Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-43/2026 07.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X3 ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, iddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdeh Cavabdeh uşağı yetkinlik yaşına çatmayan ##.##.2015-ci il təvəllüdlü X1 ilə birlikdə ünvan 4 ünvanına dair yaşayışistifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 4 ünvanında yerləşən yaşayış sahəsi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ##.##.2014-cü il tarixdə dövlət qeydiyyatına alınmış ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçı İddiaçı tam mülkiyyətindədir. Sumqayıt Şəhər Məhkəməsinin *(***)- *****/**** nömrəli, ##.##.2016-cı il tarixli qətnaməsinə əsasən tərəflər arasında nikah pozulmuş, birgə nikahdan olan ##.##.2015-ci il təvəllüdlü X1 adlı övladları cavabdehin himayəsində qalmışdır. Cavabdeh Cavabdeh iddiaçının keçmiş arvadıdır. Tərəflər nikahda olarkən Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2016-cı il tarixli qətnaməsinə əsasən cavabdehin uşaqla birlikdə iddiaçıya məxsus ünvan 4 ünvanına köçürülməsi qət edilmişdir. Lakin buna baxmayaraq cavabdeh mənzilə köçüb yaşamamış, mənzildə özünə məxsus hər hansı əmlak saxlamamış, sadəcə formal olaraq orada qeydiyyatda qalmışdır. Mənzilə köçürülmə barədə məhkəmə qətnaməsi çıxdıqdan bir müddət sonra Sumqayıt Şəhər Məhkəməsinin *(***)-*****/**** nömrəli, ##.##.2016-cı il tarixli qətnaməsinə əsasən tərəflər arasında nikah pozulmuş, birgə nikahdan olan ##.##.2015-ci il təvəllüdlü X1 adlı övladları cavabdehin himayəsində qalmışdır. Göründüyü kimi tərəflər arasında ailə münasibətlərinə uzun müddətdir ki, xitam verilmiş, cavabdeh 10 ilə yaxındır ki, həmin yaşayış sahəsindən istifadə etmir. Yaşayış sahəsindən müəyyən müddətdə istifadə hüququnun saxlanılmasına əsas yoxdur.
3. Sumqayıt Şəhər Məhkəməsinin ## ####### 2025-ci il tarixli qətnaməsi ilə (hakim A.Behbudova) iddia tələbinin təmin edilməsi, cavabdeh Cavabdeh uşağı yetkinlik yaşına çatmayan ##.##.2015-ci il təvəllüdlü X1 ilə birlikdə Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 3/21A, ** saylı mənzildə yerləşən yaşayış sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.
4. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini cavabdehin və yetkinlik yaşına çatmayan uşağının mübahisəli mənzilə istifadə hüququ formal xarakter daşıması, cavabdeh artıq uzun müddətdir ki, başqa yaşayış sahəsində yaşaması və cavabdehin mübahisəli mənzilə istifadə hüququnun qalması mülkiyyətçi olan iddiaçının mülkiyyət hüquqlarını sərbəst surətdə həyata keçirməsinə mane olması, habelə iddiaçının cavabdehə görə mənzilə dair sərəncam vermək hüququnu sərbəst şəkildə həyata keçirə bilməməsi ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
5. Cavabdeh Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin ## ####### 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin qeyd olunan qətnaməsi işin materiallarına düzgün istinad etmədən maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq olunmaması ilə çıxarıldığından qanunsuz və əsasızdır və buna görə də ləğv olunmalıdır. Belə ki, məhkəmə qətnaməsində onun yaşayış sahəsinə ehtiyacı olmayan şəxs kimi qiymətləndirilməyi əsassızdır, çünki bir şəxsin bir neçə yerdə mülkiyyəti ola bilər, qanuna görə həmin şəxsin bütün mülkiyyətindən istifadə hüququ əmələ gəlir. Onun da bir neçə yerdə yaşayış sahəsinin olması mümkündür. Amma bu o demək deyildir ki, onun yalnız bir əmlakdan istifadə hüququ olmalıdır, yəni istifadə hüququnun əmlakındakı mənzillərə görə itirilmiş hesab edilməsi tamamilə absurddur. Bundan başqa, o mübahisəli mənzilə qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən köçürülmüşdür. Ora bir neçə dəfə getmiş, lakin hər dəfə qarşı tərəf və ya onun yaxın qohumları buna mane törətmişlər. Bu barədə onda sənədlər vardır və apellyasiya baxışında təqdim edəcəkdir. Hazırda yaşadığı mənzil isə plana düşmüş və yaxın vaxtlarda söküləcəyi istisna edilmir. Məhkəmənin iddianı təmin etməsi onun əsaslı və qanuni istifadə hüququnun itirilməsinə səbəb olmuş, beləliklə, tərəflər arasında ədalətli tarazlığın təmin olunması prinsipinə zidd nəticə yaratmışdır. Bu hüquq isə ona elə həmin məhkəmənin özü tərəfindən 2016-cı ildə tanınmışdır. Həmin qətnamə preyudisial əhəmiyyətə malikdir. Məhkəmə araşdırmalı idi ki, o bu mənzildən öz istəyi ilə istifadə etmir, ya da qarşı tərəfin təzyiqi nəticəsində istifadə hüququndan bəhrələnə bilmir. Bu araşdırma isə ümumiyyətlə aparılmamışdır. Məhkəmə qətnaməsini tərəflərin təqdim etdiyi bütün sübutlara, izahatlara və sənədlərə əsaslanaraq, obyektiv, hərtərəfli və tam şəkildə qiymətləndirməsini tələb edir. Lakin məhkəmə real maddi vəziyyətini və iqtisadi imkanlarını təhlil etmədən, onun iştirakını təmin etmədən, söz haqqını tapdalayaraq, şəxsi mülahizələrinə və formal göstəricələrə əsaslanaraq qərar verib. Bu yanaşma prosessual ədalətin təmin olunması prinsipinə ziddir və təqdim olunan sübutların obyektiv şəkildə qiymətləndirilməməsi nəticəsində qərarın etibarlılığı və tərəflərin hüquqlarının tam təmin olunması pozulub. Onun bu mənzili öz razılığıyla tərk etməsi, bura ilə əlaqəni uzun müddətdir ki kəsməyi barədə işdə bir dənə də olsa mötəbər sübut yoxdur. Bu isə əsassız iddianı təmin edən məhkəmənin qərəzsizliyinə şübhə etməyinə əsas verir. Bundan başqa, məhkəmə himayəsində 10 yaşlı uşağın olmasına da əhəmiyyət verməmişdir. Bu uşağın atası məhz iddiaçı İddiaçıdur. Sadalanan halın özü də iddiaçı barəsində fikir formalaşmasına əsasdır. Məhkəmənin Mənzil Məcəlləsinin 30-cu maddəsinə istinad etməsi də əsassızdır, çünki bu maddənin hazırki mübahisəyə aidiyyəti yoxdur. Mübahisəli mənzildən istifadə hüququnu təsdiq edən məhkəmə aktı ola-ola, işə baxan məhkəmə işin bu hallarına düzgün qiymət verməmiş, bununla da tamamilə qanunsuz və əsassız nəticəyə gəlmişdir. Hesab edir ki, qeyd edilən qətnamə ləğv edilməli, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
7. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
Apellyasiya icraatı iştirakçılarının izahatları
8. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.
9. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 217.2. Hər bir mülki iş üzrə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi-hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
12. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh Cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
13. İş materiallarını araşdırıb, məruzəçini və tərəflərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
14. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini cavabdehin və yetkinlik yaşına çatmayan uşağının mübahisəli mənzilə istifadə hüququ formal xarakter daşıması, cavabdeh artıq uzun müddətdir ki, başqa yaşayış sahəsində yaşaması və cavabdehin mübahisəli mənzilə istifadə hüququnun qalması mülkiyyətçi olan iddiaçının mülkiyyət hüquqlarını sərbəst surətdə həyata keçirməsinə mane olması, habelə iddiaçının cavabdehə görə mənzilə dair sərəncam vermək hüququnu sərbəst şəkildə həyata keçirə bilməməsi ilə əsaslandırmışdır.
15. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə cavabdeh Cavabdeh tərəfindən mübahisələndirilmiş və bu nəticənin ləğv edilməsini xahiş etmişdir.
16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hüquqi qiymət verilməsini zəruri hesab edir.
17. Hazırkı iddia tələbi yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi barədədir. İddia tələbinin hüquqi əsasını isə Mənzil Məcəllənin 30-cu maddəsi təşkil edir.
18. Mübahisəli əmlakın Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ##.##.2014-cü il tarixdə dövlət qeydiyyatına alınmış ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçı İddiaçı tam mülkiyyətində olması, tərəflərin ##.##.2015-ci il tarixdə rəsmi nikaha daxil olmaları, bu nikahlarının Sumqayıt Şəhər Məhkəməsinin 2016-cı il tarixli qətnaməsi ilə pozulması, cavabdehin ünvan 4 ünvanında yerləşən yaşayış sahəsinə 2016-ci il tarixdə məhkəmə qətnaməsinə əsasən köçürülməsi işin mübahisəsiz halıdır.
19. MPM-nin 217.2. maddəsinin tələbinə əsasən tərəflər arasında hüquq münasibəti 2015ci il tarixdən yarandığından hazırkı mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir
20. Mənzil Məcəlləsinin 30.1. maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
21. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur.
22. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər (Mənzil Məcəlləsinin 30.4. maddəsi).
23. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir.
24. Qeyd olunmalıdır ki, tərəflər arasında ailə münasibətlərinə xitam verilməsindən uzun müddət, təxminən 10 ilə yaxın keşməsinə baxmayaraq, cavabdeh 2016-cı ildə məhkəmə aktı ilə köçürüldüyü mübahisəli mənzildə yaşamır. Bunun səbəbini öz istəyi ilə deyil, iddiaçı tərəfin təzyiqi əlaqələndirməyə çalışsa da, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda cavabdeh apellyasiya şikayətində bir neçə yerdə mülkiyyətdə yaşayış sahəsinin olmasının onun yaşayış sahəsinə ehtiyacının olmayan şəxs kimi məhkəmə tərəfindən qiymətləndirilməsini əsassız hesab etmişdir.
25. İşdən görünür ki, cavabdeh ##.##.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən mənzili, ##.##.2022-ci il tarixli ünvan 2 ünvanında yerləşən mənzili, ##.##.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan 3 ünvanında yerləşən 0.0500 ha həyətyanı torpaq sahəsini, ##.##.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan 3 ünvanında yerləşən 0.0425 ha həyətyanı torpaq sahəsini və ##.##.2019-cu il tarixli bağışlama müqaviləsinə əsasən ünvan 3 ünvanında yerləşən həyətyanı torpaq sahəsini əldə etmişdir.
26. Qeyd olunmalıdır ki, mövcud məhkəmə aktı ilə cavabdehin mübahisəli mənzilə köçürülməsi səbəbi məhz onun yaşayış sahəsinə ehtiyacının olmasıdır. Lakin hazırda cavabdehin iddiaçı ilə nikahlarına xitam verildikdən sonra yuxarıda sadalan əmlakları əldə etməsi, artıq onun mübahisəli mənzildə yaşayış sahəsinə zəruri ehtiyacının aradan qalxdığını təsdiq edir.
27. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, cavabdehin mübahisəli mənzildə istifadə hüququnun qalması, mülkiyyətçi olaraq iddiaçının hüquqlarını məhdudlaşdırdığından və onu mülkiyyət hüququndan doğan hüquqları həyata keçirməsini qarşısını aldığından, cavabdeh Cavabdeh həmin mənzilə dair istifadə hüquqlarına xitam verilməsini tələb etməkdə iddiaçı haqlı olmuşdur.
28. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
29. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi hazırki işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırkı iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
30. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ## ####### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən vəkil vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.