Məhkəmə qərarları › İş №2(3-8)-276/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-276/2026

19.05.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-276/2026 19.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı X2 oğlunun cavabdeh Cavabdeh qarşı çəkilmiş xərcin geri alınması tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X3 ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, iddiaçı X2 oğlunun, cavabdeh Cavabdeh, iddiaçının nümayəndəsi vəkil vəkil2 iştirakı ilə, Iddiaçı X2 oğlunun cavabdeh Cavabdeh qarşı çəkilmiş xərcin geri alınması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı X2 oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. Işin halları Birinci instansiya məhkəməsində icraat

1. Iddiaçı X2 oğlu cavabdeh Cavabdeh qarşı çəkilmiş xərcin geri alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən **-* nömrəli mənzilin təmir olunmasına iddiaçı tərəfindən çəkilmiş 28299 manat pul vəsaitinin cavabdeh Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir.

2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X2 oğlu 2021-ci il tarixində cavabdeh Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən **-* nömrəli mənzili sıfırdan təmir etmişdir. ünvan 1 ünvanında yerləşən **-* nömrəli mənzilin təmir olunmasına ümumilikdə 28299 manat məbləğində pul vəsaiti xərcləmişdir. Belə ki, suvaq, pol və s. bütün təmir işləri iddiaçı tərəfindən yüksək səviyyədə edilmişdir. Çünki qızı X1 mənzilə gəlin köçəcəkdi. Cavabdeh Cavabdeh ilə aralarında olan razılaşmaya əsasən, həmin mənzil iddiaçı tərəfindən təmir ediləcək və daha sonra mənzil qızı X1 adına sənədləşdiriləcəkdi. Əks halda çəkilmiş xərclər cavabdeh tərəfindən iddiaçıya geri qaytarılacaqdı. Lakin, hazırda qızını həmin evə buraxmırlar və evin qıfılını da dəyişiblər. Həmçinin, qızının cehizlərinin sözügedən mənzildən çıxarılmasını tələb edirlər. Bu səbəbdən də, ünvan 1 ünvanında yerləşən **-* nömrəli mənzilin təmir olunmasına tərəfindən çəkilmiş 28299 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Həxiyeva) iddiaçı X2 oğlunun cavabdeh Cavabdeh qarşı çəkilmiş xərcin geri alınması tələbinə dair iddiasının rədd edilməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi, “xxxx” MMC tərəfindən aparılmış ekspertiza rəyinin haqqı olan 300 (üç yüz) manat məbləğində pul iddiaçı X2 oğlundan tutularaq “xxxx” MMC-nin “xxxx” ASC “Mərkəz” filialı, Kod 200026, Müxbir hesab AZ37NABZ01350100000000001944, VÖEN N, H/Hesab AZ74AIIB400600F9443401807112, S.W.İ.F.T. AIIBAZ2XXXX hesabına köçürülməsi qət edilmişdir.

4. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi barədə gəldiyi nəticəni iddiaçı ilə cavabdeh arasında təmir xərclərinin geri qaytarılması ilə bağlı yazılı və ya şifahi razılaşmanın olmaması, iddiaçı tərəfindən təqdim edilən sübutlar təmir xərclərinin borc və ya öhdəlik xarakteri daşıdığını təsdiq etməməsi, təmir işlərinin iddiaçı tərəfindən könüllü şəkildə, ailə münasibətləri çərçivəsində həyata keçirilməsi ilə əsaslandırmış, gəldiyi nəticənin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 673.1, 1091, 1092.1, maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

5. Iddiaçı X2 oğlu Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki hallarından aydın görünür ki, ünvan 1 ünvanında yerləşən ** saylı mənzili o təmir etdirmiş, bunu məhkəmədə dindirilmiş şahidlər və hətta cavabdehin nümayəndəsi əri və oğlu da etiraf etmiş, deməli bu hal işin mübahisəsiz halı olmuş, mübahisə yalnız məbləğlə bağlı olmuşdur. Belə ki, o iddia edir ki, 28299 manat xərc çəkilib, ekspert müəyyən edib ki, evə çəkilən xərc 21915 manat olub, cavabdeh isə bu xərcin 17841 manat olmasını bildirib. Bundan əlavə cavabdehin bildirməsinə görə həmin 17841 manat çəkilən xərcdən 10000 manat guya ki cavabdehin əri iddiaçıya nağd şəkildə verib, lakin buna dair heç bir sübut məhkəməyə təqdim edə bilmir. Qeyd olunan hallar onu göstərir ki, bu mənzilin təmirinə çəkilmiş xərcin məhz iddiaçı tərəfindən qızının həmin evə köçməsi və gələcəkdə qızının adına rəsmiləşdirilməsi şərti ilə baş tutmasına dair tərəflər arasında razılıq olmuş və bu verilən izahatlardan görünür ki, işin mübahisəsiz halıdır. Tərəflər yalnız nə qədər xərc çəkilməsini mübahisələndirirlər. Lakin buna baxmayaraq məhkəmə bu xüsusatlara qiymət verməmişdir. Məhkəmənin iddianı rədd etməkdə əsası odur ki, guya iddiaçı pulu bağışlayıb və bağışlanan əşyanın geri qaytarılması üçün heç bir əsas yoxdur. Bundan əlavə məhkəmə, əsassız varlanma ilə bağlı maddi hüquq normalarının şərtlərini də işin hallarına düzgün tətbiq etməməklə belə qənaətə gəlib ki, cavabdeh bu əmlakın iddiaçının hesabına əldə etsə də qanundan və ya müqavilədən irəli gələn heç bir şərt yoxdur. (Qətnamənin 23-24 bənd) Lakin işin faktiki halları və məhkəmənin özünün müəyyən etdiyi hallar onu göstərir ki, iddiaçı ilə cavabdeh arasında şifahi razılaşma olmuşdur ki, onların övladları evlənəcək, cavabdeh təmirsiz ev, iddiaçı isə həmin evi təmir etdirərək iddiaçının qızının adına rəsmiləşdirəcəkdir. Bundan əlavə məhkəmənin bağışlama ilə bağlı mövqeyi isə ümumiyyətlə işin faktiki hallarına uyğun gəlmir. Qeyd olunanlar onu göstərir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, tətbiq etdiyi maddi hüquq normalarını isə düzgün təsvir etməyərək işin faktiki halları ilə bir araya sığmayan əsaslandırma aparmışdır. Bu da onu göstərir ki, ədalətli məhkəmə araşdırması aparmamış və bununla da birinci instansiya məhkəməsi ədalətli araşdırma ilə bağlı onun Konstitusion hüququnu pozmuşdur. Maddi hüquq normasının tələbinə əsasən onun iddiaçı Sərvər Məmmədovun cavabdeh Cavabdeh pulunu tələb etmək hüququ var. Məhkəmə isə işin hallarına düzgün olaraq tətbiq etməli maddi hüquq normalarının tələblərini tətbiq etməmiş, işə aidiyyatı olmayan bağışlama ilə bağlı normanın tələblərini tətbiq etməklə və 1091 maddəsinin ilə müəyyən edilmiş hüquq normasını düzgün təsvir etməmiş, işin faktiki hallarına düzgün tətbiq etməmişdir. Işin hallarından görünür ki, onun qızıyla cavabdehin oğlu ailə həyatı qurmuş və onların yaşamaları üçün onlar valideyn olaraq yaşayış yeri düzəltmək üçün səylərini birləşdirmək barədə razılıq əldə etmişlər. Bu zaman cavabdeh təmirsiz ev təqdim etmiş, o isə həmin evi əla təmir etdirmək barədə və bunun xərclərinin çəkilməsi, ev hazır olandan və övladlarının həmin evə köçüb yaşadıqdan sonra evi onun qızının adına sənədləşdirilməsi barədə razılıq əldə etmişlər. Onlar aralarında olan bu razılaşma məhkəmə iclasında verilən izahatlar ilə də təsdiq olunur. Lakin cavabdeh ev hazır olandan sonra bu razılığa əməl etməmiş, evin açarlarını dəyişmiş və faktiki onun pulunu mənimsəmişdir. Qızıyla da nikah pozulmuşdur. Lakin məhkəmə maddi hüquq normasının tələbini işin hallarına ümumiyyətlə tətbiq etməmişdir. Bu da həmin qətnamənin ləğv olunması üçün əsaslardan biridir. Birinci instansiya məhkəməsinin işin hallarına maddi hüquq normasının tələblərini düzgün tətbiq etməməsini sübut edən hallardan biri də odur ki, məhkəmə öhdəliyin anlayışına uyğun gəlməyən mövqe tutur. Işin hallarından aydın şəkildə görünür ki, onun maliyyə vəsaiti hesabına dəyəri artırılmış mənzilə çəkilmiş xərcləri tələb etməkdə o haqlı olmuşdur. Hətta haqlı olmağını cavabdehin nümayəndəsi də etiraf etmiş, lakin məbləğlə bağlı aralarında mübahisə olmuşdur. Buna baxmayaraq məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmiş və prosesual normaların tələblərini pozmaqla qanunsuz və əsassız olaraq iddianın rədd edilməsi haqqında qətnamə qəbul etmişdir. Qeyd olunanlardan da aydın görünür ki, maddi hüquq normasının tələbləri işin faktiki hallarına düzgün tətbiq edilməmişdir. Hörmətli məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmənin müəyyən etdiyi faktlardan görünür ki, məhkəmə işdə olan sübutlara və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə, mübahisəli hüquq münasibətlərinin yaranması zamanı qüvvədə olmuş maddi hüquq normalarını işə tətbiq etməmiş, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmişdir. Bununla da MPM-nin 9cu maddəsinin tələblərini pozmuşdur. Hesab edir ki, qanunun bu tələbinə əməl olunmamışdır. Belə ki, ədalət mühakiməsi faktlar əsasında həyata keçirilməmişdir. Işin hallarından, yazılı sübutlardan və tərəflərin verdiyi izahatlarla müəyyən olunur ki, cavabdehlə onun arasında olan razılaşmaya əsasən evin təmir olunması, bundan sonra evin qızının adına rəsmiləşdirilməsinə dair üzərinə öhdəlik götürməsi, onun tərəfindən öhdəliyi yerinə yetirilsə də cavabdeh tərəfindən üzərinə düşən öhdəliyin yerinə yetirilməməsi işin mübahisəsiz halıdır. Bundan əlavə cavabdehin ona 8000 manat pul təklif etməsini və etirafinı da nəzərə almamışdır. Hesab edir ki, məhkəmə işdə olan sübutlara və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə, mübahisəli hüquq münasibətlərinin yaranması zamanı qüvvədə olmuş maddi hüquq normalarını işə tətbiq etməmiş, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmişdir. O, cavabdehin ona borcu olmasını sübut edir, buna dair cavabdehin özünün də etirafı var. Lakin mübahisə pulun məbləği ilə bağlıdır. Təqdim etdiyi sübutlar o dərəcədə haqlı olduğunu açıq aşkar göstərir ki, hətta cavabdeh də bunu etiraf etmişdir. Bu zaman da cavabdeh öz etirazının dəlili kimi istinad etdiyi halları məhkəmədə sübut etməlidir, lakin bunu edə bilmir, çünki cavabdehin bildirdikləri həqiqətə uyğun deyil. Məhkəmə onun təqdim etdiyi yazılı sənədləri, qəbzləri, şahid ifadələrini, cavabdehin özünün 8000 manatı etiraf etməsini nəzərə almadan, formal mülahizələrlə iddia tələbini rədd edir. Görünən odur ki, məhkəmə işə qərəzli yanaşıb və sübutlara düzgün qiymət verməyib, sübutetmə vəzifəsinin bölüşdürülməsi ilə bağlı prosesual hüquq normasının tələblərini pozub. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan hallar araşdırılmamışdır.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

8. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçı X2 oğlu apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.

9. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi vəkil vəkil2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.

Tətbiq edilən hüquq

11. Mülki Məcəllə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır..

12. Mülki Prosessual Məcəllə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

13. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

14. Məhkəmə kollegiyası iş materiallanı araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbinin qismən təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir.

15. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi barədə gəldiyi nəticəni iddiaçı ilə cavabdeh arasında təmir xərclərinin geri qaytarılması ilə bağlı yazılı və ya şifahi razılaşmanın olmaması, iddiaçı tərəfindən təqdim edilən sübutlar təmir xərclərinin borc və ya öhdəlik xarakteri daşıdığını təsdiq etməməsi, təmir işlərinin iddiaçı tərəfindən könüllü şəkildə, ailə münasibətləri çərçivəsində həyata keçirilməsi ilə əsaslandırmış, gəldiyi nəticənin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 673.1, 1091, 1092.1, maddələrinə istinad etmişdir.

16. Iddiaçı Sərvər Məmmədov bu nəticə ilə razılaşmayaraq qətnaməni apellyasiya qaydasında mübahisələndirərək onun ləğv edilməsini xahiş etmişdir.

17. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirilən halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddianın qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia təmin edilir, uzlaşmırsa (yaxud cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) rədd edilir.

18. Iddiaçının qızı Aişə Məmmədova ilə cavabdehin oğlu Fuad Qüdrətlinin nikaha daxil olmaları, sonradan onların bu ailə münasibətlərinin məhkəmə aktı ilə pozulması, mübahisəli mənzilin cavabdehin mülkiyyətində olması və həmin mənzildə 2021-ci ildə təmir işlərinin iddiaçı tərəfindən aparılması işin mübahisəsiz halıdır.

19. Iddiaçı qızı Aişə Məmmədova ilə cavabdehin oğlu Fuad Qüdrətlinin ailə qurması ilə bağlı onların yaşayış yerini təmin etmək üçün valideyn olaraq səylərini birləşdirmək qərarına gələrək cavabdeh tərəfindən alınmış təmirsiz mənzilin onun vəsaiti hesabına təmir edildiyini, lakin sonradan qızı Aişə ilə cavabdehin oğlu Fuad arasındakı ailə münasibətlərinin pozulduğundan açarları dəyişərək qızının mənzilə buraxılmadığını, hətta cehiz əşyalarının belə mənzildən çıxarılmasını tələb etdiklərini əsas gətirərək iddianın təmin edilməsini, cavabdehə isə gənc ailənin daha yaxşı şəraitdə yaşamalarını təmin etmək üçün mənzili təmir etdirdiklərini və təmir xərcinin iddiaçı tərəfindən gənc ailəyə hədiyyə olaraq verildiyini, bu xərcin 17841 manat olduğunu və həmin məbləğin 10.000 manat vəsaitini iddiaçıya əri Ədalət Novruzov tərəfindən verildiyini bildirərək iddiaya etiraz etmişdir.

20. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, tərəflərin faktiki münasibətləri fonunda aparılmış təmir işlərinə sərf olunan vəsaitin bağışlama mahiyyətində olub-olmadığının araşdırılması işin düzgün həlli üçün əhəmiyyət kəsb edir.

21. Mülki Məcəllənin 666.1, 666.2-ci maddələrinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər.

22. Qeyd olunmalıdır ki, ümumi prinsipə əsasən borclu olmadığını bilərək pul və ya hər hansı əmlak verən bir şəxsin bağışlama düşüncəsi ilə hərəkət etdiyi qəbul edilir (qui sciens solvit indebitum, donandi consilio id videtur fecisse). Bu prezumpsiya nəzərə alındıqda, onun əksini (verilənlərin bağışlama olmadığını) iddia edən tərəf öz iddiasını sübuta yetirməyə borcludur. Baxılan işdə iddiaçı, sözügedən pul vəsaitini cavabdehə və ya üçüncü şəxs(lər)ə bağışlama düşüncəsi ilə vermədiyinə istinad edirsə, həmin halı sübut etmək yükünü də özü daşıyır.

23. Məhkəmə kollegiyası işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından hesab edir ki, iddiaçının mənzilin təmirinə sərf etdiyi pulu qızı və ya onun gənc ailəsinə, yaxud cavabdehə (onun oğluna) hədiyyə kimi verdiyi, təmirə pul xərcləyərkən bağışlama düşüncəsi ilə hərəkət etdiyi müəyyən olunmur. Belə ki, iddiaçı pulu məhz konkret məqsəd, yəni cavabdehə aid mənzilin təmiri üçün vermiş, bu zaman qızı və ya onun ailəsini zənginləşdirmək deyil, onların ayrıca mənzildə və daha yaxşı şəraitdə yaşamasını təmin etmək düşüncəsi ilə hərəkət etmişdir. Iddiaçının öz vəsaiti ilə sözügedən mənzili təmir etdirərkən niyyəti və gözləntisi qızının ailəsi ilə birlikdə ailə həyatının sonrakı dövrünü təmirli və yaxşı şəraitli ayrıca mənzildə sıxıntı və çətinlik çəkmədən yaşamasıdır. Iddiaçı maddi imkanından asılı olmayaraq bir valideyn kimi qızının mənzil şəraitini yaxşılaşdırmağı özünə borc bilmiş və buna görə mənzilin təmir xərcini çəkməyi boynuna götürmüşdür. Mövcud vəziyyətdə iddiaçı pulu bağışlama niyyətilə deyil, məhz məcburiyyət qarşısında xərcləmə düşüncəsi ilə hərəkət etdiyi aşkardır.

24. Bu baxımdan məhkəmə kollegiyası cavabdehin bağışlamaya əsaslanan arqumentini keçərsiz hesab edir. Ona görə ki, Mülki Məcəllənin 666.1-ci maddəsi bağışlama əməliyyatı üçün hədiyyə niyyəti və bu barədə aydın iradə ifadəsini tələb edir. Lakin mövcud işdə iddiaçının belə niyyətinin olması öz təsdiqini tapmır. Əksinə, subutlar göstərir ki, iddiaçı xərci qızının yaşayış şəraitini təmin etmək məqsədilə, yəni fayda məqsədilə, lakin qarşılıqsız hədiyyə düşüncəsi olmadan çəkdiyindən, bu əməlin bağışlama kimi qiymətləndirməsinin maddi-hüquqi əsas yoxdur.

25. Odur ki, məhkəmə kollegiyası təmirə sərf olunan pulun iddiaçı tərəfindən gənc ailəyə məhz hədiyyə olaraq verilməsi barədə cavabdehin dəlilini əsassız və qəbulolunmaz hesab edir.

26. Həmçinin işin faktiki hallarından görünür ki, iddiaçı mənzilin təmirinə çəkdiyi xərc müqabilində nəticə etibarilə cavabdehi zənginləşdirmişdir. Beləki aşağı instansiya məhkəməsində cavabdehi təmsil edən vəkilinin, apellyasiya baxışında isə özünün qismən etirafedici izahatlarında mənzildə təmir işləri ilə bağlı tərəflər arasında razılaşmanın olduğu və təmir xərcinin maksimum 16.000-18000 manat təşkil etdiyi, həmin məbləğdən də 10000 manatının cavabdehin əri Ədalət Novruzov tərəfindən şəxsən iddiaçıya verdiyi bildirilsə də, MPM-nin 77.1-ci maddəsinə əsasən təmir xərcinin 18000 manat olması və həmin məbləğin 10000 manatının iddiaçıya verilməsini təsdiq edən tutarlı sübut məhkəməyə təqdim edilməmişdir. Əksinə aşağı instansiya məhkəməsində şahid qismində dindirilmiş ustalar (Elxan Əhmədov, Nəriman Bayramov, Nəriman Abdullayev, Ramil Cavadov, Islam Məmmədov ) ifadələrində 2021-ci ildə mübahisəli mənzildə təmir işlərinin aparılması üçün iddiaçı tərəfindən dəvət olunduqlarını və təmir xərclərinin məhz iddiaçının maliyyə vəsaiti hesabına həyata keçirildiyini, digər şahidlər Fuad Qüdrətli və Ədalət Novruzovda təmirin iddiaçı tərəfindən aparıldığını inkar etməsələrdə, təmirə 18000 manat xərcləndiyini, həmin məbləğin 8000 manatının iddiaçıya qaytarılmasına etirazlarının olmadıqlarını bildimişlər. Lakin hazırda cavabdehin oğlu ilə iddiaçının qızının ailə münasibətləri pozulması nəticəsində iddiaçının qızı Aişə az yaşlı uşaqları ilə birlikdə yaşadıqları mənzildən çıxmış, həmin vaxtdan təmirli və yaşayış üçün hazır vəziyyətdə olan mənzil cavabdehin öz sərəncamındadır.

27. Mülki Məcəllənin 1091.1, 1091.2, 1092.1-ci maddələrinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

28. Qeyd olunmalıdır ki, əsassız varlanma çərçivəsində tələbin haqlı sayılması üçün cavabdehin əmlak (o cümlədən mövcud əmlakın dəyərini artıran əlavə və yaxşılaşdırmalar) əldə etməsi, həmin əmlakı (əlavə və yaxşılaşdırmaları) iddiaçının hesabına əldə etməsi, bu əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması, yaxud bu cür varlanmanın həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənməsi məhkəmə tərəfindən müəyyən edilməlidir. Lakin qeyd olunan şərtlərin hər üçü eyni zamanda mövcud olmalıdır.

29. Odur ki, baxılan işdə ilk növbədə cavabdehin varlandığı, yəni bir iqtisadi dəyər əldə edərək əmlakının aktivini artırdığı müəyyən edilməlidir. Bu əlamət işin faktiki halları ilə öz təsdiqini tapır. Belə ki, sözügedən mənzil üzərində mülkiyyət hüququ cavabdehə məxsus olmaqla, cavabdehin ilkin təmirsiz vəziyyətdə aldığı mənzildə aparılmış təmir nəticəsində daşınmaz əmlak bazarında mənzilin hazırkı dəyəri əhəmiyyətli dərəcədə artmışdır. Bu da mənzilin təmiri hesabına onun dəyərinin əhəmiyyətli artımı mənzilin mülkiyyətçisi (sahibi) olan cavabdehin varlanması ilə nəticələnir.

30. Nəzərə alınmalıdır ki, cavabdehin əldə etdiyi əmlakı (onun dəyərinin artmış hissəsini) iddiaçının hesabına qazandığı sübuta yetirilmiş olsa belə, bu hallar iddianın əsassız varlanma normaları çərçivəsində təmin edilməsinə kifayət etmir. Bunun üçün növbəti dispozisya şərti əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması, yaxud belə əsasın sonradan aradan qalxması və ya əmlak verilərkən nəzərdə tutulan məqsədin hasil olmaması (həyata keçməməsi) müəyyən edilməlidir. Əgər əmlak qanunda nəzərdə tutulan hər hansı bir əsasla (məsələn, vərəsəlik üzrə, vurulmuş zərərin təzminatı olaraq və s.), yaxud tərəflər arasında bağlanmış müqavilə (bağışlama və s.) ilə əldə edilirsə, bu cür qazanma (varlanma) əsassız sayılmır, əsaslı hesab edilir. Əsası olan bir varlanma isə mülki hüquq sisteminin yol verdiyi qanuni əmlak artımıdır və bu qaydada varlanmış şəxs əmlakı ona vermiş şəxs qarşısında əldə etdiyi predmetləri və ya onun dəyərini geri qaytarmaq öhdəliyi daşımır.

31. Lakin işin hallarından görünür ki, hazırkı işdə qeyd edilən dispozisiya şərti də mövcuddur. Cavabdehin varlanması sonralar aradan qalxmış əsasa söykəndiyindən əsassız varlanma kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı cavabdehin mənzilinin təmirinə ona görə xərc çəkmişdir ki, onun qızı ilə cavabdehin oğlu nikahda olmuş, tərəflər arasında həmin nikaha əsaslanan qohumluq münasibəti mövcud olmuşdur. Bu əsasa görə iddiaçı cavabdehin mənzilinin təmirinə xərc çəkmiş və ümid etmişdir ki, onun qızı ailə həyatının sonrakı dövründə əri və uşaqları ilə birlikdə həmin mənzildə yaşayacaq, başqa sözlə, çəkdiyi xərcdən qızı, qızının əri və uşaqları faydalanacaqdır. Əgər bir necə ildən sonra qızının boşanaraq cavabdehə məxsus mənzildən çıxmalı olacağını qabaqcadan bilmiş olsa, təbii ki, həmin mənzilin təmirinə xərc çəkməzdi. Iddiaçının qızı ilə cavabdehin oğlu arasında nikahın pozulması iddiaçı tərəfindən cavabdehə məxsus mənzilin təmirinə xərc çəkilməsinin və bununla cavabdehin varlandırılmasının əsasını təşkil etmiş halın (səbəbin) sonradan aradan qalxmasına dəlalət edir. Eyni zamanda, iddiaçının qızı ilə cavabdehin oğlu arasında nikahın pozulması iddiaçı tərəfindən cavabdehə məxsus mənzilin təmirinə xərc çəkilərkən nəzərdə tutulan məqsədin hasil olmaması (həyata keçməməsi) kimi təzahür edir ki, bu da cavabdehin əsassız varlanması halını yaradır.

32. Həmçinin işin hallarının ədalət və vicdan prinsipləri baxımından qiymətləndirilməsi də iddianın təmin edilməsini şərtləndirir. Belə ki, Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, bu prinsip Mülki Məcəllənin ayrı-ayrı normalarında mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalarda nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

33. Mülki Məcəllənin 560.1 və 560.3-cü maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan suiistifadəyə səbəb olan bəzi hallar sadalanmışdır.

34. Qeyd olunmalıdır ki, mülki hüquq münasibətlərinin məqsədi tərəflərin hüquqlarının balansını və ədalətli bərabərliyini təmin etməkdir. Iddiaçının vəsaiti hesabına təmir olunan mənzildən qızının və nəvələrinin bir müddət istifadə etməsi, lakin nəticədə mənzilin dəyərinin qalıcı şəkildə cavabdehin sərəncamına keçməsi, ədalət və vicdan prinsiplərinə zidd olaraq bir tərəfin əsassız zənginləşməsinə gətirib çıxarır.

35. Bu baxımdan məhkəmə kollegiyası əsassız varlanma çərçivəsində iddiaçının tələbini haqlı hesab edərək qeyd edir ki, aşağı instansiya məhkəməsi iddianı rədd etməklə səhv nəticəyə gəlmiş və nəticədə düzgün olmayan məhkəmə aktının qəbul edilməsinə səbəb olmuşdur.

36. Aşağı instansiya məhkəməsində icraat zamanı “xxxx” MMC tərəfindən verilmiş AS **- ***/** saylı, ##.##.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən ünvan 1 ünvanında yerləşən **-* nömrəli mənzilin təmirinə çəkilmiş xərcin ümumi məbləği 2021-ci il tarixə 28013 manat müəyyən edidiyi halda, cavabdehin sifarişi ilə keçirilmiş “xxxx” MMC tərəfindən verilmiş № **/**-344/25 saylı, ##.##.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən ünvan 1 ünvanında yerləşən **-* nömrəli mənzilin təmirinə çəkilmiş xərcin ümumi məbləği 2021-ci il tarixə 21915,3 manat təşkil etmişdir.

37. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

38. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2006-cı il tarixli qərarı).

40. Məhkəmə kollegiyası sözügedən mənzildə yerinə yetirilmiş tikinti-təmir işlərinin 2021ci il orta bazar qiymətlərinə uyğunluğuna dair hər iki mütəxəssis rəylərini müqayisəli təhlil edərək hesab edir ki, mənzilin təmiri üçün “xxxx” MMC tərəfindən verilmiş mütəxəssis rəyindəki məbləğ, “xxxx” MMC tərəfindən verilmiş mütəxəssis rəyində göstərilən məbləğdən daha inandırıcı və ağlabatan olduğundan, ünvan 1 ünvanında yerləşən **-* nömrəli mənzilin təmir olunmasına çəkilmiş xərcin 21915,3 manat olması məqsədəuyğundur.

41. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Cavabdeh 21915,3 (iyirmi bir min doqquz yüz on beş) manat 30 (otuz) qəpik məbləğində pul tutularaq iddiaçı X2 oğluna verilməlidir.

42. Iddia müddətinin tətbiqi barədə cavabdehin ərizəsinə gəldikdə isə qeyd olunmalıdır ki, Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.

43. Işdə görünür ki, iddiaçı cavabdehə məxsus mənzilin təmirinə çəkdiyi xərcin əvəzini tələb etmək üçün buna hüququ yarandığı vaxtdan qısa müddət ərzində (qızı Aişə ilə cavabdehin oğlu Fuad arasında nikah 2025-ci ildə qətnamə ilə pozulmuş) məhkəmədə iddia qaldırmış və Mülki Məcəllənin 1095-ci maddəsində müəyyən olunmuş tələb (iddia) müddətini ötürməmişdir. Bu baxımdan məhkəmə kollegiyası cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsini əsassız hesab edir.

44. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

45. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan vaxtlarda Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri).

46. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir.

47. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, cavabdeh Cavabdeh iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat alınaraq “xxxx” MMC-nin hesabına keçirilməli, “xxxx” MMC tərəfindən verilmiş mütəxəssis rəyinə görə xidmət haqqı cavabdeh Cavabdeh özünə aid edilməlidir.

48. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (MPM-nin 119.1. maddəsi).

49. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2., 385.1.1.., 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDI Iddiaçı X2 oğlunun apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Iddia tələbi qismən təmin edilsin. Cavabdeh Cavabdeh mənzilə çəkilmiş xərcə görə 21915 (iyirmi bir min doqquz yüz on beş) manat 30 (otuz) qəpik alınaraq iddiaçı X2 oğluna verilsin. Cavabdeh Cavabdeh iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat alınaraq “xxxx” MMC-nin hesabına keçirilsin, “xxxx” MMC tərəfindən verilmiş mütəxəssis rəyinə görə xidmət haqqı cavabdeh Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən vəkil vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar