Məhkəmə qərarları › İş №2(3-7)-98/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-98/2026

14.04.2026 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-98/2026 14.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh1, cavabdeh2 və cavabdeh3 qarşı mülki iş üzrə Açar sözlər: mənzildən istifadə hüququ Hakimlər Həsənov Islam Telman oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Kərimova Cəmilə Əbülfət qızının katibliyi ilə, Işin halları

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-istismar Hissəsi * nömrəli Mənzil-Istismar Sahəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *-**-***/*-**/**** nömrəli arayışdan görünür ki, İddiaçı ##.##.1988-ci il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır.

2. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-istismar Hissəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *-**-***/*-****/**** nömrəli məktubdan görünür ki, Gəncə şəhəri, **/** saylı hərbi şəhərcik, DOS-2 ünvanında yerləşən * nömrəli mənzil Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-Istismar hissəsinin balandındadır, açıq tipli hərbi şəhərcikdə yerləşir, Gəncə rayon Mənzil-istismar hissəsi tərəfindən ##.##.1988-ci il tarixdə verilmiş *** nömrəli order əsasında ailə üzvləri ilə birlikdə cavabdeh1 xidməti istifadəyə verilmişdir.

3. ##.##.1988-ci il tarixli orderin surətindən görünür ki, Gəncə şəhəri **/** saylı hərbi şəhərcik, DOS-2 ünvanında yerləşən * nömrəli mənzildə cavabdeh1, İddiaçı, X6 və X7 istifadə hüquqları vardır.

4. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-istismar Hissəsi * nömrəli Mənzil-istismar Sahəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, ***/*-R-***/** nömrəli arayışdan görünür ki, cavabdeh1 həqiqətən ünvan 1 ünvanında qeydiyyatdadır. Ailə tərkibi ##.##.2010-cu il təvəllüdlü X2, ##.##.2006-cı il təvəllüdlü X4, ##.##.1982-ci il təvəllüdlü X8, ##.##.2014-cü il təvəllüdlü X5, ##.##.1995-ci il təvəllüdlü cavabdeh2 və ##.##.1992-ci il təvəllüdlü X10r.

5. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Növbətçi Hissələri Idarəetmə Xidməti tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubdan görünür ki, DINnin «102» xidmət-zəng mərkəzi sisteminə ünvanlanmış zənglərin saxlama müddəti bitdiyindən 2020-2022-ci illərdə «102» xidmətinə daxil olan məlumatların araşdırılması mümkün deyildir.

6. Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən görünür ki, cavabdeh1 ilə İddiaçı arasında ##.##.1981-ci il tarixdə Lənkəran şəhər Nikah evində 32 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur.

7. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Gəncə Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli *-**-*-**/*-****/**** nömrəli arayışından görünür ki, Gəncə şəhəri, **/** saylı hərbi şəhərcik, DOS-2 ünvanında yerləşən * nömrəli mənzil ünvanı ilə daşınməz əmlakın Dövlət reyestrində qeydiyyata alınmış mənzil aşkar edilməmişdir.

8. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Gəncə şəhər Baş Polis Idarəsinin 1-ci Polis Şöbəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, **-*/*-*****/** nömrəli məktubdan görünür ki, İddiaçı və cavabdeh1 Gəncə şəhəri 1-ci Polis şöbəsində «münaqişəli ailə» (tərəflər) kimi qeydiyyata götürülməmişdir.

9. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Gəncə şəhər Baş Polis Idarəsinin 2-ci Polis Şöbəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, **-*/*-*****/** nömrəli məktubdan görünür ki, İddiaçı və cavabdeh1 Gəncə şəhəri 2-ci Polis şöbəsində «münaqişəli ailə» kimi qeydiyyata götürülməmişdir və İddiaçı 2-ci Polis Şöbəsinin müraciəti aşkar edilməmişdir.

10. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Gəncə şəhər Baş Polis Idarəsinin 3-cü Polis Bölməsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, 3-13-57-3/2- ****/**** nömrəli məktubdan görünür ki, İddiaçı və cavabdeh1 Gəncə şəhəri 3-cü Polis bölməsində «münaqişəli ailə» kimi qeydiyyata götürülməmişdir.

11. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Gəncə şəhər Baş Polis Idarəsinin 4-cü Polis Bölməsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *-**-A*/*-****/**** nömrəli məktubdan görünür ki, İddiaçı və cavabdeh1 Gəncə şəhəri 4-cü Polis bölməsində «münaqişəli ailə» kimi qeydiyyata götürülməmişdir

a) Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

12. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh1, cavabdeh2 və cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin yaşadığı Gəncə şəhəri Kəpəz rayonu DOS-**/** nömrəli hərbi şəhərcikdə yerləşən * nömrəli evin * nömrəli mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh cavabdeh1 ilə ##.##.1981-ci il tarixdə ailə qurmuşlar, ##.##.1981-ci il tarixdə isə nikahları qeydə alınmışdır. Birgə nikahlarından ##.##.1982-ci təvəllüdlü X8 doğulmuşdur. Əri cavabdeh1 SSRI dövründə hərbçi olduğundan 1982-ci ilin axırlarında ailəliklə SSRI-nin Almaniya Demokratik Respublikasında yerləşən hərbi hissəsinə getmişlər, Almaniyada yaşadıqları dövrdə birgə nikahlarından ##.##.1983-cü il təvəllüdlü X7 doğulmuşdur. 1987-ci ildə ailələri Almaniyadan-Gəncə şəhərinə (keçmiş Kirovabad) qayıtmışlar. Əri cavabdeh1 Gəncə şəhərində yerləşən hərbi hissədə xidmət etdiyinə görə orderlə ailə üzvləri - cavabdeh1, İddiaçı, ##.##.1982-ci il təvəllüdlü X8 və ##.##.1983-ci il təvəllüdlü X7 adına ##.##.1988-ci il tarixdə ünvan 3də yerləşən 3 otaqlı xidməti mənzill vermişlər. 1992-ci ildə əri cavabdeh1 Tərtər döyüşlərində iştirak etmişdir. Sonra onun xidməti iş yerini dəyişib, Murovdağa yerləşən hərbi hissəyə göndərmişlər. Məcbur olub Göygöl rayonu Toğana kəndində köçüb, kirayə ev tutub, ailəvi olaraq 1 il orada yaşamışlar. Bundan sonra əri cavabdeh1 Azərbaycan Respublikasının Müdafə Nazirliyinin Tovuz rayon ərazisində yerləşən hərbi hissəsinə göndərmişlər və ailəvi olaraq bir neçə il Tovuz rayonunda kirayə evdə yaşamışlar. Birgə nikahlarından - ##.##.1995-ci il təvəllüdlü cavabdeh2 doğulmuşdur. Birgə nikahlarından anadan olan 3 övladı birgə böyütmüşlər. Artıq onlar yetkinlik yaşına çatmışlar. Əri cavabdeh1 hərbi xidmətdən pensiyaya çıxmışdır. Lakin, bir neçə vaxtdır ki, əri cavabdeh1 ilə ailə münasibətlərində narazılıqlar yaranmışdır. Bunun səbəbi kiçik oğlu Elmarın ailə qurduğu Vüsalə adlı gəlinin onunla yola getməməsi olmuşdur, gəlininin anasının sözü əri cavabdeh1 da onlarla birləşib, o, ürək əməliyyatı keçirmiş (2-ci oğlu Elçinin köməkliyi ilə 2019-cu ilin noyabr ayında Türkiyə Cümhuriyyət Respublikasında) şəkərli və təzyiqli xəstə olan qadını 36 il yaşadığı mənzildən çıxartmışlar. Birgə nikah dövründə aldıqları ev əşyaları da hazırda həmin mənzildədir. Məcbur olub, anasının, oğlu Elçinin və digər qohumların evinə sığınmışdır. Heç bir günahı olmadan (bunu qonşuları da təsdiq edə bilər) cavabdehlər onu yaşadığı mənzildən qovmuşlar.

14. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddianı müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı ilə cavabdeh1 faktiki ailə münasibətlərinə ##.##.1981-ci il tarixdə daxil olsalar da, nikahlarını ##.##.1981-ci il tarixdə qeydə aldırmışlar. Onların birgə nikahından ##.##.1982-ci il tarixdə X8, ##.##.1983-cü il tarixdə X7, ##.##.1995-ci il tarixdə isə cavabdeh2 anadan olmuşdur. cavabdeh1 keçmiş hərbçi olduğundan tez-tez ünvan dəyişsələr də iddiaçı ilə birlikdə 1988-ci il tarixdən 2020-ci il tarixədək order əsasında cavabdeh1 verilmiş ünvan 3 ünvanında yerləşən mənzildə yaşamışlar. cavabdeh2 cavabdeh3 ilə nikaha daxil olanadək onlar arasında ciddi mübahisə olmamışdır. İddiaçı ilə cavabdeh1 arasında tez-tez mübahisələr yaranmış, bu zaman onların ailəsinə Vüsalənin anası X3 müdaxilə etmişdir. 2020-ci ildə İddiaçı ürək əməliyyatı olunmaq üçün əri Balakişi və oğlu Elmarla birlikdə Türkiyə Respublikasına getmiş, orada əməliyyat olunmuşdur. Bu əməliyyatdan sonra cavabdeh1, cavabdeh2 və cavabdeh3 İddiaçı ilə münaqişəli vəziyyət yaratmış, iddiaçının mənzildən çıxarılması üçün yaşadıqları mənzili dözülməz hala salmışlar. Cavabdeh cavabdeh1 daim iddiaçıya qarşı təhdid dolu davranış nümayiş etdirmişdir. Iddiaçı 2022-ci ilin mart ayının əvvəllərində məcburiyyət qarşısında qalaraq, yaşadığı mənzili müvəqqəti tərk etmiş, sonradan mənzilə qayıtmağa çalışsa da cavabdeh1, cavabdeh2 və cavabdeh3 buna mane olmuşlar. Qeyd olunan səbəbdən iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

15. ##.##.2025-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iddiaçı İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, onunla cavabdeh1 arasında münasibətlər daim normal olmuş və onlar Gəncə şəhəri, Kəpəz rayonu, DOS-**/** nömrəli hərbi şəhərcikdə yerləşən * nömrəli evin * nömrəli mənzilində yaşamışlar. Lakin 2020-ci ildə onun əri cavabdeh1 və kiçik oğlu cavabdeh2 onu Türkiyə Respublikasına aparmış, orada ürək əməliyyatı etdirmişlər. Bundan sonra o, əri cavabdeh1 qarşısında öz vəzifələrini icra edə bilməmişdir. cavabdeh1 ondan bu vəzifələrinin icrasını tələb etsə də, onun səhhətindəki xəstəlik buna imkan verməmişdir. cavabdeh2 cavabdeh3 Füzuli qızı ilə nikaha girməsindən sonra ailədaxili münaqişələr daha da artmış və yaşadıqları Gəncə şəhəri, Kəpəz rayonu, DOS-**/** nömrəli hərbi şəhərcikdə yerləşən * nömrəli evin * nömrəli mənzilində vəziyyət dözülməz həddə çatmışdır. Buna görə də həmin mənzildə yaşamaq onun üçün mümkünsüz olmuşdur. Bütün bunlara baxmayaraq, o, cavabdeh1 ilə münasibətlərinin yaxşılacağına və Gəncə şəhəri, Kəpəz rayonu, DOS-**/** nömrəli hərbi şəhərcikdə yerləşən * nömrəli evin * nömrəli mənzilinə geri qayıdıb orada yaşayacağına ümid etmişdir. cavabdeh1 nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməsindən sonra o, aralarında barışıq əldə edilməsinin mümkünsüz olduğunu yəqin etmiş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hazırda onun yaşamağa başqa yeri yoxdur.

16. Məhkəmə iclasında cavabdeh cavabdeh1 nümayəndəsi (vəkil) vəkil1 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, ##.##.2022-ci il tarixdə iddiaçı İddiaçı heç bir səbəb olmadan ünvan 3 ünvanında yerləşən mənzildən çıxıb getmişdir. Bununla bağlı cavabdeh cavabdeh1 ailələrinin bərpa olunmasına görə dəfələrlə iddiaçı ilə razılığa gəlməyə çalışsa da heç bir nəticə əldə edə bilməmişdir. Sonuncu dəfə İddiaçı ##.##.2024-cü il tarixdə mübahisələləndirilən mənzilə gələrək səs-küy salmış, bu zaman ağır ürək xəstəsi olan cavabdeh cavabdeh1 DIN-nin 102 qaynar xəttinə zəng edərək, mübahisəni sakitləşdirilməsini xahiş etmişdir. Tərəflər arasındakı ər-arvad münasibətləri uzun müddət əvvəl kəsilmişdir. Hətta həmin şəxslər arasındakı nikah pozulmuşdur. Iddiaçı Türkiyə Respublikasında yaşayan oğlunun yanında yaşadığından demək olar ki, sonuncunun daimi yaşayış yeri mövcuddur. Hazırkı halda İddiaçı mübahisə predmeti olan mənzilə yaşamağa başlaması onsuzda səhhəti yaxşı olmayan cavabdeh1 daha da pis vəziyyətə salacaqdır.

17. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, İddiaçı onun bacısıdır və o, 1981-ci ildə cavabdeh1 ilə nikaha daxil olmuşlar. Həmin şəxslər nikaha daxil olduqları ilk illərdə Lənkəran şəhərində yaşamış, bundan sonra Almaniya Federativ Respublikasına getmiş, daha sonra Gəncə şəhərinə gələrək burada yaşamağa başlamışdırlar.Təxminən 3-4 il bundan əvvəl İddiaçı və cavabdeh1 arasında olan münasibətlər pisləşmiş, cavabdeh1 İddiaçı döymüşdür. Lakin İddiaçı cavabdeh1 haqqında şikayət etməkdən imtina etmiş, üç gəlinin olduğunu, bunun ayıb olacağını bildirmişdir. Dava-dalaş zamanı İddiaçı qonşuları Bakirin yaşadığı ünvana qaçmışdır.

18. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, İddiaçı və cavabdeh1 onun əvvəllər yaşadığı ünvan 4 ünvanında yaşayarkən qonşuları olmuşdur. Təxminən 2017-ci ildən Gəncə şəhərində məcburi köçkünlər üçün salınmış 2.500 nəfərlik Yeni qəsəbə, ev 22, mənzil 38 ünvanına köçmüşdür. Onlar Hərbi şəhərcikdə yerləşən mənzili isə dövlətə geri qaytarmışlar. 2017-ci ildən sonra da onunla İddiaçı və ailəsi ilə olan münasibət kəsilməmişdir. 2020-ci ildə qızı cavabdeh3 ilə cavabdeh2 nikaha daxil olmuşdur. Onunla İddiaçı arasındakı münasibətlər daim yaxşı olmuş, hətta bir-birlərinə «bacı» deyə müraciət etmişlər. İddiaçı və cavabdeh1 ailəsi nümunəvi ailə olmuş, buna görə də o, İddiaçı yaşadığı mənzilə qayıtması üçün çox cəhd göstərmişdir. Hətta İddiaçı getməmişdən öncə cavabdeh1 yenə onu bezdirdiyini və yorduğunu demiş, o isə İddiaçı müvəqqəti olaraq, gəlib onlarda qalmağı təklif etmişdir (##.##.2025-ci il tarixli məhkəmə iclası, 17:30-18:00 dəq.). İddiaçı 2022-ci ilin mart ayının 2-də telefon vasitəsi ilə onunla danışarkən əvvəlcədən planlaşdırılmış Tovuz səfərinin baş tutmayacağını və mənzili tərk edəcəyini bildirmişdir. O isə İddiaçı «cavabdeh1 ona heç nə edə bilməyəcəyini» demiş, yenə gəlib onun evində yaşamağı təklif etmişdir (##.##.2025-ci il tarixli məhkəmə iclası, 21:00-23:00 dəq.). Hər dəfə o, İddiaçı mənzili tərk etməsinin səbəbini soruşduqda isə İddiaçı Gəncə şəhərinin havasının ona düşmədiyini və səhətinə pis təsir etdiyini bildirmişdir. Sonuncu dəfə 2022-ci ilin may ayında İddiaçı oğlu cavabdeh2 həkim müayinəsinə aparan zaman telefon vasitəsi ilə Xanbacı ilə əlaqə saxlaya bilmişdir. Bundan sonra İddiaçı ilə heç bir əlaqə saxlamaq mümkün olmamışdır. O, Xanbacının heç bir səbəb olmadan yaşadığı evi niyə tərk etməsini başa düşə bilmir. Çünki onların ailəsi daimi olaraq nümunəvi ailə kimi tanınmışdır.

19. Gəncə Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Camal Quliyev) İddiaçı iddiası təmin edilərək, İddiaçı Gəncə şəhəri, Kəpəz rayonu, DOS-**/** nömrəli hərbi şəhərcikdə yerləşən * nömrəli evin * nömrəli mənzilinə köçürülməsi qət edilmişdir.

20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29 və 43cü maddələrinə, ## ####### 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 60 və 123-cü maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1 və 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

21. Cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

22. Cavabdeh cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçı İddiaçı könüllü olaraq mənzili birdəfəlik tərk etmişdir. İddiaçı ##.##.2022-ci il tarixdə onunla hər hansı bir ciddi münaqişə olmadığı halda, sözlə kiçik mübahisə səbəbi ilə evi tərk etmək qərarına gəlmişdir. Bunun üçün iddiaçı oğlu və gəlininin yanına gedərək onlardan xahiş etmişdir ki, iddiaçını Bakı şəhərinə öz qohumlarının yanına yola salsınlar. Onun, oğlu Elmarın, gəlini Vüsalənin və qudalarının evdən getməməklə bağlı xahişlərinə məhəl qoymayaraq iddiaçı evi tərk edərək Bakıya getmişdir. Bakıdan sonra o anasının yanına Lənkəran şəhərinə getmişdir. Iddiaçını evə qaytarmaq məqsədi ilə cavabdeh1, oğlu və gəlini birlikdə Lənkəran şəhərinə getmişlər və burada 3 gün qalmışlar. Bu üç gün ərzində etdikləri xahişlərə baxmayaraq iddiaçı Gəncəyə qayıtmamışdır. Bir müddət sonra iddiaçı Türkiyə Respublikasına getmiş və uzun müddət orada yaşamışdır. Qeyd edir ki, birinci instansiya məhkəməsində iddiaçı 1 dəfə məhkəmə iclasında iştirak etmişdir, qalan müddət ərzində Türkiyə Respublikasında yaşamışdır. Iddiaçının özü və vəkilinin məhkəməyə verdiyi izahatlarda etiraf edirlər ki, iddiaçı İddiaçı 2022-ci ilin mart ayından mənzili tərk etmişdir. Bu iddiadan əvvəl mənzilə köçürülməsi ilə əlaqəli cəhd etməmişdir. Bu hal sübut edir ki, iddiaçının göstərilən mənzil sahəsinə ehtiyacı yoxdur. Iddiaçının mənzili tərk etməsindən 6 aydan çox müddət keçdiyi halda onun iddiası təmin edilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı ötən 3 il müddət ərzində mənzilə köçürülməsi üçün məhkəməyə iddia verməmiş və ya digər tədbirlər görməmişdir. Bundan başqa Daxili Işlər Nazirliyinin Gəncə şəhərində olan şöbələrindən daxil olan cavab məktublarında qeyd edilmişdir ki, İddiaçı və cavabdeh1 «münaqişəli ailə» kimi qeydiyyata götürülməmişdir. Güründüyü kimi iddiaçı könüllü olaraq mənzili tərk etmişdir. Digər tərəfdən iddiaçının həyat və sağlamlığı üçün hər hansı təhlükə olsaydı bu mənzilə niyə köçürülməsini istəsin.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Əvvəlki məhkəmə iclasında cavabdeh cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkil) vəkil1 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı İddiaçı 2022ci ildən evi könüllü tərk edib. Iddiaçı mənzili tərk etdikdən sonra Bakı şəhərində, daha sonra isə Lənkəran şəhərində yaşamışdır. Iddiaçı İddiaçı ildə 1-2 dəfə Türkiyə Cümhuriyyət Respublikasına gedir və daimi əsaslarla orada yaşayır. Iddiaçı ## #### 2025-ci il tarixdən Azərbaycan Respublikasını tərk edərək Türkiyə Cümhuriyyət Respublikasının Antalya şəhərinə getmişdir. Hazırda iddiaçı orada yaşayır. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, iddiaçı 2022-ci ildən sonra mübahisəli mənzilə qayıtmayıb. Həmin mənzildə iddiaçının oğlu, gəlini və cavabdeh cavabdeh1 yaşayır. Iddiaçıya məxsus cehiz əşyalarının həmin mənzildə qalıb-qalmamasını dəqiq bilmir.

25. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsindəki səlahiyyətlərinə əsaslanaraq işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

26. 43-cü maddəsinin İ hissəsi. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2001-ci il tarixli Qərarı:

27. 2000-ci il ########ın #-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

## ####### 2009-cu il tarixədək qüvvədə olmuş 1982-ci il redaksiyalı Mənzil Məcəlləsi:

28. Maddə 123. Yaşayış evinin mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar.

29. Maddə 53. Icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirdər. Icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. Icarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.

30. Maddə 54. Icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

31. Maddə 60. Kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış yeri 6 ay saxlanılır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.

32. Maddə 87. Icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində başqa yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

37. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

39. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

40. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

41. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

42. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, İddiaçı və cavabdeh1 ##.##.1981-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. Gəncə şəhəri, **/** saylı hərbi şəhərcik, DOS-2 ünvanında yerləşən * nömrəli mənzil Gəncə rayon Mənzil-istismar hissəsi tərəfindən ##.##.1988-ci il tarixli *** nömrəli order əsasında ailə üzvləri ilə birlikdə cavabdeh1 xidməti istifadəyə verilmişdir. 2022-ci ilin mart ayının əvvəllərində İddiaçı və cavabdeh1 arasında baş vermiş münaqişə ilə əlaqədar İddiaçı 34 ildir yaşamış olduğu Gəncə şəhəri Kəpəz rayonu DOS-**/** nömrəli hərbi şəhərcikdə yerləşən * nömrəli evin * nömrəli mənzilini tərk etmiş və həmin tarixdən sonra müxtəlif ünvanlarda yaşamışdır. Daha sonra Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə onların nikahı pozulmuşdur. Iddiaçı İddiaçı mübahisəli mənzilə istifadə hüququ olduğunun əsas gətirərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

45. Məhkəmə kollegiyası iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır; belə ki, istənilən iddia ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmə tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

46. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

47. Bu kontekstdə kollegiya nəzərə alır ki, iddiaçı İddiaçı mübahisəli mənzilin xidmətə istifadə verildiyi ##.##.1988-ci il tarixdən orada yaşamağa başladığından iddia tələbi həmin dövrdə qüvvədə olmuş ## #### 1982-ci il tarixli Qanunla təsdiq edilmiş və ## ####### 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarına əsasən həll olunmalıdır. Çünki MPM-nin 217.2-ci maddəsinin tələbinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

48. Işin hallarından göründüyü kimi, Gəncə rayon Mənzil-istismar hissəsi tərəfindən ##.##.1988-ci il tarixli *** nömrəli order əsasında mübahisəli mənzil cavabdeh cavabdeh1 ailə üzvləri ilə birlikdə (arvadı olan iddiaçı da daxil olmaqla) xidməti istifadəyə verildiyindən həmin dövrdə qüvvədə olmuş mənzil qanunvericiliyinin tələbləri baxımından iddiaçı sözügedən yaşayış sahəsindən istifadə hüququ əldə etmişdir.

49. Iddiaçının mübahisəli yaşayış sahəsindən istifadə hüququnun yaranmış olduğu təsdiq olunduğuna görə, artıq növbəti araşdırılmalı məsələ - həmin hüququn itirilib-itirilməməsidir.

50. Çünki, mülki hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış yeri 6 ay saxlanılır.

51. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində başqa yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

52. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 1999-cu il tarixli qərarında qeyd olunmuşdur ki, mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi ilə əlaqədar məhkəmələrdə mübahisələrə baxılarkən nəzərə alınmalıdır ki, həmin Məcəllənin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında nəzərdə tutulan əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum edə bilməz.

53. Göründüyü kimi qanunvericilik, yaşayış sahəsinə əldə edilmiş istifadə hüququnun itirilməsini şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsi ilə şərtləndirir.

54. Iddiaçı İddiaçı 2022-ci ilin mart ayında mübahisəli mənzili tərk etdiyi işin mübahisə olunmayan tərəfidir. Bu hal iddiaçının özünün birinci instansiya məhkəməsində icraat zamanı verdiyi izahatı, habelə iş materialları ilə öz təsdiqini tapır.

55. Iddiaçı bu halı ailə münasibətlərində yaranmış münaqişələrlə əlaqələndirmiş, mənzildən daimi getmək niyyətinin olmadığını vurğulamışdır. Cavabdeh tərəf isə iddiaya etiraz edərək iddiaçının evi daimi əsaslarla könüllü şəkildə tərk edərək həmin hüququ itirdiyini bildirmişdir.

56. Kollegiya, başqa yaşayış sahəsinin olduğu müəyyən edilməyən iddiaçının 34 ildir daimi yaşadığı mənzildən könüllü və birdəfəlik çıxıb getməsinin ağlabatan olmadığını nəzərə almaqla onun arqumentini inandırıcı hesab edir. “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 1992-ci il tarixli qərarında da məhkəmələrə tövsiyyə olunmuşdur ki, bu cür mübahisələr zamanı məhkəmə, şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsini və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsini sübut edən sənədləri (şəxsin yaşayış yerindən qeydiyyatdan çıxmasını, iş yerindən çıxıb yeni yaşayış sahəsində işə düzəlməsini, yeni iş yerində mənzillə təmin edilməsini və s. bu kimi halları təsdiq edən sənədləri) tələb etməlidir; hazırki işdə isə belə sənədlər mövcud deyildir. Bu baxımdan kollegiya hesab edir ki, işdəki sübutların məcmusu iddiaçı İddiaçı mübahisəli mənzildən daimi yaşamaq üçün getdiyi qənaətinə gəlməyə əsas verməməklə, mənzilə dair hüquqlarının itirilməsinə münasibətdə keçmiş Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsasların mövcud olmadığını təsdiq edir.

57. Cavabdeh tərəf iddiaçı ilə ailə münasibətlərində hər hansı problem olmadığı barədə arqument irəli sürsə də, lakin cavabdeh cavabdeh1 öz vəsatəti əsasında birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilmiş X3 ifadəsində ##.##.2022-ci il tarixdə İddiaçı, cavabdeh1, digər şəxslərdən və onun özündən ibarət tərkibdə Tovuz rayonuna səfərləri ilə əlaqədar ##.##.2022-ci il tarixdə İddiaçı ona zəng edərək, əri cavabdeh1 çəkindiyini və qorxduğunu dediyini, onun isə İddiaçı cavabdeh1 heç nə edə bilməyəcəyini bildirərək, İddiaçı sakitləşdirməyə çalışdığını və ##.##.2022-ci il tarixdə isə İddiaçı mənzili tərk etdiyini bildirmişdir. Həmçinin şahid Sevil Qasımova bu danışıqdan əvvəl də İddiaçı cavabdeh1 onu yenə də yorduğunu və bezdirdiyini bildirərək, şikayətləndiyini və onun özünün İddiaçı müvəqqəti öz mənzilində qalmağı təklif etdiyini qeyd etmişdir.

58. Eynilə, iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X1 da ifadəsində İddiaçı cavabdeh1 ilə baş vermiş münaqişəli vəziyyətlə əlaqədar Gəncə şəhəri, Kəpəz rayonu, DOS- **/** nömrəli hərbi şəhərcikdə yerləşən * nömrəli evin * nömrəli mənzili tərk etdiyini bildirmişdir.

59. Bundan əlavə, cavabdeh cavabdeh1 mübahisəli mənzildə iddiaçı tərəfindən münaqişə yaradıldığı və bunun qarşısını ala bilmədiyinə görə polis şöbəsinə müraciət etməsi barədə arqument irəli sürsə də, lakin bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, habelə məhkəmə araşdırması zamanı da bu hal öz təsdiqini tapmamışdır. Belə ki, göstərilən xüsusatın aydınlaşdırılması məqsədilə birinci instansiya məhkəməsi tərəfindən polis şöbə və bölmələrinə müvafiq sorğular verilmiş, sorğulara cavab olaraq cavabdehin aidiyyəti dövlət orqanlarına qeyd edilən məzmunda hər hansı müraciəti olmadığı müəyyən edilmişdir. Iddiaçı İddiaçı müxtəlif vaxtlarda ölkə hüdudlarını tərk etməsilə bağlı mübahisəli mənzillə əlaqələrinin müvəqqəti kəsilməsi də həmçinin onun həmin yaşayış sahəsinə istifadə hüququna xitam verilməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz.

60. Göründüyü kimi, iddiaçı mübahisəli yaşayış yerindən könüllü çıxmamış, əksinə cavabdehin törətdiyi maneçiliyə görə mənzildə yaşaya bilməmişdir. Işin bu halıda iddiaçı İddiaçı mübahisəli mənzili daimi tərk etdiyi barədə nəticəyə gəlməyə əsas vermir.

61. Qeyd edilənlərin yekunu olaraq kollegiya belə qənaətə gəlir ki, iddiaçı İddiaçı mübahisəli yaşayış sahəsindən istifadə hüququ yaranmış və itirilməmişdir. Odur ki, birinci intansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

62. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372.1, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi : Cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar