Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(3-7)-90/2026 27.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Tovuz Rayon Məhkəməsinin 23 dekabr 2025-ci il tarixli 2(062)-3248/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin zəbtdən azad edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tovuz Rayon Məhkəməsinin 23 dekabr 2025-ci il tarixli 2(062)-3248/2025 nömrəli qərardadı ilə (hakim Süleyman Hacıyev) İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki işin baxılmamış saxlanılması; Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun (xx.xx.2025-cü il tarixli, **********64 nömrəli mədaxil qəbzi) dövlət büdcəsindən İddiaçı qaytarılması qərara alınmışdır. Qərardadın dəlilləri ilə razılaşmayan İddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı olaraq tərəfindən Cavabdeh qarşı torpaq sahəsini boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən xahiş etmişdir ki, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********00, qeydiyyat nömrəsi **********, xx.xx.2025-ci il qeydiyyat tarixli çıxarışa əsasən mülkiyyətində olan, ünvan 1i ünvanında yerləşən, ümumi ərazisi 0.23 ha olan yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin Cavabdeh və digər üçüncü şəxslərin qanunsuz sahibliyindən geri alınması, torpaq sahəsinin boşaldılıb ona təhvil verilməsi barədə qətnamə qət edilsin. İddianın baxılmamış saxlanılması barədə qərardad qəbul edilmiş və elektron kabinet məlumatına görə səbəb məhkəməyə gəlinməməsi və bu barədə məlumat verilməməsi göstərilmişdir. Halbuki, onun tərəfindən elektron kabinet vasitəsilə məhkəməyə ərizə göstərilib və məhkəmədən iddiasına iştirakı olmadan baxılması xahiş edilmişdir. Məhz bu fakt və Azərbaycan Respublikası MPM 10- 1.1, 10-1.2 madələrinin tələbləri aşkar məhkəmənin bu qərarının əsassız olduğunu sübut edir. Tovuz Rayon Məhkəməsinin 24 dekabr 2025-ci il tarixli 2(062)-3248/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və Azərbaycan Respublikası MPM-nin 269-cu maddəsinə müvafiq olaraq iş materialları ilə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq, yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, aşağıdakılara əsasən hesab edir ki, şikayət qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılmasının davam etdirilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-nin 153-cü maddəsində iddia ərizəsinin yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtinanın əsasları göstərilmişdir. Həmin maddədə göstərilən halların mövcudluğu, şəxsin müraciəti əsasında icraatın başlanmasını istisna edir. MPM-nin 153.2.1-ci maddəsinin tələbinə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Birinci instansiya məhkəməsi MPM-nin 259.0.11-ci maddəsinə əsasən ərizəni baxılmamış saxlamış və gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdeh iddiaçının iştirakı olmadığı üçün məhkəmə iclasının baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Əvvəla qeyd edilməlidir ki, MPM-nin 259.0.11-ci maddəsinə görə, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Bir sözlə, bu maddənin tətbiqi o halda mümkün sayılardı ki, iddiaçının iddia ərizəsinin qaytarılması barəsində məhkəməyə ərizəsi daxil olsun. Lakin, iddiaçı tərəfindən məhkəməyə belə bir müraciət ünvanlanması iş materialları ilə müəyyən olunmur. Digər tərəfdən, məhkəmənin ərizənin baxılmamış saxlanılması ilə bağlı istinad etdiyi hallar nəzərə alındıqda, ərizənin baxılmamış saxlanılmasının qanuni əsası kimi MPM-nin 259.0.7-ci maddəsi nəzərdən keçirilə bilərdi. Həmin maddədə deyilir ki, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Ərizənin bu əsasla baxılmamış saxlanılması üçün zəruri olan 4 şərtin mövcud olması vacibdir: - iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə MPM-nin 11-ci fəslində müəyyən edilmiş qaydada xəbərdar edilmiş olmalı, iddiaçı məhkəmənin birinci çağırışında gəlməməli; iddiaçı işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş olmalı və nəhayət cavabdeh də işin mahiyyəti üzrə baxılmasını tələb etməməli. Həmin şərtlərdən birinin mövcud olmaması bu maddənin tətbiqini istisna edir. İddiaçı şikayətinin dəlillərində onun tərəfindən elektron kabinet vasitəsilə məhkəməyə ərizə göndərildiyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etdiyini qeyd etmişdir. Lakin kollegiya onun bu arqumentini əsassız saymışdır; belə ki, xx.xx.2025ci il tarixdə iş üzrə məhkəmə iclası saat 16:00-a təyin edilmiş, iddiaçının bu məzmunda ərizəsi isə həmin gün məhkəmə iclası yekunlaşdıqdan sonra saat 17:25 radələrində asan imza vasitəsilə imzalanaraq “Elektron məhkəmə” ifnromasiya sisteminə yerləşdirilmişdir. Bununla belə kollegiya vurğulayır ki, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçının məhkəmənin birinci çağırışında gəlməməsi və cavabdehin də işin mahiyyəti üzrə baxılmasını tələb etməsi hələ əsas vermir ki, ərizə MPM-nin 259.0.7-ci maddəsinə istinadən baxılmamış saxlanılsın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» 31 mart 2011-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyə görə, ərizə baxılmamış saxlanıldıqda məhkəmə baxışı qərardad qəbul edilməklə başa çatdırılır; qərardadda yalnız mövcud vəziyyətdə işə mahiyyəti üzrə baxmağın mümkün olmaması qanunun konkret normalarına istinad edilməklə əsaslandırılmalıdır. Hazırkı işdə isə iddiaya mahiyyəti üzrə baxılmasının hansı səbəbdən mümkün olmaması qərardadda göstərilməmiş və həmin hal qanunun konkret normasına istinad edilməklə əsaslandırılmamışdır. Birinci instansiya məhkəməsi isə qeyd edilən hallar üzrə düzgün hüquqi dəyərləndirmə aparmadan ərizənin baxılmamış saxlanılmalı olduğu qənaətinə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılmasının davam etdirilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. MPM-nin 398.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi məhkəmənin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Həmçinin diqqətə çatdırılmalıdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman qərardadın əsaslandırma hissəsində göstərilən hüquqi mövqe nəzərə alınmalıdır. MPM-nin 399-cu maddəsində göstərilmişdir ki, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə kollegiyası şərh olunanlara əsasən və MPM-nin 263-264, 372, 398.0.2, 399 və 402.2-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 23 dekabr 2025-ci il tarixli 2(062)-3248/2025 nömrəli qərardadı ləğv edilsin. Mülki iş mahiyyəti üzrə baxılmasının davam etdirilməsi üçün Tovuz Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-7)-90/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-90/2026
27.01.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver