1 Raqub oğlu tam mülkiyyət hüququ üzrə ona məxsus Bərdə rayon Mustafaağalı kəndində yerləşən 0.20 ha torpaq sahəsini iddiaçı2 bağışlamışdır.
5. Bərdə Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli Cavabdeh ilə X1 arasında ## ####### 1991-ci il tarixdə Tərtər rayon Qaynaq kənd icra nümayəndəliyində bağlanmış ** nömrəli nikahın pozulması qət olunmuşdur.
6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bərdə Ərazi İdarəsi tərəfindən X1 ünvanlanmış Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə ##.##.2025-ci il tarixli Bildirişdən görünür ki, X1 ünvan 1 ünvanında yerləşən 0.2 ha həyətyanı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ##.##.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə (JN-236 A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) həmin orqana müraciət etmiş, lakin torpaq sahəsi üzərində mübahisə olduğu üçün döngə nöqtələrinin müəyyənləşdirilməsi mümkün olmamışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir.
7. ##.##.2025-ci il tarixili mədaxil qəbzlərinindən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı iddiaçı2 və iddiaçı1 cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh Bərdə rayon Mustafaağalı kəndində yerləşən onlara məxsus 0,20 ha torpaq sahəsindən və həmin torpaq sahəsində tikdirdikləri fərdi yaşayış evindən çıxarılmasına, Cavabdeh * saylı Bərdə Ərazi İdarəsinin mütəxəssislərinin əmlaka texniki baxışına maneçilik törtməsinə qadağa qoyulmasına və dövlət rüsumu hesabına ödənilmiş 100 manat pulun alınaraq onların xeyrinə verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. İddiaçı iddiaçı2 və iddiaçı1 iddia ərizəsini onunla əsaslandırmışdır ki, o- iddiaçı2 Raqub qızı ##.##.1965-ci il təvəllüdlü Cavabdeh ilə ailə həyatı qurmuş, nikahları rəsmi qeydiyyata alınmış, birgə yaşayış dövründə 3 (üç) övladları doğulmuşdur. Sonradan ailə münasibətləri pozulmuş, Bərdə Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuşdur. Qardaşı iddiaçı1 Raqub oğlunun yaşadıqları Bərdə rayon Mustafaağalı kəndində adına 0,20 ha. həyətyanı torpaq sahəsi olmuş, qardaşı Seymurun razılığı və valideynlərinin köməyi ilə ailə qurandan sonra ev tikdirib orada yaşamışdırlar. Münasibələri pozulandan sonra həyat yoldaşı Cavabdeh qardaşı Seymurun həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində valideynlərinin tikdirdiyi fərdi yaşayış evinə sahib çıxmış, onu isə evdən çıxartmışdır. Bundan sonra qardaşı Seymur Bərdə rayon Mustafaağalı kəndində mülkiyyətində olan torpaq sahəsini ##.##.2025-ci il tarixdə ona bağışlamışdır. Ancaq cavabdehin təqsiri ucbatından Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri publik hüquqi şəxsin * saylı Bərdə Ərazi İdarəsinin mütəxəssislərini əmlaka texniki baxışına icazə verməmiş, bu səbəbdən ona bağışlanmış 0,20 ha torpaq sahəsinə Çıxarış almağı yubanmışdır. Ona-iddiaçı1 Bərdə rayon Aqrar İslahat Komissiyasının ##.##.1998-ci il tarixli ** saylı qərarına əsasən yaşadığı Bərdə rayon Mustafaağalı kəndində fərdi yaşayış evi tikmək üçün 0,20 ha. həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN: ***A saylı kod 61000078 olan Torpağın Mülkiyyət Verilməsinə dair Şəhadətnamə də verilmişdir. iddiaçı2 Raqub qızı 1991-ci ildə Cavabdeh adlı şəxslə ailə həyatı qurmuş, onların evləri olmamışdır. Valideynlərinin köməyi ilə Bərdə rayon Mustafaağalı kəndində ona verilmiş 0,20 ha həyətyanı torpaq sahəsində fərdi yaşayış evi tikdirib bacısı iddiaçı2 ailəsi ilə birlikdə həmin evə yığmışdırlar. 2024-cü ildə bacısınıın Cavabdehlə ailə münasibələri pozulmuş və ayrılmışlar. Cavabdeh Cavabdeh bacısı iddiaçı2 tikdirdikləri evdən çıxarmışdır. O, hal-hazırda torpağın mülkiyyətçisidir. Qeyd edilən torpağını ##.##.2025-ci il tarixdə bacısı Səadətə bağışlamışdır. Ancaq cavabdeh Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastri və Reystri publik hüquqi şəxsin * saylı Bərdə Ərazi İdarəsinin mütəxəssislərini əmlaka texniki baxışına icazə verməmiş, bu isə həmin torpağa çıxarışın alınmasını yubatmışdır. Onların torpaq üzərində sahiblik və istifadə hüququ pozulmuşdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
10. Məhkəmə iclasında şahid qismində iştirak edən şahid2 bildirmişdir ki, Şakir və Səadətin evlərində o işləmişdir. Evin divarlarını o tikmişdir, onun pulunu Şakir vermişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən şahid1 bildirmişdir ki, Şakir 18- 20 il əvvəl
11. Mustafaağlı kəndində ev tikdirmişdir. O, həmin evin damını vurmuşdur, pulunu Şakir vermişdir.
12. Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim F.F.Abdullayev) iddianın təmin edilməməsi qət edilmişdir.
13. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının ##.##.1998-ci il tarixli ** saylı qərarına əsasən Bərdə rayon Mustafaağalı kənd sakini iddiaçı1 Raqub oğlunun mülkiyətinə 0.20 ha torpaq sahəsi verilmişdir. ##.##.2025-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinə əsasən iddiaçı1 Raqub oğlu tam mülkiyyət hüququ üzrə ona məxsus Bərdə rayon Mustafaağalı kəndində yerləşən 0.20 ha torpaq sahəsini iddiaçı2 bağışlamışdır. İddiaçı iddiaçı2 ilə cavabdeh 1991-ci il də ailə həyatı qurub həmin torpaq sahəsində birgə nikah dövründə ev tikdirmişdirlər. Həmin hal həm şahid ifadələri həm də iddiaçının özünün ifadəsi ilə öz təsdiqini tapmışdır. Lakin həmin fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmamışdır. Hazırda iddiaçılar cavabdehin həmin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılmasını tələb edirlər.
14. Məhkəmə qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətində olsa da, iddiaçı iddiaçı2 ilə cavabdeh 1991-ci il də ailə həyatı qurub həmin torpaq sahəsində birgə nikah dövründə ev tikdirmişdirlər. Həmin hal həm şahid ifadələri həm də iddiaçının özünün ifadəsi ilə öz təsdiqini tapmışdır. Məhkəmə iddiaçıların cavabdehin həmin fərdi yaşayış evindən çıxarılması tələbini hüquqdan sui-istifadə etmək kimi qiymətləndirir.
15. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı iddiaçı2 cavabdehə qarşı hazırkı iddia tələbini fərdi yaşayış evinə çəkilmiş xərcin yarısının dəyərini ödəməklə qaldıra bilərdi.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəllənin 16.1, 157.4, 180.1, 180.2, 225.1, 225.6, 560.1-ci maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 33.1, 33.3, 33.4, 36.9, 37.1-ci maddələrinə, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2024-cü il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 76.1, 76.2, 77.1, 88, 106.1, 107, 217.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
17. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əmlakdan istifadə və sahiblik hüquqları pozulmuşdur. iddiaçı1 Bərdə rayon Mustafaağalı kəndində mülkiyyətində olan daşınmaz əmlakını ##.##.2025-ci ildə bacısı iddiaçı2 bağışlamışdır. Həmçinin, cavabdeh Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri Publik Hüquqi Şəxsin * saylı Bərdə Ərazi İdarəsinin mütəxəssislərini əmlaka texniki baxışına icazə verməmiş,bu isə əmlaka növbəti çıxarışın alınmasını yubatmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı iddiaçı1 rəsmi qaydada məlumat verilmiş, lakin iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
21. İşə məhkəmə kollegiyasının iclasında baxılarkən, iddiaçı iddiaçı2 bildirdi ki, o artıq 2 ilə yaxındır ki, qarşı tərəf maneə yaratdığı üçün ASAN xidmətdən çıxarışını əldə edə bilmir. Nikahları 2025 - ci ildə pozulmuşdur. Mübahisəli ev birgə nikah dövründə tikilmiş, tikintiyə atasıın köməkliyi olmuş və ev tikintisində cavabdeh Şakirin də iştirakı olmuşdur.
22. İşə məhkəmə kollegiyasının iclasında baxılarkən, cavabdehin nümayəndəsi (vəkil) X6 bildirdi ki, evin tikintisində iddiaçının iştirakı olmamışdır. Birinci instansiya məhkəməsindəki araşdırmalar zamanı evin tikintisində iştirak etmiş ustalar şahid qismində dindirilmişdir. Torpaq sahəsi ilə əlaqədar bələdiyyəyə də sorğu verilmiş, lakin sənəd əldə edilməsi mümkün olmamışdır. Cavabdeh hazırda ailəli olan oğlu ilə birlikdə həmin evdə yaşamağa davam edir, iddiaçı isə Bakı şəhərində qızıyla yaşayır. Ona görə də torpaq və onun üzərində yerləşən tikilinin cavabdehə məxsus olduğunu iddia edirlər. Nümayəndələrin əraziyə baxış keçirməsinə etiraz edirlər, çünki iddiaçı çıxarış əldə etdikdən sonra cavabdehin həmin evdən çıxarılması ilə əlaqədar mübahisə yaradacaqdır.
23. İşə məhkəmə kollegiyasının iclasında baxılarkən, cavabdeh Cavabdeh bildirdi ki, nümayəndəsinin bildirdiyi fikirlər ilə razılaşır və əlavəsi yoxdur. İddiaçı onun məlumatı olmadan icazəsiz şəkildə reyestr xidməti nümayəndələri ilə birlikdə əraziyə daxil olduğu üçün bir dəfə etiraz etmişdir.
Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. M a d d ə 4 3 . Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
25. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının * saylı Protokolu: Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
26. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Maddə 11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq, mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 225.1.Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 238.1 Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
27. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi. 4.1. Torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. 4.2. Torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir. 65.2 Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir.
28. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 32.2.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Hazırkı işdə iddia təmin olunmadığından, iddiaçı isə iddianın təmin edilməsini xahiş etdiyindən qətnamə tam hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi “* saylı Bərdə Ərazi İdarəsinin mütəxəssislərinin əmlaka texniki baxışına maneçilik törətməsinə qadağa qoyulması” tələbinin təmin edilməməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
33. İş materiallarının tədqiqindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarına əsasən Bərdə rayon Mustafaağalı kənd sakini iddiaçı1 Raqub oğlunun mülkiyətinə 0.20 ha torpaq sahəsi verilmişdir. ##.##.2025-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi ilə iddiaçı1 Raqub oğlu tam mülkiyyət hüququ üzrə ona məxsus Bərdə rayon Mustafaağalı kəndində yerləşən 0.20 ha torpaq sahəsini iddiaçı2 bağışlamışdır. iddiaçı2 Raqub qızı Cavabdeh ilə 1991-ci ildən 2025-ci ilə qədər rəsmi nikah münasibətlərində olmuş, iddiaçı1 Raqub oğlunun razılığı ilə Bərdə rayon Mustafaağalı kəndində yerləşən 0.20 ha torpaq sahəsində fərdi yaşayış evi inşa edilmiş, ailə münasibətləri pozulduqdan sonra cavabdeh həmin evdə yaşamağa davam etmiş, X1 ünvan 1 ünvanında yerləşən 0.2 ha həyətyanı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizə ilə müvafiq orqana müraciət etmiş, lakin cavabdehin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri publik hüquqi şəxsin * saylı Bərdə Ərazi İdarəsinin mütəxəssislərini əmlaka texniki baxışına icazə verməməsi səbəbindən ərizənin icrasından imtina edilmişdir. Hazırda iddiaçılar cavabdehin həmin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılmasını və cavabdehə Daşınmaz Əmlakın Dövlət Kadastri və Reystri publik hüquqi şəxsin * saylı Bərdə Ərazi İdarəsinin mütəxəssislərinin əmlaka texniki baxışına maneçilik törətməsinə qadağa qoyulmasını tələb etmişdir.
34. Birinci instansiya məhkəməsi işə baxarkən iddia tələbinin “torpaq sahəsindən və evdən çıxarma” hissəsini haqlı olaraq rədd etmiş, lakin “* saylı Bərdə Ərazi İdarəsinin mütəxəssislərinin əmlaka texniki baxışına maneçilik törətməsinə qadağa qoyulması” hissəsinə isə ümumiyyətlə hüquqi qiymət verməmişdir.
35. Kollegiya qeyd edir ki, işin hallarından göründüyü kimi, tərəflər birgə nikahda olanda mübahisələndirilən fərdi yaşayış evini bərabər tikmişlər. Həmin evin tərəflərin nikahı dövründə və onların birgə vəsaiti hesabına tikilməsi işin araşdırılan halları ilə öz təsdiqini tapır. Belə ki həm iddiaçı tərəfin məhkəmə kollegiyasının iclasındakı izahatı, həmçinin birinci instansiya məhkəməsində işə baxılarkən şahid qismində çıxış edənlərin izahatları bu halı təsdiq edir. Mübahisəli ev özbaşına tikilidir. İddia tələbinin təmin edilməyən digər hissəsi evdən çıxarılma ilə bağlıdır. Mübahisəli evin özbaşına tikili olması, tikildikdən sonra daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməməsi nəzərə alınaraq, tərəflər arasında yaranmış mövcud mübahisə Azərbaycan Respublikasının mülki qanunvericiliyinin ümumi prinsipləri (hüququn analogiyası), Azərbaycan Respublikasının hüquq qaydalarının ideya və prinsipləri əsas götürülməklə ərarvadın
36. birgə nikah dövründə əldə etdikləri əmlakla bağlı münasibətlər müstəvisində həll edilməlidir. Ailə və Mülki Məcəllənin birgə nikahda qazanılmış əmlakla bağlı normalarına əsasən, ailə birliyi ümumi təsərrüfatı ehtiva etdiyinə görə həmin təsərrüfat nəticəsində qazanılmış əmlakla bağlı birgə nikah dövründə qazanılmış əmlak prezumpsiyası mövcuddur. Həmin qanuni prezumpsiyanın işləməsi üçün əmlak aktivinin birgə nikah dövründə qazanılması yetərlidir.
37. Özbaşına tikililərlə (yaşayış evlərilə) bağlı münasibətləri tənzimləyən norma mövcud deyil, normanın mövcud olmaması isə iddiaya baxılmasından imtina üçün əsas ola bilməz. Özbaşına inşa edilmiş evlərin sökülməsi yox, onların qeydə alınması prioritet təşkil etdiyindən, həmin evi inşa etmiş şəxsin mülkiyyət hüququnun gözləntisi mövcuddur. Digər tərəfdən, özbaşına tikiliyə çəkilmiş xərcə münasibətdə də məhz bu xərci çəkmiş şəxs mülkiyyətçi hesab olunur.
38. Hazırkı mübahisəyə Ailə və Mülki Məcəllənin birgə nikahda qazanılmış əmlakla bağlı normalarının tələbləri baxımından yanaşılsa, belə aydın olur ki, mübahisəli özbaşına tikiliyə həm iddiaçının, həm də cavabdehin mülkiyyət hüququnun gözləntisi vardır. Ona görə ki, bu özbaşına tikili birgə nikah dövründə, birgə vəsait hesabına əldə edilmişdir.
39. Yuxarıda qeyd edilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, cavabdehin mübahisəli fərdi yaşayış evində yaşamaq hüququ vardır. Belə ki, iddiaçı həmin yaşayış sahəsində burada yaşayan cavabdehlə bərabər surətdə yaşaya bilər və belə olan halda mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur.
40. Göründüyü kimi, mübahisəli fərdi yaşayış evinə münasibətdə hər iki tərəfin sahibliyi qanunidir və belə olan halda cavabdehin həmin özbaşına tikilidən istifadə etməməsi üçün hər hansı bir əsas yoxdur. Birinci instansiya məhkəməsi iddia tələbinin bu hissəsində təmin etməyərək düzgün nəticəyə gəlmişdir.
41. Kollegiya iddia tələbinin digər hissəsinə münasibətdə isə qeyd edir ki, işdə olan sənədlərdən müəyyən edilir ki, iddiaçı müvafiq quruma ünvan 1 ünvanında yerləşən 0.2 ha həyətyanı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etməklə qanunvericiliyə uyğun olaraq malik olduğu hüquqlardan istifadə etmişdir və cavabdeh tərəfindən bu hüquqların realizə edilməsinə törədilən hər hansı maneə qanuni hesab edilə bilməz. Cavabdeh maneə törətməsi ilə bağlı davranışını onunla əsaslandırır ki, iddiaçı çıxarış əldə etdikdən sonra cavabdehin həmin evdən çıxarılması ilə əlaqədar mübahisə yaradacaqdır.
42. Məhkəmə kollegiyası, cavabdehin əsaslandırmasına münasibətdə onu qeyd etməyi zəruri hesab edir ki, mübahisəli torpaq sahəsi iddiaçıya bağışlama müqaviləsi əsasında keçmişdir, torpağın üzərində yerləşən fərdi yaşayış evinin isə birgə nikah dövründə tikildiyi müəyyən edilir. Belə olan halda, cavabdeh tərəfin iddiaçıya daşınmaz əmlaklarla bağlı hüquqlarının qeydə alınmasına maneə yaratması qanuni və əsaslı sayıla bilməz.
43. Göstərilənlərə əsasən, kollegiya birinci instansiya məhkəməsi tərəfindən tələbin dəyərləndirilməyən bu hissəsinə münasibətdə bildirir ki, cavabdeh tərəfindən törədilən maneə qadağan edilməlidir.
44. Qeyd edilən tədbirlər iddiaçı tərəfin mülkiyyətindən təyinatı üzrə istifadə etməsi üçün zəruridir, ona görə ki əksi halda iddiaçı tərəfin onlara aid torpaqa mülkiyyət hüquqlarını realizə etməsi əsassız şəkildə məhdudlaşmış olar ki, bu da ədalətli və qanuni hesab edilə bilməz.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 405 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı iddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi iddia tələbinin * saylı Bərdə Ərazi İdarəsinin mütəxəssislərinin əmlaka texniki baxışına maneçilik törətməsinə qadağa qoyulması hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia tələbi təmin edilsin. ##.##.2025-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi ilə iddiaçı1 Raqub oğlu tərəfindən iddiaçı2 bağışlanmış, Bərdə rayon Mustafaağalı kəndində yerləşən 0.20 ha torpaq sahəsinə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Bərdə Ərazi İdarəsinin əməkdaşları tərəfindən texniki baxış keçirilməsinə cavabdeh Cavabdeh maneə yaradılması qadağan edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumunun 50 manat hissəsi cavabdehdən alınaraq iddiaçılara verilsin. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumunun 25 manatı cavabdehdən alınaraq iddiaçı iddiaçı2 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.