Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(3-8)-22/2026 04.03.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi hüquqi faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki iş üzrə (Açar sözlər: iş üzrə icraata xitam verilməsi ) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), X3 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, ərizəçinin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə Ərizəçi hüquqi faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(031)-215/2015 nömrəli qətnaməsindən maraqlı şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları 1.Şabran bələdiyyəsinin 29 aprel 2011-ci il tarixli 04 saylı qərarından görünür ki, Maraqlı şəxs1 şəhərin 44-cü məhəlləsində hər bir kvm görə Şabran bələdiyyəsinin hesabına 40 qəpik pul vəsaiti ödəmək şərti ilə fərdi mənzil tikintisi üçün 500 kvm torpaq sahəsi satılmışdır. 2.Şabran rayon İcra Hakimiyyətinin Tikinti və Memarlıq şöbəsi tərəfindən verilmiş 11 aprel 2011-ci il tarixli 133 saylı rəydən görünür ki, Şabran rayon İH-nin Tikinti və Memarlıq şöbəsində Şabran şəhər sakini Maraqlı şəxs1 Şabran bələdiyyəsinin xüsusi torpaq sahəsindən fərdi mənzil tikintisi məqsədilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə dair sənədlərə baxılmış və sənədlərə əlavə olunmuş situasiya sxeminə uyğun sahədən 500 kvm torpaq sahəsinin ayrılması məqsədəmüvafiq hesab edilmişdir. 3.Dövlət Torpaq və Xəritəçəkmə Komitəsisinin Şabran rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli 112 saylı rəydən görünür ki, Maraqlı şəxs1 satılmış 500 torpaq sahəsi Şabran bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmeti olmaqla, Uqodiyası şəhəraltı, İ keyfiyyət qrupuna aid olmaqla, 100 ballı torpaq sahəsidir. 4.Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A seriyalı 355282 saylı torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Şabran rayonu Şabran bələdiyyəsinin 29 aprel 2011-ci il tarixli 04 saylı qərarına əsasən Maraqlı şəxs1 mülkiyyətinə Şabran şəhəri ərazisindən fərdi yaşayış evi tikmək üçün 500 kvm torpaq sahəsi verilmişdir. Birinci instansiya məhkəməsində icraat 5.Ərizəçi məhkəməyə müraciət edərək, Maraqlı şəxs1 Şabran bələdiyyəsinin 29 aprel 2011-ci il tarixli 04 saylı qərarı ilə satılmış və şəhərin 44 məhəlləsində yerləşən 500 kvm həyətyanı torpaq sahəsinə onun mülkiyyət hüququ üzrə sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilərək tanınması, torpaq sahəsinə onun adına mülkiyyət sənədinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 6.Ərizəni onunla əsaslandırmışdır ki, 2011-ci ildə iddiaçı cavabdeh Maraqlı şəxs1 Şabran şəhərinin 44-cü məhəlləsində yerləşən və Şabran bələdiyyəsinin qərarı ilə ona satılmış 500 kv.m həyəti olan torpaq sahəsini və həmin vaxtdan torpaq sahəsində olan evi almışdır. Həmin vaxtdan torpaq sahəsinə sahiblik edir və faktiki mülkiyyətçisidir. Lakin torpaq sahəsini öz adına rəsmiləşdirmək istədikdə məlum olmuşdur ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmamışdır. Ona görə də məhkəməyə müraciət etmişdir. 7.Ərizəçi məhkəmədə ərizəni müdafiə edərək bildirdi ki, o, 2011-ci ildə cavabdeh Maraqlı şəxs1 Şabran şəhərinin 44 məhəlləsində yerləşən və Şabran bələdiyyəsinin qərarı ilə ona satılmış 500 kvm həyətyanı torpaq sahəsini danışaraq razılığa gəlməklə həmin torpaq sahəsini almış, həmin vaxtdan torpaq sahəsinə sahib edir və faktiki mülkiyyətçisidir. Sonradan daşınmaz əmlakı öz adına rəsmiləşdirmək istədikdə məlum olmuşdur ki, daşınmaz əmlakın cavabdehin adına mülkiyyət sənədi yoxdur, hazırda da mülkiyyət sənədi ala bilmir. Mülkiyyət sənədi almaq üçün müraciət etdikdə, bildirilmişdir ki, bələdiyyənin dövlət aktı olmadığından mülkiyyət sənədi verilmir. Ona görə də məhkəməyə müraciət etmişdir. O, Maraqlı şəxs1 Şabran bələdiyyəsinin 29 aprel 2011-ci il tarixli 04 saylı qərarı ilə satılmış və şəhərin 44 məhəlləsində yerləşən 500 kvm həyətyanı torpaq sahəsinə onun mülkiyyət hüququ üzrə sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilərək tanınması, torpaq sahəsinə onun adına mülkiyyət sənədinin verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 8.Məhkəmə iclasında maraqlı tərəf Maraqlı şəxs1 bildirmişdir ki, o, 2011-ci ildə Şabran şəhərinin 44 məhəlləsində yerləşən və Şabran bələdiyyəsinin qərarı ilə ona satılmış 500 kvm həyətyanı torpaq sahəsini satmaq istəmiş, Ərizəçi ilə danışıb razılığa gəlməklə həmin torpaq sahəsini satmış, həmin vaxtdan da torpaq sahəsi ərizəçinin istifadəsindədir. Lakin torpaq sahəsinin mülkiyyət sənədi olmadığından ərizəçi öz adına torpaq sahəsini rəsmiləşdirə bilmir. Ona görə də Şabran bələdiyyəsinin 29 aprel 2011-ci il tarixli 04 saylı qərarı ilə satılmış və şəhərin 44 məhəlləsində yerləşən 500 kvm həyətyanı torpaq sahəsinə Ərizəçi mülkiyyət hüququnun tanınmasına etiraz etmir. 9.Şabran Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(031)-215/2015 nömrəli qətnaməsi ilə ərizənin təmin edilməsi, Maraqlı şəxs1 Şabran bələdiyyəsinin 29 aprel 2011ci il tarixli 04 saylı qərarı ilə satılmış və şəhərin 44 məhəlləsində yerləşən 500 kv.m həyəti olan torpaq sahəsində Ərizəçi mülkiyyət hüququ üzrə sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən olunması, torpaq sahəsinə Ərizəçi Qulamnhüseyn oğlunun adına mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarışın verilməsi qət edilmişdir (hakim Teymur Qurbanov). 10.Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 19-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3, 178.1, 152.1, 152.4-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 307.1, 307.2.6, 309.2, 14.2, 77.1, 78.1, 88, 106.1, 217-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri 11.“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 5 saylı Xaçmaz Ərazi İdarəsi apellyasiya şikayəti verərək Şabran Rayon Məhkəməsinin 23 fevral 2015-ci il tarixli, 2(031)-215/2015 saylı qətnaməsi ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 12.İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qətnaməsi ilə razı deyil və hesab edir ki, məhkəmə tərəfindən sübutlara tam, obyektiv və hərtərəfli qiymət verilməmiş, işin halları düzgün araşdırılmamış, hüquq normaları işin hallarına düzgün tətbiq edilməmişdir ki, nəticədə maddi və prosessual hüquq normaların tələbləri pozulmaqla işin faktiki hallarına uyğun gəlməyən qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Belə ki, qətnamədə göstərilən torpaq sahəsi üzərində X1 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamışdır. Belə olan halda, satıcı tərəf daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına alınmadığından həmin daşınmaz əmlaka dair sərəncam verə bilməzdi və daşınmaz əmlak alqı-satqı predmeti ola bilməzdi. Bununla da torpaq sahəsinin yerləşdiyi yer sənəd üzrə məlum deyildir. Həmin torpaq sahəsinin kateqoriyası, yüksək gərginlikli elektrik və digər komunikasiya xəttlərin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməsi mümkün deyildir. 13.İlk növbədə mübahisənin ümumi və ya inzibati-iqtisadi məhkəməyə aidiyyatı, o çümlədən ərazi aidiyyatı müəyyən edilməli və bundan sonra iddiaçının iddia tələblərinə səlahiyyətli məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırma aparılmaqla, hüquqi qiymət verilməlidir. Qətnamə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2 və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1, 2.2.1-2.2.4-cü maddələrinin tələblərinə zidd olaraq məhkəmə və ərazi aidiyyəti qaydalarının pozulması ilə qəbul edilmişdir. 14.Məhkəmə mübahisəni həll etməzdən əvvəl daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınıb-alınmasını, özgəninkiləşdirilməsini, həbsdə olub-olmamasını və bununlada qətnamənin gələcəkdə icrasının mümkünlüyünü araşdırmamışdır. Qətnamədə göstərilən torpaq sahəsinin yerləşdiyi yer dəqiq məlum deyildir və ərazinin hansı hissəsində yerləşdiyinə dair sənəd, sxemə istinad edilməmişdir. Həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üstüstə düşübdüşməməsi məhkəmə tərəfindən müəyyən edilməmişdir. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri 15.Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları 16.Məhkəmə iclasında apellyasiya şikayəti üzrə maraqlı şəxs Ərizəçi nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında apellyasiya şikayətinin təmin edilməməsini birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 17.Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq apellyasiya şikayəti verən şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4 nümayəndəsi və Maraqlı şəxs1 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. 18.İş üzrə maraqlı şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. 19.Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 20.Maddə 62. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 21.Maddə 2.2. Mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir. 22.Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. 23.Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. 24.Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 25.Maddə 307.2.6. Məhkəmə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə işlərə baxır. 26.Maddə 384.0.5. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8— 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. 27.Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 28.Maddə 402.2.4. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadından kassasiya şikayəti verilə bilər. 29.“Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarının 7-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. 30.Həmin qərarın 7.1-ci bəndinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktını müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıb-alınmadığı aydınlaşdırılmalıdır. 31.Özbaşına tikililər, istismara qəbul edilməmiş tikililər, qurğular, eləcə də başqasının adına qeydə alınmış tikililər üzərində sahiblik faktının, həmçinin avtonəqliyyat vasitələri və digər daşınar əmlak üzərində sahiblik, istifadə, sərəncam faktının müəyyən edilməsi barədə ərizələrə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxıla bilməz. Belə tələblərə məhkəmələr tərəfindən iddia icraatı qaydasında baxılmalıdır. Apellyasiya baxışının hədləri 32.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 33.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 34.Apellyasiya şikayətindən görünür ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4 5 saylı Xaçmaz Ərazi İdarəsi Şabran Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(031)-215/2015 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirmişdir. 35.Ona görə də kollegiya Şabran Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(031)-215/2015 nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 36.Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şabran Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(031)-215/2015 nömrəli qətnaməsi ləğv edilməli, ərizəyə məhkəmədə baxılmalı olmadığından, iş üzrə icraata xitam verilməlidir. 37.Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarının 7-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. 38.Həmin qərarın 7.1-ci bəndinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktını müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıb-alınmadığı aydınlaşdırılmalıdır. 39.Özbaşına tikililər, istismara qəbul edilməmiş tikililər, qurğular, eləcə də başqasının adına qeydə alınmış tikililər üzərində sahiblik faktının, həmçinin avtonəqliyyat vasitələri və digər daşınar əmlak üzərində sahiblik, istifadə, sərəncam faktının müəyyən edilməsi barədə ərizələrə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxıla bilməz. Belə tələblərə məhkəmələr tərəfindən iddia icraatı qaydasında baxılmalıdır. 40.Göründüyü kimi, hazırki iş üzrə ərizəçi torpaq sahəsinin mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmadığı halda birinci instansiya məhkəməsi mülki işə xüsusi icraat qaydasında baxaraq, ərizəni təmin etmiş, daşınmaz əmlaka, yəni torpağa sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktını müəyyən etmişdir. 41.Belə ki, AR MPM-nin 307.2.6-cı maddəsinə əsasən məhkəmə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə işlərə baxır. 42.Beləliklə, qeyd olunanları və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya hesab edir ki, hazırkı tələbə xüsusi icraat qaydasında baxıla bilməz. 43.Buna baxmayaraq, Şabran Rayon Məhkəməsi hazırki ərizəni icraatına qəbul etmiş və işə mahiyyəti üzrə baxmışdır. 44.Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şabran Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(031)-215/2015 nömrəli qətnaməsi ləğv edilməli, ərizəyə məhkəmədə baxılmalı olmadığından, iş üzrə icraata xitam verilməlidir. 45.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263-264, 384.0.5, 398-401 və 402.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(031)-215/2015 nömrəli qətnaməsi ləğv edilsin. Ərizəyə məhkəmədə baxılmalı olmadığından, iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verə bilər.
Məhkəmə qərarları › İş №2(3-8)-22/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-8)-22/2026
04.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver