Məhkəmə qərarları › İş №2(3-8)-2/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-8)-2/2026

21.01.2026 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(3-8)-2/2026 21.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (məruzəçi), X3 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mənzilə köçürülmə barədə ilk, qarşılıqlı iddiaçı Cavabdeh2 İddiaçı qarşı evdən çıxarılma barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)- 6276/2025 nömrəli qərardadından ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mənzilə köçürülmə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun özbaşına tikili olan ünvan 1 ünvanına iki azyaşlı övladı ilə birlikdə köçürülməsi və həmin evə yaşayış hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 49 saylı fərdi yaşayış evindən çıxarılması və fərdi yaşayış evinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 vəkili-nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq, Cavabdeh2 və Cavabdeh1 ünvan 2 ünvanında qeydiyyatda olmaları səbəbindən hazırki mülki işin baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-6276/2025 nömrəli qərardadı ilə ərazi aidiyyəti ilə bağlı Cavabdeh2 ərizəsinin təmin edilməməsi qərara alınmışdır (hakim Məlahət Abbasova). Həmin qərardaddan narazı qalan ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 həmin qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə olunmuş MAPS arayışından da görünür ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvan 2 ünvanında qeydiyyatdadırlar. Qeyd olunan fərdi yaşayış evinin yerləşdiyi Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.04 ha olan torpaq sahəsi Cavabdeh2 tərəfindən xx.xx.2015-ci il tarixində AN-İ№ ******* saylı alqı-satqı müqaviləsi əsasında X1 Abşeron rayonu 2 saylı notariat kontorunda alqı-satqı edilmişdir. (4Ə-1670) Daha sonra xx.xx.2015-ci il tarixində Daşımaz Əmlakın Dövlət Reyestri Xidmətin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriyalı, ********** qeydiyyat nömrəli çıxarış alınmışdır. Torpaq sahəsi əldə olunan zaman mübahisəli fərdi yaşayış evi də artıq tikilmişdir və Cavabdeh2 həmin evdə alqısatqının olunduğu tarixdən yaşamışdır və yaşamağa da davam edir. Həmin evə məxsus olan bütün kommunal müqavilələr Cavabdeh2 ilə bağlanmışdır. Cavabdeh2 həmin evə dair gözlənilən mülkiyyət hüquqları vardır. Məhkəmə hazırki mübahisəyə MPM-nin 39.1-ci maddəsinin tətbiq olunduğunu qeyd etsə də, bunu əsaslandırmamışdır. Halbuki Mülki-Prosessual Məcəllənin 39.1-ci maddəsinə əsasən, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. İddia tələblərindən də görünür ki, iddia "evə köçürülmə və yaşayış hüququnun verilməsi" ilə bağlıdır. MPM-nin 39.1-ci maddəsi isə "mülkiyyət hüququnun tanınması, qeyri-qanuni sahiblikdən geri götürülmə, qanuni sahibin hüquqlarıın pozulmasının aradan qaldırılması" ilə bağlıdır. 39.1ci maddədə sadalanan halların heç biri hazırki mübahisəyə tətbiq oluna bilməz. Ona görə də hazırki qərardad əsassız olduğundan ləğv olunmalı, iş baxılması üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilməlidir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-6276/2025 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün iş materialları ilə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)- 6276/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, daşınmaz əşya üzərində mülkiyyət hüququnun tanınmasına dair iddialar müstəsna aidiyyət qaydalarını tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən həmin daşınmaz əşyanın olduğu yer üzrə məhkəməyə verilməlidir. Məhkəmə kollegiyası Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Nəsimi rayonunda qeydiyyatda olmaları, iddiaçının tələbinin mülkiyyət hüququnun tanınması deyil, mənzilə köçürülmə olduğundan istinad edilən maddənin təsir dairəsinə düşməməsi barədə dəlillərə münasibətdə qeyd edir ki, iddia tələbi istifadə hüququnun tanınması və mənzilə köçürülmə barədə olmaqla MPM-nin 39.1-ci maddəsinin təsiri dairəsinə düşür. İddiaçı köçürülməsini xahiş etdiyi fərdi yaşayış evi Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşdiyindən, hazırki mülki işə Abşeron Rayon Məhkəməsində baxılmalıdır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 395-396, 398, 400, 402.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-6276/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar