Məhkəmə qərarları › İş №2(3-8)-321/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-321/2026

15.04.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-321/2026 15.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI iddiaçı Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdeh Cavabdeh Sadiq oğluna qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və X9 ibarət tərkibdə, Əliyeva Aytən İlqar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdeh Cavabdeh Sadiq oğlunun iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdeh Cavabdeh Sadiq oğluna qarşı mənzildən çıxarılma və mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi üzrə Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan xüsusi təyinatlı yaşayış sahəsinin **/** saylı, ##.##.2019-cu il tarixli kirayə müqaviləsinin surətindən görünür ki, məcburi köçkün Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs və 4 nəfərdən ibarət ailə üzvləri (X5, X4, X3, X2) Dövlət Proqramı çərçivəsində Abşeron rayonu ərazisində Masazır qəsəbəsi, “Zəngilan” şəhərciyində məcburi köçkünlər üçün inşa edilmiş ** nömrəli binada ** nömrəli mənzillə təmin edilmişdir.

2. İş materiallarında olan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ##.##.2023-cü il tarixdə notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, ##.##.2019-cu il tarixli kirayə müqaviləsi əsasında ona verilmiş ünvan 1 ünvanında yerləşən mənzildən imtina etmiş və bununla bağlı həmin müqaviləyə xitam verilməsini xahiş etmişdir.

3. İş materiallarında olan X5 ##.##.2024-cü il tarixdə notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, ##.##.2019-cu il tarixli kirayə müqaviləsi əsasında ona verilmiş ünvan 1 ünvanında yerləşən mənzildən imtina etmiş və bununla bağlı həmin müqaviləyə xitam verilməsini xahiş etmişdir.

4. İşdə olan MKİS-in mühəndisi Ə.Abdullayev, sahə nəzarətçiləri E.Yaqubov və R.Rüstəmov tərəfindən tərtib olunmuş ##.##.2025-ci il, ##.##.2025-ci il və ##.##.2025-ci il tarixli aktlardan görünür ki, Abşeron rayonu, Masazır qəsəbəsi üzrə MKİS-in nəzarətində olan “ünvan 3 ünvanında Cavabdeh Sadiq oğlu və ailə üzvləri qanunsuz yaşayır.

5. İşdə olan Abşeron rayonu, Masazır MKİS-in verdiyi ##.##.2023-cü il tarixli arayışdan görünür ki, Zəngilan rayonundan məcburi köçkün olan Cavabdeh Sadiq oğlu ünvan 2 ünvanında qeydiyyatsız müvəqqəti məskunlaşmışdır.

6. İş materiallarından görünür ki, mübahisəli yaşayış sahəsi xüsusi təyinatlıdır və məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fonduna aiddir.

Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti cavabdeh Cavabdeh Sadiq oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sadiq oğlunun və ona məxsus əşyaların Abşeron rayonu, Masazır qəsəbəsi, “Zəngilan” şəhərciyi, ** saylı binada yerləşən ** nömrəli mənzildən çıxarılması və **/** saylı mənzilin boşaldılaraq Komitənin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi” Qaydası təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin ** saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmir, mənzilləri kirayə verir və yaxud ümumiyyətlə, həmin mənzillərdə yaşamayaraq mənzildən istifadə etmirlər. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin ## ###### 2019-cu il tarixli **/** nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, Zəngilan rayonundan məcburi köçkün cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs və X5 ailə üzvləri ilə Qaydanın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Abşeron rayonu Masazır qəsəbəsi ərazisində məcburi köçkünlər üçün inşa edilmiş Zəngilan şəhərciyində ** saylı binada, ** nömrəli 2 otaqlı mənzillə təmin edilmişdir. Sonradan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs və X5 notarial qaydada təqdim etdikləri ərizələrində məcburi köçkün kimi onlara verilmiş Abşeron rayonu Masazır qəsəbəsi Zəngilan şəhərciyi **/** nömrəli mənzildə yaşamadıqlarını və mənzili könüllü Komitəyə təqdim etdiklərini qeyd etmişlər. Sahə rəisi tərəfindən aparılan araşdırma nəticəsində Abşeron rayonu Masazır qəsəbəsi Zəngilan şəhərciyində ** saylı binada, ** saylı mənzilin Cavabdeh Sadiq oğlu və ailə üzvləri tərəfindən zəbt edilərək qanunsuz olaraq yaşadıqları məlum olmuşdur. Cavabdehə mənzilin boşaldılıb təhvil verilməsi barədə xəbərdarlıq edilmiş, lakin cavabdeh mənzilin təhvil verilməsindən imtina etmişdir.

9. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Məlahət Abbasova) iddia təmin edilmiş, Cavabdeh Sadiq oğlunun əşyaları ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi, “Zəngilan” şəhərciyi ** saylı binadakı ** nömrəli mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəllənin 6.0.2, 17.3.2, 91.1.5, 91.3, 98.1, 98.2, 99.1, 99.4, 99.6-cı maddələrinin, “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydasının 3.2, 3.3, 3.4, 3.5, 3.6, 3.7-ci bəndinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən nəzərə almamışdır ki, o və ailəsi dövlət tərəfindən heç bir mənzillə, yaşayış sahəsi ilə təmin olunmamışdır. Eyni zamanda məhkəmə bu barədə heç bir dövlət orqanına sorğu verməmiş, bu xüsusatların heç birini araşdırmamışdır. Halbuki həmin xüsusatların araşdırılmasının iş üçün əhəmiyyəti vardır. Onun və ailəsinin qeyd olunan mənzildən başqa səbəblərlə istifadə etməsi ilə bağlı bir dənə də olsun mötəbər sənəd və fakt yoxdur. O həmin mənzildən qanunvericilikdə qadağan olunmuş heç bir məqsədlə istifadə etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh Sadiq oğlu apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

16. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:

17. Maddə 6. Mənzil münasibətləri 6.0. Mənzil qanunvericiliyi aşağıdakılarla bağlı münasibətləri tənzimləyir: (...) 6.0.2. xüsusi mənzil fonduna daxil olan yaşayış sahələrindən istifadə edilməsi; (...)

18. Maddə 17. Mənzil fondu 17.1. Mənzil fondu – Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur. 17.2. Mülkiyyət formasına görə mənzil fondu aşağıdakılara bölünür: 17.2.1. xüsusi mənzil fondu – fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinin məcmusu; 17.2.2. dövlət mənzil fondu – mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusu; 17.2.3. bələdiyyə mənzil fondu – bələdiyyələrə mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahələrinin məcmusu. 17.3. İstifadə məqsədlərinə görə dövlət və bələdiyyə mənzil fondu aşağıdakılara bölünür: 17.3.1. sosial təyinatlı mənzil fondu – dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusu; 17.3.2. xüsusi təyinatlı mənzil fondu – bu Məcəllənin X fəslinin qaydalarına uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusu.

19. Maddə 91. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinin növləri 91.1. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: (...) 91.1.5. məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; (...) 91.3. Xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz.

20. Maddə 96. Məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin təyinatı Məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri - qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur.

21. Maddə 98. Xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi üçün əsaslar 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. 98.2. Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir.

22. Maddə 99. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi 99.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. 99.2. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. 99.3. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində müqavilənin predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. 99.4. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. 99.5. Kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. 99.6. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. 99.7. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi yazılı formada bağlanılır. 99.8. Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

23. Maddə 100. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğvi 100.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi tərəflərin razılaşması ilə istənilən vaxt ləğv edilə bilər. 100.2. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi istənilən vaxt xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsini ləğv edilə bilər. 100.3. Kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”

3. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrindən istifadə şərtləri 3.1. Məcburi köçkün 5 (beş) gün ərzində ona ayrılmış müvəqqəti yaşayış sahəsinə köçməkdən imtina etdikdə, həmin yaşayış sahəsi başqa məcburi köçkün ailəsinə verilir. 3.2. Məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur. 3.3. Məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, ipoteka qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. 3.4. Məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsinə qayğı ilə yanaşmalı, həmin evdən yalnız yaşayış məqsədi ilə istifadə etməli, layihədə nəzərdə tutulmayan heç bir tikinti işlərinə yol verməməli və ümumi birgəyaşayış qaydalarına əməl etməlidirlər. 3.5. Məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsindən kommersiya məqsədləri, habelə qanunvericiliklə qadağan olunan hərəkətlər və ya fəaliyyətlər məqsədi ilə istifadə edə bilməzlər. 3.6. Məcburi köçkün ailəsinə müvəqqəti istifadə məqsədi ilə verilmiş yaşayış sahəsi onların xüsusi mülkiyyəti olmadığından, həmin evlər qanun və ya vəsiyyətnamə üzrə miras kimi başqa şəxslərə (vərəsələrə), həmçinin himayəyə və ya qəyyumluğa götürülmüş şəxsin istifadəsinə verilə bilməz. 3.7. Məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

25. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

26. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

27. Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar (...) 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. (...)

28. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 89. Yazılı sübutlar 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. (...)

30. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. (...)

31. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

33. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

34. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. İş materiallarından görünür ki, mübahisəli yaşayış sahəsi xüsusi təyinatlı yaşayış sahəsidir və məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fonduna aiddir. Həmin mənzil ##.##.2019-cu il tarixli kirayə müqaviləsinə əsasən 4 nəfər ailə üzvü ilə birlikdə məcburi köçkün Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs müvəqqəti istifadəsinə verilmişdir. Hazırda mənzildə cavabdeh Cavabdeh Sadiq oğlu yaşayır.

37. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 3.3-cü bəndinə əsasən, məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini başqasının istifadəsinə vermək hüququ yoxdur.

38. İş materiallarından görndüyü kimi cavabdeh məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fonduna aid olan xüsusi təyinatlı yaşayış sahəsində müqavilə və ya heç bir digər əsas verən sənəd olmadan istifadə edir.

39. Cavabdeh apellyasiya şikayətində özünün və ailəsinin dövlət tərəfindən heç bir mənzillə təmin olunmadığını və qeyd olunan mənzilin onların yeganə yaşayış yeri olduğunu bildirsə də, kollegiya qeyd edir ki, məcburi köçkünlərin müvəqqəti istifadəsinə ayrılmış yaşayış sahələri onların istifadəsinə kirayə müqavilələri əsasında verilir.

40. Belə ki, “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 2.5-ci bəndinə əsasən, məcburi köçkünlərin müvəqqəti istifadəsinə ayrılmış yaşayış sahələri onların istifadəsinə “Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il ## ##### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş kirayə müqavilələri əsasında verilir.

41. Qaydanın 2.6-cı bəndinə əsasən, kirayə müqaviləsi Komitənin müvafiq qurumu ilə məcburi köçkün arasında 2 (iki) nüsxədən ibarət olmaqla yazılı formada bağlanılır və bir nüsxəsi kirayəçiyə (məcburi köçkünə) verilir.

42. Cavabdeh isə məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fonduna aid olan mübahisəsi gedən xüsusi təyinatlı yaşayış sahəsində yaşamasına əsas verən hər hansı sənədi məhkəməyə təqdim edə bilməmişdir. Əksinə iddiaçı onun həmin mənzildə qanunsuz olaraq yaşamasına istinad edərək mövcud iddia tələbini irəli sürmüşdür.

43. Mülki Prosessual Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.

44. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Cavabdeh Sadiq oğlu Abşeron rayonu, Masazır qəsəbəsi, “Zəngilan” şəhərciyi, ** saylı binada yerləşən ** nömrəli mənzildə qanuni əsas olmadan yaşadığından, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir.

46. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.

47. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar