Məhkəmə qərarları › İş №2(3-8)-158/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-158/2026

07.04.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-158/2026 07.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı mülki iş üzrə (Açar sözlər: mənzildən istifadə hüququ olmayan şəxslər hesab edilməsi və mənzildən çıxarılma) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı İddiaçı nümayəndəsi və vəkili nümayəndə1, cavabdeh cavabdeh2 nümayəndəsi və vəkili nümayəndə2 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh2 və cavabdeh1 ünvan 1 ünvanındakı yaşayış sahəsindən istifadə hüququ olmayan hesab edilmələri və onların həmin mənzildən əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini, bu qətnamənin cavabdeh2 həmin mənzildə olan qeydiyyatdan çıxarılması üçün əsas olduğunu göstərilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh2 onun anasıdır, digər cavadeh cavabdeh1 isə qardaşı X3 qızıdır. X4 ## ####### 2008-ci il tarixdə Sumqayıt şəhəri, 9-cu mkr., ev 85 ünvanında yerləşən 84.04 kv.metrlik ** saylı mənzili Sumqayıt şəhəri * nömrəli notariat kontorunda ona bağışlamışdır. Həmin vaxt qanunvericiliyə uyğun olaraq anası da qeydiyyatda olduğuna görə X4 tərəfindən mənzilin ona bağışlanmasına razılıq vermişdir. Bu mənzil atasına nənəsi, yəni atasının anası tərəfindən hədiyyə edilmişdir. 2010-cu ildə o, ailə həyatı qurmuş və bir müddət xaricdə yaşamalı olmuşdur. Mənzil boş qalmasın deyə cavabdehlərin həmin mənzildə yaşamasına razılıq vermişdir. Amma son dövrlər Azərbaycanda yaşadığından mənzildən istifadə etmək zərurəti yaranmışdır. Dəfələrlə anasına özünün Sumqayıt şəhərində olan evində gedib yaşamasını, həmin mənzilə ehtiyacı oluğunu bildirsə də, o, mənzildən çıxmaq istəmir. Evdən çıxmamamaq üçün nəvəsi, digər cavabdeh cavabdeh1 da gətirib yanında saxlayır. Hazırda özü kirayədə qalır və mülkiyyət hüququ ilə ona məxsus olan mənzilə köçmək, yaşamaq və onun üzərində mülkiyyət hüququndan istifadə etməkdən məhrum olunmuşdur. Dəfələrlə evin boşaldılmasını tələb etsə də, cavabddehlər bu mənzildən çıxımır. Eyni zamanda cavabdeh2 bu ünvanında qeydiyyatdadır. Onun qeydiyyatda olması həmin mənzilə sərəncam vermək hüququnu da məhdudlaşdırır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır.

3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (Elçin Kazımov) iddia tələbi təmin edilməmişdir.

5. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, Sumqayıt şəhəri, 9-cu mkr., ev 85 ünvanında yerləşən ** saylı mənzil X5 mülkiyyətində olmuş, lakin bu mənzil onun tərəfindən ##.##.2008-ci il tarixli bağışlama müqaviləsinə əsasən övladı İddiaçı bağışlamışdır. Mübahisəli mənzil ##.##.2008-ci il tarixdən İddiaçı mülkiyyətindədir. Cavabdeh cavabdeh2 iddiaçının anası, digər cavabdeh cavabdeh1 isə onun qardaşının övladıdır. cavabdeh2 mübahisəli mənzildə pasport qeydiyyatındadır. Hər iki cavabdehin uzun müddət mübahisəli mənzildə yaşamaları, yəni oradan istifadə etmələri işin mübahisəsiz halıdır. Cavabdeh cavabdeh2 bu mənzildən istifadə hüququ yaranmışdır. Belə ki, işdən görünür ki, mübahisəli mənzil hələ 2008-ci ildə iddiaçının mülkiyyətinə keçməmişdən öncə, yəni ##.##.1993-cü il tarixdən onun X4nun adına qeydə alınmış, onun arvadı cavabdeh2 da orada yaşamışdır. Cavabdeh cavabdeh2 1993-cü ildən daimi olaraq bu mənzildə yaşamaqla oradan istifadə hüququ əldə etmişdir. Onun başqa yerdə daimi yaşaması barədə işdə hər hansı sübut yoxdur. Bu yaşayış sahəsinin mülkiyyətçisinin 2008-ci ildən dəyişməsi isə cavabdeh2 həmin daşınmaz əmlkadan istifadə etməsinə əngəl ola bilməz. Həmçinin məhkəmə qeyd edir ki, cavabdeh2 mülkiyyətində hər hansı başqa mənzilin olması da, onun mübahisəli mənzildən istifadə hüququnun itirilməsinə, oradan əşyaları ilə bilrikdə çıxarılmasına əsas hesab edilməməlidir. Cavabdeh cavabdeh1 mübahisəli mənzildə iddiaçının razılığına əsasən kömüşdür və onunla iddiaçı İddiaçı arasında ailə münasibətləri davam edir, yəni bu münasibətlərə xitam verilməmişdir. Belə olan halda isə, cavabdeh1 da mübahisəli mənzildən istifadə hüququ olan şəxs kimi oradan əmlakları ilə birlikdə çıxarılması qanunsuzdur. Məhkəmə izah edir ki, qüvvədə olan qanunvericiliyə əsasən iddiaçı hər iki cavabdehi mülkiyyətindəki mənzildən bazar qiyməti ilə müəyyən olunmuş müvafiq kompensasiya verməklə çıxara bilər.

6. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (1982) 53, 60, 87-ci maddələrinə, yeni Mənzil Məcəlləsinin 30-cü maddəsinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

7. Apellyasiya şikayətinin dəlilləri Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Eyni zamanda məhkəməyə sənəd təqdim etmişdir ki, cavabdehin Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, */** saylı evin * saylı mənzili ##.##.2005-ci il tarixdən cavabdeh2 adına qeydə alınmışdır. Qətnamədə qeyd edilir ki, cavabdehin nə qədər evi olur-olsun yenə də bu mənzilə istifadə hüququ var. Mənzildən istifadə hüququ ilə bağlı, Mülki Məcəllənin 228-ci maddəsin şərhi ilə bağlı qəbul edilmiş qərarların heç biri demək olar ki, nəzərə alınmayıb. Mülki Məcəllənin 228.4-cü maddəsində qeyd edilir ki, yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Birinci instasniya məhkəməsi qeyd edilən maddəsində səhv tövsif etmişdir. Belə ki, qeyd edilən maddə mülkiyyət hüququnun keçməsi ilə istifadə hüququnun xitam edilməyini nəzərdə tutur və o halı istisna edir ki, istifadə hüququ olan şəxs mülkiyyətçinin mülkiyyət hüququndan istifadə hüququndan imtina etməsin. Amma işin faktiki hallarından göründüyü kimi cavabdeh Yelizaveta Alekseyevna öz ərizəsi ilə həyat yoldaşına məxsus olan evin başqasına keçməsinə razılıq verib. Artıq bu ərizə onun 1993-cü il tarixdə yaranmış olan istifadə və ya digər əmlak hüquqlarına xitam verilməsini göstərir. Əks halda notariat ofisi cavabdehin ərizəsini niyə tələb etməli idi. Ümumiyyətlə notariat hərəkətləri haqqında təlimatda, notariat ofislərində evdə qeydiyyatda olan, evdə yaşayan şəxslərin evin satılmasına razılıq vermədiyi halda rəsmiləşdirməni həyata keçirməməsi yuxarıda qeyd edilən maddənin tələblərindən irəli gəlir və istənilən şəxsin evin özgəninkiləşdirməsinə razılığı həmin evə dair hüquqlarından imtina etməsi deməkdir. Birinci İnstansiya Məhkəməsinin hakimi Mülki Məcəllənin 188-ci maddəsinin 3-cü bəndində əsaslanıb belə bir dəlil gətirib ki, cavabdeh cavabdeh2 1993-cü ildən daimi olaraq bu mənzildə yaşamaqla oradan istifadə hüququ əldə etmişdir. Onun başqa yerdə daimi yaşaması barədə işdə hər hansı sübut yoxdur. Bu yaşayış sahəsinin mülkiyyətçisinin 2008-ci ildən dəyişməsi isə cavabdeh2 həmin daşınmaz əmlkadan istifadə etməsinə əngəl ola bilməz, çünki Mülki Məcəllənin 158.3-cü maddəsinə görə əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Qeyd edək ki, Mülki Məcəllənin 158-ci maddəsində digər əşya hüquqları sadalnıb və həmin əşya hüquqları arasında olan əmlakdan istifadə hüququnu nəzərdə tutur. Mülki Məcəllənin 158-ci maddəsinin tələbləri baxımından əmlakdan istifadə hüququ ilə məzildən istifadə hüququ fərqli-fərqli anlayışlardır. Burada əmlakdan istifadə hüququ icarə, kirayə, əvəzssiz istifadə hüququnu nəzərdə tutur. Verdiyi tələbdə iki məsələ aydınlaşdırılmalı idi. Təqdim etdiyi sənədlərdə 2008-ci ildə mənzil özgəninkiləşdirilərkən istifadə hüququna xitam verilməsinə dair ərizə var. Bundan başqa cavabdehin özünün mülkiyyətində şəxsi evinin olması. İddianın təmin edilməsi üçün hər şey o qədər aydındır ki, nəyisə aydınlaşdırmağa belə ehtirayc yoxdur. Qətnamədə göstərlir ki, cavabdeh cavabdeh1 mübahisəli mənzildə iddiaçının razılığına əsasən köçmüş və onunla iddiaçı İddiaçı arasında ailə münasibətləri davam edir, yəni bu münasibətlərə xitam verilməmişdir. Mariam Mirzəyevin həmin mənzilə köçməsinə icazəni iddiaçı nə zaman verdi? Onunla iddiaçı arasında hansı bir ailə münasibəti yoxdur. Hələ məhkəmə prosesində cavabdehin vəkili dedi ki, o heç zaman həmin mənzildə yaşamayıb. Hərdən nənəsini görməyə gəlib gedir. O, isə iddia ərizəsində və izahatında nənəsi tərəfindən evə gətirildiyini qeyd etmişdir. Mariam Mirzəyevin həmin evə iddiaçı tərəfindən gətirilməsi, cavabdeh cavabdeh2 şəxsi evinin olması, onun mübahisəli mənzildən istifadə hüququnu özgəninkiləşdirmə zamanı verdiyi ərizələr nəzərə alınmamış, sübut kimi qəbul edilməmişdir. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş edir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı nümayəndə və vəkili nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, cavabdeh cavabdeh2 iddiaçının anasıdır, mübahisəli əmlakı qızına bağışlamış, evin özgəninkiləşdirilməsinə etirazı olmaması barədə razılıq ərizəsi vermişdir. İddiaçı ailə quraraq xaricə getmiş, iki il xaricdə yaşamış, daha sonra ailəsi ilə birgə Azərbaycana qayıtmışdır. Hazırda Sumqayıt şəhərində işləyir, kirayədə yaşayır. Cavabdehin özünün ayrıca evi var, həmin evi oğluna verərək hazırda iddiaçının evində yaşamaqdadır. Mairam isə Yelizavetanın nəvəsidir, yəqin ki nənəsinə baxmaq üçün həmin evdə yaşayır. Cavabdehin ayrıca evi var. Cavabdeh evi qızına bağışladığına görə artıq istifadə hüququna xitam verilib. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş edir.

11. Cavabdeh cavabdeh2 nümayəndə və vəkili nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, iddiaçı evləndikdən sonra uzun müddət xaricdə yaşamış, 10 il burada olmamış, Azərbaycana 1 ildir ki gəlmiş, hazırda cavabdeh cavabdeh2, qızının həmin mənzilə köçürülərək orada yaşamasına etiraz etmir. Cavabdeh qarşı tərəfə Xaçmazda torpaq sahəsi də alıb verib. Ananın özünün yaşamağa başqa yeri yoxdur. Cavabdehin həmin mənzildən istifadə hüququ var, 1978-ci ildən həmin mənzildə yaşayır. İddiaçı hüquqlarını müdafiə etdiyi şəxsi mənzildə çıxarmaq istəyirsə ilk olaraq onun mənzildən istifadə hüququna xitam verilməlidir. Cavabdeh istifadə hüququ olduğu halda mənzildən çıxarıla bilməz. İddiaçının vəkilinin qeyd etdiyi evdə yaşayış üçün şərait yoxdur. İddiaçının qardaşı həmin evdə yaşayır. Mariam mübahisəli mənzildə daimi yaşamır, arabir nənəsinə qulluq etməyə gəlir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir.

12. Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi ilə lazımi qaydada xəbərdarlıq edilsə də iş üzrə cavabdeh cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşdə olan sübutlar

13. 5611 inventar nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mkr., ev 85 ünvanında yerləşən ** saylı mənzil ##.##.1993-cü il tarixdən X5 adına qeydə alınmışdır.

14. ##.##.2008-ci il tarixli bağışlama müqaviləsinin surətindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mkr., ev 85 ünvanında yerləşən ** saylı mənzili X5 övladı İddiaçı bağışlamışdır. Bu barədə orada qeydiyyatda olan və mülkiyyətçinin arvadı cavabdeh2 notarial qaydada razılıq ərizəsi vermişdir.

15. MH ******* saylı reyestrdən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 84.04 kv.metrlik ** saylı mənzil ##.##.2008-ci il tarixdən İddiaçı adına qeydə alınmışdır.

16. DƏDKR PHŞ * saylı Abşeron Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, */** saylı evin * saylı mənzili ##.##.2005-ci il tarixdən cavabdeh2 adına qeydə alınmışdır.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır.

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2016-cı il tarixli qərarı:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür.

20. Mülki Prosessual Məcəlləsinin:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

21. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, cavabdehlər cavabdeh2 və cavabdeh1 əşyaları ilə birlikdə iddiaçıya məxsus mənzildən çıxarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməli, apellyasiya şikayəti qalan hissədə təmin edilməməlidir.

23. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edimişdir ki, mübahisəli mənzil iddiaçının mülkiyyətində olmaqla, cavabdeh cavabdeh2 mübahisəli mənzildə istifadə hüququ vardır. Digər cavabdeh cavabdeh1 isə cavabdeh cavabdeh2 nəvəsi olmaqla, nənəsinin istəyi ilə ona qulluq etmək məqsədi ilə müvəqqəti olaraq onun yanında yaşamaqla, mübahsiəli mənzilə istifadə hüququ yaranmamışdır. Bununla yanaşı Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, */** saylı evin * saylı mənzil cavabdeh cavabdeh2 mülkiyyətində olmalqa, işin mübahisəsiz halı qismində həmin ünvanda onun oğlu yaşamaqdadır. İşə baxan birinci instnasiya məhkəməsi cavabdeh cavabdeh2 mülkiyyətində hər hansı başqa mənzilin olmasının onun mübahisəli mənzildən istifadə hüququnun itirilməsinə əsas vermədiyini qeyd edərək iddianı rədd etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmamışdır. Belə ki, yuxarıda istinad olunan “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2016-cı il tarixli qərarından da göründüyü kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Cavabdehin öz mülkiyyətində ev olmasına baxmayaraq, müvafiq razılıq olmadan iddiaçının mülkiyyətində olan mənzildə yaşaması iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırmaqla, cavabdehin həmin mənzildən istifadə hüququna xitam verilməsi üçün kompensasiya verilmədən də çıxarılmasını şərtləndirir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin evdən çıxarılması hissəsində iddia tələbi əsaslı olmuşdur.

24. Məhkəmə kollegiyası iddia tələbinin cavabdeh cavabdeh2 yaşayış sahəsindən istifadə hüququ olmayan hesab edilməsi ilə bağlı tələbinə münasibətdə isə qeyd edir ki, yuxarıda qeyd olunduğu kimi onun mübahsiəli mənzilə istifadə hüququ mövcudluğu müəyyən edilməklə, yalnız mülkiyyətində başqa mənzil olması əsası ilə mübahisəli mənzildən çıxarılması, dolayısı ilə istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi qət edilir. Mənzilin iddiaçıya bağışlanması zamanı cavabdehin müvafiq razılıq verməsi isə Mülki Məcəllənin 158.3-cü maddəsinin tələbi baxımından onun istifadə hüququna xitam verilməsinə əsas verməmişdir. Buna görə də iddia tələbi həmin hissədə əsassız olmuşdur.

25. Məhkəmə kollegiyası çıxarılacaq qətnamənin cavabdeh2 həmin mənzildə olan qeydiyyatdan çıxarılması üçün əsas olmasının göstərilməsi ilə bağlı tələbinə münasibətdə isə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən isə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Göründüyü kimi yaşayış sahəsindən çıxarılmaya dair qanuni qüvvəyə minmiş qətnaməsi şəxsin həmin mənzildən çıxarılmasının əsası kimi qanunla müəyyən edildiyindən ayrıca olaraq qətnamənin nəticə hissəsində göstərilməsinə də zərurət yoxdur.

26. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, cavabdehlər cavabdeh2 və cavabdeh1 əşyaları ilə birlikdə iddiaçıya məxsus mənzildən çıxarılmalı, iddia və apellyasiya şikayəti qalan hissədə təmin edilməməlidir.

27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.2, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT E T D İ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdehlər cavabdeh2 və cavabdeh1 əşyaları ilə birlikdə Sumqayıt şəhəri, 9-cu mkr., ev 85, ** saylı mənzildən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar