Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(3-8)-152/2026 11.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X2 və X1 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, İddiaçı Cavabdeh2 MMC və "xxxx" ASC-yə qarşı faktiki əmək münasibətlərinin tanınması, işə bərpa və pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-6868/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh2 MMC və "xxxx" ASC-yə qarşı faktiki əmək münasibətlərinin tanınması, işə bərpa və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1) İddiaçı ilə Cavabdeh2 MMC (Cavabdeh 1) və "xxxx" ASC (Cavabdeh 2) arasında faktiki əmək münasibətləri üzərindən qanunsuz olaraq faktiki əmək münasibətlərinə xitam verildiyinə görə hüquqşünas vəzifəsinə işə bərpa edilməyi üçün Cavabdeh2 və "xxxx" ASC ilə müddətsiz əmək müqavilələrinin bağlanılması (hər əmək müqaviləsi üzrə aylıq əmək haqqı 2500 manat məbləğində olmaq şərti ilə), 2) xidmət göstərilməli olduğu və xx.xx.2021-ci il tarixli, SAA/CA21 saylı hüquqi xidmətlərin göstərilməsinə dair müvafiq müqavilənin sonuna kimi olan dövr üçün (qalıq 10 ay x 2500 manat) hesablanmış 25000 manat məbləğində əmək haqqının xeyrinə tutullması, 3) münasibətlərin sırf əmək olmasına baxmayaraq və xidmətlərə görə aylıq ödənişim VÖEN-ə bağlı olan bank hesabına köçürüldüyü üçün rüblük vergi və digər icbari olan dövlət ödənişlərini ödəməyinə görə illik hər rübdə 550 manat olmaqla, ümumilikdə isə xx.xx.2021-ci il tarixdən ödənilmiş cəmi 3300 manat (2 il ərzində) və 2024-cü ilin yanvar ayından etibarən isə (vergilər qalxıb 20% olandan) hesablanmış və ödənilməmiş vergilər və digər icbari dövlət ödənişləri üçün 5400 manat məbləğində, cəmi 8700 manat məbləğində əmək haqqı məbləğimin xeyrinə tutulması, 4) xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək "xxxx" ASC şirkəti üçün hüquqi xidmət göstərməyinə əsaslanaraq hesablanmış və ödənilməmiş 102500 manat (41 ay müddətində - aylıq 2500 manatdan) məbləğində əmək haqqı məbləğinin xeyrinə tutulması, 5) mənəvi ziyana və zərərə görə əlavə olaraq 50000 manat məbləğinin xeyrinə tutulması; 6) 2-ci dərəcəli əlil olaraq qısaldılmış iş vaxtına əsasən əlavə işlədiyi saatlara görə hesablanmış və ödənilməmiş 20493.44 manat məbləğində vəsaitin xeyrinə tutulması, 7) 2-ci dərəcəli əlil olaraq məzuniyyət haqqı kimi hesablanmış və ödənilməmiş 26250 manat məbləğində vəsaitin xeyrinə tutulması, 8) Abşeron 1 saylı Mediasiya təşkilatına ödədiyi 61 manat məbləğində dövlət rüsumunun xeyrinə tutulması, 9) Cavabdeh2 MMCdən və "xxxx" ASC-dən İddiaçı xeyrinə cəmi 233004.44 manat məbləğində hesablanmış və ödənilməmiş əmək haqqı üzrə borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-6868/2025 saylı qərardadına əsasən, (hakim Mirnəsir Mirhəsənli) İddiaçı Cavabdeh2 MMC və "xxxx" ASCyə qarşı faktiki əmək münasibətlərinin tanınması, işə bərpa və pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı hazırkı iddianı verərkən əməyin ödənilməsi və əmək fəaliyyət ilə bağlı digər tələblər üzrə dövlət rüsumu ödəməkdən azad olduğunu irəli sürərək qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunu ödəməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia ərizəsində müvafiq məbləğlərdə pul vəsaitlərini əməkhaqqı qismində qeyd edərək tələb etməsinə baxmayaraq, onunla Cavabdeh2 MMC və "xxxx" ASC arasında bağlanmış əmək müqaviləsini (sazişi) iş materiallarına əlavə etmədiyindən həmin vəsaitlər əmək mübahisəsinin predmeti ilə funksional bağlılığı olmayan mülki xarakterli tələblər hesab edilir. Buna görə də həmin hissələr üzrə dövlət rüsumunun ödənilməsi prosessual baxımdan əsaslıdır. Qeyd olunanlar baxımından tərəflər arasındakı hazırkı mübahisənin əmək münasibətlərindən irəli gəldiyini iddia etmək əsaslı sayıla bilməz. Bundan əlavə iddia ərizəsinin məzmunundan da görünür ki, tərəflər arasında əmək müqaviləsi deyil, hüquqi xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmışdır. İddiaçı 1 Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-6868/2025 saylı qərardadından şikayət və şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barəsində ərizə (vəsatət) ilə müraciət edərək, buraxılmış prosessual müddətin bərpa edilməsi və şikayətinin icraata götürülməsinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin e-2(012)-6868/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini və iş üzrə verilmiş məhkəmə tərkibinə etiraz məsələsinə qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılıb münasibət bildirildikdən sonra iddia ərizəsinin icraata götürülməsinin təmin edilməsini xahiş etmişdir Abşeron Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2(012)-6868/2025 saylı qərardadı ilə İddiaçı Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)- 6868/2025 saylı qərardadından şikayət verməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsinə dair ərizəsinin qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-6868/2025 saylı qərardadından İddiaçı tərəfindən şikayət vermə müddətinin ötürülməmiş hesab edilməsi qərara alınmışdır. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin e- 2(012)- 6868/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia ərizəsi qanunsuz və əsassız olaraq geri qaytarılmışdır. Belə ki, xx.xx.2025-ci il tarixdə tərəfindən məhkəmə tərkibinə - hakim M.Mirnəsirliyə etiraz verilmişdir. Etirazın əsasları ərizədə ətraflı və geniş şəkildə qeyd edilmiş, lakin həmin etiraz məsələsi, ümumiyyətlə, öz həllini tapmamışdır. MPM 22.1-ci maddəsinə əsasən, etiraz edilmişsə, məhkəmə işdə iştirak edən şəxslərin fikrini, həmçinin etiraz olunan şəxs izahat vermək istəyirsə, onun izahatını dinləməlidir. 22.2-ci maddəsinə əsasən, işə təkbaşına baxan hakimə etiraz edilməsi məsələsi məhkəmənin sədri tərəfindən həll edilir. Belə olan halda isə işə baxıb hər hansı bir qərarın çıxarılması qanunsuz və əsassızdır. Bundan başqa da məhkəmə bundan öncə də olduğu kimi işə tətbiq olunmalı olan qanunun normasını tətbiq etməmiş və nəticədə yanlış nəticəyə gəlmişdir. İş materiallarında olan sübutlar məhkəmə tərəfindən əvvəl olduğu işdəki kimi düzgün və obyektiv qiymətləndirilməmişdir. Maddi və prosessual hüquq normaların tələbləri pozulmuş və düzgün tətbiq edilməmişdir. Ümumiyyətlə, məhkəmə tərəfindən heç bir faktiki olan hal aydınlaşdırılmamışdır. Məhkəmə tərkibinə - hakimə edilmiş etiraza heç baxılmamışdır. Məhkəmə işin əhəmiyyətli olan hal kimi mübahisənin məhz əmək münasibətlərindən irəli gəlməsini və bunun əksi olanı sübut etmədən rüsumun tələb edilməsi qanunsuz və əsassızdır. Qərardadda göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Göstərilənlərə əsasən şikayətinin təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayətin dəlillərini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət əsassızdır. Odur ki, şikayət təmin edilməməlidir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2(012)-6868/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-6868/2025 saylı qərardadı və həmin qərardadla bağlı xx.xx.2026-cı il tarixli, e-2(012)-6868/2025 saylı qərardadı ləğv edilməli, mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 108.1.1-ci maddəsinə əsasən iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir. Həmin Məcəllənin 113.1-ci maddəsinə əsasən iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. “Dövlət rüsumu haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.1. əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, iddiaçının tələbindən göründüyü kimi o, cavabdehlərə qarşı faktiki əmək münasibətlərinin tanınması, işə bərpa və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqşünas vəzifəsinə işə bərpa edilməyi üçün Cavabdeh2 və "xxxx" ASC ilə müddətsiz əmək müqavilələrinin bağlanılması (hər əmək müqaviləsi üzrə aylıq əmək haqqı 2500 manat məbləğində olmaq şərti ilə) və əmək hüquq münasibətlərindən irəli gələn əmək haqqı, kompensasiya və digər zərər məbləğlərinin xeyrinə tutulmasını xahiş etmişdir. İş materiallarına əlavə edimiş Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-228/2025 saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərarından isə görünür ki, şikayətçi İddiaçı müvafiq əmək müqaviləsi bağlanılmadan işlərin görülməsinə cəlb edildiyini iddia etmiş, apellyasiya instansiyası məhkəməsi də Cavabdeh2 MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7 və 49-cu maddələrinin tələblərinin pozularaq, İddiaçı əmək müqaviləsi hüquqi qüvvəyə minmədən iş və xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsi qənaətinə gəlməklə, Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilmiş və cərimə növündə inzibati tənbeh tətbiq edilməsini qərara alımışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı cavabdehlərlə faktiki əmək hüquq münasibətlərində olduğunu və əmək hüquq münasibətlərindən irəli gələn ödənclər tələb etməkdədir ki, bu da artıq idiaçının əmək fəaliyyəti ilə əlaqədar iddia qaldırdığı anlamına gəlməkdədir. İddiaçının cavabdehlərlə əmək hüquq münasibətlərində və ya mülki hüquqi əqddən irəli gələn hüquq münasibətlərində olub-olmamasını müəyyən etmək, o cümlədən tələblərinin əsaslılığı və təmin edilməsinin mümkünlüyü və ya qeyrimümkünlüyü iddiaya mahiyyəti üzrə baxılarkən həll edilməli olan məsələlər hesab olunur. Həmçinin, nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 113-cü maddəsinin tələbinə müvafiq olaraq, məhkəmə işə mahiyyəti üzrə baxıb müvafiq nəticəyə gəldiyi, o cümlədən mübahisəni əmək hüquq münasibətlərindən irəli gəlmədiyini hesab etdiyi təqdirdə ödənilməli olan dövlət rüsumu məsələsini dövlət rüsumu kəsirinin ödənilməsi qismində həll etmək səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi hakiminin verilmiş etiraza baxmaması ilə bağlı şikayətin dəlilinə münasibətdə isə qeyd edir ki, hakimə etiraz işə baxılması ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş əsaslar üzrə verilməkdədir. İddia ərizəsi məhkəmənin icraatına götürülmədiyindən, iddia ərizəsini geri qaytaran hakim işə baxan hakim hesab olunmamaqdadır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-6868/2025 saylı qərardadı və həmin qərardadla bağlı xx.xx.2026-cı il tarixli, e-2(012)-6868/2025 saylı qərardadı ləğv edilməli, mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişdirib işi birinci instansiya məhkəməsinə göndərə bilər. Şərh olunanlara əsasən və Mülki-Prosessual Məcəllənin 263-264, 402-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-6868/2025 saylı qərardadı və həmin qərardadla bağlı xx.xx.2026-cı il tarixli, e-2(012)-6868/2025 saylı qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Abşeron Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-8)-152/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-8)-152/2026
11.02.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver