Məhkəmə qərarları › İş №2(3-8)-368/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-8)-368/2026

31.03.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2(3-8)-368/2026 31.03.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI QƏRARDAD Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), Mahmudov Ayaz Akif oğlu və Rəhimli Lalə Elxan qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, İddiaçı Əliyev Murad Soltanməcid oğlunun cavabdeh Kazımova Rəqsanə Nəsimi qızına qarşı paylı mülkiyyətin açıq hərracdan satılması və pulun mülkiyyətçilər arasında paya mütənasib bölüşdürülməsi tələbinə dair ilk, iddiaçı Kazımova Rəqsanə Nəsimi qızının cavabdeh Əliyev Murad Soltanməcid oğluna qarşı ümumi mülkiyyətində olan payına kompensasiya verilməklə xitam verilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Əliyev Murad Soltanməcid oğlunun müvəqqəti təminat tədbiri barədə ərizəsinə dair Quba Rayon Məhkəməsinin 11.02.2026cı il tarixli, 2(027)-3087/2025 nömrəli qərardadından iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Əliyev Murad Soltanməcid oğlu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Əliyev Murad Soltanməcid oğlu cavabdeh Kazımova Rəqsanə Nəsimi qızına qarşı “paylı mülkiyyətin açıq hərracdan satılması və pulunun mülkiyyətçilər arasında paya mütənasib bölüşdürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba şəhəri, Fətəlixan küçəsi, ev 77, mənzil 5, ünvanında yerləşən paylı mənzilin (əmlakın) ona məxsus hissəsinə qeydiyyata düşərək yaşamaq üçün payın ayrılınası, bu mümkün olmadıqda, yeganə mənzilini alternativ ünvanda əldə etmək məqsədilə, mənzilin açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylara mütənasib surətdə bölüşdürülməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Kazımova Rəqsanə Nəsimi qızı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əliyev Murad Soltanməcid oğlunun iddiasının təmin edilməməsi və Əliyev Murad Soltanməcid oğlunun Quba şəhəri, Fətəlixan küçəsi ev 77, mənzil 5 ünvanında yerləşən ümumi yaşayış evinin 1/2 pay hissəsinə kompensasiya verilməklə xitam verilməsi və ödəniləcək kompensasiyanın Murad Əliyevin mənə olan 23500 manat məbləğində aliment borcu ilə əvəz edilməsinə xahiş etmişdir. İşə baxıldığı müddətdə ilk iddia üzrə iddiaçı Əliyev Murad Soltanməcid oğlu müvəqqəti təminat tədbirinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mübahisə predmeti təşkil edən Quba şəhəri, Fətəlixan küçəsi ev 77, mənzil 5 ünvanında olan mənzilə gələcəkdə qiymətləndirmənin səmərəli təşkili ilə bağlı baxış keçirilməsi və cavabdehlə əlbir olmuş şəxs və ya şəxslər tərəfindən törədilmiş təxribat xarakterli cinayət əməllərinin qarşısının alınması məqsədilə, mübahisə predmeti məhkəmə qaydasında həll edilənədək mənzilin qapılarının möhürlənməsi və yerində mühafizəyə alınması üçün müvafiq iddianı təmin etmək üçün tədbirə dair qərardad çıxarılmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 11.02.2026-cı il tarixli, 2(027)-3087/2025 nömrəli qərardadı ilə (hakim Samir Məmmədov) ərizə təmin edilməmişdir. İlk iddia üzrə iddiaçı Əliyev Murad Soltanməcid oğlu Quba Rayon Məhkəməsinin 11.02.2026-cı il tarixli e-2(027)-3087/2025 saylı qərardadından şikayət verərək, Quba Rayon Məhkəməsinin 11 fevral 2026 tarixli e2(027)-3087/2025 saylı qərardadının ləğv edilərək müvəqqəti təminat tədbirlərinə dair ərizənin təmin edilməsi, əks təqdirdə şikayətə baxılması üçün, işlə birlikdə apellyasiya instansiya məhkməsinə göndərilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 26.02.2026-cı il tarixli e-2(027)-3087/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 11.02.2026-cı il tarixli e-2(027)-3087/2025 saylı qərardadı və həmin qərardadla bağlı 26.02.2026-cı il tarixli e-2(027)-3087/2025 saylı qərardadı ləğv edilməli, ilk iddia üzrə iddiaçı Əliyev Murad Soltanməcid oğlu tərəfindən verilmiş müvəqqəti təminat tədbiri barədə ərizə ayrıca icraat qaydasında baxılması ilə əlaqədar mülki iş birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 159.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri haqqında əsaslandırılmış ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan, lakin sonrakı iş günündən gec olmayaraq ayrıca icraatda baxılır. Məhkəmə-Hüquq Şurasının 2025-ci ili 24 iyun tarixli, 3 nömrəli Qərarı ilə təsdiq edlmiş Azərbaycn Respublikası Məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat: IV. İşlərin (materialların) qeydiyyatı və nömrələnməsi qaydası

33. Azərbaycan Respublikasının məhkəmə sistemi üzrə işlərin (materialların) vahid elektron qeydiyyatı zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022ci il 15 sentyabr tarixli 350 nömrəli Qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və komissiyalar üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı”ndan istifadə edilir. İcraat növlərinin bir-birindən fərqləndirilməsi üçün isə onların birinci, apellyasiya, kassasiya instansiyası məhkəmələrində, həmçinin Ali Məhkəmənin Plenumunda qeydiyyatı məqsədilə aşağıdakı indekslər müəyyən edilir: 2 - mülki işlər üzrə icraat; 16 - müvəqqəti təminat tədbirləri üzrə icraat; V. İşlərin (materialların) qeydiyyatı və nömrələnməsinin bəzi xüsusiyyətləri

51. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildiyi vaxtdan (iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində) asılı olmayaraq, məhkəmədə 16 nömrəli indekslə qeydə alınır. MPM-in 157.4-cü maddəsində nəzərdə tutulmuş qaydada müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxıldıqda icraat həmin (əvvəlki) nömrə ilə davam etdirilir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda salanan qanunvericilik normalarından da göründüyü kimi, müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildiyi vaxtdan (iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində) asılı olmayaraq, ayrıca icraatda, yəni 16 nömrəli indekslə qeydə alınaraq baxılmalıdır. Hazırki işdən görünür ki, birinci instansiya məhkəməsi ilk iddiaçı tərəfindən verilmiş müvəqqəti təminat tədbiri barədə ərizəyə ayrıca icraat qaydasında, yəni 16 nömrəli indekslə qeydə alınmaqla baxmalı olduğu halda, prosessual hüquq normalarını pozaraq ərizəyə mülki işlər üzrə icraat qaydasında, 2 nömrəli indekslə baxmışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iddiaçı tərəfindən verilmiş müvəqqəti təminat tədbiri barədə ərizə ayrıca icraatda baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 264, 398.0.2, 400 və 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA A L D I:

Şikayət qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 11.02.2026-cı il tarixli, e-2(027)-3087/2025 saylı qərardadı və həmin qərardadla bağlı 26.02.2026-cı il tarixli, e-2(027)-3087/2025 saylı qərardadı ləğv edilsin. İlk iddia üzrə iddiaçı Əliyev Murad Soltanməcid oğlu tərəfindən verilmiş müvəqqəti təminat tədbiri barədə ərizəyə ayrıca icraat qaydasında (16 indekslə) baxılması ilə əlaqədar iş birinci instansiya məhkəməsinə geri qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar