Məhkəmə qərarları › İş №2(3-7)-943/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-943/2026

15.07.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-943/2026 15.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə Açar sözlər: icarə müqaviləsinin ləğv edilməsi, icarə haqqının ödənilməsi, torpaq sahəsindən çıxarılma Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), X2 və Həsənov Islam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, iddiaçı İddiaçı və cavabdeh Cavabdeh iştirakı ilə, Işin halları

1. Bərdə rayonu Həsənqaya kəndi ünvanında yerləşən, ümumi sahəsi 4.7 ha olan torpaq sahəsi üzərində Bərdə rayonu, Həsənqaya Bələdiyyəsinin mülkiyyət hüququ ##.##.2024-cü il tarixdə 1824002550 nömrə ilə qeydiyyata alınmışdır.

2. ##.##.2024-cü il tarixli icarə müqaviləsi ilə, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 4.7 ha olan torpaq sahəsi ##.##.2044-cü il tarixədək iddiaçıya icarəyə verilmişdir.

3. Isddiaçının Bərdə rayonu Həsənqaya kəndi ünvanında yerləşən, ümumi sahəsi 4.7 ha olan torpaq sahəsi üzərində icarə hüququ ##.##.2024-cü il tarixdə dövlət qeydiyyatına alınmış və bununla bağlı iddiaçıya hüquqların dövlət qeydiyyatından ********** saylı çıxarış və ************ reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir.

4. Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Bərdə Ərazi Idarəsinin ##.##.2026-cı il tarixli məktubu ilə daxil olmuş mütəxəssis rəyinə əsasən, Bərdə rayonu, Həsənqaya kəndində yerləşən daşınmaz əmlakın dövlət reyestrindən ************ reyestr nömrəli çıxarışla iddiaçı İddiaçı icarəyə verilmiş 4,70 ha torpaq sahəsi bütövlüklə cavabdeh Cavabdeh tərəfindən istifadə olunur. S.Vurğun təsərrüfatının Həsənqaya kəndi ərazisində aparılmış torpaq islahatna dair kompleks yerquruluşu layihəsinə və TEKUIS məlumat bazasına əsasən mübahisəli 4,70 ha torpaq sahəsi ehtiyat fondu torpaqlarından olmaqla bələdiyyə mülkiyyətinə aid əkin sahəsidir.

Birinci instansiya məhkəməsində icraat

5. Iddiaçı cavabdehə iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Bərdə rayonu Həsənqaya Bələdiyyəsinin ##.##.2024-ci il tarixli “Icarə müqaviləsi” əsasında Bərdə rayonu Həsənqaya kəndində yerləşən 4,7 hektar torpaq sahəsindən cavabdeh Cavabdeh çıxarılmasına, həmin torpaq üzərində sahiblik və istifadə hüququnun bərpa edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ##.##.1983-cü il təvəllüdlü, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, Bərdə rayon Həsənqaya kənd sakinidir. Azərbaycan Respublikası Bərdə rayonu, Həsənqaya Bələdiyyəsinin ##.##.2024-cü il tarixli "Icarə müqaviləsi" əsasında Bərdə rayonu Həsənqaya kəndində yerləşən 4,7 hektar bələdiyyə torpağı onun icarəsinə verilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən qeydiyyat nömrəsi 1824011460 olan, ##.##.2024-cü il tarixli çıxarış da verilmişdir. Həmin vaxtdan bu günə kimi icarəyə götürdüyü 4,7 hektar torpaq sahəsindən istifadə edə bilmir. Belə ki, həmkəndlisi Cavabdeh icarəsinə verilmiş torpaq sahəsini zəbt etmişdir. Dəfələrlə Cavabdeh həmin torpaq sahəsindən çıxmasını tələb etsə də, bir nəticəsi olmamışdır. Bununla da həmin torpaq üzərində sahiblik və istifadə hüququ pozulmuşdur. Odur ki, Bərdə rayonun Həsənqaya Bələdiyyəsinin ##.##.2024-cü il tarixli Icarə müqaviləsi əsasında Bərdə rayonu Həsənqaya kəndində yerləşən 4,7 hektar torpaq sahəsindən cavabdeh Cavabdeh çıxarılmasına, həmin torpaq üzərində sahiblik və istifadə hüququmun bərpa edilməsinə dair məhkəmə qətnaməsinə ehtiyacı var.

7. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə etdiyini qeyd edərək, əlavə etmişdir ki, torpaq sahəsi onun icarəsinə verilmişdir. Lakin, torpaq sahəsində istifadə edə bilmir. Cavabdeh həmin torpaq sahəsinin onun pay torpaq sahəsi olduğunu iddia edir.

8. Məhkəmə iclasında cavabdeh bildirmişdir ki, həmin torpaq sahəsi onun pay torpaq sahəsidir və həmin torpaq sahəsini 1997-ci ildən istifadə edir. Iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

9. Bərdə Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi (hakim – Ziya Abdullayev) ilə, iddianın təmin edilməsi, Bərdə rayonu, Həsənqaya kəndində yerləşən iddiaçı İddiaçı icarəsinə verilmiş 4.70 ha torpaq sahəsindən cavabdeh Cavabdeh çıxarılması, iddiaçı İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.

10. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarında olan mütəxəssis rəyinə və digər sübutlara istinadən Bərdə rayonu, Həsənqaya kəndində yerləşən iddiaçı İddiaçı icarəsinə verilmiş 4.70 ha torpaq sahəsi cavabdeh Cavabdeh tərəfindən qanunsuz istifadə olunur. Bərdə rayonu, Həsənqaya kəndində yerləşən iddiaçı İddiaçı icarəsinə verilmiş 4.70 ha torpaq sahəsindən cavabdeh Cavabdeh çıxarılmalıdır.

11. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152, 157.2 və 157.4-cü maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndinə, 55, 66-cı maddəsinin 1-ci bəndinə, 82, 84-cü maddəsinin 1-ci bəndinə və 111-ci maddəsinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.1, 14.2, 77.1, 82.4, 88, 216-220, 227, 233 və 360-cı maddələrinə istinad etmişdir.

12. Cavabdeh apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

13. Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, həmin torpaq sahəsi Aqrar Islahat Komissiyasının ##.##.1997-ci i l tarixli, ** saylı qərarı ilə, 3 konturda olmaqla 2,15 ha, 2,2 ha və 1,78 ha torpaq sahəsi onların ailəyə verilmişdir. Bu barədə müvafiq olaraq JN0050, KOD61003028, JN0051 KOD 61003028 və JN0052 KOD 61003028 Dövlət Aktı verilmişdir. Həmin torpaq sahəsini 1997-ci ildən bu günədək istifadə edirlər. Iddiaçı İddiaçı 2024-cü ildə torpaq sahəsini icarəyə götürərkən torpağın sərhədlərini, koordinatlarını müəyyən etmədən, icarəyə götürmüş və bu gün ona qarşı əsassız iddia qaldırmışdır. Torpağı icarəyə götürərkən onun orada əkin işləri gördüyünü bilmirdi?. Bütün kənd bunu bilir. O da, kəndlisidir. Məhkəməyə torpağın onların mülkiyyətlərində olmasına dair Dövlət Aktını təqdim etsə də, bu barədə nə qətnamədə hər-hansı bir qeyd aparmamış, həm də buna ümumiyyətlə qiymət verməmişdir. Iş üzrə TEKUIS rəyi iləverilmiş mütəxəssis rəyi ilə razı deyildir. Bu barədə X7 iddia qaldırıb, hazırki apelyasiya şikayəti ilə birlikdə məhkəməyə göndərəcəkdir. Torpaq sahəsi onlara 1997-ci ildə verilərkən, sonradan TEKUIS məlumatı arasında uyğunsuzluq varsa, burada onun günahı yoxdur. Iddiaçı İddiaçı Bələdiyyə ilə icarə müqaviləsi bağlayarkən bilirdi ki, sözügedən torpaq sahəsi onun mülkiyyətindədir. Islahat Komissiyasının qərarı ilə Dövlət Aktı əsasında onlara verilən zaman torpaq sahəsinin yerləşmə yerinin koordinatları əsasında təkrar ekspertiza keçirilməsini xahiş edir. Mübahisəli torpaq sahəsi onun mülkiyyətində deyilsə, bəs onda onun torpaq sahəsi hara getmişdir. 30 ilə yaxın müddətdə oradan maneəsiz olaraq istifadə etmiş və torpaq sahəsi üzərində sahiblik və sərəncam hüquqlarını həyata keçirmişdir. Ötən illər ərzində Dövlət tərəfindən verilmiş subsidiyanı almışdır. Şərh olunanlardan görünür ki, hazırki iş üzrə iddia tələbi rədd edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Cavabdeh məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək izahatında bildirdi ki, o, mübahisə predmeti olan torpaq sahəsini doxsanıncı illərdən istifadə edir və bu müddət ərzində bələdiyyə torpaq sahəsinin bələdiyyəyə məxsus olmasını ona bildirməmişdir. Ona ailə üzvləri ilə birgə islahat zamanı pay torpağı verilmiş və qardaşı, atasına da həmin yerdən qonşu torpaqlardan pay torpaq sahəsi verilmişdir. O, torpaq sahəsi zəbt etməmişdir ona islahat dövründə verilmiş torpaqdan istifadə edir. Apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi.

16. Iddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, heyvandarlıqda məşğul olur. Əvvəllər həmin torpaq sahəsinə gedən ərazidə qəssablıqla məşğul olmuşdur. Biləndə ki, həmin ərazidə icarəyə veriləcək torpaq sahəsi ardır o, bələdiyyəyə müraciət etmiş və həmin torpaq sahəsini icarəyə götürmüşdür. Icarəyə götürməzdən öncə bələdiyyə üzvləri ilə torpaq sahəsinə baxış keçirməmiş və icarəyə götürdükdən sonra torpaq sahəsi bələdiyyə tərəfindən ona təhvil verilməmişdir. Sonradan torpaq sahəsinə gəldiyi zaman ona məlum olmuşdur ki, torpaqdan cavabdeh istifadə edir. Bundan sonra aralarında razılığ əldə olunmadığından məhkəməyə müraciət etmişdir. Apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

17. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

18. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir.

19. Maddə 72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.

20. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

“Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının * saylı protokolu (Azərbaycan Respublikasının ## ###### 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş)

21. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

23. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

24. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

25. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ servitutlar da əmlak hüquqları sayılır.

26. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 23. Maddə 159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.

27. Maddə 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur.

28. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır.

29. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.

30. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.

31. Maddə 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. Iddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir.

32. Maddə 706.1. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər.

33. Maddə 707.1. Icarə müqaviləsi üzrə hüquq münasibətlərinə girməzdən əvvəl icarəyə verən və icarəçi icarəyə verilən torpağın təsvirini birlikdə tərtib etməlidirlər. Təsvirdə torpağın həcmi, habelə verildiyi an olduğu vəziyyət göstərilir. Təsvir hüquq münasibətlərinə xitam verildikdə də tərtib edilir. Təsvirə onun tərtib olunduğu günün tarixi qoyulmalı və müqavilənin hər iki iştirakçısı imza atmalıdır.

“Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanunu

34. Maddə 18. Azərbaycan Respublikasında torpağı icarəyə vermək hüququ mülkiyyətçilərə, onların vəkil etdiyi orqanlara, Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə məxsusdur. Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsini qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə torpaqlarını isə bələdiyyələr həyata keçirirlər. Xüsusi mülkiyyətdə olan torpaqların icarəyə verilməsini qanunvericilikdə nəzərdə tutulmuş qaydada mülkiyyətçilər həyata keçirirlər.

35. Maddə 19. Icarəyə verilmiş torpaq sahələrinin təyinatı üzrə istifadəsinə və icarə müqaviləsinin şərtlərinə əməl edilməsinə nəzarət etmək icarəyəverənin hüquqlarına aid edilmişdir.

36. Maddə 22. Torpaq sahələrindən icarə müqaviləsi ilə müəyyən edilmiş həddə sərbəst istifadə etmək icarəçinin hüquqdur.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

37. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

42. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

43. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

44. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

45. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

46. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

47. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir

48. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

51. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh şikayətində qətnamənin ləğv edilməsini xahiş etmiş və qətnaməni tam mübahisələndirmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.

53. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da qanunsuz qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

54. Belə ki, mülki mühakimə icraatında hər hansı iddia tələbinin hüquqi qiymətləndirilməsi ilk növbədə iddiaçının irəli sürdüyü tələbin hansı maddi hüquq normasına əsaslana bilməsinin müəyyən edilməsini, bundan sonra isə iddiaçının istinad etdiyi faktiki halların həmin normanın dispozisiya şərtlərinə uyğun gəlib-gəlməməsinin araşdırılmasını tələb edir. Yalnız iddia tələbinin qanuni əsası müəyyən edildikdə və iş üzrə sübuta yetirilmiş hallar həmin maddi hüquq normasının tətbiqi üçün zəruri olan hüquqi faktlarla uzlaşdıqda iddia təmin edilə bilər. Əks halda, iddia rədd edilməlidir.

55. Hazırkı işdə iddiaçı cavabdehin Bərdə rayonu, Həsənqaya kəndində yerləşən 4,70 ha torpaq sahəsindən çıxarılmasını və həmin torpaq üzərində sahiblik və istifadə hüququnun bərpa edilməsini tələb etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2 və 157.4-cü maddələrinə, habelə torpaq sahəsinin iddiaçının istifadəsinə verilməsini təsdiq edən icarə müqaviləsinə, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa və mütəxəssis rəyinə istinad etmişdir.

56. Lakin məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən tətbiq edilmiş maddi hüquq normaları işin müəyyən edilmiş faktiki halları ilə uzlaşmır.

57. Belə ki, Mülki Məcəllənin 157.2 və 157.4-cü maddələri mülkiyyət hüququnun müdafiəsi vasitələri olmaqla, müvafiq olaraq vindikasiya və neqator iddialarını tənzimləyir. Həmin normaların tətbiq olunması üçün ilk növbədə iddiaçının mübahisə predmeti olan əşya üzərində mülkiyyət hüququna və ya qanunla mülkiyyət hüququ ilə eyni səviyyədə qorunan əşya hüququna malik olması müəyyən edilməlidir. Məhz bundan sonra cavabdehin həmin əşyaya qanunsuz sahib olması və ya mülkiyyətçinin hüquqlarına maneçilik törətməsi araşdırıla bilər.

58. Vindikasiya və ya neqator tələbin təmin olunması üçün iddiaçı əşyanın mülkiyyətçisi, cavabdeh isə əşyanın sahibi olmalı, yaxud onun tərəfindən əşyaya qəsd və ya başqa maneələr törədilməli, habelə cavabdehin sahibliyi və ya müdaxiləsi qanunsuz olmalıdır.

59. Bu normalara söykənən tələbin haqlı sayılması üçün həmin ünsürlərin hər biri müəyyən edilməlidir. Başqa sözlə, iddiaçının bildirdiyi hallar (və işin müəyyən edilən halları) göstərilən dispozisiya şərtləri ilə uzlaşdıqda iddia əsaslı sayıla və təmin edilə bilər. Onlardan biri aşkar olunmadıqda sonrakı ünsürlərin araşdırılmasına gərək qalmadan həmin normaya söykənən iddia rədd olunmalıdır.

60. Hazırkı işə mahiyyəti üzrə baxmış birinci instansiya məhkəməsi bu qaydada hüquqi dəyərləndirmə aparmamış, normanın birinci dispozisiya şərtini - iddiaçının mübahisəli torpaq sahəsinin mülkiyyətçisi olduğunu müəyyən etməmişlər. Belə olan halda, həmin normaların müstəqil əsas kimi işə tətbiq edilməsi qanuni olmamışdır.

61. Bununla belə sözügedən normaların tətbiqinin MM-in 157.8-ci maddəsi ilə əlaqəli şəkildə nəzərdən keçirilməsi mümkündür. Bu maddəyə əsasən, mülkiyyət hüququnun müdafiəsinə dair hüquqlar mülkiyyətçi olmasa belə, əşyaya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla sahiblik edən şəxsə də mənsubdur

62. Mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ, servitutlar da əmlak hüquqları sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.

63. Iş materiallarından görünür ki, iddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisi deyildir. O, Bərdə rayonu Həsənqaya Bələdiyyəsi ilə bağlanmış ##.##.2024-cü il tarixli icarə müqaviləsinə əsasən həmin torpaq sahəsindən istifadə etmək hüququ əldə etdiyini göstərmişdir. Həmin hüquq sonradan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bununla belə, dövlət qeydiyyatının aparılması iddiaçının müqavilədən irəli gələn hüququnun hüquqi təbiətini dəyişmir.

64. Məhkəmə vurğulayır ki, bu normalarda müqavilədən irəli gələn tələb hüquqları (şəxsi hüquqlar) deyil, məhdud əşya hüquqlarından (məsələn servitut, uzufrukt, girov və s.) irəli gələn sahiblik və istifadə nəzərdə tutulmuşdur.

65. Əmlak hüquqlarının iki ayrı növü olan əşya və tələb hüquqları isə bir-birindən əhəmiyyətli dərəcədə fərlənirlər.

66. Əşya hüquqları, başqa bir şəxsin vasitəçiliyinə gərək duyulmadan, müəyyən bir əşya üzərində birbaşa hakimiyyət təmin edən və hər kəsə qarşı irəli sürülə bilən hüquqlardır (məsələn, mülkiyyət hüququ, servitut, ipoteka və s.). Bu səbəbdən əşya hüquqları mütləq hüquqlar sayılır.

67. Tələb hüquqları isə sahibinə borcludan hər hansı bir hərəkəti yerinə yetirməyi tələb etmək imkanı verir. Hətta kreditorun tələb hüququnun predmeti bir əşya olduqda belə vəziyyət dəyişmir (məsələn, alqı-satqı müqaviləsi üzrə alıcının əşyanın onun mülkiyyətinə verilməsini satıcıdan tələb etmək hüququ – MM, m.567; kirayə müqaviləsi üzrə kirayəçinin əşyanın onun istifadəsinə verilməsini kirayəyə verəndən tələb etmək hüququ – MM, m. 675). Bu tələblər üzrə hərəkəti yerinə yetirmək öhdəliyi yalnız borcluya aiddir, digər şəxslərə aidiyyəti yoxdur. Ona görə də kreditor müqavilədən irəli gələn tələb hüququnu müqavilənin tərəfi olmayan üçüncü şəxslərə qarşı irəli sürə bilməz. Bu xüsusiyyətlərinə görə tələb hüquqları nisbi hüquqlar sayılır.

68. Beləliklə, tələb hüququ öhdəlik münasibətlərində kreditorun borcludan bir hərəkəti yerinə yetirməsini tələb etmək səlahiyyətini özündə ehtiva edirsə, əşya hüququnun özü əşya üzərində birbaşa hakimiyyət təmin edir və hər kəs bu hüququ pozmamaq öhdəliyi daşıyır. Əşya hüququ mövcud və müəyyən bir əşya üzərində qurula biləcəyi halda, mövcud olmayan və gələcəkdə orataya çıxa biləcək bir əşya (məsələn, podratda hər hansı məmulatın hazırlanması) tələb hüququnun predmeti ola bilər.

69. Qanunverici, MM-in 157.8-ci maddəsində məhz məhdud əşya hüquqlarını (servitut, tikintiyə vərəsəlik hüququ və s.) tam əşya hüququ olan mülkiyyət hüququ ilə eyni səviyyədə qoruma altına almışdır. Bununla da, məhdud əşya hüququna sahib olan şəxs, MM-in 157-ci maddəsinə istinad etməklə öz hüququnu hər kəsə qarşı qoruya bilər.

70. Normanın bu cür təfsirinə və tətbiqinə dair qənaət ondan irəli gəlir ki, əvvəla, sözügedən müddəa Mülki Məcəllənin “Əmlak və Əşya hüququ” bölməsində yer alan “Mülkiyyət hüququnun ümumi müddəaları” adlı 6-cı fəslindəki “Mülkiyyətin müdafiəsi”nə dair 157-ci maddənin tərkibində nəzərdə tutulmuşdur. Yəni, məsələyə normaların sistematik təfsiri baxımından yanaşdıqda Məcəllənin Xüsusi Hissəsində tənzimlənən tələb hüquqlarına (7-ci bölmədəki müqavilədən əmələ gələn öhdəliklərə) aid bir qaydanın tam əşya hüququ sayılan mülkiyyət hüququna aid fəsildə və normada yer alması ağlabatan deyil.

71. Bundan əlavə, mülkiyyət hüququnun müdafiəsinə dair qaydaların müqavilədən irəli gələn tələb hüquqlarına da şamil edilməsi, bu hüquqları eyniləşdirmək anlamına gəlir. Halbuki, yuxarıda göstərilən əlamətləri baxımından mahiyyətcə fərqli olan həmin hüquqlara (əşya və tələb hüquqlarına) eyni yanaşma sərgilənə bilməz. Əks halda, bu hüquqlar arasındakı fərqləndirmənin bir mənası qalmazdı.

72. Məhkəmə qeyd edir ki, torpaq sahəsinin icarə müqaviləsindən irəli gələn hüquq öhdəlik (tələb) hüququ olmaqla yalnız müqavilənin tərəfləri arasında hüquqi nəticə doğurur. Bu hüquq iddiaçıya torpaq sahəsi üzərində hər kəsə qarşı müdafiə olunan müstəqil əşya hüququ vermir. Başqa sözlə, iddiaçı həmin müqavilədən irəli gələn hüquqlarını yalnız müqavilənin digər tərəfi olan icarəyə verənə qarşı irəli sürə bilər. Müqavilənin tərəfi olmayan üçüncü şəxslərə qarşı isə həmin hüquqa əsaslanaraq Mülki Məcəllənin 157.2 və 157.4-cü maddələrində nəzərdə tutulmuş müdafiə vasitələrindən istifadə olunması qanunvericiliyin məqsədinə uyğun hesab edilə bilməz.

73. Kollegiya hesab edir ki, Mülki Məcəllənin 157.8-ci maddəsi də hazırkı mübahisənin həlli üçün əsas ola bilməz. Həmin norma mülkiyyət hüququnun müdafiəsinə dair vasitələrin mülkiyyətçi olmayan, lakin qanunda nəzərdə tutulmuş məhdud əşya hüquqlarına malik şəxslərə də şamil edilməsini nəzərdə tutur. Lakin torpaq sahəsinin icarəsindən irəli gələn hüquq məhdud əşya hüququ deyil, müqavilədən irəli gələn tələb hüququdur. Hüquq nəzəriyyəsində qəbul olunmuş “numerus clausus” prinsipinə əsasən qanunda nəzərdə tutulmayan yeni məhdud əşya hüquqları yaradıla bilməz. Bu baxımdan, bağlanmış icarə müqaviləsinin dövlət reyestrində qeydiyyata alınması da həmin hüququ məhdud əşya hüququna çevirmir.

74. Bundan başqa, iş materiallarından görünmür ki, mübahisəli torpaq sahəsi müqavilə bağlandıqdan sonra faktiki olaraq iddiaçının sahibliyinə verilmiş, iddiaçı həmin torpaq üzərində real sahiblik həyata keçirmiş və sonradan cavabdeh tərəfindən bu sahiblik özbaşına pozulmuşdur. Əksinə, iş üzrə həm iddiaçının izahatından, həm də cavabdehin etirazlarından görünür ki, cavabdeh uzun müddətdir həmin torpaq sahəsindən faktiki istifadə etdiyini bildirir və iddiaçı torpaq sahəsindən ümumiyyətlə istifadə etmədiyini, torpaq sahəsini icarəyə götürməmişdən öncə torpaq sahəsinə baxış keçirmədiyini və bələdiyyə tərəfindən torpaq sahəsi icarəyə verildikdən sonra ona təhvil verilmədiyini etiraf edir.

75. Belə olan halda, Mülki Məcəllənin sahibliyin müdafiəsinə dair müddəalarının tətbiqi üçün zəruri olan ilkin şərt – iddiaçının həmin əşyaya faktiki sahib olması və bu sahibliyin sonradan cavabdeh tərəfindən pozulması – iş üzrə müəyyən edilməmişdir.

76. Belə ki, hazırkı iddianın rədd edilməsinin əsas səbəbi cavabdehin torpaq sahəsinə dair hüququnun sübuta yetirilib-yetirilməməsi deyil, iddiaçının seçdiyi müdafiə vasitəsinin tətbiqi üçün zəruri olan maddi hüquqi əsasın mövcud olmamasıdır. Başqa sözlə, iddiaçının hüququnun yalnız müqavilədən irəli gələn tələb hüququ olması şəraitində həmin hüququ müqavilənin tərəfi olmayan cavabdehə qarşı Mülki Məcəllənin 157.2, 157.4 və 157.8-ci maddələrinə əsaslanmaqla müdafiə etməsi mümkün deyildir.

77. Istənilən hüquq sistemində norma nə qədər dəqiq tərtib olunsa da, məhkəmə şərhi qaçılmazdır. Anlaşılmayan məqamların izah olunmasına hər zaman ehtiyac olacaq. Müəyyənlik arzuedilən olsa da, bəzən lüzumsuz sərtliklə müşayiət oluna bilər, halbuki hüquq dəyişən şəraitlə addımlamaq xüsusiyyətinə malik olmalıdır. Müvafiq olaraq bir çox qanunlar qaçılmaz terminlərin istifadəsi ilə tərtib olunmuşlar ki, onlar az və ya çox dərəcədə qeyri-müəyyəndir, onların şərhi və tətbiqi təcrübədən asılıdır. Hüquq müddəasının müxtəlif cür təfsir olunması özüözlüyündə öncədən görmə tələbinin pozulmasına gətirib çıxarmır. Işlərə baxılarkən məhkəmələrin üzərinə qoyulmuş rol ondan ibarətdir ki, onlar bu cür şübhələri təfsirlə aradan götürsünlər (X3 Europa 7 S.R.L. və X1rşı # #### 2012-ci il tarixli Qərarı, §141; X5 və digərləri Polşaya qarşı iş üzrə 17 Fevral 2004-ci il tarixli Qərarı, § 65; X6rşı iş üzrə 20 May 1999-cu il tarixli Qərarı § 34).

78. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının Bərdə rayonu Həsənqaya Bələdiyyəsi ilə bağladığı ##.##.2024-cü il tarixli icarə müqaviləsi ona yalnız müqavilədən irəli gələn nisbi hüquq vermişdir. Hazırkı işdə isə iddia müqavilənin tərəfi olan bələdiyyəyə deyil, müqavilədən kənar üçüncü şəxs olan cavabdehə qarşı qaldırılmışdır. Iş üzrə müəyyən edilmiş faktiki hallar iddiaçının tələbinin Mülki Məcəllənin 157.2, 157.4 və 157.8-ci maddələrinin dispozisiya şərtlərinə uyğun gəldiyini təsdiq etmədiyindən, birinci instansiya məhkəməsinin iddianı təmin etməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə nəticələnmişdir.

79. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

80. MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.

81. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.

82. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

83. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi rədd edilməlidir.

84. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

85. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər.

86. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “Bərdə rayonu Həsənqaya Bələdiyyəsinin ##.##.2024-ci il tarixli “Icarə müqaviləsi” əsasında Bərdə rayonu Həsənqaya kəndində yerləşən 4,7 hektar torpaq sahəsindən cavabdeh Cavabdeh çıxarılmasına, həmin torpaq üzərində sahiblik və istifadə hüququnun bərpa edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçı İddiaçı aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar