Məhkəmə qərarları › İş №2(3-8)-303/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-303/2026

06.05.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-303/2026 06.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh1 və cavabdeh2 qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, İddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh1 və cavabdeh2 qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh1 və cavabdeh2 qarşı iddia qaldıraraq, cavabdehlər cavabdeh3, cavabdeh2, cavabdeh1 ona məxsus olan ünvan 1 ünvanında yerləşən ** saylı mənzildən çıxarılmaları, habelə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə alınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 3 otaqlı, ** saylı mənzil Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatının mənzillərin qeydiyyatı, dəyişdirilməsi və mənzil-tikinti kooperativlərində mənzillərin bölüşdürülməsi komissiyasının ## #### 1995-ci il tarixli ** nömrəli protokoluna əsasən ## ###### 2003-cü il tarixli **/** nömrəli order əsasında ona verilmişdir. Lakin mülkiyyətində olan mənzilindən istifadə edə bilmir. Belə ki, göstərilən mənzil Qubadlı rayonundan olan məcburi köçkünlər tərəfindən zəbt edilmişdir. Nəzərə alınmalıdır ki, 1992-93-cü illərdə ölkədə baş vermiş məlum hadisələr nəticəsində yüz minlərlə insanın qaçqın və məcburi köçkün düşməsi çox ciddi sosial problemlər yaratmışdır. Ona görə də ictimai maraq tələbləri baxımından mülkiyyət hüquqlarının müvəqqəti məhdudlaşdırılması, o cümlədən zəbt edilmiş mənzillərdə məskunlaşmış qaçqın və məcburi köçkünlərin həmin yerlərdə müvəqqəti qalmaları ictimai zərurətdən irəli gəlmişdir. Hal-hazırda həmin hadisələrin üzərindən 32 il müddət keçmiş, məcburi köçkünlər cəmiyyətə adaptasiya etmiş, onların sosial təminatı ilə bağlı dövlət səviyyəsində kompleks tədbirlər həyata keçirilmiş, qaçqın və məcburi köçkünlərin böyük əksəriyyəti yaşayış sahələri ilə təmin edilmişdir. Eyni zamanda əvvəllər zəbt olunmuş mənzillərdən məhkəmə qaydasında çıxarılan şəxslərin yaşayış sahəsi ilə təmin edilməsi prioritet vəzifə kimi qəbul edilmişdir. Mövcud vəziyyətdə mülkiyyətçilərin hüquqlarına qoyulan məhdudiyyətin davam etdirilməsi mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulmasına, bununla da, mülkiyyətçinin xüsusi və həddən artıq məhrumiyyətlərə məruz qalmasına səbəb ola bilər. Həmçinin, İkinci Qarabağ müharibəsi zamanı, ## ####### 2020-ci ildə Qubadlı işğaldan azad edilmişdir. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin ##.##.2022-ci il tarixli Sərəncamına əsasən 2022-2026-cı illər aralığında Ağdam, Füzuli, Şuşa, Xocavənd, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Tərtər və Xocalı rayonlarında 34500 mənzilin və fərdi yaşayış evinin inşası nəzərdə tutulmuşdur. Şərh olunan hüquq normalarına əsasən iddiaçının ona məxsus mənzil üzərində mülkiyyət hüququ təmin edilməli, cavabdehlər həmin mənzildən çıxarılmalı, cavabdehlər məcburi köçkün olduqları üçün başqa yaşayış yeri ilə təmin olunmalı və çıxarılan qətnamə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən cavabdehlərin yaşayış sahəsi ilə təmin edilməsi üçün əsas olmalıdır. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1999-cu il tarixli *** saylı Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi Qaydaları”nın 4-cü bəndinə əsasən müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin hüquqlarını pozduqda, onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunurlar.

3. Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim V.Şirəliyeva) iddia tələbinin təmin edilməsi, cavabdehlər cavabdeh3, cavabdeh1 və cavabdeh2 ünvan 1 ünvanında yerləşən ** saylı mənzildən çıxarılmaları qət edilmişdir.

4. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini məhkəmə araşdırması zamanı cavabdehlərin iddiaçıya ayrılan mənzildə hüquqi əsasları olmadan uzun müddət yaşamalarının öz təsdiqini tapması ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

5. Cavabdeh cavabdeh3 Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclaslarında iştirak edən cavabdeh cavabdeh3 izahatında bildirdi ki, iddiaçı heç vaxt onu narahat etməmişdir. İddiaçının mülkiyyətində başqa mənzillər də vardır. 2018-ci ildə iddiaçının nəvəsi onunla əlaqə saxlamış və evi özəlləşdirmək üçün ölçü götürəcəyini bildirmişdir. Buna razı olmamışdır. İşğaldan azad olunmuş Qubadlı rayonunda ev veriləcəyi təqdirdə həmin mənzildən çıxmağa razıdır. Nəticədə məhkəmə tədqiq olunmamış sübutlara əsaslanaraq qərar qəbul edib.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

7. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

Apellyasiya icraatı iştirakçılarının izahatları

8. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən cavabdeh cavabdeh3 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.

9. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən iddiaçının nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən digər cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

11. Mənzil Məcəlləsi (2009-cu il tarixədək qüvvədə olmuş)

48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Mənzil Məcəlləsinin 89 və 98-ci maddələrinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsindən çıxarma hallarına yalnız qanunla müəyyən edilmiş əsaslar üzrə yol verilir. Yaşayış sahəsindən çıxarma məhkəmə qaydasında həyata keçirilir. Yaşayış sahəsini özbaşına tutmuş şəxslər bu Məcəllənin 89-cu maddəsinin ikinci hissəsində nəzərdə tutulan qaydada digər yaşayış sahəsi verilmədən çıxarılırlar.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 217.2. Hər bir mülki iş üzrə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi-hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

13. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə cavabdeh cavabdeh3 tərəfindən mübahisələndirilmiş və bu nəticənin ləğv edilməsini xahiş etsə də, şikayətin məzmununa əsasən qətnaməni özünə aid hissədə mübahisələndirmişdir.

14. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin ##.##.2013-cü il tarixli qərarı).

15. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.

16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə mübahisələndirilən hissədə hüquqi qiymət verilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə cavabdeh cavabdeh3 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır.

18. Baxılan iş üzrə ünvan 1, ** saylı mənzilin Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Mənzillərin qeydiyyatı, dəyişdirilməsi və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş ## ###### 2003-cü il tarixli orderə əsasən X1 ayrılması işin mübahisəsiz halıdır.

19. İddianı təmin edən aşağı instansiya məhkəməsi cavabdehlərin iddiaçının ailə üzvü olmadığı, mübahisəli mənzilə iddiaçının və onun ailə üzvlərinin razılığı ilə köçmədiyi və onlarla hər hansı bir ümumi təsərrüfat idarə etmədiklərinə əsaslanaraq hər hansı bir hüquqi əsas olmadan həmin mənzildə yaşadıqlarını, eləcə də məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına digər şəxslərin hüquqlarını və qanuni maraqlarının pozulmadığı halda yol verilməsi ilə əsaslandırmışdır.

20. 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 10-cu maddəsinin 4-cü bəndinə əsasən qanunda nəzərdə tutulmuş əsaslarla və qaydada müəyyən edilən hallardan başqa, heç kim yaşadığı sahədən çıxarıla bilməz və heç kimin yaşadığı sahədən istifadə hüququ məhdudlaşdırıla bilməz.

21. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır.

22. Mənzil Məcəlləsinin 89 və 98-ci maddələrinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsindən çıxarma hallarına yalnız qanunla müəyyən edilmiş əsaslar üzrə yol verilir. Yaşayış sahəsindən çıxarma məhkəmə qaydasında həyata keçirilir. Yaşayış sahəsini özbaşına tutmuş şəxslər bu Məcəllənin 89-cu maddəsinin ikinci hissəsində nəzərdə tutulan qaydada digər yaşayış sahəsi verilmədən çıxarılırlar.

23. Məhkəmə kollegiyası aşağı instansiya məhkəməsinin yuxarıda qeyd olunan əsaslandırması ilə razılaşaraq hesab edir ki, cavabdehlərin mübahisəli mənzilə hüquq əldə etmədən həmin mənzildə qalmaları, iddiaçının mənzil hüquqlarını məhdudlaşdırdığından və onu mənzil hüququndan doğan hüquqları həyata keçirməsini qarşısını aldığından, cavabdehin həmin mənzildən çıxarılmasını tələb etməkdə iddiaçı haqlı olmuş və iddianı təmin etməklə məhkəmə düzgün nəticəyə gəlmişdir.

24. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

25. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi hazırki işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırkı iş üzrə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh cavabdeh3 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır.

26. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Cavabdeh cavabdeh3 apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi cavabdeh cavabdeh3 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən vəkil vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar