Məhkəmə qərarları › İş №2(3-8)-190/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-190/2026

29.04.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-190/2026 29.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi) Hakim Almaz Məhərrəm qızı Süleymanovanın sədrliyi və məruzəsi, Hakimlər X4 və X5 ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçı İddiaçı, Cavabdehlərin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı "yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi" tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər ##.##.2000-ci il təvəllüdlü cavabdeh1 və ##.##.2005-ci il təvəllüdlü cavabdeh2 ünvan 1 ünvanında yerləşən * saylı mənzildən istifadə hüquqlarına xitam verilməsi, 100 (bir yüz) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, keçmiş həyat yoldaşı Cəbiyeva Reyhan Tofiq qızı ilə ##.##.1999-cu il tarixdə Sumqayıt şəhər Nikah evində rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan ##.##.2000-ci il təvəllüdlü cavabdeh1 və ##.##.2005ci il təvəllüdlü cavabdeh2 adlı övladları vardır. Birgə yaşamaq mümkün olmadığına görə ayrılmışlar. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə nikahları pozulmuşdur. İki ildir ki, ayrı yaşayırlar və birgə təsərrüfat aparmırlar. 2011-ci ildə onlar ünvan 1 ünvanında yerləşən * saylı mənzili alqı-satqı yolu ilə əldə edib həmin mənzilə köçmüş və orada 2023-cü ilə kimi birgə yaşamışlar. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə birgə nikah dövründə əldə olunmuş ünvan 1 ünvanında yerləşən * saylı mənzilinə payları 1/2 hissədə müəyyən edilmişdir. Cəbiyeva Reyhan Tofiq qızı ilə aralarında bağlanılmış ##.##.2025-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən sonuncu mənzildə olan payını ona satmışdır. Keçmiş həyat yoldaşı ilə boşandıqdan sonra cavabdehlər anaları ilə birgə yaşamaq qərarına gəlmiş və özlərinə məxsus bütün əşyalarını götürərək anaları X1 yaşadığı mənzilə köçüb getmişlər. İki ildir ki, cavabdehlər onunla heç bir əlaqə saxlamırlar. Cavabdehlər mənzildən köçüb getsələr də, yaşayış yeri üzrə qeydiyyatdan çıxmamışlar. Onlar formal olaraq ona məxsus olan mənzildə qeydiyyatda qalmaqla mənzilin üzərində olan mülkiyyət hüququnu məhdudlaşdırırlar. Bundan əlavə cavabdehlər ona məxsus mənzildə yaşamadıqları halda onların əvəzinə lüzumsuz kommunal xərclərini ödəmək məcburiyyətindədir. Belə bir vəziyyətin saxlanılması onu qane etmir. Çünki mülkiyyətində olan əmlak barəsində sərəncam vermək hüququnu həyata keçirə bilmir. Mənzilə mülkiyyət hüququnu başqa yolla həyata keçirə bilmədiyinə görə məhkəməyə müraciət etmək məcburiyyərində qalmışdır.

3. Cavabdehlər ##.##.2025-ci il tarixdə iddiaya etiraz təqdim edərək bildirmişlər ki, iddiaçı onların atalarıdır. X3 Tofiq qızı ilə ataları İddiaçı ##.##.1999-cu il tarixdə rəsmi nikah münasibətlərinə girərək ailə həyatı qurmuşlar. Birgə nikahlarından onlar, yəni ##.##.2000-ci il təvəllüdlü cavabdeh1 və ##.##.2005-ci il təvəllüdlü cavabdeh2 doğulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsi ilə X3 Tofiq qızı ilə ataları İddiaçı arasında ##.##.1999-cu il tarixdə baglanmış nikah pozulmuşdur. Valideynləri birgə nikah dovründa sözügedən ünvan 1 ünvanında yerləşən * saylı mənzili almışlar. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qətnəməsi ilə birgə nikah dövründə əldə olunmuş Sumqayıt şəhəri, 2-ci mikrorayonda yerləşən **/** saylı evin * saylı mənzilinə Cəbiyeva Reyhan Tofiq qızının 1/2 hissə və İddiaçı ½ hissədə payı müəyyən edilmişdir. Valideynlərinin əmlak bölgüsü məsələsi bir xeyli müddət məhkəmələrdə mübahisə predmeti olmuş, hətta avtomaşınla olan hissədə yəni, cavabdeh2 tərəf kimi işə qoşulmuşdur. Anasının adına olan avtomaşın ona (cavabdeh2) bağışlanmışdır deyə, o cavabdeh qismində işə cəlb edilmişdir. Ataları həmin məsələdə bağışlanmanı ləğv etdirmiş və avtomaşının yarı pulunu yəni 6500 manatı onlardan almışdır. Ataları analarının payına düşen 1/2 hissəsini təqribən 2025-ci ilin fevral ayında notariat orqanında alqı-satqı müqaviləsi əsasında almışdır. Anaları mənzili ##.##.2025-ci il tarixdə tərk etmiş və atalarının ərizədə göstərdiyi kimi əşyaları aparmamış, onlara məxsus heç nəyə əl vurmamışdır. Həmçinin, kommunal xərcləri də daimi ödəmişlər. Bu barədə sübutları da məhkəməyə təqdim edə bilərlər. Həmin vaxt onların hüquqları valideynləri arasında müzakirə olunmuş, onların mənzildə istifadə hüquqları olduğu üçün ataları analarına əlavə pul ödəməmişdir. Hətta bildirmişdir ki, nə vaxt pulu olsa, kompensasiya ilə bağlı məhkəməyə müraciət edə bilər. Hal-hazırda isə onlara qarşı istifadə hüquqlarının kompensasiya vermədən itirmək istəyir. Onlar hesab edirlər ki, valideynləri arasında mübahisə onların yaşayış hüquqlarına təsir etmir. Onlar artıq o yaşda deyillər ki, ya analarının, ya da atalarının tərəfini tutsunlar. Cavabdehlərdən cavabdeh1 məhz bu mənzildə xaricdə oxumağa getmişdir. Belə çıxır ki, o, xaricdən gələndən sonra havada qalmalıdır. Ona görə də hesab edirlər ki, atalarının iddiası tam qanunsuz və əsassızdır. Ataları onların hüquqlarını bazar qiymətinə uyğun kompensasiya verməklə itirə bilər. Kompensasiya məbləğində ataları ilə razılığa gələ də bilərlər, yəni bu ifadəni qanunamüvafiq işlədirlər. İşin mənəvi tərəfinə gəldikdə isə atalarının onlara qarşı iddiasına nə ad verə biləcəklərini düşünüb tapa bilmirlər. Ona çox ehtiyacları olduğu halda onları yaşayış yerindən məhrum etmək istəyir. Atalarının onlara qarşı iddiası qanunsuz və əsassızdır, iddianı qəbul etmirlər. Hesab edirlər ki, iddia məhkəmə qaydasında rədd olunmalıdır.

4. ##.##.2011-ci il tarixli, *Ə-**/*** saylı alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 2-ci mikrorayonda yerləşən **/** saylı evin * saylı mənzili X2 tərəfindən İddiaçı satılmışdır.

5. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri Pulkik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 1, * saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 1411008099 qeydiyyat nömrəsi ilə ##.##.2011-ci il tarixdə qeydə alınmışdır.

6. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı və Cəbiyeva Reyhan Tofiq qızı arasında Sumqayıt şəhər Nikah evində ##.##.1999-cu il tarixdə bağlanmış 446 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur.

7. AZ-İ seriyalı, ****** nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təəsdiqlənmiş surətindən görünür ki, İddiaçı və Cəbiyeva Reyhan Tofiq qızı arasında olan nikaha məhkəmə qətnaməsinə əsasən ##.##.2023-cü il tarixdə xitam verilmişdir.

8. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsindən görünür ki, birgə nikah dövründə əldə olunmuş ünvan 1, * saylı mənzilə İddiaçı ½ və Cəbiyeva Reyhan Tofiq qızının ½ hissədə payı müəyyən edilmişdir.

9. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri Pulkik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 1, * saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə ½ hissədə İddiaçı adına 1424021739 qeydiyyat nömrəsi ilə ##.##.2024-cü il tarixdə, ½ hissədə Cəbiyeva Reyhan Tofiq qızının adına 1424007951 qeydiyyat nömrəsi ilə ##.##.2024-cü il tarixdə qeydə alınmışdır.

10. AN-İ seriyalı, ******* nömrəli, ##.##.2025-ci il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Cəbiyeva Reyhan Tofiq qızı ünvan 1, * saylı mənzil üzərində xüsusi mülkiyyət hüququ ilə ona məxsus ½ hissəni 40600 manata İddiaçı satmışdır.

11. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ASAN-Sumqayıt tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, ##.##.2025-ci il tarixli arayışından görünür ki, cavabdeh1 və cavabdeh2 Sumqayıt şəhəri, 2-ci mikrorayonda yerləşən **/** saylı evin * saylı mənzilində qeydiyyatdadırlar.

12. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 Saylı Sumqayıt Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yeriəşən * saylı mənzil üzərində ##.##.2025- ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə İddiaçı tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, lakin vətəndaş tərəfindən sənədlərin hazırlanması üçün nəzərdə tutulan ödəniş olunmadığından çıxarış elektron portalda mövcud deyil.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

13. Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Pərvin İmamverdiyeva) İddiaçı cavabdeh1 və cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və II-ci hissələri, «İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının * saylı Protokolu, “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsi, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2 ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.1, 216-220, 227, 233, 358, 360-cı maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

15. Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə razılaşmayan iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, qətnaməni tamamilə ləğv edib və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar əsasında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə ilə onun cavabdehlərə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair iddia tələbi təmin edilməmiş, məhkəmədə işə baxılan zaman o, məhkəməyə kifayət qədər sübut təqdim etməsə də, məhkəmə həmin sübutları qanunvericiliyinin tələblərinə uyğun tədqiq etməmiş və onları düzgün qiymətləndirməmiş, bu da əsassız və qanunsuz məhkəmə qətnaməsinin çıxarılması ilə nəticələnmişdir. Məhkəmə cavabdehlərin nümayəndəsinin heç bir sübuta söykənməyən izahatını mötəbər sübut kimi qəbul edərək özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmışdır. Cavabdehlərin yaşayış sahəsindən istifadə hüququnun itirilməməsinə dair məhkəməyə hər-hansı bir sübut təqdim olunmamışdır. Əksinə, onun tərəfindən məhkəməyə təqdim ediilmiş ##.##.2025-ci il tarixli aktdan aydın görünür ki, cavabdehlər ona məxsus mənzildə yaşamırlar. İşin bu halları iş materiallarına əlavə edilmiş digər yazılı sübutlarla tam təsdiq olunmasına baxmayaraq, məhkəmə qətnamənin əsaslandırıcı hissəsində əsassız olaraq göstərmişdir ki, məhkəmə tərəfindən işin araşdırılması iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi halların – cavabdehlərin həmin evi daimi, könüllü şəkildə tərk etmələləri, həmin evə ehtiyaclarının olmaması halının müəyyən edilməsi mümkün olmamışdır. İddiaçı tərəfindən qeyd edilən hallarla bağlı heç bir sübut məhkəməyə təqdim edilməmişdir (37 bənd). Göründüyü kimi, məhkəmə təqdim edilmiş sübutları düzgün qiymətləndirməmiş və iddia tələbini təmin etməməklə mövcud qanunvericiliyin tələblərini aşkar şəkildə pozmuşdur. Məhkəmə tərəfindən aşağıdakı maddi normaların tələbləri aşkar şəkildə pozulmuşdur. AR Konstitusiyasının 29-cu maddəsinin II-ci hissəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. AR MM-nin 152.1-ci maddəsində mülkiyyət hüququnun anlayışı verilmişdir. Həmin maddədə göstərilir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının * saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Göründüyü kimi, məhkəmə maddi normaların tətbiqində və təvsirində səhvə yol vermiş və işin faktiki hallarına düzgün qiymət verməmişdir. Məhkəmə yuxarıda göstərilən maddi normaların pozulması ilə yanaşı prosessual hüquq normalarının tələblərinə də riayət etməmişdir. Məhkəmə tərəfindən AR.MPMnin 9, 14, 88 və 220-ci maddələrinin tələbləri aşkar şəkildə pozulmuşdur.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

18. İddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Əlavə olaraq bildirdi ki, heç bir məbləğdə kompensasiya təklifi yoxdur.

19. Cavabdehlərin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Həmçinin bildirdi ki, 10.000 manat kompensasiya müqabilində iddianın təmin edilməsinə etiraz etmir.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı İddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Konstitusiyası Maddə 13, İ və II hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29, İ, II və IV hissə. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

22. «İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının * saylı Protokolu: Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz.

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 158.1.2. Əmlakdan istifadə hüququ da mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər

24. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

25. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, buna müvafiq olaraq qeyd edilməlidir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən “istifadə hüququ”nun mahiyyəti və həcmi Mənzil Məcəlləsinin 30.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən “istifadə etmək hüququ”nun mahiyyəti və həcmindən fərqlidir. Hər iki Məcəllədə yaşayış sahəsindən istifadə etmək imkanı nəzərdə tutulsa da, bu istifadəni təmin edən hüquqi əsaslar fərqlidir. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

26. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

27. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Göründüyü kimi araşdırılan iddia tələbi mülkiyyət hüququnun müdafiəsi, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi ilə bağlıdır.

29. İş materialları ilə müəyyən olunur ki, İddiaçı (bundan sonra iddiaçı) və Cəbiyeva Reyhan Tofiq qızının ##.##.1999-cu il tarixli nikahından ##.##.2000-ci il təvəllüdlü cavabdeh1 və ##.##.2005-ci il təvəllüdlü cavabdeh2 (bundan sonra cavabdehlər) doğulmuşlar. Mübahisəli mənzil ##.##.2011-ci il tarixdə alqı-satqı müqaviləsi ilə əldə edilmiş, mənzilə dair hüquqlar ##.##.2011-ci il tarixdə iddiaçının adına dövlət qeydiyyatına alınmışdır. Tərəflər arasındakı nikah 2023-cü ildə pozulmuş, daha sonra məhkəmə qətnaməsi ilə mübahisəli mənzil üzərində iddiaçı və Cəbiyeva Reyhan Tofiq qızının hər birinin ½ payı müəyyən edilmişdir. ##.##.2025-ci il tarixdə Reyhan Cəbiyeva özünə aid payı iddiaçıya satmışdır. İddiaçı hazırda mənzilin tam mülkiyyətçisi olmaqla, cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilməsini tələb edir.

30. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ilə iddia təmin edilməmişdir /bax bənd 13/.

31. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan mənzildə cavabdehlər 2011-ci il tarixdən pasport qeydiyyatında olduqlarından və cavabdehlər iddiaçının qızı olmaqla, ailə üzvü hesab edildiklərindən, onlar arasında yaranmış mübahisəli hüquq münasibətləri məhz Mənzil Məcəlləsinin 30-cu maddəsinin normaları əsasında həll edilməlidir. Göründüyü kimi mübahisə predmeti olan yaşayış sahəsi 2011-ci ildən mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur və cavabdehlər həmin evdə 2011-ci il tarixdən daimi pasport qeydiyyatında olmaqla, 2011-ci ildən həmin evdə mülkiyyətçi iddiaçı ilə birlikdə yaşamışlar.

32. Məhkəmə hesab etmişdir ki, MM-nin 30-cu maddəsinin tələbinə əsasən cavabdehlərin mübahisə predmeti olan evə dair istifadə hüquqları yaranmışdır. Həmçinin, məhkəmə tərəflər arasındakı mübahisənin hüquqi təbiətini araşdırarkən müəyyən etmişdir ki, cavabdehlərin mübahisəli mənzildən istifadə hüququ mülki-hüquqi müqavilədən deyil, ailə münasibətlərindən və qanunun birbaşa göstərişindən yaranmışdır.

33. İddiaçı İddiaçı mülkiyyətçi kimi mütləq hüquqlara malik olsa da, bu hüquqlar məhdudiyyətsiz deyildir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələri mülkiyyət hüququnun sosial öhdəliklərini ehtiva edir. Cavabdehlərin hüquqları mənzilin ilkin əldə edilməsi zamanı (2011-ci il) yaranmışdır. Onların yetkinlik yaşına çatmaları və ya mülkiyyətçinin dəyişməsi (iddiaçının tam mülkiyyətçi olması) bu hüququn avtomatik xitamına səbəb ola bilməz.

34. İndiki halda, iddiaçı cavabdehlərin həmin evdə yaşamadıqlarını, anaları ilə birlikdə daimi tərk etdiklərini, cavabdehlərin qeydiyyatının formal xarakter daşıdığını və mülkiyyətçi kimi hüquqlarını tam şəkildə həyata keçirə bilmədiyini əsas gətirərək, belə bir iddia tələbi irəli sürmüşdür.

35. Məhkəmə hüquqi presedentlərə əsaslanaraq hesab etmişdir ki, yaşayış yerində olmamaq avtomatik olaraq istifadə hüququnun itirilməsi demək deyildir. Burada həlledici amil şəxsin iradəsidir. Hazırkı halda cavabdeh1 təhsillə əlaqədar xaricdədir (müvəqqəti yoxluq), cavabdeh2 isə valideynlərin boşanması və ailə münaqişəsi zəminində mənzili tərk etmişdir. Odur ki, şəxsin təhsil, müalicə və ya ailə daxili konfliktlər səbəbindən mənzildə yaşamaması onun mənzildən istifadə hüququndan imtina etməsi kimi qiymətləndirilə bilməz. Cavabdehlərin mənzili tərk etmələri “könüllü seçim” deyil, yaranmış “fors-major” (ailənin dağılması) şəraitinin nəticəsidir. Onların qeydiyyatdan çıxmamaları da geri qayıtmaq niyyətini qoruyub saxladıqlarını sübut edir.

36. Həmçinin, məhkəmə tərəfindən işin araşdırması zamanı iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi halların – cavabdehlərin həmin evi daimi, könüllü şəkildə tərk etmələri, həmin evə ehtiyaclarının olmaması halının müəyyən edilməsi mümkün olmamışdır. İddiaçı tərəfindən qeyd edilən hallarla bağlı heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Cavabdehlər özləri də yaşayış sahəsinə ehtiyacları olduğunu, yalnız kompensasiya məbləği müzakirə edildiyi halda istifadə hüquqlarının xitam edilməsinə etiraz etməyəcəklərini bildirmişlər. Odur ki, hazırkı halda cavabdehlərin mənzilə ehtiyac prezumpsiyası qüvvədə qalır.

37. Belə olduğu təqdirdə məhkəmə hesab etmişdir ki, cavabdehlərin həmin yaşayış sahəsinə dair istifadə hüquqları yarandığından, onların həmin yaşayış sahəsinə dair ehtiyaclarının aradan qalxması və həmin evi daimi olaraq könüllü tərk etmələri halları müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməməlidir.

38. Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə razılaşmayan iddiaçı İddiaçı apellyasiya şikayəti vermişdir.

39. Apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırması ilə razılaşır, bu baxmdan əlavə araşdırmanın aparılmasına zərurət görmür və hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

40. Məhkəmə kollegiyası həmçinin bildirir ki, cavabdehlərə kompensasiya verilməsi barədə iddiaçıya təklif verilsə də iddiaçı bu təkliflə razılaşmamışdır.

41. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar