Məhkəmə qərarları › İş №2(3-8)-271/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-271/2026

20.04.2026 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-271/2026 20.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı Hüseynova (Imanlı) Ilahə Laçın qızının cavabdeh Hüseynov Vadim Sakit oğluna qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə (özbaşına tikiliyə köçürmə) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), X2 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, cavabdeh Hüseynov Vadim Sakit oğlunun vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(060)- ****/**** nömrəli qətnaməsindən cavabdeh Hüseynov Vadim Sakit oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Işin halları

1. AZ-İ ****** saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və Hüseynov Vadim Sakit oğlu ##.##.2013-cü il tarixdə nikaha girmişlər. Nikahdan sonra arvada Hüseynova soyadı verilmişdir.

2. AZ-III 403659 və AZ-IV ****** saylı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahından ## ###### 2014-cü il tarixdə X5 və ## ###### 2018-ci il tarixdə X3 adlı uşaqlar anadan olmuşdur.

3. Kimyaçılar qəsəbəsi üzrə * saylı Məhəllə Komitəsinin təsdiq etdiyi ##.##.2025-ci il tarixli aktdan görünür ki, X6 övladları və əri ilə birlikdə ##.##.2021-ci il tarixdən ##.##.2024-cü il tarixədək ünvan 1 ünvanda yaşamışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı X6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun övladları ## ###### 2014-cü il təvəllüdlü X5 və ## ###### 2018-ci il təvəllüdlü X3 ilə birlikdə ünvan 1 ünvanına köçürülərək oradan istifadə hüququnun tanınması və ödədiyi 100 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Hüseynov Vadim Sakit oğlu ilə ## ####### 2013-cü il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahdan ## ###### 2014-cü il tarixdə X5 və ## ###### 2018-ci il tarixdə X3 adlı uşaqlar anadan olmuşdur. Nikaha daxil olarkən onların münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. O, üç aydan çoxdur ki, ata evinə çıxıb getmişdir. Hal-hazırda cehiz əmlakları cavabdehin yaşadığı evdədir. Cavabdehlə ailə münasibətləri baş tutmadığından nikahın pozulması və aliment tələbi üçün Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Dəfələrlə ailənin dağılmaması üçün dözsə də, son vaxtlar cavabdeh dözülməz olduğundan məcburiyyət qarşısında qalaraq valideynlərinin yanına qayıtmalı olmuşdur. Ailə qurduqdan sonra bir müddət cavabdehin ata evində yaşamış, sonra isə həmin evi sataraq ünvan 1 ünvanda, birgə nikaha dövründə 140 kv.metrdən ibarət ev almışlar. Həmin evə köçüb orada yaşamağa başlamışlar. Bu evin təmirində, evə əşyaların alınmasında onun atası da iştirak edib. Cavabdeh ona və iki övladına orada yaşamağa imkan vermir, onun isə başqa yaşayış yeri yoxdur. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır.

6. Cavabdeh Hüseynov Vadim Sakit oğlu etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Etiraz onunla əsaslandırılmışdır ki, tərəflər ailə həyatı qurduqdan sonra bir müddət cavabdehin ata evində yaşamışlar, sonra isə həmin evi sataraq ünvan 1 ünvanda birgə nikaha dövründə 140 kv.metrdən ibarət ev alınıb. Bu ev sənədsizdir və birgə nikah dövründə alınsa da, tərəflərin ümumi birgə gəlirləri hesabına alınmamışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- ***/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsi ilə X6 ilə Hüseynov Vadim Sakit oğlu arasında ## ####### 2013-cü il tarixdə *** saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. Tərəflər arasında nikah 2013-cü ildə bağlandığından onların mənzillə bağlı münasibətləri 2009-cu ilin # ####### tarixdən qüvvəyə minmiş Mənzil Məcəlləsinin normaları (30-cu maddəsi) tətbiq edilməklə həll olunmalıdır.

8. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim E.Kazımov) iddia tələbi qismən təmin edilmiş, iddiaçı X6 övladları ## ###### 2014-cü il təvəllüdlü X5 və ## ###### 2018-ci il təvəllüdlü X3 ilə birlikdə ünvan 1 ünvanına köçürülmələri və ödənilmiş 100 (50+50) manat dövlət rüsumunun əvəzinin cavabdeh Hüseynov Vadim Sakit oğlundan alınaraq iddiaçı X6 ödənilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, araşdırma zamanı müəyyən edildi ki, tərəflər ##.##.2013-cü il tarixdə nikaha girmişlər və onların bu nikahdan ## ###### 2014-cü il tarixdə X5 və ## ###### 2018-ci il tarixdə X3 adlı uşaqları anadan olmuşdur. Hər iki tərəfin izahatından (cavabdehin etirazından) görünür ki, onlar bir müddət mübahisəli evdə birlikdə yaşamışlar və nikah artıq məhkəmə qaydasında pozulmuşdur. Eyni zamanda mübahisəli yaşayış sahəsinin sənədsiz, yəni qanunsuz tikili olması işin mübahisəsiz halıdır. Işin hallarından görünür ki, sözü gedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə hər hansı şəxsə məxsus olmamış, lazimi icazələr almadan həmin torpaq sahəsinin üzərində fərdi yaşayış evi tikilmişdir. Buna baxmayaraq, Cavabdeh qeyd edilən əmlaka sərəncam vermək hüququ olmasa da, o, həmin əmlaka faktiki olaraq sahiblik edərək ailə üzvləri ilə birlikdə birgə təsərrüfat aparmışdır. Başqa sözlə, həmin dövrdə İ.L.Hüseynova qeyd edilən fərdi yaşayış evinə ərinin mülkiyyətçi hüquqları ilə yanaşaraq onunla birlikdə birgə idarəetməni həyata keçirmişdir. Cavabdeh özünün sahibliyində və faktiki istifadəsində olan fərdi yaşayış evində iddiaçının və uşaqlarının yaşamasına maneçilik yaradaraq onun mənzildə əvvəlki kimi yaşamasına icazə vermir. Məhkəmə qeyd edir ki, mübahisəli tikilinin hüquq müəyyənedici sənədləri olmasa da, yaşayış üçün yararlı hesab edildiyindən hər iki tərəfin bu tikilidə yaşaması onların nikahda olarkən qəbul etdikləri mövcud faktiki vəziyyətə uyğundur. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı uşaqları ilə bilrikdə həmin tikiliyə köçürülməlidir.

10. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 157.8, 164.1, 165.1, 180.1, 180.2, 180.3, maddələrinə və Azərbacan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən cavabdeh Hüseynov Vadim Sakit oğlu apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(060)- ****/**** nömrəli qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. Iddia ərizəsində də qeyd olunduğu kimi, tərəflər ailə həyatı qurduqdan sonra bir müddət cavabdehin ata evində yaşayıblar, sonra isə həmin evi sataraq ünvan 1 ünvanda birgə nikaha dövründə 140 kv.m.ibarət ev alınıb. Qeyd edir ki, ünvan 1 ünvanda yerləşən ev sənədsiz evdir. Bu ev birgə nikah dövründə alınsa da, tərəflərin ümumi birgə gəlirləri hesabına alınmayıbdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə X6 ilə Hüseynov Vadim Sakit oğlu arasında ## ####### 2013-cü il tarixdə *** №-li akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. Tərəflər arasında nikah 2013-cü ildə bağlandığından onların mənzillə bağlı münasibətləri 2009-cu ilin # ####### tarixindən qüvvəyə minmiş mənzil məcəlləsinin tələbləri əsasında nizama salınmalıdır. Məhkəmə isə işin faktiki hallarını nəzərə almadan iddia tələbini qismən təmin etmişdir. Göründüyü kimi, tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Ailə daxili münasiblət pozulduğu halda tərəflərin eyni evdə yaşaması absurddur. Hesab edir ki, məhkəmə bu halların heç birini nəzərə almadan qətnamə çıxarmışdır. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 13.Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdeh Hüseynov Vadim Sakit oğlunun vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddia tələbini qismən təmin edən məhkəmə qətnamədə qeyd etmişdir ki, mənzilə istifadə hüququnun tanınmasından söhbət gedə bilməz, lakin iddiaçının mənzilə köçürülməsini təmin etmişdir. Işə baxan məhkəmə tərəflərin boşanmasını, bu halda, iddiaçının həmin ünvana necə köçüb yaşaya biləcəyini nəzərə almayıb. Belə ki, tərəflər ## ####### 2013cü il tarixdə nikaha daxil olublar, nikaha daxil olarkən iddiaçı cavabdehin atasına məxsus evə gəlin köçüb, bir müddət orada yaşadıqdan sonra həmin ev satılıb və mübahisəsi gedən ev alınıb. Yəni sözügedən ev tərəflərin birgə nikahı dövründə birgə gəlirləri hesabına alınmayıb, hər iki tərəf işin hallarında bu halı göstərib. Sonradan isə tərəflər boşanıb. Iddiaçı Bakı şəhəri Səbail Rayon Məhkəməsində də cavabdehə qarşı cehiz əmlak tələbi ilə bağlı iddia qaldırmış, sonradan isə məhkəməyə getmədiklərindən iddia ərizəsi baxılmamış saxlanılmışdır. Tərəflərin ailə münasibətlərinə xitam verilib, iddiaçı evdən könüllü gedib. Hazırkı vaxtda həm tərəflərin birgə yaşamaları mümkün deyil, həm də hüquqi baxımdan, hazırkı mübahisəyə ## ####### 2009-cu il tarixdən qüvvəyə minmiş Mənzil Məcəlləsinin müddəaları şamil olunmalı idi. Hazırkı halda mübahisəli ünvana iddiaçının köçürülməsindən söhbət gedə bilməz. Yalnız müəyyən diqqətəlayiq halları, uşağın bağçaya, məktəbə getməsi kimi halları nəzərə alıb müəyyən müddətə saxlanması ilə əlaqədar 2-3 il möhlət verilə bilərdi. Iddiaçının heç 3 il həmin yerə köçüb yaşaması halı da yoxdur. O, könüllü şəkildə mübahisəli evi tərk edib. Qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə qanunsuz və əsassızdır. Ona görə də cavabdehin nümayəndəsi və vəkili Nümayəndə sonda apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunaraq iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

15. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı Ilahə Hüseynovaya lazımı qaydada və vaxtında məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

16. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”.

18. AR Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 179.3. Əmlaka öz əmlakı kimi sahiblik edən şəxs əldə etmə müddəti ilə əlaqədar daşınmaz əmlaka mülkiyyət hüququnu əldə edənə qədər öz sahibliyini əmlakın mülkiyyətçisi olmayan və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş digər əsasa görə ona sahiblik hüquqları olmayan üçüncü şəxslərdən müdafiə etmək hüququna malikdir. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək- onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

19.AR Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 372.2. Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri 20.Apellyasiya şikayətindən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. 21.Ona görə də, kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin olunan hissəsində yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan birinci instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.

24. Iddia tələbi qeydiyyata alınmamış yaşayış evinə köçürülmə barədədir.

25. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

26. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Ikinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib etməməsi məsələləri araşdırılmalıdır

27. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MIÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bu baxımdan iddiaçı mübahisəli yaşayış evi ilə bağlı onun hüquqlarının olmasına dair sübutu təqdim etməlidir.

28. Işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, mübahisəsi gedən yaşayış evi hazırda dövlət qeydiyyatından keçməsə də, tərəflərin birgə nikah dövründə əldə olunmuş və iddiaçı azyaşlı uşaqları ilə birlikdə sözügedən yaşayış evində, münasibətlər pisləşənə qədər daimi olaraq yaşamış, həmçinin onun cehiz əmlakları da həmin fərdi yaşayış evindədir.

29. Kollegiya belə qənaətə gəlir ki, iddiaçı əvvəldən sözügedən yaşayış sahəsinin sаkini olmuş, daimi olaraq həmin evdə yaşamaqla təsərrüfat idarə etmişlər. Lakin son vaxtlar cavabdehin müdaxiləsi ilə rastlaşdıqlarından, onun orada yaşaması və evə daxil olmlası qeyri-mümkün hala çevrilmişdir.

30. Qeyd olunmalıdır ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 13.1-13.2-ci maddələrinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

31. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.

32. Mülki Məcəllənin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

33. Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır.

34. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

35. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Cavabdehlər qeyd olunan qadağanedici normanı pozmuşlar, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır. Əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi evə köçürülməlidir. Mübahisəsi gedən evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur.

36. Belə ki, həmin ev faktiki olaraq mövcuddur və cavabdehlər tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da azyaşlı uşağı ilə birlikdə həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçının evə köçürülməsindən evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehlərə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər.

37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən apellyasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Hüseynov Vadim Sakit oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.( elektron kabinet və vəkil vasitəsilə) Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar